525.Az

Siyasət və din mənəvi əxlaqi dəyərlər fonunda


 

Siyasət və din mənəvi əxlaqi dəyərlər fonunda<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor

www.raliyev.az
[email protected] 

Azadlığın istənilən forması, o cümlƏdƏn dini azadlıq dövlətdə qüvvədə olan vı çərçivəsindən kənara çıxmasına heç kəsə icazə verilməyən qanunlarla mƏhdudlaşdırılır 

Hakimiyyət, cəmiyyət və din münasibətlərinin vacibliyi və aktuallığı, bu münasibətlərin fəlsəfi əsaslarının genişliyi və dərinliyi təqdim olunan kiçik həcmli kitabda mövzunun mahiyyətini daha geniş və ətraflı şərh etməyə imkan vermir. Odur ki, məsələnin həllinə müxtəlif yollarla yanaşaraq, hissə-hissə şərh etməyə üstünlük verilmişdir.

Əlimizdə olan materialları, seçilmiş mövzu ilə bağlı son 15 ilin nəşrlərini təhlil edərək, biz öz nöqteyi-nəzərimizdən, bu mövzunun kifayət qədər peşəkar, düzgün və sadə şəkildə şərh olunmadığı məqamlarına toxunmuşuq. Verilən mövzuya dair ayrı-ayrı tədqiqat və nəşrlərdən aydın olur ki, burada məhz din, cəmiyyət və hakimiyyətin qarşılıqlı münasibətinin bütün mümkün formaları, yəni qarşılıqlı asılılıq və bir-birini tamamlama təməl əsası kimi götürülmür. Kitabı üç şərti fəslə bölərək, biz qeyd olunan problemə dair öz fikrimizi bildirməyə çalışmış və göstərmək istəmişik ki, hakimiyyət şaquli (yuxarıdan idarə etmə sistemi), cəmiyyət və din isə – üfqi, yəni həyatımızı təşkil edən bu üç şeyin əsaslandığı mənəvi-əxlaqi dəyərlər sistemi və ya məcmusunu ifadə edərək, bütöv və real varlıq mahiyyəti daşıyır.

Məsələnin belə qoyulmasını əsas tutaraq, qəbul olunmuş ənənəvi metodologiyaya əsaslanmaqla onların qarşılıqlı münasibət və asılılığı fikrini ayrı-ayrı deyil, bütöv şəkildə nəzərdən keçirmək üçün ilk cəhd edilib. Biz belə hesab edirik ki, hakimiyyət, cəmiyyət və din bəzi istisnaları çıxmaqla, əslində heç vaxt bir-biri ilə ciddi şəkildə düşmənçilik etməyib, biri digərini məhv etmək uğrunda mübarizə aparmayıb, əksinə, onların zahirən görünməyən, lakin dərin mahiyyət yüklü münasibətləri əsrlər boyu mövcud olub və indi də var. Düşünürük ki, belə üzvi əlaqə olmadan, əsas etibarilə, cəmiyyətə sığınaraq özünü hifz edən hakimiyyət strukturunun təməli dağılardı. Öz növbəsində, cəmiyyət bütövlükdə dinin əxlaqi-etik dəyərləri sayəsində özünümühafizə və özünə daxili nəzarət üçün güc və enerji toplayır. Belə olmasaydı, dinə məxsus daxili özünənəzarət sistemindən istifadə etmədən, heç bir cəmiyyət seçdiyi hakimiyyət forması ilə birlikdə uzun müddət mövcud ola və güc müvazinətini tənzimləyə bilməzdi.

Ümidvarıq ki, qəzetimizin səhifələrində dərc ediləcək məlumatlar yalnız nəzəriyyəyə deyil, eləcə də təcrübəyə əsaslanan maraqlı mülahizələri oxucuya mürəkkəb və heç də hər zaman şəffaf olmayan hakimiyyət, cəmiyyət və din münasibətləri ilə az da olsa tanış olmağa yardımçı ola bilər.

Son zamanlar ictimai xadimlər, siyasətçilər və jurnalistlər dini amilə daha çox diqqət yetirməyə başlayıblar. Müxtəlif seminar və mətbuat konfranslarında etdikləri çıxışlar zamanı dini istilahların işlədilməsi onlar arasında artıq dəb halını alıb. Bununla əlaqədar olaraq “dəyirmi masa”lar keçirilir və orada iştirak edənlər islamın nəinki cəmiyyət və fərdin, hətta, bütövlüklə dövlətin həyatında oynadığı rolu və yeri ilə bağlı ciddi məsələləri öz bilik səviyyələrində müzakirə edirlər.

Belə bir təəssürat yaranır ki, bir sıra siyasi və ictimai qruplar ciddi surətdə dövlətin tam şəkildə həllini tapmamış sosial-iqtisadi, mənəvi və hətta siyasi problemlərini ümumiyyətlə dinin, bizim halda islamın köməyi ilə həll etmək niyyətindədirlər.

