525.Az

Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini ilə görüşüb


 

Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini ilə görüşüb

Təhsil naziri Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Abdul Moiz Buxari ilə görüşüb.

525.az-ın məlumatına görə, görüş zamanı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən nazir, həmçinin İSESKO ilə səmərəli əməkdaşlığın təşəkkül tapdığını nəzərə çatdırıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşlərini xatırlayan təhsil naziri islam ölkələrinin münasibətlərinin daha da möhkəmlənməsində İƏT-in müstəsna rol oynadığını bildirib.

İslam ölkələrinin mövcud əməkdaşlığının real potensiala cavab vermədiyini qeyd edən M.Mərdanov birgə beynəlxalq konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə toxunub. Nazir bildirib ki, ali təhsil müəssisələri, elm adamları arasında əməkdaşlığın genişləndirilməsi sayəsində İƏT-ə üzv ölkələrdə elmi-texniki tərəqqini, universitetlərin nüfuzunun yüksəlməsini, elmi-intellektual potensialın inkişafını təmin etmək olar. Bu baxımdan İƏT-ə üzv ölkələrin ali məktəblərinin reytinq sıralamasının aparılması işinin təşkili məsələsinə toxunan təhsil naziri yalnız sağlam rəqabət mühitində dünya səviyyəli ali məktəblər yaratmağın mümkün olduğunu vurğulayıb.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Abdul Moiz Buxari İƏT-ə üzv ölkələr arasındakı əlaqələrdə elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. İƏT-in fəaliyyət istiqamətləri və nəzərdə tutulmuş strateji proqramları barədə məlumat verən qonaq islam ölkələrində elm, təhsil sahəsinə ayrılan vəsaitlərin həcmini əks etdirən göstəriciləri nəzərə çatdırıb.

İƏT-ə üzv olan zəif inkişaf etmiş ölkələrdən tələbələrin təqaüdlər hesabına daha inkişaf etmiş islam ölkələrində təhsil alması üçün atılan addımlardan söhbət açan Abdul Moiz Buxari bu baxımdan da Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qonaq İƏT-in nəzərdə tutduğu layihələrin uğurla nəticələnməsində Azərbaycanın özünəməxsus rolunu xüsusi qeyd edib və gələcək əlaqələrin inkişafına əmin olduğunu bildirib.

Ölkəmizin İƏT çərçivəsində əməkdaşlıqda hər zaman fəal olduğunu önə çəkən Misir Mərdanov perspektiv layihələrin Azərbaycanda rəğbətlə qarşılanacağına inamını ifadə edib. Həmçinin nazir Azərbaycanın elm və təhsil sahəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyini nəzərə çatdıraraq digər ölkələrlə qarşılıqlı təcrübə mübadiləsinə maraq göstərdiyini vurğulayıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.QARAYEVA

 

 





21.09.2012    çap et  çap et