525.Az

Vətənə bağlı ömür yolu


 

Vətənə bağlı ömür yolu<b style="color:red"></b>

Hacı Mehman FƏRZULLAYEV 

Ömrünün ahıl dövrü 86 yaşında, bir gün də olsa belə oxuyub öyrənməkdən, öyrəndiklərini hər kəsin dərk edib anlayacağı aydın dillə sonradan gələcək nəsil üçün yazmaqdan yorulmayan, danışdığı hər kəsə adi sözlərlə həyat eşqi aşılayan, ağsaqqal dostum, görkəmli partiya-dövlət və ictimai xadim Sadıq Murtuzayevin səsini eşitmədiyim gün nədənsə rahatlıq tapa bilmirəm.

Adətən, təbəssümlü gördüyüm üzü sanki daha da nurlanmışdı. – Yaxşı oğullar-övladlar var dünyada dedi və stolun üstündən nəfis şəkildə çap olunmuş bir kitabı mənə uzatdı.

“Bugünkü gənclərimiz üçün ən gözəl örnəkdir, əsl vətənpərvərlik tərbiyəsi nümunəsidir burada yazılanlar. Belə insanlardan yazmaq lazımdır. Mən bu kitabın qəhrəmanı Qaçay Aslanovu çox yaxşı tanıyırdım. Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işlədiyim dövrdə, onun Bərdədə raykomun II katibi işlədiyi vaxtlarda, iki dəfə onunla birgə təsərrüfatları gəzib bir süfrədə çörək kəsib, keçmiş və gələcəkdən, habelə müharibə veteranlarına qayğı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı söhbət etmişdik. Bununla belə, özünün Böyük Vətən müharibəsi iştirakçısı, üç “Qırmızı bayraq” ordeninin kavaleri olması barədə bir kəlmə də olsa belə danışmamışdı. Çox sadə, təvazökar insan olmaqla poeziya vurğunu idi. Səməd Vurğundan saatlarla şeir desə yorulmazdı. Uzunömürlü həyat təcrübəmdə şair təbiətli, poeziyanı sevənlərin yaxşı adam, cəmiyyətin xeyrinə çalışan olmalarının şahidi olmuşam. adətən belə insanların övladları da ataları kimi xeyirxah, xoşxasiyyət, xoşniyyət olurlar.

Mən bu haqda kitabın ön sözündə yazmışam. İnsanın bir xoşbəxtliyi də özündən sonra yaxşı övlad qoyub getməsidir. Böyük türk sultanı Osman Qazinin oğluna vəsiyyətnaməsini və türkün böyük oğlu Mustafa Kamal Atatürkün müşaviri olmuş və adı həmişə onunla yanaşı çəkilən qarabağlı, dünya şöhrətli alim Əhməd Ağaoğlu və övladlarından misal gətirmişəm. Ə.Ağaoğlunun oğullarının hər biri xalqına, millətinə başucalığı gətirmiş, yeganə qızı Turan xanım Beynəlxalq Qadın Hüquqşünaslar Asossiasiyasının təsisçisi və ilk prezidenti olmuşdu.

Atalar misalları təsadüfdən yaranmır, – “Ot kökü üstündə bitər”, minillərin sınağından keçib. Bax kitabın üstündə şəklini gördüyün kişinin də çox ləyaqətli övladları var. Böyük oğlu Fərhad general-leytenantdır, ancaq nə qədər sadədir. Rəhmətlik atalarına çəkiblər. Digər övladları da, elə nəvələri də son dərəcə mehriban olmaqla babalarının xatirəsini necə də əziz tuturlar. İstərdim ki, keçmiş hərbi naşir kimi bu kitabı oxuyub söz deyəsən”.

İlk baxışdan, oxucunu cəlb edən “Bu evdə bir igid vardı...” kitabı özünün tərtibatıyla da onu əlinə alana vətənpərvərlik ruhu aşılayır. Üz qabığında nurlu simasıyla diqqəti cəlb edən, sağ döşündə üç “Qırmızı Ulduz” ordeni, Qvardiya nişanı, sol döşündə üç medallı, saçları səliqə ilə arxaya daranmış gənc Zabitin uzaqlardan Vətənə zillənmiş ağıllı və işıqlı gözləri ona baxanı buraxmır, daha diqqətlə baxmağı və elinin oğluyla qürur duymanı istəyir.

Kitabın müəllifi Sənubər Fəzi qızının qısa tərcümeyi-halı ilə tanış olduqdan sonra, tərtibatında müəlliflə bərabər, çox hörmət bəslədiyim “E.L.” nəşriyyatının rəhbəri Cəfər müəllimin, habelə qəhrəmanın nəvələrinin də zəhmətinin olması qənaətinə gəldim.

