525.Az

"Minsk Qrupu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almağa çalışır"


 

ELMAN NƏSİROV: "ABŞ-ın SEPARATÇI REJİMƏ MALİYYƏ YARDIMLARININ DAYANDIRILMASI HAQDA QƏRARI DANIŞIQLAR PROSESİNƏ MÜSBƏT TƏSİR EDƏ BİLƏR"

"Minsk Qrupu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almağa çalışır"<b style="color:red"></b>

"Amerika Birləşmiş Ştatları münaqişənin həllini tərəfdar kimi çıxış etməklə bərabər separatçı Dağlıq Qarabağ rejiminə əlahiddə olaraq maliyyə yardımları ayırmağa da davam edirdi. Bu hal Azərbaycan ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanırdı. Çünki bu, ABŞ-ın vasitəçi kimi tutmalı olduğu neytral mövqeyə zidd davranış idi. Artıq Birləşmiş Ştatlar da bunun fərqinə varıb".

Bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili Elman Nəsirov ABŞ Konqresində separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımlarının dayandırılması ilə bağlı qəbul edilən qərara münasibət bildirərkən deyib.

E.Nəsirov qeyd edib ki, ABŞ-ın mövqeyindəki dəyişikliklərin motivlərini başa düşmək mümkündür: "Yəni, il ərzində vəziyyət o qədər qəlizləşmişdi ki, heç olmasa, bir dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkil olunması müşkül məsələ idi. Nəhayət, dekabrın 19-da İsveçrənin paytaxtı Berndə prezidentlərin görüşü baş tutdu və gözlənildiyi kimi nəticəsiz yekunlaşdı. Belə olan vəziyyətdə məsələyə yanaşmalar, mövqelər son dərəcə ehtiyatlı olmalıdır. Münaqişənin həlli prosesində kiçik bir ehtiyatsızlıq onsuzda mürəkkəb olan şəraiti daha da ağırlaşdırır. Bu mənada, ABŞ-ın Konqresi tərəfindən məqsədyönlü şəkildə Azərbaycanın icazəsi olmadan separatçı rejimə ayrıca qrafa üzrə yardım göstərilməsi qarşı tərəfdə qondarma qurumun legitimliyinin tanınması kimi qiymətləndirilirdi. Nəticə etibarilə, onlar daha da azğınlaşırdılar. Təsadüfi deyil ki, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi həmsədrlərlə son görüşlərində konkret tələblə çıxış edərək, qondarma respublikanın danışıqlarda tərəf kimi iştirakına nail olmaq istəyirdi. Halbuki, beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi var. İşğalçı Ermənistan və ərazisi zəbt olunan Azərbaycan bu münaqişənin tərəfləridir. Qarşı tərəfin məsələyə qeyri-ciddi yanaşması, əsassız təkliflərlə çıxış etməsi isə münaqişənin həlli ilə bağlı davam etdirilən prosesə arxadan vurulan zərbə effekti yaradır. Ona görə də, Birləşmiş Ştatlar məsələ ilə bağlı bir qədər fərqli yanaşma ortaya qoymağa başladı. Bu baxımdan, ABŞ-ın separatçı rejimə maliyyə yardımlarını dayandırmağa qərar verməsi münaqişənin həlli prosesinə müsbət təsir edə bilər".

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı cari ildəki fəaliyyəti heç bir nəticə verməyib: "Ermənistan çox gözəl anlayır ki, ona qarşı heç bir cəza mexanizmi işə salınmır. Tarix sübut edir ki, cinayətkar cəzasız qalanda daha da şirniklənir və daha ağır cinayətlər törətməkdə maraqlı olur".

Rusiya mətbuatında 2016-cı ilin yanvar ayında Dağlıq Qarabağda müharibə başlayacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirən millət vəkili qeyd edib ki, müharibənin dəqiq nə vaxt başlayacağını heç kəs bilmir: "Bu iddiaları ciddi qəbul etmək düzgün deyil. Müharibənin nə vaxt başlayacağına heç kim təminat verməyib. Hazırda atəşkəs rejimi çox kövrək vəziyyətdir. Ermənistan tərəfi insidentsiz şəkildə atəşkəsi pozur. Ona görə də, müharibəni istisna etmək olmaz. Lakin dəqiq tarixi heç kəs öncədən deyə bilməz".

Azərbaycan dövlətinin danışıqlara sadiq olduğunu deyən E.Nəsirov bildirib ki, müzakirələrin getdiyi bir zamanda Ermənistanın atəşkəsi pozacağı, təxribatlara əl atacağı istisna olunmur: "Çünki qeyd etdiyim kimi, cəzasızlıq şəraitində düşmən daha da azğınlaşır. Bu reallıq fonunda Berndə həmsədrlərin təşkil etdiyi görüş ona yönəlib ki, müəyyən zaman üçün müharibənin qarşısını alsınlar. Yəni, prezidentlər səviyyəsində son danışıqların keçirilməsində əsas məqsəd heç də prosesin nizamlanması deyildi.  Minsk Qrupunun əsas məqsədi münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdır".

Millət vəkili hesab edir ki, belə yanaşmanın özü də düzgün deyil: "Bu, ola bilsin ki, taktiki baxımdan həmsədrlərə sərf edir. Lakin nə vaxta qədər prosesi süni şəkildə uzatmaq olar? Azərbaycan tərəfinin Ermənistana ən böyük güzəşti hələ də münaqişənin dinc yolla həlli prosesinə sadiqlik nümayiş etdirməsidir. Ölkənin Ali Baş Komandanı, Prezident İlham Əliyev istənilən vaxt torpaqların hərbi yolla geri qaytarılması ilə bağlı qərar qəbul edə bilər. Silahlı Qüvvələrimiz buna tam hazırdır. Sadəcə, insan qanı tökülməsin deyə, Azərbaycan tərəfi danışıqlara sadiq qalıb. Ancaq bu o demək deyil ki, Azərbaycan dövlətinin səbri tükənməzdir. Kimlərsə hesab edir ki, Azərbaycan bu vəziyyətlə barışacaq, çox böyük yanlışa yol verir. Münaqişənin həlli prosesində elə bir vəziyyət yaranıb ki, əslində heç kim müharibənin nə vaxt başlayacağına dair təminat verə bilməz. Ermənistan isə proseslə bağlı mövcud status-kvonu qorumağa çalışır. Nə qədər paradoksal səslənsə də həmsədrlərin də siyasəti məhz buna xidmət edir. Lakin onlar hər çıxışlarında status-kvonun saxlanılmasının əleyhinə olduqlarını bildirirlər. Ona görə də, münaqişənin həlli ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Əgər doğrudan da, bu münaqişə müharibəyə çevriləcəksə, bunun məsuliyyəti ilk növbədə Ermənistan, ATƏT-in Minsk Qrupu, eləcə də münaqişənin həlli ilə bağlı müvafiq qətnamələr qəbul edən, lakin sənədlərin icrası istiqamətində heç bir addım atmayan beynəlxalq təşkilatların üzərinə düşəcək".

Ceyhun ABASOV

 





30.12.2015    çap et  çap et