Lakin ola bilər ki, bunların hamısı yalnız bir məqsədlə, yəni Azərbaycanda fəaliyyət göstərən islam hərəkat və qrupları tərəfdarlarının yardımını almaq üçün həyata keçirilir. Möminlərin səsi və şüuru uğrunda mübarizə gedir. Bizim vətəndaşlarımızın şüuru üstündə “davanı” təkcə siyasi partiyalar və hərəkatlar deyil, bir çox dini cərəyanlar da aparır və onların arasında ekstremist və radikal xarakterliləri də az deyil.

Bu cür hərəkatların mövcudluğu haqda çox deyilib, bununla əlaqədar dövlətin qanunlarına uyğun olan və onların fəaliyyətlərinin Konstitusiya çərçivəsində həyata keçirilməsi istiqamətində tədbirlər də görülüb.

Həmişə olduğu kimi, hakimiyyət onun istədiyindən fərqli etiqad edənlərə qarşı sərt tədbir və qadağaların tərəfdarı deyil. Lazımi məhdudiyyətlər müvafiq şəraitə adekvat olmalı, hüquq çərçivəsindən kənara çıxmamalıdır.

Hakimiyyət öz həmişəki rəyində qalır. Onun fikrincə, din siyasətdən kənar qalmalı, din xadimləri isə Konstitusiya və ölkənin qüvvədə olan qanunvericiliyinin müddəalarına əməl etməlidirlər.

Azərbaycan vətəndaşlarının etiqad hüququ var: bu, dövlətin Əsas Qanunu ilə təmin olunub. Qanunvericilik vasitəs ilə hansısa bir dini cərəyanın qadağan olunmasına hökuməti vadar etmək istəyən və onu artıq dərəcədə demokratiklikdə ittiham edən şəxslər isə bizim yaxın keçmişimizi, bütün dini cərəyanlara qadağa qoyulan və dinlərin – “mövhumat qalıqlarının” əleyhinə 70 ildən artıq məqsədyönlü mübarizə aparan SSRİ tarixinin faktlarını unudurlar. Tarixin sonrakı gedişatı və nəticələr isə artıq hamıya məlumdur.

Bundan başqa, daha yeni nümunələr də mövcuddur: 1999-cu ildə Dağıstan Dövlət Şurası sədrinin qərarı ilə vəhhabilik, dini bir cərəyan olaraq, adı çəkilmiş qonşu ölkədə qanundan kənar elan edilmişdir. Radikal vəhhabilər gizli iş fəaliyyətinə keçdilər, lakin bu, onların cəmiyyətə göstərdiyi təsiri heç də azaltmadı. Rəqəmlər bunu bir daha sübut edir: sovet hakimiyyəti zamanı Qafqazın ən islamlaşdırılmış regionu olan Dağıstanın 12 rayonu və 4 şəhərində yalnız 27 məscid fəaliyyət göstərirdi. 1994-cü ilin sonunda isə burada artıq 720 məscid, 8 islam ali təhsil ocağı və 111 mədrəsə mövcud idi. 2000-ci ilin nəticələrinə əsasən isə, Dağıstanda artıq 1.594 məscid var idi. Hal-hazırda bu ölkədə 2.150 məscid və 438 təhsil ocağı (onlardan 17-si 45 filialı olan islam institutlarıdır) mövcuddur. Burada 5.000 nəfərdən artıq insan ali təhsil alır; islam təhsil ocaqlarında 15.000 tələbə oxuyur.

Məscidlərin sayına görə bu ölkə təkcə Rusiya Federasiyasının ənənəvi islam subyektləri olan Tatarıstan və Başqırdıstanı deyil, hətta onlardan əhalinin sayına görə müqayisəedilməz dərəcədə böyük olan Özbəkistan və Azərbaycanı da ötüb keçdi. Bundan başqa bir faktı da nəzərə almaq lazımdır ki, Dağıstan əhalisinin sayı hazırda 2,5 milyon nəfər təşkil edir.

Beləliklə, qadağa və inzibatçılıq vasitəsi ilə ciddi din problemlərinin həlli istiqamətində aparılan səylər bu cür qeyri-qənaətbəxş nəticələrə gətirə bilər.

Buna görə də Azərbaycan hakimiyyətinin dövlət və din əlaqələrinə bu cür prinsipial yanaşması bir çox KİV-lərin nəzərdə tutduqlarından əsaslı şəkildə fərqlənir. Dövlət öz vətəndaşları üçün hər bir insanın istənilən dinə etiqad etmək imkanı olan dini icma yaratmağı və azad şəkildə din seçməyi təmin edən dini etiqad haqqında qanun çərçivəsində normal şərait yaratmağa borcludur.

Əlbəttə, bu, heç vaxt hədsiz azadlıq kimi qəbul edilməməlidir. Azadlığın istənilən forması, o cümlədən dini azadlıq dövlətdə qüvvədə olan və çərçivəsindən kənara çıxmağa heç kəsə icazə verilməyən qanunlarla məhdudlaşdırılır. Dini təşkilatlarla əlaqə qurduqda hakimiyyət məhz bu prinsipial yanaşmaya əsaslanır.

