525.Az

Azərbaycan əleyhinə fürsət gözləyənlər


 

XALQIMIZIN ÖZ DÖVLƏTİNƏ İNAMI VƏ DƏSTƏYİ KƏMFÜRSƏTLƏRİN MƏKRLİ PLANLARINI YENƏ DƏ PUÇA ÇIXARACAQ

Azərbaycan əleyhinə fürsət gözləyənlər<b style="color:red"></b>

Müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan tarix üçün bu qısa müddət ərzində çox böyük uğurlara imza atıb, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.

Bu reallığı inkaredilməz şəkildə sübuta yetirən onlarca tutarlı fakt sadalamaq mümkündür. Lakin Azərbaycanın bu uğurlarının onillərdən bəri dünya ağalığı iddiasında olan bəlli dairələrdə qısqanclıq və aqressiya doğurması da, təəssüf ki, qaçılmaz gerçəklikdir.
 
Sərbəst siyasət yürüdən, öz xalqının rifahını, milli mənafeyini əsas götürən dövlətlərin, xüsusən Azərbaycan kimi nisbətən gənc respublikaların bu cür düzgün və sağlam mövqedə dayanması həmin dairələri açıq-aşkar qıcıqlandırır. Onlar daima beynəlxalq proseslərdə hegemon mövqedən çıxış edərək, öz diktəsini yeritməyə can atır, digər dövlətlərin bu diktə ilə qeyd-şərtsiz hesablaşmasına çalışırlar. 

Bu niyyətlərini əksərən müxtəlif adlarla, cürbəcür bəhanələrlə, "demokratiya, insan haqları, siyasi məhbusların buraxılması" pərdəsi altında həyata keçirmək istəyirlər. Bəzən isə ümumiyyətlə heç bir çərçivə gözləmədən, açıq hədə və şantaj yoluna baş vururlar. Heç şübhəsiz, hansısa zəif, iqtisadiyyatı və müstəqil dövlətçiliyi oturuşmamış ölkələrlə bu üsulla rəftar etmək bir sıra hallarda nəticə verir, onları vassala, əlaltıya çevirmək mümkün olur.
 
Tarixdə və elə günümüzdə də buna misal ola biləcək bir çox nümunələr mövcuddur. Ancaq bu cür məkrli planların puça çıxdığı, güdülən niyyətlərin ifşa olunaraq uğursuzluğa düçar olması halları da istisna deyil.

Hazırda bir neçə istiqamətdən bu tipli riyakar, qərəzli və aqressiv həmlələrə məruz qalan Azərbaycan dövləti də məhz belə hədələrə boyun əyməyən, öz müstəqil mövqeyini qoruyub saxlamağa qadir olan yenilməz bir qüvvədir.

Hələ ilk müstəqillik illərindən bəri, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında iri Qərb dövlətləri ilə yaxından əməkdaşlıq edən, bir sıra nəhəng iqtisadi layihələri bərabər həyata keçirən Azərbaycana son zamanlar elə həmin dövlətlər, xüsusən ABŞ tərəfindən yolverilməz planların  hədəfi kimi baxılır. Açıq-aşkar görünür ki, bərabərhüquqlu tərəfdaşlığa, rəsmi Bakının milli mənafeyi əsas götürən əməkdaşlıq siyasətinə artıq qane olmayan Qərb bundan cırnayır və tamamilə fərqli xətt seçir. Bu xəttin arxasında isə Azərbaycan dövlətinin öz milli maraqlarından geri durması, beynəlxalq miqyasdakı nüfuzuna xələl gətirəcək addımlara sürüklənməsi dayanır. Onlar Azərbaycan dövlətini xüsusən xarici siyasətdə sərbəst manevr imkanlarından məhrum etmək, asılı tərəf, "sözəbaxan"  ölkə kimi görmək istəyirlər. Dövlətimizin rəhbərliyi isə bu diktə metodunu haqlı olaraq, qətiyyətlə rədd edir. Rəsmi Bakı öz müstəqil mövqeyinə, davamlı ictimai sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi kursuna sadiqliyini dönmədən nümayiş etdirir. Artıq gizli deyil ki, Yaxın Şərqi qana çalxayan, yaxın illərə qədər sabitlik içərisində iqtisadi inkişaf yolu tutmuş bir neçə ölkəni bu gün aclıq və müharibəylə üz-üzə qoymuş Qərb dairələri eyni ssenarini digər regionlara da "ixrac etmək" üçün məqam gözləyirlər.

Belə bir şəraitdə dünyanın hər bir ölkəsində özünü göstərən, "böyük güclər" deyilən dairələrin növbəti oyunu olduğu şübhə doğurmayan qlobal iqtisadi böhrana da dövlətimizin məkrli əleyhdarları tərəfindən Azərbaycana qarşı əlverişli fürsət kimi baxılır. Lap yaxın dövrdə onlar öz nəhs planlarını din, məzhəbçilik pərdəsi altında gerçəkləşdirməyə uğursuz cəhdlər etdilər. Lakin dini tolerantlığın həyat tərzinə çevrildiyi, multikultural dəyərlərin uca tutulduğu, din və etiqad azadlığının tam təmin edildiyi Azərbaycanda, təbii ki, belə cəhdlər iflasa uğramalıydı və bu cür də oldu.