İyirmi ildən artıq bir zaman kəsiyində müxtəlif mətbuat orqanlarında çalışmış, vətənpərvərlik və digər mövzularda qələmə aldığı yazılarla oxucularının məhəbbətini qazanmış  Sənubər Fəzi qızı kitabı üçün Qaçay Allahqulu oğlu Aslanovu heç də təsadüfən qəhrəman seçməyib. Onun haqqında valideynlərindən çox eşitdiyindən, üç “Qırmızı Ulduz” ordeni aldığı halda haqqında sanballı bir əsər yazılmadığından, ancaq camaat arasında dillərdə xoş xatırlandığını, mətbuatda bir neçə yazı getdiyindən və gələcəkdə tədricən unudulacağı qənaətinə gəldiyindən keçdiyi ömür yolu, xüsusən Vətən müharibəsindəki döyüş yolunun, bugünkü gəncliyə örnək olacağını nəzərə alaraq, qəhrəmanın Moskvada yaşayan oğlu general-leytenant Fərhad Aslanovla görüşdükdən sonra kitab yazmaq qənaətinə gəlib və  deyərdim ki, uğur qazanıb.

Kitabı oxuduqca müəllifin nə qədər vətənpərvər olması üzə çıxır. Müəllif qəhrəmanından danışmazdan əvvəl onun və özünün də doğulub boya-başa çatdığı Bərdə şəhərinin tarixini diqqətlə öyrənib tədqiq edib, Bərdənin şanlı tarixi keçmişiylə bağlı 50-dən artıq müəllifdən misal gətirib. Fəslin sonunda müəllifin ötən əsrdə Bərdədən çıxmış bir çox ziyalının adını sadalamaqla onların da ruhuna işıq salması təqdirəlayiqdir.

İkinci fəsildə qəhrəmanın uşaqlıq illərindən söhbət açılır. Müəllifin dili oxunaqlı olmaqla yazı manerasından Vətən sevgisi, yurd sevgisi duyulur.

Bu bölmədə kəndə gəlmiş müəllimin kitabın qəhrəmanı Qaçay Aslanovun məktəbə yazmasından danışsa da, yeri gəldikcə sovetləşmənin ilk illərində əhali arasında yaradılan qorxu hissindən, o dövrdə yaradılan “Allahsızlar birliyi”ndən söhbət açır. Bu bölmədə müəllif üzüntülü bir faktı, erməni düşmənçiliyini müəllimin diliylə bizə çatdırır.  Mamoy bəyi, İbiş bəyi və digər onlarla digərlərini – təkcə Bərdədə bir dəfəyə Ruben Markaryan adlı NKVD işçisi, Baxşəliyev familiyalı birisinə özünü canıyanan kimi göstərərək, Müsavat partiyasını tərifləyib, bu partiyaya məxsus 200 saxta bileti ona təqdim edib etibar etdiyi adamlara verməsini tapşırır. Və beləliklə, Bərdənin 200 nəfər sözükeçən, gözəgörünən, tanınan kişisini həbs etdirib bir hissəsini güllələyir, digərlərini isə Sibirə sürgün edirlər.

Müəllif bu hadisələri də kitaba salmaqla, o dövrdə bu məsələyə etiraz edən 1642 nəfərin həbsi faktını, obrazın dilində doğulduğu ilin 1877-ci il rus-türk müharibəsinin başlanması ilinin uğursuz il kimi göstərməsi, müəllifin millət, Vətən və müsəlman təəssübkeşliyindən irəli gəlir. Bu rus-türk müharibəsindən böyük rus yazıçısı Lev Tolstoyun əsərlərindəki obrazların diliylə milli və dini müharibə kimi danışılır.

Üçüncü fəsil qəhrəmanın orta məktəbi və Gəncədə tibb texnikumunu bitirməsinə həsr olunsa da, bütövlükdə o dövrdəki tarixi şərait, kolxozlaşma, Stalin rejimi, repressiyalar, əhalinin acınacaqlı vəziyyəti, şəraitsizlikdən  danışılır, bu yerlərin zəngin flora və faunasından, meşələrdə hər cür meyvənin, səfaverici bulaqların, növbənöv quşların, hətta “tərlan” quşunun, ov heyvanlarının olmasından məhəbbətlə söhbət açılır.

Azərbaycan Böyük Vətən müharibəsində bölməsində verilən rəqəmlər eyniadlı kitabdan iqtibas edilərək verilmiş yuvarlaq rəqəmlərdir. Əslində isə bu rəqəmlər daha böyükdür və yəqin ki, növbəti illərdə bu sahəni tədqiq edənlər tərəfindən dəqiqləşdiriləcək.

Kitabın bir yerində Qaçay Aslanovun Moskvaya ezam olunması, yol yoldaşının arabir “Boris Qodunov” operasından ariya oxuması, hərbi xidmətin sonunda təkrarən Moskvada olarkən orada Şuşalı Mehmandarovla görüşü, Böyük Teatrda olması  tarixi faktlara və sənədlərə istinadən yazılsa da, bir qanunauyğunluq təşkil edir. Sanki bütün bunlar musiqi beşiyimiz olan Qarabağdan çıxmış Qaçay Aslanovun həyatında baş verməli imiş.