Bununla əlaqədar olaraq qeyd etmək istərdim ki, hökumətə təkidlə bu və ya digər dini hərəkatın fəaliyyətini qanunvericilik səviyyəsində dayandırmağı təklif edən və öz fikirlərini bu cərəyanların dindən siyasi məqsədlə istifadə etmək cəhdlərinə və ya bir sıra protestant hərəkatlarının Azərbaycanı xristianlaşdırmaq meyllərinə əsaslandıran bəzi jurnalistlər öz üzərlərinə çox böyük məsuliyyət götürürlər.

Bununla yanaşı, onlar hakimiyyəti dini hərəkatlara və cərəyanlara qarşı olan artıq dərəcədə “demokratikliyə” görə tənqid edir, insanların dini etiqad azadlığı hüququna malik olduqlarını unudurlar, halbuki, etiqad hüququ insanın başlıca hüququ olan yaşamaq hüququndan sonra ən vacibi sayılır. Məhz buna görə də bu cür “narahatçılıq”, təəssüflər olsun, daha çox belə məqalələrin müəlliflərinin məsələnin mahiyyətini və haqqında yazdıqları hakimiyyətin siyasətini səthi bilməsi ilə bağlıdır.

Lakin ölkəmizdə radikal dini cərəyanların təsirinin yayılması problemi çoxdan mövcuddur. Bu, bir çox sosial-iqtisadi, siyasi və geosiyasi xarakterli amillərlə bağlıdır. Bu qəliz və çoxsahəli prosesin məruz qaldığı xarici təsirə gəldikdə isə, mənə elə gəlir ki, o, yalnız neqativ aspektdə olsa da, heç də böyük əhəmiyyət kəsb etmir.

Nə qədər qəribə səslənsə də, bu gün dini ideyaların ən əsas cazibəsi dinin özündə deyil, başqa növ məfkurələrin, o cümlədən də liberal, sosial-demokratik, milli məzmun kəsb edən ideyaların uğursuz təbliğindədir. Ola bilər ki, siyasətçilərin çoxunun insanların əhval-ruhiyyəsinə təsir imkanları artıq tükənib və onlar xalqın rifahının tez bir zamanda yaxşılaşdırılması, milli sərvətin ədalətlə bölüşdürülməsi, demokratiyanın qərb modelinə uyğun qurulması, işsizlik və yoxsulluğun aradan qaldırılması, işğal edilmiş torpaqların qaytarılması probleminin tezliklə həlli və sair bu kimi əsassız vədlərlə insanları öz tərəflərinə cəlb edə bilmirlər.

Onlara yalnız bir şey etmək – Tanrının iradəsinə ümid bağlamaq qalır. Məlumdur ki, Həqq-təalanın təmiz niyyətli insanlardan xoşu gəlir və O, hamını həm niyyətlərinə, həm də əməllərinə görə qiymətləndirir.

Siyasi hədəfə çatmaq məqsədi ilə dinə əl atan şəxslər Allahın köməyinə ümid bağlaya bilməzlər.

Hamımız Müqəddəs Kitablardan bilirik ki, adi insanlardan fərqli olaraq, Allah hər şeyi bilir; Onu bir partiyadan o birinə keçmək və ya mömin insanlar tərəfindən başa düşülmək şansı kimi hər hansı yeni blokların yaradılması ilə aldatmaq olmaz. Bir çox siyasətçilərin hərəkətlərinə qaldıqda isə, onlar heç sadəlövh insanları belə aldada bilmirlər. Burada bir el məsəlini misal gətirmək yerinə düşərdi: “Etibar qəndə bənzəyir – islanmışı daha ucuzdur”.

Buna görə də yığılmış problemləri dini postulatlarla həll etməyi düşünmək sadəlövhlükdür və uzunmüddətli perspektivi olmayan bir məsələdir. Belə niyyət yəqin ki, “birdəfəliyə” istiqamətlənib və liberalizm, demokratizm və dünyəvilik çalarları ilə elan edilir. Dini ehkamlar əslən liberalizm və əməllərin tam azadlığına yönəlməyib. Bütün dinlər mühafizəkardır və məhz buna görə də onlar əsrlər boyu mövcuddurlar. Görünür ki, bu tarixi həqiqət liberallar tərəfindən öz siyasi məqsədlərinə çatmaqda vasitələrin seçimi zamanı nəzərə alınmır.

Buna baxmayaraq, bu gün biz həqiqi dini sərvətlərin saxta siyasi düşkünlüklə əvəz olunduğunun şahidi oluruq. Nəticədə isə cəmiyyət özü uduzur, çünki o, nəinki siyasətçilər və ya din xadimlərinə, hətta Allahın özünə olan inamını itirə bilər və bu da onun küfr edən siyasətçilərə qarşı həddən artıq dözümlülüyündən irəli gəlir.

Din adından danışmaq və Səmavi kitabların mənəvi-əxlaqi dəyərlərini siyasi xəritəyə yerləşdirmək ən azı siyasi əxlaqsızlıqdır: mənim buna heç bir şübhəm yoxdur. Siyasətin mənası, yəni siyasətçilərin “fərdi” dinlərinin olması özü-özlüyündə dinin ilahi məzmununa ziddir.

