525.Az

Köksüzlər...


 

Köksüzlər...<b style="color:red"></b>

K. Həmzəoğlu

Məsəl var, deyirlər, “xoruz yox idi, səhər açılmırdı ki?”. Düzünü desəm, son illər o qədər xoruz “banları”, “xoruzların səslərini” eşitmişik ki, artıq bunlara bir növ adətkar, öyrəncəli olmuşuq, onları ciddiyə almağa ehtiyac duymamışıq və duymuruq. Ancaq başqa bir məsəl də var ki, “uman yerdən küsərlər”. Daha konkret qeyd etməli olsam, bəzən qardaş və dost Türkiyədən də gələn bu “banlar”, bu “səsləri”  eşidəndə narahat olmaya, narazı qalmaya, üzülməyə bilmirsən. Bu yerdə onu da bəri-başdan  deyim ki, tanıyanlar mənim  Türkiyəyə və türklərə necə fanatikcəsinə bağlı, daha dəqiq ifadə etsəm, Türkiyə və türk sevdalısı olduğumu yaxşı bilirlər. Türkiyəni daim ikinci ana Vətənim hesab etmişəm, edirəm, hər nə olursa-olsun, bundan sonra da edəcəyəm. Buna heç bir şübhə ola bilməz!

İndi mətləbin üstünə  gələrək, nədən narahat olduğumu, nədən narazı qaldığımı, nədən üzüldüyümü dəyərli oxucuların  diqqətinə çatdırmaq, mühakiməsinə vermək istəyirəm. Narahatlığıma səbəb olan məqam Türkiyənin “Hürriyət” qəzetində yazar Ərtoğrul Özkökün işıq üzü görən yazısında Azərbaycan türkləri və Azərbaycanla bağlı təhqir, təxribat xarakterli “fikirlər” qoşmaqdadır. Müəllif öz yazısında heç bir fakta əsaslanmadan qeyd edir ki, Qarabağ hadisələri fonunda baş verən Sumqayıt hadisəsini azərbaycanlılar törədib və azərbaycanlılar tərəfindən bu hadisə zamanı  neçə-neçə erməninin öldürüldüyünə şahid olub. Bu cəfəng iddiaları ilə kifayətlənməyən müəllif sonra  yazır ki, həmin hadisəni, həmin mənzərəni guya təkcə o özü yox, bu yaxınlarda dünyasını dəyişmiş Türkiyə mediasının “xaç ata”larından sayılan  Mehmet Ali Birand da görüb, ona şahidlik edib. Məsələnin bu tərəfi ilə işim  yoxdur.  Bəs görəsən, əsl həqiqət necədir- müəllifin iddia etdiyi kimi, yoxsa, başqa cürdür? Elə ilk baxışdan görmək və qeyd etmək mümkündür ki, müəllifin iddiaları  heç də və heç bir halda həqiqətlə üst-üstə düşmür.

