525.Az

Tanınmış vəkil: “Qardaşını Elşad Abdullayev özü aradan götürdüb”


 

Tanınmış vəkil: “Qardaşını Elşad Abdullayev özü aradan götürdüb”<b style="color:red"></b>

Elşad Abdullayevin son açıqlamalarına tanınmış vəkil Ramiz Zeynalovdan sərt reaksiya gəlib. R.Zeynalov “Təzadlar” qəzetinə müsahibəsində E.Abdullayevin ittihamlarına cavab verib:


- Ramiz müəllim, redaksiyamızda bir daha E.Abdullayevin ittiham dolu son açıqlamaları ilə tanış oldunuz... Nə deyərdiniz?


- Əvvəla, onu deyim ki, E.Abdullayev məni ən azı tələbəlik illərindən çox yaxşı tanıyır... Əslində, mən onun bu gün (21.01.2013 - red.) musavat.com saytına verdiyi məlum açıqlamasını çoxdan gözləyirdim. Görünür ki, mənim onun öz qardaşının yerini bilməsi, bu axtarışdan necə sui-istifadə etməsi və s. kimi açıqlamalarım onu o dərəcədə yandırıb ki, mənə belə - heç bir məntiqi əsası olmayan bir cavab verməyə məcbur olub. Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıb və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənib... Hazırda onun yoxa çıxması üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm... Siz bu yaxınlarda şok hadisə və faktların şahidi olacaqsınız... Və mən indi deyirəm ki, Baş Prokurorluqda yaradılmış XİK-na göndərdiyim 15 dekabr 2012-ci il tarixli vəsatətimdə də göstərmişəm ki, məhz E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətməkdən ötrü DİN naziri R.Usubovla, onun müavini Z.Dünyamalıyevlə 14 oktyabr 2003-cü ildə olan danışığını və ya belə deyim, istintaq-axtarış şərtini pozaraq, qardaşının oğurlanması və əvəzində kimlər tərəfindənsə ondan guya pul tələb edilməsi və s. barədə ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçib. Əvəzində o, 15 dekabr 2009-cu il tarixli yazılı ifadəsində də (hansı ki, yalan məlumat verdiyi halda cinayət məsuliyyəti daşıması xəbərdarlığını almışdı, üstəlik, Baş Prokurorluğun ACDİ İdarəsinin müstəntiqi tərəfindən dindirilib) göstərir ki, ona telefonla zəng edərək qardaşının 50 min dollar pul müqabilində ona təhvil verilməsi üçün onu Zaqatalaya dəvət ediblər. İfadəsində yazır ki, bundan sonra o, qardaşları ilə birgə özünə məxsus “BMW-X5” markalı maşınla yola düşürlər. Lakin sonradan ona zəng gəlir və onlar Kürdəmir istiqamətinə gedirlər. Kürdəmirdəki "Azpetrol" YDM-nin yanında onları əli avtomatlı dəstə saxlayır, ona zəng etmiş Qalib adlı şəxs onu qarşılayır. Sonra həmin Qalib özünü təqdim edir və zəng edənin o olduğunu bildirir... Qəzetinizin ötən saylarında həmin ifadəni olduğu kimi dərc etmisiniz və qısaca onu deyim ki, burada onları maşından düşürdürlər, üst-başlarını, maşını yoxlayır və məcburi qaydada Kürdəmir RPŞ-yə gətirirlər. Hətta o, ifadəsində yazır ki, üstümdəki 50 min dolları sonradan özümə qaytardılar... Məlum olur ki, Kürdəmir RPŞ-nin rəis müavini olan həmin Qalib adlı şəxs ona deyir ki, bilirsən, sənin qardaşını kim oğurlayıb? Və ona Elşad Abdullayevin qardaşı oğlu Mübarizi təqdim edirlər... E.Abdullayev məlum ifadəsində yazaraq davam edir ki, Mübariz başını aşağı saldı, heç nə danışmadı... İfadəsində təkrarən yazır ki, mən sonralar Mübarizi heç bir yerdə tapa bilmədim, bu günə kimi də yoxdur... Soruşuram: Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan??? Hansı ki, polis şöbəsində onu sənə Mahiri öldürən kimi təqdim ediblər. Sən DİN nazirinə və nazir müavininə söz versən də ki, adam oğrularından hər hansı bir məlumat olarsa dərhal istintaqa məlumat verəcəyəm, amma sənə gələn zəngdən sonra guya əvvəlcə Zaqatalaya və sonra Kürdəmirə getməyinlə bütün izi azdırmış olmusan, qəsdən istintaqın diqqətini hədəfdən və əsl həqiqətdən kənarlaşdırmısan... Deməli, sən həm əsl həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən!


