525.Az

“Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir”


 

“Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir”

MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT ASLANOVA: “HƏMSƏDRLƏRİ   ETİRAF EDƏRLƏR , MÜNAQİŞƏNİN HƏLLİ İSTİQAMƏTİNDƏ HANSISA CİDDİ ADIMLARI OLMAYIB

 

Rəbiyyət xanım, Macarıstanda həbsdə olan  Azərbaycan zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artdığı bir məqamda hakim partiya rəsmiləri müxalifətlə bir masa arxasında əyləşdi. Niyə, bəs hakim partiya indiyə qədər bundan heç az  önəmli olmayan məsələlər, məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsindəki vəziyyət, çıxış yolu ilə bağlı müzakirələr üçün müxalifətlə bir araya gəlməyib?

 

Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı müxalifətlə hakimiyyət arasında prinsipial fikir ayrılığı yoxdur. Hakimiyyət müxalifət bu münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Azərbaycan üçün milli məsələ olan bu mövzuda fərqli mövqe nümayiş etdirilməsi doğru olmazdı. Ramil Səfərovun azadlığa buraxılmasına edilən etirazlar da milli maraqlarımıza yad bir çağırışlar idi. Bu məsələdə birgə mövqe ortaya qoyulması milli maraqlarımıza uyğun bir addım oldu.

 

Bu məsələdə fikirlər birmənalı deyil. Bəzi müşahidəçilər hesab edir ki, əslində hakim partiya müxalifətiDəyirmi masaya dəvət etməsi beynəlxalq ictimaiyyətin sərt tənqid hədəfinə tuş gələn Azərbaycan  hakimiyyətini vəziyyətdən çıxarmağa hesablanıb...

 

Hələ xarici medianı bir kənara qoyaq. Elə Azərbaycan mətbuatının özündə Ramil Səfərovla bağlı fərqli mövqelər olub. Amma İlham Əliyevin ölkə başçısı olaraq, atdığı addım vətənpərvər bir addım olub. Hər bir vətəndaşın da bunu dəyərləndirməsi təbiidir. İlham Əliyev bu addımı atmaqla hansısa səhvə yol verməyib. Əvvala, Azərbaycan hüquqi dövlətdir. Bu məsələ hüquq müstəvisində həll edilib. Məsələsinin siyasi tərəfinə gəlincə, burada ermənilərin hay-küy salması, özlərini məzlum xalq kimi göstərmək istəyi ortaya çıxdı. Amma dünya ictimaiyyəti ermənilərin Xocalıda nələr etdiyini gözəl bilsə , bu ölkəyə qarşı ciddi tədbirlər görülmür. Bu baxımdan Azərbaycan prezidentinin qərarı xalqın dövlətin maraqlarına cavab verən bir qərar oldu. Müxalifətin cənab prezidentin addımını dəstəkləməsi vahid mövqeyimizi ortaya qoydu. Beynəlxalq qurumlardan gələn tənqidləri isə müvəqqəti hal hesab edirəm.

 

Amma belə iddialar da var  ki, bu olay danışıqlar prosesində Ermənistanın mövqeyini gücləndirdi... 

 

Minsk qrupu həmsədrləri vasitəçi olaraq, hansısa bir nəticəyə gəlməmişdilər ki, Ramil Səfərovun azadlığa buraxılması bu nəticəyə kölgə salsın. İllərdir ki, vasitəçilər öz üzərlərinə düşən missiyanı yerinə yetirə bilmirlər. Onların buna görə bizi tənqid hədəfinə çevirməsi yanlışdır. Minsk qrupu həmsədrləri etiraf edərlər ki, münaqişənin həlli istiqamətində hansısa ciddi adımları olmayıb. Azərbaycan Prezidentinin bu deyilənlərə hüquqa söykənən cavabı olub. Bəli, bunu kimlərsə qəbul etməsə , xalqımız Ramil Səfərovu qəhrəman kimi qəbul edir. Münaqişənin həllinə gəlincə, mövqeyimizə sadiq qalırıq. Biz qan tökülmədən, sülh şəraitində münaqişənin həllinə tərəfdarıq. Minsk qrupu öz fəaliyyətsizliyinə bu kimi məsələlərlə haqq qazandırmamalıdır. Ermənistanı sülhə gətirmək üçün fəaliyyət göstərməlidir.

