525.Az

"Münaqişənin kökündə məhz Moskva dayanır"


 

"Münaqişənin kökündə məhz Moskva dayanır"<b style="color:red"></b>

"Ermənistanla Azərbaycan arasında müharibənin başlayıb-başlamayacağını Rusiya dövləti müəyyən edir. Çünki bu münaqişənin kökündə hələ yüz ildən artıq bir dövr ərzində məhz Moskva dayanır".

Bu barədə millət vəkili Elman Məmmədov Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin 2016-cı ildə Azərbaycan və Ermənistan arasında müharibənin  başlaya bilməsi ehtimallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün bu problemin bünövrəsini hələ erməniləri dünyanın müxtəlif yerlərindən köçürüb tarixi Azərbaycan torpaqlarında yerləşdirməklə gətirmişdi: "Hələ də  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Məhz ona görə də müharibənin nə zaman başlayıb-başlamaması haqqında Rusiya tərəfi öz proqnozlarını verir. Uzun illərdir ki, tək Azərbaycan və Ermənistan arasında yox, eləcə də post-Sovet məkanına aid olan ərazilərdə, Ukraynada, Moldova, Gürcüstanda, Azərbaycanda da  bu məsələləri rəsmi Moskva həll edir. Bu gün Rusiya özünü Cənubi Qafqazda möhkəmləndirmək, ermənilərə daha yüksək səviyyədə havadarlıq edib onları qorumaq üçün nəsə planlaşdırır".

E.Məmmədov əlavə edib ki, onsuz Rusiya desə də, deməsə də Azərbaycan torpaqlarının sülh yolu ilə işğaldan azad olunması baş tutmayandan sonra ölkəmiz məcburdur ki, öz torpaqlarını işğaldan azad etmək üçün hərbi gücdən istifadə etsin və işğalçıları Azərbaycan torpağından çıxarsın: "Bu bütün beynəlxalq hüquq normalarına uyğun bir hərəkətdir. Məhz bunun üçün Rusiya bu cür əl-ayağa düşüb və proqnozlar verir. Bu sahədə həm Rusiyanın, həm də digər iki həmsədr dövlətin - ABŞ, Fransanın üzərinə böyük məsuliyyət düşür. Onlar imkan verməməlidirlər ki, məsələlər o dərəcədə gərginləşsin və sonda da müharibə başlasın".

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Karasinin, yaxud başqa kimin nə deməsindən asılı olmayaraq  Azərbaycan 2016-cı ildə müharibə etməyi heç istəmir: "Çünki bu gün ölkəmizin iqtisadi problemləri var. İkincisi isə ölkəmiz ərazi bütövlüyünü bərpa etməlidir. Burada müharibədən söhbət gedə bilməz".

Onun sözlərinə görə, Rusiya, ABŞ, Avropa istəyir ki, Azərbaycan onun yanında yer alsın: "Amma ölkəmiz müstəqil siyasət yürüdən bir dövlət kimi özü öz yerindədir. Azərbaycanın kiminsə yanında olmasına ehtiyac yoxdur. Çünki biz başqa dövlətlərə eyni hüquqda və səviyyədə yanaşırıq. Təbii ki, biz də onların bizə eynilə belə yanaşmasını tələb edirik. Bu gün Azərbaycanın Qarabağla bağlı qayğıları var. Ölkəmiz özünün ərazi bütövlüyünü bərpa etmək istəyir. Amma Azərbaycan müharibəyə başlamayacaq. İstər Qərb, istər şimal qonşularımız birmənalı şəkildə Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlıdır. Ya onların dedikləri olmalıdır, ya da hakimiyyət dəyişməlidir. Müharibə təhdidlərinin arxasında da bu dayanır. Əgər bir ölkənin ərazisində başqa bir ölkənin qoşunu yerləşirsə, o, bu qoşunu ərazidən çıxarmalıdır. Buna separatizmə qarşı daxili mübarizə deyilir. Yəni bunun adını müharibə qoymaq olmaz".

Digər politoloq Vasif Əfəndiyev isə hesab edir ki,  güclü Rusiya Qarabağ torpaqlarını Azərbaycana qaytarmayacaq.

Politoloqa görə, Rusiya xarici işlər nazirinin müavini Dağlıq Qarabağda mövcud vəziyyətin müharibəyə yol açacağından "qorxduqlarını" bəyan etməsini Azərbaycana təzyiq vasitəsi kimi qəbul etmək lazımdır. O bildirib ki, Dağlıq Qarabağın işğaldan azad olunmasına əngəl törədən tərəfin Rusiya hakimiyyəti olması artıq heç kimə sirr deyil: "Lap dəqiq desək , Qarabağın işğalını həyata keçirən tərəfin Rusiya olması səbəbindən bu regionda baş verən hər hansı insident və qarşıdurma bu ölkə ilə bağlıdır. Bir neçə ildir ki, davamlı olaraq Rusiyanın bəzi qeyri-rəsmi nümayəndələri torpaqların işğaldan azad oluna biləcəyi mesajlarını versələr də, bu istiqamətdə real addımlar atılmayıb. Çox güman ki, torpaqların de-yure qaytarılması qarşılığında Rusiya tərəfinin Azərbaycandan onun dövlət müstəqilliyinə təhlükə yarada biləcək tələblərin istənilməsi dayanır. Azərbaycan iqtidarı isə dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizə xələl gətirəcək heç bir anlaşmaya imza atmayacaqlar. Ancaq hələ də Rusiya hakimiyyəti ümid edir ki, müəyyən manevr və hədələrlə Azərbaycanı təslimçi sülhə imza atmağa məcbur edəcək".

Azərbaycan və Ermənistan prezidentlərinin Minskdə görüşünün  planlaşdırılmasını münaqişənin həlli üçün  edilən cəhd kimi qiymətləndirən V.Əfəndiyev, bu görüşlərin keçirilməsində ən maraqlı tərəfin Azərbaycan olduğunu söyləsə də, bir nəticə gözləmədiyini sözlərinə əlavə edib: "Münaqişənin həlli 90-cı illərdə olduğu kimi Rusiyanın zəifləməsi şəraitində mümkündür. Görünən isə odur ki, bu proses artıq başlayıb. Güclü Rusiya Qarabağ torpaqlarını Azərbaycana qaytarmayacaq".

PƏRVANƏ

 





08.01.2016    çap et  çap et