Dünyanın ən inkişaf etmiş ölkələrində belə, iqtisadi artımın azaldığı, neftin qiymətinin planlı şəkildə düşürüldüyü indiki vəziyyətdə isə onlar bütün ümidlərini iqtisadi böhrana bağlayıblar. Əsas hədəf isə guya Azərbaycan xalqını öz dövlətindən narazı salmaq və beləliklə ölkədə sabitliyi pozmağa, dövlətçiliyimizi sarsıtmağa nail olmaqdır.  Bu uğursuzluğa aparan yolda daha bir rüsvayçı addım atan Qərbdəki Azərbaycan əleyhdarları  artıq bütün siyasi və əxlaqi hədləri də aşaraq, rəsmi Bakını sanksiyalarla hədələməyə keçiblər. Aldıqları cavab isə, təbii ki, onları daha da aqressivləşdirir. Çünki bu cavab bütövlükdə Azərbaycan dövləti və xalqının öz müstəqil inkişaf yoluna sadiqlikdən, milli mənafeyə bağlılıqdan xəbər verən vahid, qətiyyətli mövqeyini əks etdirir. Azərbaycan xalqı yaxın tariximizdə ulu öndər Heydər Əliyevin mükəmməl daxili və xarici siyasət xəttinə bağlılığını dəfələrlə sübuta yetirib. Hələ 1993-95-ci illərdəki təlatümlü, çaxnaşmalı dönəmdə, daha sonra 2003-2005-ci illərdə ölkəmiz  üçün taleyüklü mərhələdə xalqımız dövlət rəhbərliyini yekdilliklə dəstəkləyərək, xaricdə və daxildəki bədxahlara layiqli cavablar verib.

Sözsüz ki, hazırkı proseslərin fonunda Azərbaycan əleyhinə fürsət gözləyənlər təkcə Qərb dairələri deyil.

Bədnam ermənilər və onların oyuncaq, təcavüzkar hakimiyyəti də bu yöndə xüsusi canfəşanlıq göstərir.

Son zamanlar Azərbaycana qarşı açıq və gizlin həmlələri həvəslə izləyən ermənilər, eləcə də ermənipərəst qüvvələr bu proseslərdən Qarabağ müstəvisində bəhrələnmək niyyəti güdürlər. Rəsmi Bakının hərbi-siyasi üstünlüyünü anlayan, buna görə dərin təşviş içində olan ermənilər və havadarları guya bu proseslər nəticəsində Azərbaycanın zəifləyəcəyinə ümid bəsləyirlər. Ancaq onların bütün planları kimi bu ümidləri də hədərdir, əvvəlcədən puç olmağa məhkumdur. Çünki Azərbaycan son dərəcə qüdrətli orduya malikdir, üstəlik, bu ordunun, ümumən Silahlı Qüvvələrimizin qarşısında təkcə ölkəmizin əraizisini, təhlükəsizliyini qorumaq yox, zamanı gələndə həlledici hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etmək vəzifəsi qoyulub.

Nəhayət, olduqca təəssüf doğuran bir cəhəti də qeyd etmək lazımdır. Bu isə Azərbaycan dövlətinə qarşı məkrli planlar quraraq fürsət gözləyənlərin dəyirmanına su tökən bəzi ölkədaxili radikal qrupların və ayrı-ayrı şəxslərin mövcudluğudur. Əsassız iddialarla, yersiz ambisiyalarla onillikləri boşa xərcləyən həmin qruplardakı insanlar son günlərdəki davranışları ilə bir daha özlərinin əsl mahiyyətlərini ortaya qoymuş oldular. Onlar xalqa, dövlətə deyil, hansısa uzaq dairələrə, Azərbaycana bədxah münasibət bəsləyən qüvvələrə arxalandıqlarını növbəti dəfə isbatladılar. Açıq şəkildə göründü ki, həmin şəxslər rəsmi Bakıya qarşı haqsız təzyiq cəhdlərini özlərinin puç olmuş perspektivləri üçün son ümid, axırıncı fürsət kimi görür və bunu nəyin bahasına olursa olsun, dəyərləndirməyə çalışırlar. Bu səbəbdən də müstəqil dövlətimizə yönələn böhtan, qarayaxma, şantaj kampaniyasının iştirakçısına çevriliblər. Dəyişməyən və sonda yenə də zəfər çalacaq həqiqətsə bundan ibarətdir ki, xalqın sonsuz inamını, böyük dəstəyini qazanan Azərbaycan dövləti bütün təzyiqləri dəf edəcək, bədxahların planlarını bir daha puça çıxaracaq. Sükanı etibarlı əllərdə olan dövlətimiz öz müstəqil siyasi xətti, davamlı iqtisadi inkişaf yoluyla irəliləyəcək.

 





06.01.2016    çap et  çap et