525.Az

Ermənistan konstruktiv dialoqa hazır deyil və ya ATƏT-in sammitinə sözardı


 

Ermənistan konstruktiv dialoqa hazır deyil <b style="color:red">və ya ATƏT-in sammitinə sözardı</b>

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının dünyanın aparıcı dövlətlərinin narahatlığına səbəb olması barədə bəyanatlar müxtəlif beynəlxalq səviyyələrdə uzun illərdir, daha doğrusu, az qala Azərbaycan ərazilərinin işğalından bəri səslənməkdədir.

Belə ritorika heç də həlli uzanmış münaqişəni nizama salmaq arzusundan irəli gəlmir. Bu, daha çox Azərbaycan diplomatiyasının və hökumətinin beynəlxalq münasibətlər sistemində səylərinin nəticəsidir. Aparıcı ölkələr bütün bu vaxt ərzində münaqişənin nizama salınmasının zəruriliyini deklarativ bəyanatlarda bildirməklə məşğul olub, bir dəfə də olsa təcavüzkar ölkəyə ciddi təzyiq göstərməmişdirlərsə, son zamanlar onlar Dağlıq Qarabağda sülhə dəstək verməyə hazır olduqlarını bəyan edirlər.

Vasitəçilər Qarabağda sülhdən bəhs etməyə başladılar…

Yeri gəlmişkən, analoji fikir birliyi Rusiya, Fransa və ABŞ-ın nümayəndə heyətlərinin başçılarının Serbiyanın sədrliyi çərçivəsində Belqradda ATƏT-in nazirlər sammitinin 22 iclasının gedişində etdikləri birgə bəyanatda da qeyd edilmişdir. Açığını deyək ki, düz bir il bundan əvvəl İsveçrədə keçirilən sammitdən fərqli olaraq, ATƏT-in indiki sammitindən bir qədər çox şey gözlənilirdi, çünki o, Suriyada münaqişənin aktiv mərhələyə keçməsi, Avropaya Yaxın Şərqdən qaçqınların axını, Moskva ilə Ankaranın münasibətlərinin gərginləşməsi, Ukrayna böhranının daha da dərinləşməsi və Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artması fonunda baş tutmuşdu. Sammitin nəticələri Rusiyanın və Türkiyənin gözləntilərini doğrultmadı. Tərəflər dostluq dialoqunu qaydaya sala bilmədilər ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Deyilənlər bilavasitə Rusiya-Ukrayna münasibətlərinə və Rusiya və Qərbin qarşılıqlı münasibətlərinə də aiddir. Lakin söhbət indi bundan getmir. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin vasitəçiləri dünya birliyinin diqqətini bunun regionda sülh və təhlükəsizliyə əsas təhdid olması üzərində cəmləşdirdilər.

Sammit ərəfəsində ənənəvi təxribatlar

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti artıq sammit ərəfəsində kəskinləşdirməyə başlamış və sammitin gedişində gərginliyi daha da artırmışdı. Bunun səbəbi aydındır, çünki belə fitnəkar hərəkətlər, xüsusən də mühüm beynəlxalq səviyyəli hadisələr və ya mühüm danışıqlar ərəfəsində Ermənistan tərəfindən dəfələrlə həyata keçirilmişdir. Əslində, Ermənistan tərəfindən fitnəkar addımlar xarici və daxili olmaqla iki müxtəlif auditoriyaya yönəldilmişdir. Bir tərəfdən, ölkə rəhbərliyi gündən-günə böyüyən və müvafiq olaraq kütlələrin narazılığına səbəb olan ictimai-iqtisadi böhrandan ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu yolla ölkə hakimiyyəti zəbt olunmuş Azərbaycan ərazilərini işğal altında saxlamaqdan söhbət düşdükdə, öz həyat qabiliyyətliliyini nümayiş etdirməyə çalışır. Digər tərəfdən, Ermənistan həyasızcasına atəşkəs rejiminin pozulmasında Azərbaycanı ittiham edərək, bizim üçün qəbuledilməz olan status-kvonu daha bir müddət möhkəmləndirməyə çalışır. Bu məqsədlə hakim rejim Suriyadan erməni qaçqınlarını işğal edilmiş ərazilərində yerləşdirmək və hətta orada hansısa bir infrastruktur dəyişikliklərini həyata keçirmək cəhdlərindən əl çəkmir.