- Ramiz müəllim, hər halda, sonradan Rusiya TN tərəfindən ləğv olunsa da, E.Abdullayev hüquq elmləri doktoru idi və belə bir adam o boyda yalan və qurama söz-söhbəti niyə təşkil edirdi?


- Biləsiniz ki, o, bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsl həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib. Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış... Hansı normal adam belə mənasız və məntiqsiz işlərlə məşğul olardı? Təkrar edirəm, bilə-bilə ki, qardaşının başına nələr gəlib... Ona görə də onun gizli çəkdiyi, qanunsuz üsullarla əldə etdiyi bu videoların istintaq üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur, maddi sübut növü sayıla bilməz... Bütün bunların hamısı Elşad Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur... O, ötən 9 il müddətində əməlli-başlı operatorluq və rejissorluq edib, özünün gizli yaratdığı studiya vasitəsilə köməyinə guya çağırdığı tanınmış insanları şantaj etmək üçün gizli çəkilişlər aparmışdır.


Açıq deyirəm, Elşad hüquq elmindən xəbəri olmayan bir adamdır. Bilirsiniz ki, onun elmlər doktoru elmi dərəcəsi də plagiat, yəni oğurluq olduğu üçün Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edilib. İndi də özünü “hüquq akademiki" adlandırır. Onun video müsahibələrini, açıqlamalarını və bir müddət əvvəl istintaqa verdiyi ifadəsini tutuşdurun. Bir-birini təkzib edən, bir-birinə əks olan fikirlər, məntiqsiz söhbətlərdir. Deyir ki, mən uzun illər hüquq sahəsində çalışmışam... Sən hansı hüquq sistemində  işləmisən, yerini de görək də... Sən həmişə onun-bunun buyruğunda olan adam olmusan. Hamı bilir ki, qayınatana sığındın, onun vasitəsi ilə kiminsə qanadı altında başladın ABU kimi korrupsiya yuvası yaradıb on minlərlə insanı zəlil etməyə... Rüşvət, korrupsiya... Bunlar sənin həyat amalın olub, axı biz bunu bilirik. ABU adlı bu korrupsiya yuvasını gec də olsa, Təhsil Nazirliyi yoxlayıb bağlayıb. Bu gün sənin davan nədir? Davan qardaşın Mahirin oğurlanması yox, öldürülməsi faktı üzrə (!!!) qaldırılmış cinayət işinin istintaqını başqa səmtə yönəltməkdir və artıq "xoruzun quyruğu" görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa... İstintaq 2003-cü ildə oğurluq cinayəti üzrə istintaq hərəkətlərinə başlayıb, lakin sonradan bəzi məsələlər məlum olanda, sən ki, bunu yaxşı bilirsən və Mahirin ailəsindən hələ də gizlədirsən, araşdırmalardan sonra bu iş tövsif olunub Azərbaycan CM-nin qəsdən adamöldürmə maddəsinə və həm də istintaq təyinatı dəyişib, Bakı şəhər BPİ-dən alınaraq cinayət işinin materialları Bakı şəhər Prokurorluğuna verilib. Söhbət bundan gedir...Hansı ki, araşdırmalar bir daha təsdiqləyib ki, burada söhbət adam oğurluğundan yox, qəsdən adamöldürmədən gedir. Bax ona görə də bir vaxtlar kömək etməsini xahiş etdiyin Arzu Kazımova Zahid Dünyamalıyev də deyib ki, Arzu, ona de, qardaşının ölü, ya diri, yerini özü yaxşı bilir, desin, biz sakitcə gedib gətirək, artıq söz-söhbət olmasın... İndi bu açıqlamalar niyə xoşuna gəlmir? Sən özün bundan sonra Arzuya deməmisən ki, “Zahid müəllimə de, əgər mən özüm Mahiri təhvil versəm, sonradan onun barəsində cinayət işi başlanılmayacağına qarantiya verirmi?". Çünki getdikcə həqiqət ortaya çıxırdı, yalanların faş edilirdi??? Niyə əsəbləşirsən bu həqiqətlərin tərəfimdən deyilməsinə? Sən heç bir ifadəndə indiyədək “mütəşəkkil cinayətkar dəstə" ifadəsini işlətməmisən. Elə ki, gizli videolarınla bir neçə adamı çayxana söhbətlərinə çəkib-şantaj edib videolar əldə etmisən, başlamısan mütəşəkkil cinayətkar dəstə ifadəsini işlətməyə. 