 Birincisi, müəllifin qeyd etdiyi kimi, “Sumqayıt hadisəsi” 1989-cu ildə yox, Qarabağ  hadisələri başlayan ilk günlərdə 1988-ci ilin fevralında baş verib. İkincisi, bu şəhərin adı Pripyat deyil, Sumqayıtdır və buradan da açıq-aydın görünür ki, müəllif guya şahidi olduğu hadisənin baş verdiyi şəhərin adını belə düz-əməlli  bilmir. Üçüncüsü, “Sumqayıt hadisəsi” baş verən dövr hələ keçmiş imperiyanın- SSRİ-nin güclü dövrü, “KQB”-nin başlar kəsdiyi, ölkənin sərhəddindən “quş belə uçmağa” qoymadığı bir zaman idi. O dövrü az-çox yaşayanlar, ona bələd olanlar da gözəl bilirlər ki, SSRİ-yə xaricdən gələn, yaxud, ölkədən xaricə gedən insanlar kimlər ola bilərdi və onlar nə cür nəzarət altında idilər. Eyni zamanda, o dövrdə SSRİ-nin qardaş Türkiyəyə, türklərə nifrəti, düşmən münasibəti var idi ki, Türkiyədən gələnlərin və Türkiyəyə gedənlərin hansı nəzarətdən, yoxlamadan keçdiyini də təsəvvür etməmək mümkün deyil. Özkökün yazdığından və məntiqindən belə çıxır ki, ssenarisi SSRİ Mərkəzi Komitəsi və “KQB”si tərəfindən yazılan, hazırlanan və ermənilərin özlərini əli həyata keçirilən – qanlı cinayətkar Qriqoryanın əməllərini bilməyənlər yəqin ki, yoxdur – Sumqayıt hadisəsinə sonradan don geyindirmək, bunu azərbaycanlıların üzərinə yıxmaq, dünyada Azərbaycan türklərinin vəhşi , ermənilərin isə “məzlum, zavallı xalq” obrazını  yaratmaq üçün sovetlər birliyinin təhlükəsizlik orqanları “türk”lərdən də  bəzilərini bu qanlı ssenariyə cəlb ediblərmiş. Belə demək mümkünsə, sovet-rus kəşfiyyatı, təhlükəsizlik xidməti orqanları bununla da gələcəkdə-zamanı yetişəndə öz “gec partlayan minalarını” işə salmağı hesablayıblarmış, necə ki, hesabladıqları da “baş verdi”. Yəni, bundan sonra da rahat şəkildə  desinlər ki, baxın, bunu ki, biz demirik, biz yazmırıq, biz iddia etmirik, bunu elə sizin öz can, qan qardaşlarınız edir. İndi görün ki, bizlər də heç zaman günah yoxuymuş... Ancaq göründüyü kimi, Özköklər bizim can, qan qardaşlarımızdan deyil və ola da bilməz...

Elə bu yerdə onu da xatırladım ki, o vaxt  “Sumqayıt hadisəsi” baş verər-verməz dünyanın bir sıra xəbər agentlikləri, elektron və yazılı media quruluşlasrı da bu hadisədən geniş “bəhs etmişdi”. Heç təsadüfi deyil ki, Qarabağ hadisələrinin ideoloqlarından biri sayılan və ermənilərlə qanqohumluğu olan jurnalist Henrix Borovikin  Sumqayıt hadisəsinin necə deyərlər, hələ mürəkkəbi qurumamış Azərbaycanda, Sumqayıtda peyda olması və azərbaycanlıların vəhşi obrazının yaradılmasına hesablanmış, ORT ilə yayımlanmış məlum təxribat xarakterli “Pozisiya” verilişi də keç kimin yadından çımayıb. Sonradan nə qədər and-aman etsə, cildən-cildə girməyə çalışsa da, Henrix Borovikin  belə bir  hadisənin baş verəcəyindən əvvəlcədən məlumatlı olması, Sumqayıta hansı məqsədlə gəlməsi və veriliş hazırlaması da sübuta ehtiyacı olmayan  bir aksioma idi. Deməli, əgər, Özkökün yazdıqlarına azacıq olsa belə,  inanmış olsaq, onda onun keçmiş SSRİ-nin “KQB”-sinin  tilovuna düşdüyünü və hələ də köhnə-təzə sahiblərinin qulluğunda olduğunu, bundan sonra da  neçə-neçə “turlu-türlü” “sicilləmələri” ortaya qoymağa hazırlaşdığını qeyd etmək olar.  Ancaq bir daha  “hörmətli” yazarın diqqətinə onu çatdırmaq lazım gəlir ki,  bəhs edilən  “Sumqayıt hadisəsi”  keçmiş imperiyanın, Mərkəzi Komitə və “KQB”nin ssenarisi əsasında, ermənilərin özlərinin əli ilə Azərbaycana, Azərbaycan türklərinə qarşı hazırlanmış və həyata keçirilmiş növbəti qanlı-cinayətkar bir “proje” idi. Və indi bunları bilə-bilə, yaxud, bilməyə-bilməyə, “bulanıq suda balıq tutmaq” sevdasına düşmək  nə ona, nə də onu danışdıranlara  hansısa şərəf, hörmət gətirir...