Bu “siyasi dinin” mahiyyəti ilahilikdə deyil, dünya məsələlərinə yaxınlıqda, yəni daha çox mənəvi yox, fiziki tələbatlardadır. Ona görə də vaxtı ilə orta əsrlərin dahi adamları siyasəti dindən ayırmaqla düzgün hərəkət ediblər. Cəmiyyətin sonrakı inkişaf yolunu təyin edən həmin addım bu gün də öz əhəmiyyətini itirməyib.

Bunun nəticəsində hakimiyyətə aparan yolu cəmiyyətdə mövcud olan ictimai əxlaqa uyğun başqa üsullarla axtarmaq, hakimiyyətdən heç də az əhəmiyyət kəsb etməyən dini isə ruha saxlamaq lazımdır.

 

İnam və sevgi... Ağıl və ruh: harmoniya, yoxsa ziddiyyət 

İnam da sevgi kimi nəhayətsiz sərhədlərə malikdir: üfüqü də görünmür, hüdudları yoxdur

İnam insanın ruhu və ağlını eyni zamanda ələ ala bilərmi? Əgər belə olarsa, onda bu vaxt nə baş verər? O, bu vəhdətin – inam və ağlın quluna çevrilirmi? Çoxları belə insanı fanat, asket, zahid, tərkidünyalı bir məxluq və ya bundan daha da pis – dəli adlandırır. Təəssüf ki, bütün bunlar həqiqətdir.

Məgər Qeys qəlbdən sevərək, yəni öz ruhunu və ağlını sevgiyə təslim edərək, Məcnun olmadımı? Yaxud da tarixdə asketlər – öz ruhu və ağlını hansısa bir ideya və ya əqidəyə tabe etmiş insanlar haqqında faktlar azdırmı? Məgər xristianlıqda rahib evləri (monastırlar) buna parlaq bir nümunə deyilmi? Yaxud əsrlərlə mövcud olan (onlar bu gün də var) və özünü cəmiyyətdən təcrid edən katolik ordenlərini də misal göstərmək olar. Avropanın tarixi salnamələri yüzlərlə belə ordenlərin mövcudluğunu təsdiqləyən faktlarla zəngindir. Bu ordenlərin adi üzvləri onlara dini-siyasi rəhbərləri tərəfindən tədricən, ardıcıl şəkildə qəbul etdirilən ideya uğrunda həyatlarını belə qurban verirdilər. Məgər ideya fanatlarının qurbanı olmuş hakim kral sülalələri, onların ailə üzvləri və digər məşhur insanlar az olubmu? Məgər tampliyerlərin gizli ordeni vaxtilə Avropanı və xüsusilə də Fransanı sarsıtmadımı?

O zamanlar din Avropa üçün müqəddəslikdən böyük, mövcud olan istənilən hakimiyyətdən də üstün idi. Avropa və Rusiya kimi ölkələrin bütün hökmdarları Allahın yerdəki hakimləri sayılırdılar. Mahiyyətcə dünyəvi olan hər bir hakimiyyətə din, xüsusilə də xristianlıq prizmasından baxılırdı. Əsl, səmimi iman ölkəni idarə etməyə mane olmasın deyə, bir çox əyanlar kardinal, yaxud da Misirdəki kimi kahin libası geyinirdilər. Allahın adından hakimlik edirdilər, ona görə onların varisləri hələ də qalıblar və indiyədək hakimlik edirlər. “Hər cür hakimiyyət Allahdandır” ifadəsi onların əsas şüarına çevrildi və əslində, burada məqsəd Allahın qüdrət və əzəmətini göstərərək, Onu razı salmaq deyil, Onun adından cəmiyyətə hakimlik edərək, insanları Allah xofu altında idarə etməkdən ibarətdir. Allahın adı arxasında gizlənərək öz hakim ambisiyalarını təmin etmək onlar üçün daha rahat və daha zərərsiz idi. Sadə, savadsız xalqa öz əməllərinin, o cümlədən də əksər hallarda yalnız Allahın yaratdığı canlı məxluqlara qarşı deyil, həm də əslində Allaha qarşı yönələn rəzil, yırtıcı mahiyyətlərinin  mənasını bu üsulla başa salmaq daha asan idi.

Tarix göstərir ki, inam ideologiyaya çevrildiyi zaman çox şeyə qadir olur. İnamı yalnız qəlbi ilə deyil, ağlı ilə də qəbul edən şəxs özündən asılı olmayaraq ətrafındakılar üçün təhlükəli insana çevrilir – ya o, yaşadığı cəmiyyətin özünü artıq qəbul etmir, ya da yalnız onun inamına, ideal və prinsiplərinə, onu iradəsiz qula çevirən keşiş və dini liderlərin öyrətdiklərinə uyğun gəlmədiyinə görə yaşadığı cəmiyyəti məhv etməyə başlayır.