9 ildən sonra Ramiz Mehdiyevi bu dəstənin başçısı adlandırırsan və başlamısan onun istefasını tələb etməyə... Sən 9 ildən sonra Arzu Kazımovla rəhmətə getmiş Zahid Dünyamalıyevin adından guya qardaşın Mahirin telefon danışığı səsini təqdim etdiklərini deyirsən. Bəs bu 9 ildə niyə bu barədə susurdun? Nə mane olurdu??? Gözləyirdin ki, kimsə dünyasını dəyişsin, sonra??? Axı, sənə yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşımağın barədə istintaqda rəsmi qaydada xəbərdarlıq edilmişdi. Niyə indi dediyin bu ittihamları o vaxt istintaqa deməmisən? Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən. Sən on minlərlə tələbəni aldadıb pulunu mənimsəməyinə görə Azərbaycana gəlib məhkəmə qarşısında xalqa cavab verəcəksən. Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən. Məqsədin qardaşını axtarmaq deyil. Sən yaxşı  bilirsən ki, qardaşının öldürülməyində sənin əlin nə dərəcədədir... Bəli, bəli, məhz sənin! Bir az səbrli ol, istintaqın yekunlaşmasına az qalıb... O biri qardaşını da özün zəhərləmisən, çünki bəzi şeyləri də o bilirdi... Guya 8 nəfərin, o cümlədən Z.Dünyamalıyevin, Sevinc Babayevanın... “mütəşəkkil dəstə tərəfindən öldürülməsini" yalandan ortaya atıb baş qatırsan. Mən vəsatət qaldırmışam ki, həmin şəxslərin zəhərləndiyi iddia edilən obyektlər, müalicə aldıqları xəstəxanalardan xəstəlik vərəqələri götürülsün, bu iş üzrə şahidlər istintaq tərəfindən dindirilsin. Vəsatətlərimin hamısı da təmin olunub. Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən... Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır? Sən yalandan deyirsən ki, mənim Arzu Kazımovla bağlı ev alqı-satqı işim olmayıb. Yalan danışırsan! Müqavilələr və digər sənədlər istintaqa təqdim edilib, hər şey sənin uydurduqlarının əksinədir. Sən pulları Arzu Kazımova 30 faiz sələmə verib pul qazanmısan. Sən özünə məxsus Tibb Universiteti tikdirmək üçün Arzu Kazımovun qardaşına məxsus torpaq sahəsini almısan və pulu da əvəzləmə qaydasında buna görə vermisən. 5 tərəfli müqavilədə qayınatanı qabağa verib onu bu universitetin təsisçisi kimi müqaviləyə daxil etmisən. Özün ki, hamıya deyibsən ki, H.Əhmədovu ona görə bu siyahıya salıram ki, o, akademikdir, yuxarılar onu yaxşı tanıyır və işimiz yaxşı keçəcək... Arzuya da belə demisən! Yenə də kiminsə qanadı altına girib baş girləmək! Ayıbdır! Odur ki, başqalarını şantaj etmək keçməz! Gec-tez sən qardaşın barədə bütün müəmmalarına aydınlıq gətirməyə məcbur olacaq, hər şeyi səmimi etiraf edəcəksən? Yaxşı, gəl əyri oturaq, düz danışaq, bu hakimiyyət sənə neyləmişdi ki, qaçıb gedib oturmusan Fransada və başlamısan ittihamlar yağdırmağa? Dövlət orqanları qardaşının axtarılmasında sənə kömək etmirdi ki?! Bəs nə olmuşdu, niyə bu qalmaqalları yaradıb baş qatmaqdasan? Mən Fransa XİN-ə, Fransanın Azərbaycandakı səfirliyinə müraciət etmişəm və göstərmişəm ki, Fransa çirkli pulların yuyulmasına qarşı mübarizədə öndə gedən bir ölkədir. Sənin kimi rüşvətxor və korrupsioner, dələduz bir adam belə bir ölkədə necə mühafizə oluna bilər? İnanıram ki, istintaq orqanı tezliklə sənin Azərbaycana gətirilməyini təmin edəcək...


