525.Az

Millət vəkilinin məruzəsi AŞPA komitəsində yüksək dəyərləndirilib


 

Millət vəkilinin məruzəsi AŞPA komitəsində yüksək dəyərləndirilib<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin iclası keçirilib.

525.az-ın məlumatına görə, iclasda sözügedən komitənin rasizm və ksenofobiya məsələləri üzrə alt komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın “Əmək bazarında yaş ayrı-seçkiliyi problemi” mövzusunda hazırladığı məruzə müzakirə olunub.

 
Məruzə haqqında ətraflı məlumat verən alt komitənin sədri bildirib ki, müəyyən yaş həddindən yuxarı olan insanlar Avropa əmək bazarında ayrı-seçkiliklə qarşılaşırlar:

 “Belə insanlar müəssisələrdə işçilərin ixtisarları zamanı ilk qurbanlara çevrilirlər. Yaş, karyera məsələsində, qulluq prosesində irəliləmə zamanı, həmçinin əmək şəraitində də vacib amillərdən birini təşkil edir. İtaliyada aparılan araşdırmalardan belə məlum olur ki, yaşa görə ayrı-seçkilik cinsə görə ayrı-seçkilikdən daha geniş yayılıb.

Böyük Britaniyada 2006-2007-ci illərdə məhkəmələrə yaş diskriminasiyasına dair daxil olan 972 şikayət ərizəsinin sayı 2008-2009-cu illərdə  4000-dək artıb. Bu rəqəmlər yaşa görə ayrı-seçkiliyinin nə dərəcədə ciddi bir problem kimi qaldığını ortaya qoyur”.

 
S.Qafarova həmçinin vurğulayıb ki, hazırda müşahidə olunan iqtisadi böhranla əlaqədar yaşı 50 və ondan yuxarı olan şəxslər iş yerini itirməkdən əziyyət çəkirlər.

 
Hesabatında müxtəlif istiqamətlərdə ümumiləşdirmələr aparan deputat problemi bu şəkildə təsnifatlandırıb: yaş və diskriminasiya müxtəlifliyi, birbaşa və dolayı ayrı-seçkilik, işə qəbul zamanı ayrı-seçkilik, gündəlik işdə ayrı-seçkilik, karyera yüksəlişi zamanı ayrı-seçkilik, işdən azad edilmə zamanı diskriminasiya, biznes sahibləri ilə vəziyyət və sair.

 
Problemin həlli yolları ilə bağlı məsələlərə  də hesabatda geniş yer verən S. Qafarovanın sözlərinə görə, yaşa görə ayrı-seçkiliklə mübarizədə ən müsbət tədbirlər yaşlılara ehtiyacın olmasını nəzərə alaraq stereotiplərlə mübarizə və münasibətin dəyişdirilməsidir:

 “İşə götürülən zaman müxtəlifliyin təşviqi, dövlət proqramları və konstruktiv addımlar atılmalıdır”.

Qeyd edək ki, hesabatda yekun olaraq üzv dövlətlərdə yaşa görə diskriminasiyaya dair tövsiyələrə yer verilir.

 
Daha sonra məruzə ətrafında çıxışlarda avropalı deputatlar azərbaycanlı deputatın məruzəsini yüksək dəyərləndirib, bəzi tövsiyələr diqqətə çatdırılıb.

 





23.01.2013    çap et  çap et