Buna görə də qədimdən inam və sevgini ağıl süzgəcindən keçirmək qəbul olunmurdu – əks təqdirdə, onların hər biri ayrılıqda öz mahiyyətini itirər, yaxud onların daşıyıcısı olan insan ruh və şüur ilə silahlanaraq, yoluna çıxan hər şeyi və hər kəsi məhv edərdi. Ekstremizm, terrorizm, qurban və ya şəhid adlandırılan və özlərinə qəsd edən insanlar da yəqin ki, məhz bu səbəbdən mövcuddur. Əksəriyyətin qəbul etdiyi kimi, onlarda nə inam, nə də ki Allah sevgisi var; onlar üçün Allah özü də mövcud deyil. Əks təqdirdə, onlar Müqəddəs Kitablarda bəyan edilən Allahın iradəsinə qarşı çıxmaz, özləri ilə birlikdə çoxlu sayda başqa insanları da məhv etməzdilər. Allahın yaratdığı digər insanlara mənəvi və fiziki əzab verməzdilər. Onlar əqidə uğrunda ölsəydilər, o zaman hər şey daha asan olardı. Hər belə fanat hansısa bir yerdə xəlvətə çəkilər və özünə sui-qəsd edərdi. Yaxud da Zərdüştün tərəfdarları kimi, etiqadına görə, öz ölümünü və Allah ilə yenidən birləşməni yaxınlaşdıraraq, qida qəbulunu müntəzəm olaraq azaldar, fiziki cəhətdən zəifləyər və dünyanı tərk edərdilər. Belə olduğu halda, bu kimi insanlar heç kimə hiss ediləcək dərəcədə ziyan vurmazdı.

Bir çox dini fanatlar bu gün də belə edir. Rahib evlərində cüzi qida almaq üçün kiçik pəncərəsi olan ayrı-ayrı otaqlar mövcuddur. Rahib öz iradəsi ilə cəmiyyətdən təcrid edilir və çox zaman az bir müddət keçdikdən sonra onun ruhu bədənini tərk edir. Cəmiyyət nədənsə belə hadisələrə səbirlə, hətta rəğbətlə yanaşır. Rahibin etdiklərini imanın dərinliyi hesab edərək bəzən qəhrəmanlıq kimi də qiymətləndirirlər.

Adi bacarıqlı bir insanın cəmiyyətdə gedən proseslərə qarşı etiraz edib hər şeyə biganəlik göstərməsi adətən eqoizm kimi qiymətləndirilir. Rahib isə iradəli bir mömindir! Yəqin ona görə ki, bu, cəmiyyətin özünə güclü təsir etmir və ən əsası, hakimiyyət üçün təhlükə yaratmır. Hesab edilir ki, insan azad doğulub və o öz həyat yolunu, o cümlədən də Allaha aparan yolu müstəqil surətdə seçməlidir. O yalnız öz həyatını, yalnız özü-özünü məhvə aparır. Bu xüsusda ancaq təəssüf etmək və heyfsilənmək olar, lakin heç kim hiddətlənmək və bu seçimi insan toplumunun, cəmiyyətin mənafeyi prizmasından təhlil etmək fikrində deyil. Amma nahaq yerə!

Eyni din və məzhəbdən olan icmaların bu cür səhlənkarlığı və biganəliyi ucbatından özünü məhv etmənin bütün formaları təşviq edilir. Dünya birliyi adətən evtanaziyanı pisləyir, damğalayır, lakin rahib evlərinin yüzlərlə biradamlıq hücrələrində heç bir məhkəmə və hökm olmadan özlərinə qəsd edənləri təqdir edir.

Onda, özünü öldürən rahib insanların yanında, kütlə arasında, eyni zamanda bir neçə başqa insanın həyatına son qoyaraq özlünü partlatmaq qərarına gələn fərdi intiharçıdan nə ilə fərqlənir? Onların hər biri cəmiyyət və insanlara mənəvi və fiziki əzab verir, insan ləyaqətini və Allahın özünü belə təhqir etmiş olur.

Əlbəttə, özünə qəsd edən terrorçu ilə fərdi dini fanatı müqayisə etmək düzgün olmazdı. Niyyət və nəticələr müxtəlifdir. Ancaq söhbət bu hərəkətin mənasının, mənəviyyat, əxlaq və birgə yaşayış normaları çərçivəsindən kənara çıxan bu cür əməllərə cəmiyyətin münasibətinin necə olmasından gedir. Ona görə də dini asketə laqeyd yanaşaraq, biz, dini ekstremizmə, daha dəhşətlisi isə din pərdəsi altında fəaliyyət göstərən terroristə yardım göstərmiş oluruq.

Burada da cəmiyyət harmoniya və ziddiyyət arasında seçim ilə qarşılaşır. Qəbul edilmiş bir sxem mövcuddur: inkişaf və ziddiyyət münasibətləri öz növbəsində harmoniyaya gətirib çıxarır və özünütəkmilləşdirmə prosesi davam edir. Lakin təbiət özü bir qədər fərqli inkişaf və təkmilləşmə yolu nümayiş etdirir. Bu yol onu göstərir ki, inkişaf harmoniyada deyil, məhz ziddiyyətdədir. Harmoniya – daha az müddət mövcud olan anlayışdır, tezliklə onun sonu gəlib çatır. Eyni sahədə bir-birinin ardınca bir neçə dəfə, məsələn, buğda toxumu əkmək olmaz. Buğda və torpaq harmoniyasının potensialı tükənir və məhv olur. Ancaq iki il əvvəl onlar nə qədər xoşbəxt və gözəl görünürdülər! İndi buğda özünə başqa tarla tapmalı və yeni harmoniya yaratmalıdır, torpaq isə artıq başqa növ bitkilər – qarğıdalı, pambıq və s. ilə yenidən harmoniyaya daxil olmalıdır.

