525.Az

Prezidentlərin 51-ci görüşü Minskdə baş tuta bilər


 

"BU İL DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ MÜSBƏT DƏYİŞİKLİYİN BAŞ VERMƏSİ GÖZLƏNİLƏNDİR"

Prezidentlərin 51-ci görüşü Minskdə baş tuta bilər<b style="color:red"></b>

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan növbəti dəfə Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.
 

"Report" xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib. Nazaruk Qarabağ kimi "qaynar" yox "soyuq" rejimdə olan münaqişələrin həlli üçün danışıqlar aparmağın lazım olduğuna diqqət çəkib: "Əslində, ATƏT-in Minsk qrupu da buna istiqamətlənib. Əminəm ki, əlaqələr qurulmağa başlayanda, bir-birini böyük anlamda başa düşmə vəziyyəti yaranır, biz bir-birimizi başa düşdükdə isə, deməli, əlavə etimad elementləri ortaya çıxır. Mən əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni, heç bir "qaynar faza"ya keçid olmadan, danışıqlar aparmaq və sakit ünsiyyət".

Qeyd edək ki, Minsk görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində prezidentlər səviyyəsində sayca 51-ci görüş kimi tarixə düşə bilər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə ötən ilin 19 dekabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində görüşüblər və 2016-cı ildə Dağlıq Qarabağ üzrə danışıqları davam etdirmək barədə razılıq əldə ediblər.

Azərbaycanın danışıqlarda iştirak etməsində əsas məqsədi isə münaqişənin həlli prosesində müsbət irəliləyişə nail olmaq, dinc yolla Dağlıq Qarabağ və ətraf 7 rayonun geri qaytarılması ilə erməni işğalına son qoymaqdır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın nəticəsiz danışıqlarda iştirak etmək fikri yoxdur. Ona görə də, növbəti görüşün baş tutması üçün müsbət irəliləyişin əldə olunacağına təminat olmalıdır.

Məsələ ilə bağlı "525"ə açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə nail olmağın mümkünlüyündən danışıb. O hesab edir ki, Belarusun Ermənistandakı səfiri İqor Nazarukun bu açıqlaması 2016-cı ilin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində uğurlu olacağına bir mesajdır: "Bizim yeni ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yarada biləcək il olmasını deməyə əsasımız var. İlk olaraq, qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Kremlin münaqişə tərəflərinin ortaq məxrəcə gəlməsinə şərait yaradacağı bildirilib. İkincisi, bu il Almaniya ATƏT-ə sədrlik etməyə başlayıb. Rəsmi Berlinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqe tamamilə müsbət istiqamətdədir. Keçən il Almaniya Ermənistanı iki dəfə işğalçı dövlət adlandırıb, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Ötən ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Angela Merkellə birgə keçirilən mətbuat konfransında rəsmi Berlinin münaqişənin həlli prosesində vasitəçilik missiyası həyata keçirəcəyi bildirilib. Xanım Merkelin sözlərindən belə başa düşülür ki, Avropa İttifaqını ATƏT-in Minsk Qrupunda Fransanın əvəzinə Almaniya təmsil edəcək. Yəni, o vaxtdan Almaniya Dağlıq Qarabağ münaqişəsində tərəflər arasında vasitəçilik etməyə hazırlaşır. Merkel istəyir ki, həll prosesində Almaniya vacib rol oynasın, dünyaya artan gücünü göstərsin".

Politoloq bildirib ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan ATƏT-in Nazirlər Şurasının zirvə görüşündə Almaniyanın quruma sədrliyi təsdiqlənən kimi bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer Eduard Nalbandyanı yanına çağırıb. Almaniyada baş tutan görüşdə Ştaynmayer Nalbandyanla Dağlıq Qarabağ məsələsi ilə bağlı söhbət aparıb. Almaniya xarici işlər nazirinin məhz Nalbandyanı yanına çağırmasından bir daha məlum olur ki, bu dövlət münaqişənin nizamlanmasında qeyri-konstruktiv mövqe tutan tərəfin Ermənistan olduğunu yaxşı bilir. O cümlədən, nəzərə alınmalıdır ki, kansler Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanı 2015-ci ilin may ayında Avropa İttifaqının Riqa sammitində "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstəklə bağlı hazırlanan sənədə imza atmağa məcbur edib. Daha sonra Almaniyada təşkil olunan "Böyük Yeddilik" dövlətlərinin sammitində dünyada olan dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək verdilər. Yəni, Almaniya üçün Dağlıq Qarabağ və digər məsələlərdə ərazi bütövlüyü vacib şərtdir. Eyni zamanda, bu il Almaniyanın ATƏT-ə sədrlik etdiyini nəzərə alsaq ki, bu amil, münaqişənin nizamlanma prosesində də özünü göstərə bilər".

Mərkəz sədri qeyd edib ki, keçən il Belarusun paytaxtı Minskdə Rusiya ilə Ukrayna arasında gərginliyin aradan qaldırılması məqsədilə Normand formatında - Almaniya kansleri Angela Merkel, Fransa, Ukrayna və Rusiya prezidentləri Fransua Olland, Petro Poroşenko və Vladimir Putinin iştirakı ilə dördtərəfli görüş keçirilib: "Tərəflər 18 saat məsələnin həlli istiqamətində birgə iş aparıblar. Bu qədər müddət ərzində dünyanın dörd dövlət rəhbərinin iştirakı ilə görüş təşkil etmək və heç bir texniki problem baş vermədən görüşü yekunlaşdırmaqla Belarus Minskin beynəlxalq problemlərin həllində mühüm meydan rolunu oynadığını ortaya qoyub. Burada Ukrayna böhranı ilə bağlı razılaşma əldə olunandan sonra Avropa və ABŞ-ın Belarusa münasibəti müsbət tərəfə dəyişib. Elə həmn vaxtlar Belarus təkliflə çıxış edərək bildirib ki, zaman gələcək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Minsk önəmli rol oynayacaq. Nəzərə almaq lazımdır ki, Belarus Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdəndir. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana münasibəti bəllidir. Lukaşenko dəfələrlə bildirib ki, ölkəsinin ağır vəziyyətində Azərbaycan həmişə öz dəstəyini göstərib. Həmçinin, Avrasiya İqtisadi Birliyi çərçivəsində də Belarus Ermənistana təzyiq dili ilə danışan dövlətlərdən biridir. Ona görə də, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məsələsində irəliləyiş olacaq. Münaqişənin həllində müsbət dəyişikliklə bağlı addım Minskdə və ya başqa bir dövlətin ərazisində atıla bilər. Əsas odur ki, irəliləyiş əldə olunsun".

Ceyhun ABASOV

 





06.01.2016    çap et  çap et