525.Az

Bern görüşü prezidentləri dialoqun vacibliyinə inandıra bilmədi


 

ZAHİD ORUC: “HƏMSƏDRLƏR DAĞLIQ QARABAĞDA MÜHARİBƏ EHTİMALININ QARŞISINI ALMAĞA ÇALIŞIRLAR”

Bern görüşü prezidentləri dialoqun vacibliyinə inandıra bilmədi<b style="color:red"></b>

“2014-cü ilin oktyabr ayının 27-də Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra böyük fasilə yaranmışdı. Sanki ATƏT-in Minsk Qrupu formatdan kənarda qalmış və danışıqlar prosesi dalana dirənmişdi. Nəticədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi silahlı qüvvələrin ixtiyarına verildi”.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Belarusun Ermənistandakı səfiri İqor Nazurukun Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Minskdə baş tuta biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, atəşkəsin pozulması nəticəsində tərəflərin itkilər verməsi, hətta artileriya qüvvələrin cəbhəyə yeridilməsi vəziyyəti daha da gərginləşdirdi: “Belə görünürdü ki, cəbhədə vəziyyət tamamilə nəzarətdən çıxa bilər. Buna bir tərəfdən beynəlxalq missiyaların inkar edilməsi demək olardı. Çünki savaş başladığı təqdirdə siyasi cəhdlər az rol oynayır. Digər tərəfdən isə regional və beynəlxalq vəziyyətə uyğun olaraq proseslər daha da dramatik xarakter alırdı. Yəni, bu vəziyyəti mürəkkəbləşdirən problemlər təkcə hərbi sferada deyil, eyni zamanda, təhlükəsizlik xarakterli məsələlərdə idi”.

Z.Oruc qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi, Moskvanın bir sıra cavab reaksiyaları, eləcə də Xəzər dənizi üzərindən Suriyada İŞİD məntəqələrinin vurulması sübut edir ki, bölgədə gərginlik təkcə Qarabağ cəbhəsində deyil, daha böyük miqyasda mənfi istiqamətdə genişlənməkdədir.

Millət vəkili hesab edir ki, faktiki olaraq, Bern görüşü prezidentləri dialoqun vacibliyinə inandıra bilmədi: “Yəni, Paris görüşünün üstündən bir il keçəndən sonra həmsədrlərin cəhdi ilə yenidən danışıqlar prosesinin bərpa olunması hər hansı bir müsbət nəticə ilə tamamlanmadı. Hətta söhbət hansısa böyük sülh sazişinin imzalanmasından getmirdi. Bu görüş Qarabağda müharibənin baş verməməsi üçün həmsədrlərin ortaya qoyduğu iradənin Azərbaycan və Ermənistanda necə qəbul olunmağı ilə əlaqəli idi. Lakin nə tank, nə top, nə də digər artileriya silahlarının oradan çıxarılması ilə bağlı inandırıcı dəlillər ortaya atılmadı. Belə görünür ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti hərbçilərdən sonra gəlir. Hazırda isə əsas məsələ cəbhədə qüvvələr nisbəti ilə bağlıdır”.

Z.Oruc bildirib ki, prezidentlərin növbəti görüşünün Minskdə baş tutub tutmamasından asılı olmayaraq Bern görüşünün uğursuzluğu vəziyyəti bir az da gərginləşdirib: “Əgər fasilə yaransa və biz yenidən Ermənistan-Azərbaycan sərhəddi və qoşunların təmas xəttində gündəlik savaş elementlərini görəcəyiksə, bu halda şahidi olacağıq ki, ATƏT-in Minsk Qrupu ya BMT səviyyəsində müraciətlər edəcək, ya da başqa vasitələrə əl artaraq tərəfləri yenidən danışıqlar masasına əyləşdirməyə çalışacaq”.

Z.Orucun fikrincə, 2016-cı il Dağlıq Qarabağ danışıqları üçün böyük uğur vəd etmir: “Yaxın regionlarda baş verən hərbi, regional və beynəlxalq təhlükəsizlik problemləri elə istiqamət alıb ki, indi əksinə olaraq münaqişənin alovlanaraq müharibəyə çevrilməsi ilə bağlı proqnozlar daha çox səslənir. Buna görə də, addekvat olaraq dövlətin hərbi, siyasi və iqtisadi tədbirləri müntəzəm olaraq həyata keçirilməkdədir. Lakin hazırkı reallıqda Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın taleyini tamamilə öz üzərinə götürüb “.

Ceyhun ABASOV

 





09.01.2016    çap et  çap et