525.Az

Elvin Bakiroğlunun “Nə sussan, mənə xoşdu” kitabının təqdimatı olub


 

Elvin Bakiroğlunun “Nə sussan, mənə xoşdu” kitabının təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”  klubunda gənc şair Elvin Bakiroğlunun “Nə sussan, mənə xoşdu” kitabının imza günü keçirilib.

525.az-ın məlumatına görə, kitaba gənc şairin son illərdə yazdığı şeirləri ilə yanaşı ilk kitabından seçmələr də daxil edilib. Tədbiri tənqidçi Əsəd Cahangir açıb: “Mən Elvin Bakiroğlunun özünü tanımamış sözünü tanımışam. Bir neçə il öncə Mədəniyyət Nazirliyinin keçirdiyi şeir yarışmasında münsiflər heyətinin üzvü idim. Müsabiqəyə qatılmış qırxdan artıq yarışmaçının arasında bir imza diqqətimi çəkdi. Hiss etdim ki, tanımadığım bu gənc şeir yazan yox, şairdir. Və onun yarışmada birincilik qazanması xatirinə ömrümdə bəlkə də birinci dəfə fənd işlətdim. Şairə maksimum, şeir yazanlara isə minumum bal verdim. Müsabiqəni nəticələri gözlədiyim kimi də oldu. Sonra Elvinlə şəxsən tanış olduq Mən onun “İki ürəkli adam” kitabını oxudum onun yaradıcılığı ilə yaxından tanış oldum.

Biricidən fərqli olaraq Elvinin ikinci şeirlər kitabı göstərir ki, artıq söz Elvini yox, Elvin sözü idarə etməyə  başlayır. Bu şeirlərin hər birində forma yeniliyi cəhdi, sözü, mənanı incələmək çabası var.  Lakin Elvin yeniçilik cəhdləri ilə bərabər milli poeziya ənənlərindən də uzaq deyil.  Onun şeirlərinin əksəriyyəti sevgi mövzusunda olsa da oxucunu yormur. İstedadlı şairin bu şeirlərində diqqəti cəlb edən başlıca sənətkarlıq xüsusiyyəti onun ardıcıl, sistemli poetikaya yiyələnmək cəhdidir. “Facebook adamlar”, “Novruz sayıqlamaları”, “Aktrisa”, “Vağzal adam”, “Domino daşları” bu cəhdin uğurlu nəticələridir. Mən gənc dostumu təbrik edirəm, ona yeni yaradıcılıq uğurları arzulayıram”.

Şair Səlim Babullaoğlu Əsəd Cahangirin qeyd etdiyi “Elvinin ikinci şeirlər kitabı göstərir ki, artıq söz Elvini yox, Elvin sözü idarə etməyə başlayır” fikrinə münasibət bildirərək sözə başlayıb: “ Mənim fikrimcə həqiqi poeziya söz şairi idarə edəndə olur. Şair sözü idarə edəndə qurama olur, amma söz şairi idarə edəndə ona hakim kəsilir. Mən belə hesab edirəm ki,  ikinci kitabdakı şeirlərdə artıq Elvin sözə hakim kəsilib və sözə daha diqqətlə yanaşmağa cəhd göstərib. Bu da çox uğurlu alınıb. Mən dəfələrlə Elvinin şeirləri haqqında fikirlərimi istər şifahi olaraq, istərsə də “facebook adamlar”dan biri kimi status şəkilində yazmışam. Onun şeirlərində ənənəvi poeziyanın yenilənməsi duyulur. Məsələn mən onun bu kitaba daxil edilmiş “Bu gecə” uğurlu şeirlərindəndir. Bir şeyi də qeyd etmək istəyirəm ki, Elvinin şeirləri yaşca böyüdükcə, onun kitabına ön söz yazanlar da böyüyür. Yadımdadır ilk kitabına ön sözü Qismət yazmışdı, indi isə artıq tanınmış tənqidçi Əsəd Cahangir yazıb. Mən Elvini təbrik edirəm və xüsusi bir minnətdarlıq da etmək istəyirəm ki, bu kitaba mənə həsr etdiyi bir şeirini də daxil edib”. Tədbirdə çıxış edən yazıçı Şərif Ağayar, Mahirə Abdullayeva, Elçin Hüseynbəyli, gənc şairin qələm dostları, Kərmət Böyükçöl, Anar Amin, Qılman İlkin, Ramil Əhməd, Emin Piri və başaqaları kitab ətrafında müzakirələr edib, şeirlərinə öz münasibətlərini bildirib, gənc şairin şeirlərini səsləndiriblər. Sonda çıxış edən Elvin Bakiroğlu kitabın ərsəyə gəlməsində və tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən Əsəd Cahangirə, onun sevincinin işığına toplaşan dostlarına minnətdarlığını bildirib.

GÜNEL

 





22.01.2013    çap et  çap et