Kitabın böyük bir hissəsi iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr olunub. Müəllif Qaçay Aslanovun gündəliyinə əsaslanaraq və hərb tariximizin görkəmli tədqiqatçısı Şəmistan Nəzirlinin “Həzi Aslanovla görüş” yazısından iqtibas edərək iki qəhrəmanı görüşdürür:

“– Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran, Astara bölgəsinə bənzəmir. Bilmək istərdim həmfamilim hansı bölgədəndir?

– Qarabağlıyam, yoldaş podpolkovnik. Aran Qarabağın Bərdə rayonundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq dövründə bizim kənd Cavanşir xanlarının mülkü olub. Tarixə batmanqılınc adı ilə düşən igid Məhəmməd bəy Mehrəli bəy oğlu Cavanşirin kəndi olub.

– ... Qaçay, Allah qoysa, bu frislərin axırına çıxaq, müharibə qurtarsın, sənin toyuna Səməd Vurğunla gələrik. İndi mən getməliyəm...

... Sənə ən  vacib tövsiyəm: döyüş vaxtı özünü qoru...

–  Biz azərbaycanlılar harada yaşayıb işləməyimizdən asılı olmayaraq, bir ananın, bir atanın övladlarıyıq”.

Müəllif imanın insan həyatında çox vacib məsələ olması və onun qəhrəmanının məhz imanlı bir ailədən çıxdığını önə çəkməyə cəhd edir.

“... Seyid qızını külli Qarabağdan ziyarətə gələnlər olur...”

Seyid qızı Qaçay Aslanovun anası olub.

Kitabın sonrakı bölmələrində qəhrəmanın valideynlərinin arzu və istəyiylə ailə həyatı qurması, 1948-cı ilə qədər hərbi xidmətdə olması, dinc quruculuq illərində  məktəb direktoru, kolxoz sədri, rayon partiya komitəsinin II katibi kimi vəzifələrdə çalışmasından,  həyatından danışılmaqla ayrı-ayrı adamların xatirə yazılarına da yer verilib.

Qəhrəmanın təsərrüfatda çalışdığı illərdə haqqında danışılan, örnək olacaq, diqqətçəkən məqamlardan bir neçəsini qeyd etmək istərdim.

1953-cü ildə İmam Mustafayev Azərbaycan KP MK-ya katib seçiləndə, Qaçay Aslanovu da  işə dəvət edir. O isə ailə vəziyyətiylə əlaqədar Bərdədə işləmək istədiyini deyir. 1965-ci ildən 1973-cü ilə qədər II katib işləyir. Bir dəfə Azərbaycan KP MK-nın I katibiylə görüşdə Heydər Əliyev onu rayonların birinə I katib göndərmək istəyir. O isə – “yoldaş Əliyev bu təklifi mənə 1959-cu ildə  İmam Mustafayev də etmişdi. İnanın doğma Bərdədən ayrılsam əlim-ayağım boşalar” demişdi. 

... 1959-cu ildə ən geridə qalmış kolxoza sədr gedir. Kolxozçular kolxoza, kolxoz da müxtəlif təşkilatlara borclu olur. Hesabda cəmi 7 rubl pul, anbarda 300 kq qurumuş arpa. 1500 baş qoyun acından ölmək üzrə. Qış da qapını kəsibmiş. Belə bir vəziyyətdə qonşu varlı kolxozdan əhaliyə paylamaq üçün 10 ton taxıl və heyvanlar üçün yem borc alıb əhalini və təsərrüfatı qışdan çıxarır. İlin sonunda borclar ödənməklə əhaliyə əməkgününə 4 kq buğda 7 manat pul bölünür. Əhalinin firavan yaşayışı başlanır.

Bu gün o, aramızda olmasa da, haqqında Bərdədə və bütün Qarabağda xoş xatirələr dolaşmaqdadır. Xoşbəxt o adamdır ki, özündən sonra yaxşı adla bərabər, həm də yaxşı övladlar qoyub getsin. Bu mənada da Qaçay Aslanov xoşbəxt atadır.

Onun böyük oğlu Fərhad Qaçay oğlu Aslanov  1995-98-ci illərdə İsveçrənin Cenevrə şəhərində respublikamızın təmsilçisi olub, Beynəlxalq Yol Hərəkəti təşkilatı Baş Assambleyasının üzvü; BYHT ET komissiyasının sədri və sair vəzifələrdə çalışıb, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının Baş Məsləhət Sosial-İqtisadi Şurasının həqiqi üzvü, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Asayiş Problemləri Akademiyasının həqiqi üzvü, Hüquq elmləri doktoru, akademik, general-leytenantdır.

“Bu eldə bir igid vardı” kitabının yazılması və nəşri təqdirəlayiq bir hadisə olmaqla, bugünkü gəncliyə bir örnəkdir və Azərbaycan tarixinin şanlı səhifələrindən birini özündə əks etdirir.

 





23.01.2013    çap et  çap et