- Azərbaycanın istintaq orqanlarının tarixində çoxsaylı insanların itkin düşməsi ilə bağlı istintaq aparılıb, axtarışlar verilib və s. Mahir Abdullayevin məsələsi nə böyük məsələ olub ki, indi şişirdib az qala dünyəvi bir qalmaqala gətirib çıxarmaq istəyirlər?

 

- Məsələ ondadır ki, bunu Elşad Abdullayev özü etməkdədir, başqa kimsə bu işə belə yanaşmır... Söhbət ondan gedir ki, biz sanki olmayan iynəni  samanlıqda axtarırıq. İtirən isə, məsələn, Elşaddır və o, bilir ki, bu iynə itməyib, məhv edilib... Yəni, bu adam şou düzəltməklə məşğuldur. İstər Azərbaycanın, istərsə də Elşadın bu gün sığındığı Fransanın, digər Avropa ölkələrinin istintaq və məhkəmə tarixində heç vaxt görünməyib ki, oğurlanmış adamın ətrafında  9 il müddətində alver aparılsın...


- Elə isə, Mahir Abdullayevin ətrafında nə baş verir?

 

- Bunu Elşaddan soruşmaq lazımdır... İndi deməsə də, inşallah, məhkəmədə deyəcək, etiraf edəcək... Adam oğurluğu cinayəti dərhal baş verən cinayətdir və oğrular dərhal qohumlarla əlaqəyə girib pul tələb edirlər. Yəni, bu tamah məqsədi ilə edilən cinayətdir. 9 il ərzində sövdələşmə aparılır? Elşad kimə yalan danışır, nə demək istəyir? İndi Elşadın yaydığı 2 saatlıq kaseti 6 noyabr 2012-ci ildə Arzu Kazımovla mənə təqdim olunub və biz ona baxmışıq. Kasetə həm stenoqrafik baxış keçirmişik, həm də görüntülərə baxmışıq. Bu barədə ətraflı ifadə vermişik... Həmin ifadədə  istintaq sirri olan məqamlar var deyə, hələlik heç nə deyə bilmərəm. Ona görə ki, bəzi dələduzlar bundan istifadə edə bilər. Elşad isə ölkə rəhbərliyini bu qondarma kasetləri ilə təhdid edir, mən vəsatətimdə yazmışam ki, bunun qarşısı alınmasa, bu ölkədə siyasi rəhbərliyin təhdidinə gedib çıxacaq. Onun yaydığı son saxta "istintaq cədvəli"ndə isə hətta siyasi rəhbərliyin qohum-əqrəbalarının adı çəkilir, ölkə rəhbərinə, Azərbaycan dövlətinə qarşı təhqiramiz, aşağılayıcı ifadələr yer almışdır. Məlumdur ki, bunu bəzi qruplar irəli veriblər və ona söz veriblər ki, Ramiz Mehdiyevin istefası təmin olunan kimi guya hakimiyyət təzələnəcək və ABU bərpa olunacaq  və digər xam xəyallar...

 

- Bəs Mahirin tapılması?