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək istərdim: apardığım müşahidələr və araşdırmalar zamanı məlum olub ki, qardaş dövlətin əksər media quruluşları bütövlükdə türk millətindən olanların deyil, bu ölkədə yaşayıb, ancaq bıçağını daim xaincəsinə onun kürəyinə saplayan nankorların, xəyanətkarların – daha dəqiq desəm, erməni-yunan-yəhudi-kürd (PKK sevdalıların) əsillilərin nəzarətindədir. Eyni zamanda, qardaş ölkənin belə demək mümkünsə, kino (serial) “sənayesi”, sektoru da həmin məkrli qüvvələrin əlindədir və onların istehsal edib yayınladıqları filmlərin, serialların böyük əksəriyyəti “Latın Amerikası ruhludur”, qətiyyən türk əxlaqını, mənəviyyatını özündə əks etdirmir. Bununla onlar türklərin bir xalq, millət kimi dünyada mənfi obrazının yaradılmasını qarşılarına məqsəd qoyublar və çox əfsuslar olsun ki, buna da  türklərin, türk sevdalıların ürək genişliyi, bir qədər də etinasızlığı üzündən müəyyən mənada nail ola biliblər. Eyni ilə də həmin “projeni”  türklərə məxsus  ad və soyadları ilə  Türkiyə yazılı və şifahi mediasında həyata keçirməkdədirlər. Heç təsadüfi deyil ki, bəzən yağı, qəvi düşmənlərin dilindən belə, özümüzə qarşı eşitmədiklərimizi Türkiyə “mediasından” eşidirik, görürük. Burada da başlıca məqsəd heç şübhəsiz, qardaşı-qardaşa qoymaq, yenə də “bulanıq suda balıq tutmaq” sevdasıdır.  Qeyd edim ki, Türkiyə mediasının bu ölkənin sahibi olan türklərin deyil, antitürk, etnik dairələrin nəzarəti altında olması faktını hələ Azərbaycan yenicə müstəqillik əldə etdiyi vaxtlarda eşitmişdim. O vaxtlar (1991-96-cı illər) BDU-nun jurnalistika fakültəsində – mənimlə eyni qrupda oxuyan 4 nəfər türkiyəli dostumuz, qardaşımız bunları deyirdi və deyim ki, içi mən qarışıq heç kim  deyilənlərə də heç cür inanmaq istəmirdi. Bunu eyni zamanda, o vaxt-1991-ci ildə Xankəndiyə Rusiya və Qazaxıstan prezidentlərinin birgə səfərində iştirak etmiş, azərbaycanlı jurnalist Nadejda İsmayılova ilə birlikdə elə həmin prezidentlərin gözü qarşısında ermənilərin hücumlarına məruz qalmış, paltarları cırıq-cırıq edilmiş, kamerası sındırılmış türkiyəli məhşur jurnalist Yılmaz Poladda da bizimlə görüşündə və o zamankı “7 gün” qəzetinə müsahibəsində açıq-aşkar şəkildə vurğulamışdı... Təvazökarlıq olmasın, mən özüm də bu yöndəki qənaətlərimi, düşüncələrimi hər fürsətdə dilə gətirmişəm, o cümlədən, bir neçə il öncə Azərbaycanda səfərdə olan məşhur türkiyəli jurnalist Cem Oğuza, eləcə də, bir müddət əvvəl Türkiyənin Alaniya şəhərində səfərdə olarkən, bəzi türk sevdalı Türkiyə jurnalistlərinə demişəm və onlar da bu faktı üzüntü ilə təsdiqləyiblər. Amma bütün bunlara rəğmən, belə bir el məsələni də xatırlatmaq istəyirəm, “... karvan keçər”. Kimlərinsə bu cür təxribatçı, çirkin əməllərlə Azərbaycan və Türkiyə türklərinin arasına salmaq istədiyi nifaq “toxumu” cücərməyəcək, cəhdləriniz hər zaman olduğu kimi, bundan sonra da uğursuzluğa məhkum olacaq və onların arzuları çin olmayaraq, niyyətləri öz başınızı yeyəcək... Necə deyərlər, hər şeyin zamana ehtiyacı var!

 





23.01.2013    çap et  çap et