Dəyişməz "qurban" obrazında

İşğal edilmiş ərazilərdə Ermənistanın silahlı qüvvələrinin olması münaqişənin nizama salınması yolunda əsas maneədir və məhz bu fakta dünya dövlətləri heç cür mane olmur. Bu isə separatçılara əlavə imtiyazlar verir. Təəccüblü deyil ki, öz günahı üzündən, tərəflərin təmas xəttində və dövlətlərin sərhədi boyunca hətta iri kalibrli silahlardan, minaatanlardan, qumbaraatanlardan və ağır texnikadan istifadə etməklə fitnəkar müdaxilələrinə görə Ermənistan Azərbaycandan daha çox itki verir (yeri gəlmişkən, Azərbaycanın hərbi potensialı Ermənistan SQ-nin potensialından xeyli çoxdur). İrəvanda bunu başa düşürlər. Bu səbəbdən də hakim rejim hər dəfə adət etdiyi "qurban" obrazından istifadə etməklə bütün yollarla Azərbaycanı təcavüzkar dövlət kimi təqdim etməyə çalışır.

İrəvana əlavə şanslar nə verir?

Eyni zamanda, sağlam düşüncəli siyasətçilərdə erməni hakimiyyətinin populist bəyanatları yalnız istehzalı təbəssümə və təəccübə səbəb olur. Bir ölkə rəqibin təxribatlarından və hərbi hücumlardan öz qanuni ərazilərini qorumağa çalışırsa, söhbət hansı təcavüzdən gedə bilər? Belə təəssürat yaranır ki, erməni hakimiyyəti beynəlxalq birliyə yox, kəmağıl siyasətçilərə hesablanmış acınacaqlı "X planını" işləyib hazırlayıblar. Amma burada məsələ ABŞ, İngiltərə, Fransa və b. aparıcı dövlətlərin timsalında dünya birliyinin Rusiya-Ukrayna münaqişəsində və ya Krımın zəbtində olduğu kimi, Ermənistan-Azərbaycan qarşıdurmasına da sağlam maraq göstərmək istəyib-istəməməsindədir. Təəssüf ki, bu mənada aparıcı dövlətlərin mövqelərində hələlik heç bir dəyişikliklər izlənmir ki, bu da İrəvana Bakıya qarşı təcavüzkar siyasətini davam etmək üçün əlavə şans verir. Buna görə də dünya dövlətləri münaqişənin nizama salınması ilə bağlı öz mövqeyini dəyişməyincə və işğalçı ölkə olan Ermənistana təzyiq göstərməyincə, beynəlxalq tədbirlər lazımi nəticə verməyəcək. Bu mənada ATƏT-in ötən sammiti Ermənistanın pis oyun oynayarkən yaxşı sima nümayiş etdirməyə çalışdığı növbəti beynəlxalq tədbirlərdən biri kimi yadda qalacaq.

Müttəfiqlikdən daha yaxın...

Sözsüz, pis sülh yaxşı müharibədən daha yaxşıdır. Elə buna görə də konsensus əldə etmək üçün diplomatiya dili mövcuddur. Amma bunun üçün hər iki tərəfin razılığı tələb olunur. Rəqibimiz isə bizimlə birmənalı olaraq güc və qarşıdurma dilində danışmaq istəyir. Ermənistan sülh dialoquna hazır deyil, çünki bu formatda münasibətləri özü üçün münasib hesab etmir. Yoxsulluq və xaos içində olan balaca bir dövlətin bununla nəyə və ən əsası kimə ümid etdiyi sirr deyil. Ermənistanın həm Qərbdə, həm də ən yaxın müttəfiqləri arasında havadarları var. Həmin o havadarlar öz növbəsində nəinki Azərbaycanla strateji əməkdaşlıqdan imtina etmir, hətta deklarativ bəyanatlar səviyyəsində olsa da, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Belə olduqda, hətta vasitəçilərin hansısa səyləri nəzərə alınsa belə, ATƏT formatının səmərəliliyi və ya, əksinə, hərəkətsizliyi haqqında danışmaq mənasızdır.

Newtimes.az

 





11.01.2016    çap et  çap et