- Yox, bu Elşadın maraq çərçivəsində əvvəldən olmayıb axı... Elnur Məcidli, Elşad Abdullayev kimdir ki, Ramiz Mehdiyevin, yaxud ölkənin siyasi hakimiyyətinə daxil olan bəzi şəxslərin istefasını tələb etsinlər? Kiminsə Elşadla çayxana söhbətini ortaya atıb Ramiz Mehdiyevin istefasını tələb etməkdənsə, məsələyə ağıl və düşüncə ilə yanaşsınlar. Sevinc Babayeva kim idi ki, R.Mehdiyevin qəbuluna düşüb nəsə danışıqlar aparsın və s. Bu nağılların sonu olmalıdır. İstintaq qarşısında məsələ qaldırmışam, yoxlasınlar ki, ümumiyyətlə, Sevinc Babayeva PA-ya nə vaxtsa daxil olubmu? Məsələ ondadır ki, Elşad hamını aldadıb, şirnikləndirib, etibarından sui-istifadə edərək söhbətə çəkib və təhriklə olan söhbət də videolara məqsədli şəkildə yazılıb. Sevincin oğlu özü dedi ki, biz Elşadla ailəli dost olmuşuq... Mən sizə deyim ki, ictimaiyyət arasında həm də Mahirin pasportunu dəyişib başqa ölkələrdə olması deyilir... Məndə də belə məlumat var. Reallıq budur ki, adam oğurlamışlar 9 il müddətində onun qaytarılması üçün pul tələb edib sövdələşməyə getməz. İstintaq təcrübəsində, praktikada belə şey yoxdur.


- İndi məlum olur ki, E.Abdullayev hər şeyi gizli çəkirmiş... Necə ola bilər ki, o, indiyədək Mahirin axtarışı ilə bağlı yetənə verdiyi pulların faktiki təhvil-təslim anlarını çəkməyib?


- Sualınızın cavabı elə sualın qoyuluşundan bəllidir. Bəli, hər şeyi çəkən niyə bircə dəfə bir pul verilməsi anını çəkməyib? Axı onun hər cür çəkən qurğusu olub... Bunlar göstərir ki, deməli, Mahirlə bağlı pul verilməsi şantajdır... Sözdə kimsə çox şey deyə bilər. Ya ola bilsin kimsə bundan başqasının adı ilə pul alıb... Amma bunların Arzu Kazımova, Ramiz Mehdiyevə nə aidiyyəti? Axı, ABU-nun korrupsiya yuvası olması hamıya bəlli idi. Niyə O, indi Təhsil Nazirliyinin, yaxud PA-nın inzibati orqanlarla iş şöbəsindən kiminsə adını çəkilmir? Deməli, bəzi adamlar var ki, vaxtilə Elşadın hamıya bəlli korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alırdılar və indi də ona ürək-dirək verirlər... Bir qrup var ki, hələ nə vaxtsa ABU-nu ona qaytaracaqlarına dpa söz veriblər... Siz Elşadın 2 saatlıq videosuna diqqətlə baxın... Mahirin qayınatası Şamil Şahməmmədovla mübahisə edir. Şamil kişi deyir ki, mənim pulum necə oldu? Hətta bağını satıb pulu ona verdiyini də deyir. Elşad isə deyir ki, mən səndən üç dəfə çox pul qoymuşam... Bu zaman Arzu Kazımov Ş.Şahməmədova müraciət edərək ona bildirir ki, siz prezidentə müraciət  edin, bu məsələnin istintaqı sürətlənsin və sair. Sual edirəm: Arzu Kazımov Mahirin tapılması üçün pul almış olsaydı Şamil Şahməmmədovu Prezidentə müraciət etməyə istiqamətləndirərdimi? Belə çıxır ki, Elşad sadəcə olaraq Şamil müəllimi də aldadıb, Mahirin axtarışı bəhanəsi ilə ondan külli miqdarda pul alıb, hətta bağını satdırıb... Və o, Arzu Kazımovu da qəsdən bu söhbətə çağırıb ki, o, guya dost kimi yaşlı və xəstə insan olan Şamil müəllimə ürək-dirək versin, Mahirin tapılacağına, həqiqətən də axtarıldığına onda inam  yaratsın... Arzu Kazımovun isə xəbəri olmayıb ki, sən demə, Elşad bu görüşlə onların ikisinə də tələ qurubmuş... Bütün bunlar göstərir ki, Elşadı qardaşını axtaran adam deyil, əksinə, Şamil Şahməmmədov daha çox ürək yanğısı ilə bu işə qoşulub, bütün pulunu da ona verib, o da izi azdırmaq üçün başqa yollara əl atıb...


Mən bir daha qəti olaraq deyirəm ki, Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digər qardaşı Eldənizi də özü zəhərlədib, çünki Eldəniz çox şeyi bilirmiş və açıqlamaq istəyirmiş...

 





22.01.2013    çap et  çap et