525.Az

"Bern görüşü yeni mərhələ ola bilər"


 

"Bern görüşü yeni mərhələ ola bilər"<b style="color:red"></b>

"Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü Kazan görüşü qədər hay-küylü görüş oldu. Kazan görüşündə ajiotaj görüşdən əvvəl yaranmışdı. Berndə isə görüşdən əvvəl başlanan ajiotaj eyni qaydada görüşdən sonra da davam edib".
 
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində çıxışı zamanı xüsusi olaraq diqqətə çatdırdı ki, Dağlıq Qarabağ münaqişəsi regionunda, yəni həm qoşunların təmas xəttində, həm də Ermənistan-Azərbaycan sərhəddində hərbi insidentlər həm say, həm də dərəcə baxımından şiddətlənib: " Sarkisyanın fikrincə, günahkar Azərbaycandır və çox güman ki, Azərbaycan vəziyyəti gərginləşdirmək təlimatını kənardan, yəni Türkiyədən alır. Türkiyə raketləri ilə atəş açır. Ermənistan ərazisinə açılan hər bir atəş eyni zamanda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və RF-in ərazisinə atılır. NATO üzvləri necə bir-birini müdafiə edirlərsə, KTMT üzvləri o qaydada da bir-birilərini müdafiə etməlidirlər". Politoloq deyib ki, amma Sarkisyan NATO ilə əməkdaşlıq naminə KTMT-nin qərarlarını rəsmən inkar etdiyini yada salmadı: "Özü unutduğu üçün elə başa düşdü ki, RF də Ermənistanın NATO ilə anti-Rusiya əməkdaşlığını unudub. Həm də Sarkisyan unutdu ki, KTMT üzvlərinin hamısı ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər".

M.Əhmədoğlu qeyd edib ki, Bern görüşünün ən böyük hadisəsi Vigen Sarkisyanın "kəşf edilməsidir": "Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan Bern görüşünə verdiyi şərhdən sonra aydın oldu ki, o, Ermənistanda yalançılıqda yeni kasta yaratdı. İkiqat agent olan V.Sarkisyan həm də ən intellektual yalançı imiş. O, "erməni soyqırımının" 100 illiyinin qeyd olunmasının təşkilat komitəsinin rəhbəri idi. Üç illik hazırlıqdan sonra cəmi üç ölkənin prezidentinin iştirakı ilə keçirilən 100 illiyi çox böyük qələbə adlandırdı. "Doğu Perinçək İsveçrəyə qarşı" məhkəmə qərarını Ermənistanın tam qələbəsi adlandırdı. Amma sonradan hətta hakimiyyətin yaxın ekspertləri də Avropa İnsan hüquqları məhkəməsinin adı çəkilən qərarını böyük rüsvayçılıq adlandırdılar".

Mərkəz rəhbəri bildirib ki, Ermənistanın AŞPA-dakı fəaliyyətinin də kuratoru Vigen Sarkisyandır: "Onun ən böyük yalanı Bern görüşü ilə bağlıdır. Guya Bern görüşündə prezidentlər Kazan görüşündə (iyun 2011) yarımçıq olan məsələlərin müzakirəsini davam etdiriblər. Kazan görüşünün məqsədi Madrid prinsipləri ilə Yenilənmiş Madrid prinsiplərini ortaq məxrəcə gətirmək idi. Madrid prinsiplərinin birinci maddəsi regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi idi. İkinci addım Laçın və Kəlbəcər istisna olmaqla beş ətraf rayonun Azərbaycana qaytarılmasından ibarət idi. Dağlıq Qarabağın statusu yalnız referendumla müəyyənləşməli idi".

Politoloq deyib ki, Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın de-fakto hakimiyyəti tənzimləmə prosesində iştirak etməli idi: "Yenilənmiş Madrid prinsiplərində birinci maddə Dağlıq Qarabağ ətrafındakı bütün rayonların (Laçın və Kəlbəcər də daxil olmaqla) Azərbaycana qaytarılmasından ibarətdir. Referendum məcburi deyil. İctimai rəy sorğusu da referendumu əvəzləyə bilər. De-fakto Dağlıq Qarabağ hakimiyyətin adı sənəddə yoxdur. Əlavədə çox fərq var. Ermənistan 2007-ci ildə qəbul edilmiş, 2008-ci ilin noyabrında həmsədr ölkə xarici işlər nazirləri tərəfindən tərəflərə təqdim olunmuş Madrid Prinsiplərini qəbul etdi. Azərbaycan qəbul etmədi. Bir neçə aydan sonra, 2009-cu ilin iyulun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidentləri Madrid Prinsiplərinin Yenilənmiş variantını qəbul etdilər. Azərbaycan bunu tənzimləmə üçün əsas kimi qəbul etdi. Ermənistan qəbul etmədi. Kazan görüşünün məqsədi Madrid prinsipləri ilə Yenilənmiş Madrid prinsiplərini ortaq məxrəcə gətirmək mümkün olmadı. Tədbirə ev sahibliyini edən RF XİN  son anda bəzi məsələləri ermənilərin xeyrinə dəyişdi. Azərbaycan 10 dəyişiklik irəli sürdü. Ermənistan prezidentlərin görüşündən imtina etdi. Görüşün davam etməsi üçün 10 dəyişikliyin geri çağırılmasını şərt kimi irəli sürdü. Azərbaycan bunu etmədi. Bir müddət fasilədən sonra prezidentlərin görüşü davam etdi. Orada da əlavə məsələlər var".

M.Əhmədoğlu bildirib ki, indi danışıq müstəvisində Yenilənmiş Madrid Prinsiplərindən başqa sənəd və ya variant yoxdur: "Ermənistan məcburi-könüllü qaydada bu sənədi danışıqlar üçün əsas kimi qəbul edib. Ola bilər V.Sərkisyan prezident S.Sərkisyanı sabotaj edir, ələ salır. Çünki Kazan görüşündən sonra Ermənistan tərəfi rəsmi şəkildə bəyan etdi ki, Azərbaycan Kazan görüşündə irəli sürdüyü 10 şərti geri çəkməyənə qədər Ermənistan prezidenti Azərbaycan prezidenti ilə görüşməyəcəkdir. Azərbaycan tərəfi heç bir şərti geri çəkməyib, amma S.Sərkisyan sözünü danmağa məcbur oldu". Onun sözlərinə görə, Bern görüşü Azərbaycan və Ermənistan prezidentlərin görüşündə yeni mərhələyə çevrilə bilər: "Bunun üçün lap yaxın zamanlardan etimad tədbirlərinin hər iki tərəfində iş aparmaq lazımdır. Həm Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu başlamalı, həm də onların müzakirələrin nəticəsi olaraq Azərbaycan-Ermənistan sərhədində xüsusi qurğuların yerləşdirilməsinə başlanmalıdır. Azərbaycan-Ermənistan sərhədindən xüsusi qurğuların yerləşdirilməsi ilə Azərbaycan məşğul olmaya da bilər. Ermənistan yalnız öz sərhədinə sahib çıxarsa, sərhədindən kənarda burnunu soxmazsa və bunu dinc yolla edərsə, Azərbaycanın Ermənistan tərəfə atəş açmaq niyyəti olmayacaq. Ermənistan və ATƏT şübhəlidirlərsə, xərc çəkib, özləri sərhəddə belə nəzarət mexanizmlərini qura bilərlər. Amma bütün bunların hamısının təməli Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasıdır".

PƏRVANƏ

 





30.12.2015    çap et  çap et