525.Az

Beatriçdən sonra birinci yüz il


 

BİR TANIŞLIĞIN VƏ BİR ROMANIN HEKAYƏSİ

Beatriçdən sonra birinci yüz il<b style="color:red"></b>

Tez-tez baş çəkdiyim kitab dükanında söhbətləşdiyim adamın əvəzinə mən yaşlarda gözəl bir qızla rastlaşdım.

C.Perecin kitabını almaq istədim. Ancaq romanın son nəşri olduğundan və təkrar çap edilmədiyi üçün ikinci əl bu kitabın qiyməti yenisindən iki dəfə baha idi. Almadım. Təşəkkür edib çıxırdım ki “Varlıq” dərgisinin köhnə saylarının gəldiyini sanki Qəraib dənizindən tapılmış bir xəzinə kimi təqdim edəndən sonra qızın dükanın küncündəki qutunu işarə edən barmağını kompasın oxu kimi qəbul edib köhnə jurnallara tərəf addımladım. Dərginin Yaşa Nabi tərəfindən qurulduğunu vurğuladı. Mən də nə müəllimin gözünə girmək üçün fürsəti fövtə verməyib “Bilirəm” deyən tələbə kimi, nə də ilk dəfə eşidirəmmiş kimi davrandım.

Ən çox sevdiyi şair Pablo Neruda imiş...  Şairin “Bu gecə ən hüzünlü şeiri yaza bilərəm” şeirindən bir hissə oxudum və Nerudanın ən çox bu şeirini sevdiyini dedi. Şeiri əzbərdən bilməyimə heyranlığını gizlətmədi və aramızda uzun bir dialoq başladı. İstanbul Universitetində hüquq təhsili alır. Dedektiv romanlardan, siyasətdən, Türkiyədə yazarların, müğənnilərin siyasi görüşlərinə görə önə çıxmalarından danışdıq. O, sevdiyi kitabları sıraladıqca mən də həmin əsərin süjetindən, yadımda qalan bəyəndiyim hissəsindən, obrazından danışaraq daha təvazökar yolla “mən də bu kitabı oxumuşam” deyirdim. Bir çox kitablar almağı mənə məsləhət görsə də, bəzən nəzakətli şəkildə “oxumuşam”, bəzən də “bu tip kitablarla maraqlanmıram” deməklə kifayətləndim. Ta ki, Amin Maalouf deyənə qədər. Bu dəfə hədəfdən yayınmadı. Bu yazarın adını eşitsəm, kitablarını görsəm də, hər dəfə oxumağı ertələmişdim. Yazarın kitabları arasında ən çox sevdiyini, mənə hansı kitabını oxumağı tövsiyə etdiyini soruşdum. Cavab: “Beatriçdən sonra birinci yüz il”.

lll

Bu ad Danteni xatırlatdı. Kitabı böyük həvəslə aldım. Yazarın Dante ilə necə bir dialoq qurmasını düşündüm, amma romanın Dante ilə bir əlaqəsi yoxuydu. Yenə də “Beatriçdən sonra birinci yüz il” həm ədəbi, həm də marketinq baxımından uğurlu ad olduğunu düşünürəm. Kim bilir, təkcə adına görə neçə-neçə oxucu yazarını tanımasa belə romanı alıb oxuyub.

Roman bir elm adamının dilindən nəql olunur. Hadisələr Misirə skarabe ilə bağlı edilən bir səyahətdən başlayır. Skarabe həşərat adıdır. İnsanlar onu diriliş müjdəçisi, həyatın simvolu kimi qəbul edirdilər. Qədim zamanlarda ondan hazırlanan məlhəmi kim içsə oğul sahibi olurmuş. Keçmiş zamanda danışmağıma baxmayın, bu ənənə müasir dövrdə də davam etdirilir, skarabeyə istinadən dərman hazırlayıb  satışa çıxaran firmalar yaranır. Həmin dərman qutuların üzərində isə ingilis və ərəbcə bu yazıya rast gələ bilərsiniz: “Bir oğlun olsun və nəslin davam etsin”.

Amin Maalouf bu mövzunu qədim zamanlara qədər aparıb çıxarır, vaxtilə qız uşaqlarının qəbul olunmadığı cəmiyyətləri, yalnız oğul istəyən ataları xatırladır. Qız olduğu üçün ondan imtina etməyən ailələr də isə ikinci, üçüncü uşaqlarının oğlan olmalarını istədiklərindən, kişilər soylarını davam etdirmək məqsədiylə bu dərmanın möcüzəsinə sığınırlar. Dərmanın digər xüsusiyyəti budur ki, onun təsirindən ömür boyunca qurtulmaq mümkün deyil, yəni bir dəfə qəbul edən kişinin heç vaxt qız uşağı dünyaya gəlmir. Onun istehsalı ilə əvvəlcə Foulbot adlı birisi məşğul olur. O, vergilərdən, cəzalardan yayınmaq üçün dərmanın rəsmi olaraq heç harda reklamını qurmur, apteklərdə satışa çıxarmır. Dərmanın rahatca əldə olunmasını xüsusi qurulmuş satış şəbəkəsi həyata keçirir. Qısası, onun satılması ağızdan-ağıza keçən təriflərdən, effektini görənlərin dostyana bir-birlərinin qulaqlarına pıçıldadıqlarından aslıdır. Belə olduqda Foulbot aidiyyatı qurumların diqqətindən kənarda qalır. Çünki rəsmi orqanlar insanların möcüzə adlandırdığını şayə kimi qəbul edir, bir kapsul atmaqla oğlan uşağına sahib olmaq kimi cahilcə fikrə heç önəm vermirlər.

