525.Az

Azərbaycan döyüş potensialını gücləndirəcək


 

PREZİDENT KEÇİRDİYİ MÜŞAVİRƏDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL YOLLARINDAN DANIŞDI, ERMƏNİSTANIN SÜLH İSTƏMƏDİYİNİ BİLDİRDİ

Azərbaycan döyüş potensialını gücləndirəcək<b style="color:red"></b>

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı dünyada və regionda siyasi, iqtisadi və hərbi böhranın dərinləşdiyini, dini və irqi zəmində münaqişələrin artdığını diqqətə çatdırıb. İlham Əliyev Azərbaycanın regionda problemlərin aradan qaldırılması üçün sabitləşdirici rol oynamağa davam edəcəyini bildirib. Lakin Ermənistanın sülh istəmədiyini deyən Prezident istənilən halda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad edəcəyini vurğulayıb: "Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik və Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir". Prezident onu da bildirib ki, 2015-ci ildə təmas xəttində Azərbaycan üstünlüyə yiyələnərək öz iradəsini diktə edir: "Ölkəmiz bundan sonra da döyüş potensialını gücləndirəcək".

Prezidentin çıxışına münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Yeni il qabağı çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində var gücləri ilə çalışacaqlarını deyib. Onun sözlərinə görə, münaqişənin həlli Rusiyadan asılıdır: "Putinin bu çıxışını Rusiyanın xarici işlər nazirinin müavini Qriqor Karasin də şərh edərək bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin müharibəyə çevrilməsinə imkan verməyəcək, münaqişənin danışıqlar yolu ilə həll olunması üçün əllərindən gələnləri edəcəklər".

Politoloq söyləyib ki, Prezident İlham Əliyev keçirdiyi müşavirədə bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəmir: "Həqiqətən də bu belədir. İndiyədək münaqişənin həlli ilə bağlı dəfələrlə Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə görüşlər keçirilib. Bu, danışıqlar zamanı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ucbatından problemin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə olunmayıb".

Q.Hüseynli bildirib ki, tərəflər arasında vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupu məsələyə ikili standartlar prizmasından yanaşır: "Qurum təcavüzkarla təcavüzə məruz qalan arasında fərqləri görmək istəmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçı dövlət olduğu, Azərbaycanın ərazi bütövlüyünü pozduğu, torpaqların 20 faizini işğal etdiyi açıq-aydın öz əksini tapıb. Münaqişənin yaranma səbəbləri və nəticələri bütün dünya dövlətlərinə məlumdur. Belə olan şəraitdə hansı addımların atılmalı olduğunu dünya gücləri yaxşı bilir. Söhbət beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasından gedir. Bu səbəbdən, beynəlxalq birlik münaqişənin ədalətli əsaslarla həllinə dəstək verməlidir. Təəssüflər olsun ki, bu baş vermir. Rusiya da xeyli vədlər versə də, sonda sözünə əməl etmir".

Politoloq hesab edir ki, Bern görüşünün uğursuzluqla nəticələnməsinin səbəblərindən biri Rusiyanın Ermənistana barışçı münasibət göstərməsi ilə  bağlıdır: "Hətta görüş ərəfəsində Moskva İrəvana yeni silah-sursat, hərbi helikopterlər, hava hücumundan müdafiə sistemləri göndərib. Bütün bunları vəziyyəti ağırlaşdıran, münaqişənin həllini uzadan amillərdir".

Q.Hüseynli bildirib ki, biz münaiqşənin siyasi yolla həllinə inamımızı saxlamalıyıq: "Ermənipərəst mövqe nümayiş etdirən dövlətlər anlayırlar ki, Azərbaycan sürətlə inkişaf edən, hərbi potensialına görə regionun ən güclü ölkəsidir. Bu məsələlər gec-tez siyasi həllini tapmasa, münaqişə hərbi müstəviyə çıxacaq. Bu zaman dünya yeni bir qaynar nöqtə əldə edəcək. Ona görə də, beynəlxalq güclər məsuliyyətli olmalı, münaqişənin böyüməsinə imkan verməməlidir".

Siyasi ekspert Arzu Nağıyev bildirib ki, regionda baş verən münaqişələr Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmir. Onun sözlərinə görə, bu vəziyyətdən istifadə edən ermənilər münaqişənin həllinə soyuq yanaşır, status-kvonu qoruyub saxlamağa çalışırlar: "Ermənistan gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalarını, gah da NATO və Rusiya sərhəddində yerləşmələrini bəhanə edərək 102 saylı briqada və "Erebuni" hərbi aerodromundakı Rusiyaya məxsus hərbi kontingentin və texnikanın artmasını istəyir, bu istiqamətdə çoxsaylı təkliflərlə çıxış edir və məqsədlərinə də nail olurlar.".

Serj Sarkisyan və onun komandasının səhra komandirlərindən təşkil olunan cinayətkar dəstə olduğunu deyən ekspert qeyd edib ki, onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələniblər: "Məhz buna görə də onlar maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışırlar. Təbii ki, buna onların havadarları da imkan yaradır".