 

Yeri gəlmişkən, Azərbaycan üçün yeni bir siyasi mərhələ-prezident seçkiləri mərhələsi başlayır. Azərbaycan hakimiyyəti seçkilərə necə hansı şəkildə gedəcək?  Beynəlxalq mediada hakimiyyətin islahatlara getməyəcəyi təqdirdə, “ərəb baharının bizə çatacağı barədə iddialar səslənir...

 

Azərbaycanı tənqid edənlər hələ fərqinə varmır ki, bizim ölkəmizdə demokratik dövlət qurulub. Bu sahədə uğurlarımız ildən-ilə artır. Azərbaycanda demokratik islahatlar aparılıb aparılır. Ölkə başçısının qərarları, qəbul olunan dövlət proqramları, parlamentin yaratdığı qanunverici baza, bəs nədir?

 

Eyni zamanda, Azərbaycanda keçirilən hər bir seçki xalqın iradəsini ifadə edib. Bizim ölkədə qanun çərçivəsində seçkilər olur. Xalqın iradəsi bu seçkilərdə ifadə olunur. Ayrı-ayrı beynəlxalq qurumların fikirləri bizim üçün önəm daşımır. Biz hansısa beynəlxalq qurum üçün deyil, xalqımızın gələcəyi üçün bunu edirik. Azərbaycanda hələ seçkinin birinci mərhələsi olmayıb, artıq nəticələr barədə danışılır.  Ərəb baharıbarədə deyilənlərə gəlincə, zaman göstərdi ki, bəzi ölkələrdə demokratikləşmə adı ilə gündəmə gələn proseslərin arxasında nələr dururmuş. Bir məsələni vurğulayım ki, heç Azərbaycandakı seçkilərin nəticələrindən beynəlxalq qurumların narazı qalması barədə fikirlər doğru deyil. Bir çox qurumlar bizdə keçirilən seçkilərin nəticələri barədə müsbət fikirlərdə olublar...

 

O da var ki, ATƏT-in Müşahidə Missiyası isə hər zaman Azərbaycandakı seçkiləri sərt tənqid edib...

 

Bunu bəlkə şişirdirlər. Mən ATƏT-in Parlament Assambleyasındakı müzakirələrdə oluram. Azərbaycan iddia etmir ki, ideal seçki keçiririk. Nöqsanlar olur. Amma bu nöqsanlar seçkilərin nəticələrinə təsir edəcək səviyyədə olmur. Azərbaycanda bu nöqsanların araşdırılması ənənəsi yaradılıb. Bir şey idə vurğulamaq istəyirəm. Nədənsə, Azərbaycanda beynəlxalq təşkilatların dedikləri əsas fikir kimi cəmiyyətə təqdim olunur. Hansısa bir xarici təşkilatın dediyi fikir nəyə görə, mənim ölkəmdə hakim fikir olmalıdır? Bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq qurum hansısa ölkə bizim daxili işimizə qarışa bilməz. Müşahidəçi kimi fikir bildirə tövsiyə ilə çıxış edə bilər. Amma bizimlə ultimatum dilində danışmaq yersizdir.

 

Demokratiya, insan hüquqları bir ölkənin daxili işi olmaqdan çıxıb. Bəlkə, hakimiyyət beynəlxalq ictimaiyyətin mövqeyi ilə razılaşsa, uğurlar daha çox olar?

 

Mən razıyam ki, insan hüquqları daxili məsələ deyil. Amma bizimlə hakim dilində danışmağı qəbul etmirik. ABŞ-da keçirilən seçkiləri o qədər çoxsaylı beynəxalq müşahidəçilər izləmir. Eyni fikirləri Böyük Britaniya ilə bağlı da demək olar.