Zənnimcə, ziddiyyət özündə başlanğıc və inkişafı cəmləşdirən sonsuz anlayışdır. Bəşəriyyətin bütün dahi insanları daim öz zəmanələri və yaşadıqları cəmiyyət ilə ziddiyyətdə olublar, bəziləri isə indi də belə yaşayır. Onlar cəmiyyət ilə harmoniya vəziyyətinə daxil olan kimi, adətən inqilablar baş verir, həmin ölkə bədbəxtliklə üzləşir, cəmiyyət öz müvazinətini itirir. Çünki onlar yaşadıqları cəmiyyətin, zamanın fövqündə özlərinə yer tutur, sanki cəmiyyəti yüksəklikdən müşahidə edirlər. Məgər tarix, o cümlədən yaxın keçmiş (XX əsr) hadisələrin bu cür inkişafına dair bizə yüzlərlə misal təqdim etmirmi? Məgər bu gün biz harmoniya, eləcə də ümumi razılıq və sülh cəmiyyətindəmi yaşayırıq? Məgər bu gün cinayətkar, dələduz, qatil və xəzinə oğruları azdır? Məgər TV-də, mətbuatda çıxış edərkən, yaxud dostumuz və ya rəfiqəmiz ilə şəxsən söhbət edərkən biz özümüz ilə harmoniyada oluruq? Qətiyyən yox və hamı bunu çox gözəl bilir. Bunu etiraf etmək – normal həyat sürməyi, səmərəli surətdə birgə yaşamağı, daimi həqiqət, harmoniya və ideal axtarışı vəziyyətində rahat mövcud olmağı dayandırmaq demək olardı. Digər halda bu, həyatın mənasının yoxluğunu ifadə edərdi, deməli, insan mövcudluğunun sonuna çox az qaldığını hiss edir. Odur ki, real həyatda yaşamaq həyatın özü haqqında olduqca dumanlı bir anlayışda yaşamaqdan daha çətindir. Ona görə də biz bu idealı heç kimin işləmədiyi, danışmadığı, sevgi və ya digər münasibətlərdə olmadığı axirət dünyasında axtarırıq. Din mütəfəkkirlərinin fikirlərinə görə, orada yalnız insanın uzun mübarizədən sonra tərk etdiyi bədənə nifrət bəsləyən ruhu mövcuddur və o, eyforiya, daimi həzz alma vəziyyətindədir. Orada heç bir ziddiyyət və ya harmoniya yoxdur, orada hər kəs başqasının yolunu kəsmədən, qonşusunun tikəsini əlindən almadan, oğurlamadan, öldürmədən öz-özlüyündə mövcuddur. Orada əsl bərabərlik və bizim nifrət etdiyimiz biganəlik hökm sürür, tam sərbəstlikdir. Onları iman, sevgi, ağıl kimi məfhumlar maraqlandırmır. Orada biganəlik həyat tərzidir, faydalıdır, bizim üçün isə biganəlik fəlakət və rəzalət rəmzidir. Bir dünyadan digərinə keçid də, görünür, biganəlik aləminə aparan körpüdür. Sonumuzun belə olduğunu bilərək, biz bu dünyada həyatın digər ifadə formalarından faydalanmalıyıq. Yaşamağın, bir dünyadan digərinə keçidin fərqini, mənasını bilmək üçün!

Lakin söhbətin əvvəlinə qayıdaraq belə bir nəticəyə gəlmək olar ki, inam və sevgi ruh, emosiya və hisslər çərçivəsindən kənara çıxmamalıdır. Ağıl inam və sevginin qulu olmadan və onlara onun süzgəcindən keçməyə icazə vermədən, hər halda, bu iki məfhum ilə birgə mövcud olmalıdır. Təbiətdə ağıl və inam, ağıl və sevgi vəhdətinin bu birlik üzvlərinin mütləq məhvinə səbəb olması faktları olduqca çoxdur. Digər hallar barədə tarix sadəcə heç bir məlumata malik deyil.

 

İdeya ölməzdir, onu yalnız digəri ilə

əvəzləmək olar

 

İdeya ölməzlik keyfiyyətinə malikdir. Açıqfikirli, aydın düşüncəli insanlara təsir göstərmək elə də asan iş deyil

 