A.Nağıyev deyib ki, hazırda Ermənistanla bərabər Dağlıq Qarabağın erməni icması da Sarkisyan rejimindən narazıdır: "Bu amildən cinayətkar rejimə qarşı geniş istifadə etmək lazımdır. Yəni, təcəvüzkarı istər güc nümayiş etdirməklə, istərsə də digər yollarla danışıqlar masasına əyləşdirib torpaqların qaytarılmasına nail olmalıyıq".

Ekspert bildirib ki, regionda siyasi, iqtisadi və hərbi böhranın dərinləşdiyini, dini və irqi zəmində münaqişələrin artdığını nəzərə alan Prezident İlham Əliyev 2016 -cı ili multikulturalizm ili elan edib: "Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa davam edəcək. Dövlətimizin dünyaya tolerantlıq dəyərlərinə yaymaqla beynəlxalq sülh və təhlükəsizlik, dostluq və əməkdaşlıq çərçivəsində birgə yaşayışa nail olmaq istəyir. Multikulturalizm deyildikdə də məhz ölkədə yaşayan və ya məskunlaşan xalqların nümayəndələrinin mədəniyyət hüquqlarının tanınması nəzərdə tutulur. Məlumdur ki, qarşılıqlı anlaşma olmadıqda dostluq və əməkdaşlıq şəraitində yaşamaq da mümkün deyil. Bunun sonu çəkişmələrdən başlayaraq ən ağır fəsadlara gətirib çıxarır".

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, Azərbaycanın qarşısında duran bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsidir: "Bütün dünya Azərbaycanı müstəqil dövlət kimi tanıyır, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir".

Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran ekspert bildirib ki, bunun nəticəsində dövlətimiz dünya və region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub: "Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə problemi yoxdur. Bu probleminin səbəbkarı onlardır. Dağlıq Qarabağ və ətraf yeni rayonumuzu zəbt edərək işğal altında saxlayan Ermənistan münaqişənin həllinə isti yanaşmır, əksinə danışılarda qeyri-konstruktiv mövqe sərgiləyərək həll prosesini uzatmağa çalışır. Azərbaycan isə bugünə qədər problemin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirib, danışıqlar prosesinə sadiq qalıb. Lakin Ermənistanın cinayətkar rəhbərliyi bu müddət ərzində işğalçı mövqeyindən əl çəkməyib".

E.Həsənli qeyd edib ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər münaqişənin həlli ilə bağlı ciddi addımlar atmırlar: "İyirmi ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyası həyata keçirsələr də, müxtəlif üsullarla Ermənistanı müdafiə etməyə çalışır, təcavüzkar kimi qəbul etmək istəmirlər. Halbuki, bu qurum yananda bizim münaqişənin həlli ilə bağlı ümidlərimiz artmışdı. Gözləntilərimizin əksinə olaraq, münaqişə bugünə qədər davam edir və heç bir irəliləyiş müşahidə olunmur".

Birlik sədri vurğulayıb ki, Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı bütün mümkün addımları atır: "Dövlət iqtisadiyyatı gücləndirir, hərbi imkanlarını genişləndirir, sosial islahatlar həyata keçirir. Ermənistan isə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb".

Ekspert qeyd edib ki, ikinci Qarabağ müharibəsi başlasa, Azərbaycan Ermənistanı diz çökdürəcək: "Həm iqtisadi, həm hərbi, həm də insan resurslarına görə Azərbaycan işğalçı Ermənistandan üstün vəziyyətdədir. Bütün parametrlərdə Ermənistan Azərbaycana uduzur. İşğalçı ölkənin Azərbaycana qarşı cəbhədə yaratdığı təxribat cəhdlərinin hamısı iflasa uğrayıb. Düşmən ağır itkilər verərək geri çəkilmək məcburiyyətində olub. Onlar bundan nəticə çıxartmalıdırlar. Əks halda, Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək".

E.Həsənli əlavə edib ki, rəsmi Bakının apardığı uğurla fəaliyyət nəticəsində nəinki dünya dövlətləri, heç Ermənistanın özü də Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanıya bilməyib: "Dünyanın müxtəlif nöqtələrində oxşar münaqişələr var. Lakin bunların əksəriyyətində ikinci dövlət tərəfindən zəbt olunmuş ərazilərdə yaranan separatçı rejimlər müxtəlif dövlətlər tərəfindən rəsmi şəkildə müstəqil tərəf kimi tanınıb. Bu Azərbaycan dövlətinin praqmatik, ölçülmüş, uğurlu siyasət yürütdüyünün bariz sübutudur. Siyasi müstəvidə həyata keçirilən işlərin davamı həbri müstəvidə gələcək. Əgər münaqişə dinc yolla tənzimlənməsə, biz öz torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcəyik. Bu gün Azərbaycanda elə bir vətənpərvər gənclik yetişib ki, onlar torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcəklər".

Ceyhun ABASOV

 





12.01.2016    çap et  çap et