 

Yuxarıda hakimiyyətin seçkini xalqın firavan gələcəyi üçün keçirdiyini bildirirsiniz. O zaman niyə ictimai etimada əsaslanan seçki komissiyaları yaradılmır ki, heç kəsin nəticələrə şübhəsi qalmasın?

 

Sizinlə razılaşa bilmərəm. Azərbaycanın Seçki Məcəlləsi mütərəqqi bir sənəddir. Seçki komissiyaları da tam ictimai etimada əsaslanaraq, formalaşıb.

 

Amma ölkənin real aparıcı siyasi qüvvələriAXCP Müsavat bu komissiyalarda yoxdur...

 

Bu, qanunun tətbiqi ilə bağlı məsələdir. Bir partiyanın nümayəndəsi komissiyada yoxdursa, başqa bir partiyanın nümayəndəsi orada təmsil olunur.

 

Seçkilər ilində bu məsələyə baxıla bilərmi?

 

Məncə buna ehtiyac yoxdur. Hər seçkidən-seçkiyə məcəlləni dəyişmək doğru deyil. Mövcud qanunvericiliklə ədalətli seçkilərə tam təminat var. 

 

Məqamı düşmüşkən, ölkədə vətəndaşların sərbəst toplaşmaq azadlığı tanınırmı?

 

Niyə tanınmır, tanınır. AzərbaycandaSərbəst toplaşmaq azadlığı haqqındaqanun qəbul edilib. Həmin qanuna uyğun olaraq da bu məsələ tənzimlənir. Kimlərsə, ayrılan yerlərdən narazılı qalırsa, oraya getmirsə, bu artıq başqa məsələdir. Səbail rayonu Bakının mərkəzi rayonlarından biridir. Müxalifətə həmin rayonun ərazisində yer ayrılıb. İki dəfə getdilər, gördülər ki, istədikləri nəticə yoxdur imtina etdilər. Əgər sənin sözünün qüdrəti varsa, sözün eşidilirsə, onu dinləmək istəyən hara desən gələcək. İndi biz neynəyək ki, müxalifətin arxasınca gələnlər olmur?

 

Mövcud qanuna istinad etdiniz, elə isə niyə Bakının hər bir rayonunda bu yerlər ayırılmır?

 

Bu gün Bakıda böyük abadlıq-tikinti işləri gedir. Əlbəttə ki, qarşıdakı dövr ərzində hər bir bölgədə, şəhərdə müvafiq yerlər ayrılacaq. Necə ki, bu, ötən seçkilərdə olub. Amma yenə deyirəm, müxalifət ictimai dəstəyə arxayındırsa, Bayıla gedə bilər. Bu gün YAP da öz tədbirlərini həmin ərazidə keçirir.

 

Azərbaycanda mülkiyyət hüquqları sahəsində vəziyyət göz önündədir. Bu gün yüz minlərlə insan Bakı ətraf ərazilərdə yaşadıqları evlərində mülkiyyət hüquqlarına sahib çıxa bilmir. Bu sahədəki vəziyyət necə, dəyişəcəkmi?

 

Bu məsələ ilə bağlı çox müzakirələr aparılır. Vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması vacib şərtlərdən biridir. Bu məsələ elə bir məsələdir ki, cənab prezidentin diqqətindədir. Bilirsiniz ki, prezidentin sərəncamı ilə müvafiq komissiya yaradılıb bu sahədəki vəziyyəti öyrənir. Mən əminəm ki, qarşıdakı dövr ərzində bu komissiya lazımı araşdırmalarını başa çatdırıb, bir nəticəyə gələcək. Ancaq burada hər şeyi dövlətin üzərinə atmaq da doğru deyil. Vətəndaşlar da fərqində olmalıydılar ki, evi harada tikirlər, bu evi tikməyə hüquqları varmı... Təəssüflər olsun ki, bu sahədə vəziyyət heç asan deyil. Bu gün elə yerlərdə evlər tikilib ki, orada yaşayan vətəndaş ünvanını belə bilmir.

 

KAMİL

 

 

 





21.09.2012    çap et  çap et