Son zamanlar din, onun cəmiyyətdə və siyasətdə yeri və rolu mövzusunda dəyirmi masaların, seminarların və hətta beynəlxalq konfransların keçirilməsi adət halını almışdır. Onların əsasında hazırkı dini vəziyyətin yaxşılaşdırılması istəyinin durmasını normal hadisə hesab etmək olardı. Lakin bütün təhlillər onu göstərir ki, bu tədbirlərdə din sahəsindəki tədqiqatları ilə fərqlənməyən insanlar iştirak edir, mühazirələr söyləyir və mübahisələr aparırlar. Seminarların mövzusuna yanlış münasibət isə razılıq və dialoqa çağırışdan daha çox dini qruplaşmaların radikallaşmasına xidmət edə bilər. Necə deyərlər, “aldın qrantı, xərcləməlisən manatı”. Elə buna görə də, bu məsələlərlə bağlı öz şəxsi fikrimi bildirmək istərdim. Əsas – yalnız qüsurları görüb-göstərmək deyil, həmçinin vəziyyətin yaxşılaşdırılması və ölkəmizdə müxtəlif dini qruplaşmaların radikallaşması təhlükəsinin azaldılması mexanizmlərini işləyib hazırlamaqdır. Lakin əvvəlcə bizim qrant alan vətəndaşlarımızı narahat edən fikirlərin nədən ibarət olduğunu bilmək vacib olardı.

Dini araşdırmalar sahəsində azsavadlı insanlar cəmiyyətimiz üçün qəbuledilməz olan fikir və ideologiyalar haqqında danışarkən bəzən əsassız yerə vahiməyə düşür və tez-tez belə bir fikir söyləyirlər ki, guya “işlər belə getsə”, tezliklə yüzillik adət və ənənələrə son qoyulacaq və ölkəmizin əksər əhalisi üçün qəbuledilməz olan ideyaları təbliğ edən missionerlər elə edəcəklər ki, bizim fərdi xüsusiyyətlərimiz, milli keyfiyyətlərimiz çox tez bir zamanda öz yerini yad ideyalara verəcəkdir. Guya amerikalı Corc Soros, Koreya vətəndaşı Sen Mun, ərəb əsilli Məhəmməd Əbdül Vəhhab kimiləri və müxtəlif xristian missionerləri bizim cəmiyyətimizi tolerantlığa, dözümlülüyə yol verilməz bir cəmiyyətə çevirəcəklər. Mən belə fikir və rəyləri konkret əsasları və tutarlı maddi dəlilləri olmayan fikirlər hesab edirəm.

Mən oxuculara C. Soros, Sen Men Mun, Səid Nursi, Fətullah Gülən, Süleyman Əfəndi (sonuncu üçü sevgi ideyası – sufizmin tərəfdarları hesab olunurlar), V.İ. Lenin, K. Marks, F. Engels, A. Hitler, Napoleon, Y. Sezar və başqa bu kimi insanların fikirlərini müqayisə etmək imkanı vermək istərdim. Bu insanlar zənn edirdilər ki, onların hər biri üçün absolyuta çevrilən ideya ilə dünyanı idarə etmək mümkündür.

Məsələn, C. Sorosa görə, “Açıq Cəmiyyət” kimi tanınan ideyanın həyata keçirilməsi cəmiyyətin özünün keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq. S.M. Mun isə bütün dünyəvi dinlərin əsasında yeganə birləşmiş Kilsənin yaradılması fikrini irəli sürmüşdür. Daha sonra o, tədricən sevgi, sülh və razılıq cəmiyyətinin prototipi olacaq ideal ailənin formalaşdırılması (öz ailəsinin nümunəsində) ideyasını fəal şəkildə həyata keçirməyə başladı və bu da onun fikrincə, bir Allahın övladları olan bütün insanları qarşılıqlı münasibətlərin tam harmoniyasına gətirib çıxara bilərdi.

Səid Nursi (Nurçular hərəkatının yaradıcısı) düşünürdü ki, gələcək nəslin elm və dinin vəhdəti əsasında düzgün tərbiyə olunması bütün dünya insanlarının həyatının yaxşılaşdırılması üçün ideal sosial-iqtisadi və əxlaqi şərait yaradacaq. O, keyfiyyətcə yeni həyatın əsasını əxlaqi tərbiyə sistemləri üzrə gənclərin ağıl istiqamətlərinin dəyişdirilməsində görürdü. V. Lenin, K. Marks, F. Engels hesab edirdilər ki, cəmiyyətin bütün qüsurlarının və bəlalarının əsasında kapitalist münasibətlərin yırtıcı mahiyyəti durur (bu fikir qismən də olsa doğrudur). Onların qənaətinə görə, sərvətin ədalətli şəkildə bölüşdürülməsi dünyanı məhvdən xilas edə bilər və etməlidir. Hitler inanırdı ki, bütün dünyanı Allah tərəfindən seçilmiş millət – almanlar idarə etməlidir (Müqəddəs Kitablarda göstərildiyi kimi yəhudilər deyil, məhz alman-arilər).

Sufilər inadla təsdiq edirdilər və bu gün də təsdiq etməyə çalışırlar ki, yalnız insanların bir-birinə və Allaha qarşı bəslənən sevgisi onları xilas edəcək və düzgün həyat tərzinə, dünyada mövcud olan hər şeyin Yaradıcısı – Allaha yenidən qovuşma yoluna yönəldəcəkdir.

Tarixdə belə fikir və ideologiyalar çox olmuşdur və təəssüf ki, onlar bu gün də mövcuddur. Dünya heç vaxt cəmiyyətin əsasını təyin edən fikir və ideologiyalarsız mövcud olmayıb və bu gün də buna bənzər ideyalarla yaşamağa məhkumdur. Cəmiyyətin deideologizasiyası da belə, qismən mənasız ideyalara aiddir.