Adətən bir film uğur qazananda onun ikinci, üçüncü hissəsini də çəkirlər. Kitablar barəsində də eyni sözü demək olar. Daniel Defo satış uğuru qazandıqdan sonra “Robinzon Kruzo”nun ikinci hissəsini yazması, Harry Poter silsilə kimi... Və bir məhsul çox satırsa, bu işdə gəlir yeri varsa, mütləq başqa ağıllı adamlar ya onun saxtasını, surətini yaradırlar, ya da ki, o məhsulla rəqabət aparacaq yeni bir şey bazara çıxarılır. Gözlənildiyi kimi bu dərmana müraciət edənlərin sayca çoxalmasını, bu işdə qazanc olduğunu görən digər şirkətlər bu kimi məhsullar istehsal etməyə başlayırlar. Təbii ki, onlar Foulbot kimi yox, peşəkarlıqla, böyük bir firmanın adına yaraşan şəkildə davranırlar. Cinsi ayrı-seçkilik etdikləri üçün onlara qarşı çıxanların sayını azaltmaq üçün belə bir dərmanın istehsal olunmasında əsas məqsəd kimi kişi sonsuzluğunun qarşısını almaq olduğu deyilərək gördükləri işə bəraət qazandırmış, bu işə elm donu geyindirmişlər. Beləliklə, rəsmi dairələrdən icazə alınır, dərmanlar heç bir problem olmadan apteklərdə satılır.

Bütün uşaqların oğlan olması qızların azalması, yoxa çıxması, cinslər arası balansın pozulması təhlükəsini yaradır. Qadınların sayı azalanda kişilər cinsəl yoxsulluq, ailəsizlik problemi yaşayırlar. Qadının yoxluğu dünyaya yeni insanın gəlməməsi məsələsi barədə də düşündürür. Bir sıra adamlar, xüsusilə qadınlar bu firmalara etiraz edirlər. Bəzi ölkələrdə bu dərmanın əks qarşılığını axtarırlar, bəzi yerlərdə isə yeni doğulacaq qız uşaqları üçün pul təklif edirlər. Qızların sayı azaldığından onlar dəyər qazanmağa başlayırlar. Qadınlar qaçırılmaq və bu qədər kişinin arasında təcavüzə məruz qalmaq qorxusundan çölə çıxa bilmirlər. Yeni doğulan qız uşaqları oğurlanıb satılmasın deyə polislər doğum evlərində keşik çəkməyə başlayırlar.

Bütün baş verənlərin mərkəzində hadisələri bizə nəql edən adam və jurnalist həyat yoldaşı dayanır. Onların qız uşaqları olur. Adı: Beatriç. Romanın adıda buradan doğur. Təhkiyəçi zamanı qızı Beatriçin doğumu ilə yeni bir əsrin başlanğıcı hesab edir, baş verən hadisələrin zamanını isə Beatriçdən səkkiz il, on il sonra şəklində göstərir. Onlar “Ziyalılar Şəbəkəsi”ni yaradaraq qız uşaqlarının ölümünə, bu dərmanların qadağan olunmasına qarşı maarifləndirici fəaliyyət aparırlar.

lll

“Qərb həmişə sənin bildiyin kimi sülh və ədalət diyarı deyildi, qadın və kişi hüquqlarının, təbiəti qorumaqdan ötrü ürəkləri getmirdi. Səndən bir əvvəlki nəsildən olan mən bambaşqa bir Qərb tanıdım. Bunu unutma ki, yüz illər boyunca Yer kürəsinin dörd bir yanında izlər qoyduq, imperiyalar qurduq, mədəniyyətləri dağıtdıq, bir-birimizi top atəşinə tutduq, XX əsrin ortalarına qədər zəhərli qazlarla insanları öldürdük. Sonra bir gün hər şeydən doymuş, yorulmuş, qocalmış halda ən rahat kresloya oturduq. Və indi “Hər şey yaxşı olsun” deyirik”.

lll

Digər kitab dükanlarını gəzdim. Anidən içimdə bir səs yenidən geri qayıdıb o qızla söhbət etməməmi dedi. Ancaq bu səs nə beyinin, nə də ürəyin razılığını ala bildi. Birincisi bilir ki, həddən artıq çox danışmaq, söhbəti uzatmaq işin dadını-duzunu qaçırır, qarşındakına olan maraq itir. İkincisi isə bəzi şeylərin sonuna heç də getməmək, yarıda kəsmək lazım olduğunu hiss edir. Beləcə sonunu istədiyin kimi xəyal etmək şansın var. Məsələn, adını soruşsam, bəlkə də, elə bir isim deyəcəkdi ki, hər şey birandaca sehrini itirəcəkdi. Amma indi onu yaddaşıma Beatriç kimi yazıb, sizə də o cür təqdim edə bilərəm... Yavaş-yavaş Aslıhan Pasajından çıxıram.  Hava soyuqdu.  Paltomun boynunu qaldırıb Taksim metrosuna tərəf addımlayıram. Və bildiyiniz kimi filmlərdə tam da belə anlarda işıqlar sönür, teatrda pərdələr enir, kitablarda səhifələr yavaşca çevrilir...

 





11.01.2016    çap et  çap et