Beləliklə, görkəmli mütəfəkkirlər, siyasətçilər, din xadimləri və sadəcə ideoloji xəyalpərəstlər estafeti nəsildən nəslə ötürür və burada qəribə heç nə yoxdur. Onlardan hər biri, məsələn, C. Soros postsovet məkanı da daxil olmaqla insanların böyük say çoxluğundan istifadə edərək, öz ideyalarını həyata keçirmək üçün milyonlarını xərcləməkdən həzz alır. Onun üçün bizim ölkələrimiz poliqon, xalqlarımız isə üzərində təcrübə aparılan həqiqi canlı məxluqdur. O, ölkələri öz ideyaları ilə təcrübə aparmaq üçün bir növ laboratoriyalar kimi təsəvvür edir.

Məşhur ideoloqlar ideyanın maddi olmadığını və nə qılınc, nə güllə, nə də atom bombası ilə də məhv edilməyəcəyini dərk edirlər. Onun, Allah ideyasında və yaxud da Allahın özündə olduğu kimi fiziki xüsusiyyətləri yoxdur. Elə buna görə də belə ideyalar çox mühüm keyfiyyətə – ölməzlik keyfiyyətinə malikdirlər. İdeyanı yalnız daha tutarlı, zamanın və həmin zaman çərçivəsində yaşayan insanların həyat tərzini və təfəkkür incəliklərini nəzərə alan daha əsaslı ideya ilə əvəz etmək olar.

Yuxarıda sadalanmış ideyalardan bəziləri indi də bizim nəslin fikir və davranışlarında möhkəm yer tutmaqda davam edir. Sezar, Napoleon və Hitlerin müharibələr, C. Sorosun – rəngli inqilablar, S.M. Mun, S. Nursi və Əbdül Vəhhabın – insanların sosial davranışının və şüur tərzinin bütövlüklə dəyişdirilməsinə yönələn ideyalarının bu gün tərəfdarlarının olmadığını kim təsdiq edə bilər? Onlar bizim həmvətənlərimiz, xüsusilə də, çox güman ki, obyektiv səbəblərdən sosial-əxlaqi və ideoloji oriyentirlərini itirən gənclər arasında daha çox mövcuddur.

Bir şey məlumdur ki, açıqfikirli, aydın düşüncəli insanlara təsir göstərmək elə də asan iş deyil. Bizdə belə insanlar çoxluq təşkil edir. Lakin dərd orasındadır ki, bu gün həmin ideyalara qarşı qoymağa əsassız etiraz və kəskin tənqiddən başqa hələ ki heç nə yoxdur. Əlbəttə, adi insan üçün gözəl və inandırıcı şəkildə ona təqdim olunan hər-hansı ideyada xeyirin, yoxsa şərin çox olmasını dərk etmək çətindir və belə olduğu halda, şübhəsiz ki, alternativ ideyalara çox böyük ehtiyac var.

Tarixdən bizə məlum olduğu kimi, hər bir ideyanı elə təqdim etmək mümkündür ki, o, çox cəlbedici, hətta, bütün cəmiyyət və ayrılıqda hər bir insan – potensial obyekt üçün həyati əhəmiyyət kəsb edə bilsin. Lakin bu ideyaya çoxlu vəsait sərf etmək və ona sadiq insanları tapmaq vacibdir. Yəni, yenidən əvvələ – kobudcasına desək, ayrıca bir qrupun, onun vasitəsilə isə cəmiyyətin böyük bir hissəsinin beyinlərinin süzgəcdən keçirilməsi mexanizminə qayıdırıq. Əlbəttə, insanlar səni əliboş qəbul etməyəcəklər. Bu, danılmaz faktdır. Əgər qəbul etsələr də, başa düşməyəcəklər və Səndən uzaqlaşmağa cəhd göstərəcəklər. Onlara ən azından:

a) konkret maddi marağın təminatı;

b) sosial-maddi vəziyyətin daha da yaxşılaşdırılmasını əsaslandıran ümid lazımdır.

Əlbəttə, hər iki arqumentə malik olmaq daha yaxşıdır. Onda, çox ehtimal ki, ideyanın uğuru təmin ediləcəkdir.

Yuxarıda qeyd edildiyi kimi, tarixdən yaxşı bəllidir ki, ideyanı yalnız ideya ilə əvəz etmək olar. Digərləri, o cümlədən güc arqumentləri adətən yaxşılığa gətirib çıxarmır, onlar əks təsir göstərə bilər, yəni yasaq edilən ideya daha güclü, ona son qoymaq vəzifəsi isə daha da çətin ola bilər.

Buna görə də insan cəmiyyətinin inkişafının bu tarixi təcrübəsini bizdə də nəzərə almaq faydalı olardı. Xüsusən də ona görə ki, onun çox real konturları və məntiqi izahı vardır. Bu, bizim geosiyasi mövqeyimiz və beynəlxalq nüfuzumuz, müstəqillik və suverenliyimizdən irəli gəlir.

 





22.01.2013    çap et  çap et