525.Az

“TOFİQ ABİ”


 

“TOFİQ ABİ”<b style="color:red"></b>

TRT-nin Azərbaycan Təmsilçiliyinə təyin olunduğum ilk günlər idi və Tanıtma Müşaviri Fethi Gedikli bəy ilə bir Azərbaycan ziyalısını ziyarət etməyə qərar verdik. Təklif Fethi bəydən gəlmişdi mən də məmnuniyyətlə qəbul etdim. Doğrusu, ziyarət edəcəyimiz insanla o zamana qədər heç üz-üzə gəlməmişdim. İmzasına yalnız Bakıya gəldiyim gündən bəri yaxından izlədiyim Azərbaycan mətbuatından bələd idim.

Yazılarında, ara-sıra, gileylə qarışıq olsa da, dərin bir Türkiyə sevgisi sezilirdi. Daha doğrusu, sezilmirdi, aşkarca özünü göstərirdi. Görüş vaxtını Fethi hocam nizamladı. Tam vaxtında Azərbaycan Yazıçılar Birliyində onunla görüşdük. Bu sadəcə tanışlıq idi. Bu insan kimdir deyə maraqlanmışdıq və tanımaq istəmişdik. Ancaq tanış olduqdan sonra bir ziyalı, yazar, şair və jurnalist portretinin yanında ürəkdən danışan, içi-çölü bir olan, səmimi bir insan görmüşdüm qarşımda.

Və o gündən sonra ona həmişə dərin sevgi və hörmət duydum və içimdən gələrək “hocam” deyə xitab etməyə başladım. Daha sonra, çəkiliş üçün bütün ön hazırılıqlarını tamamladığım, ancaq nümayəndəliyə prodüser olaraq yeni təyin olunan bir dosta təqdim etdiyim “Azərbaycandan Portretlər” adlı sənədli verilişdə, həyatını çəkməyi düşündüyüm insanların arasında ilk ağlıma gələnlərdən biri oldu.

Azərbaycanda işlədiyim müddətdə məndə belə dərin iz buraxan həmin insan Tevfiq Abdindən başqası deyil (Tevfiq Abdinin adı Azərbaycanda “Tofiq” olaraq yazılsa da mənə kitablarını “Tevfiq” olaraq imzaladığı üçün bu şəkildə müraciəti tərcih etdim).

Tevfiq Abdin 1941-ci ildə Azərbaycanın şimalındakı Türkiyənin düşüncə həyatı da çox dərin izlər buraxan, Türkiyədə türklük fikrinin oyanmasında başlıca rol oynayan ziyalılarından olan Əli bəy Hüseynzadənin (Turan) məmləkəti olan Səlyan şəhəridə dünyaya gəlir. Babaları Ərdəbildən Səlyana köç etmişlər. Özündən əvvəlki iki qardaşı vəfat etdiyi üçün səkkiz uşaqlı ailənin ən böyüyü sayar özünü. Orta təhsilini tamamladıqdan sonra, əslində jurnalistika sahəsində təhsil almaq niyyətindəykən, Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr yazıçılığı fakültəsinə qəbul olunur. Buradan 1968- ci ildə məzun olduqdan sonra, həmin il, “Qobustan” adlı sənət toplusunun teatr, kino və musiqi hissəsinin məsuliyyətini boynuna götürür. Azərbaycan mədəniyyət və sənət həyatında əhəmiyyətli bir yeri olan Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” jurnalından danışarkən Tevfiq Abdin əsl yazıçılıq peşəsini burada öyrəndiyini söyləyər. Həqiqətən burada qələmini olduqca inkişaf etdirmə imkanı tapar. Jurnalda şöbə müdiri vəzifəsində çalışmaqla yanaşı, Azərbaycan kinosu, teatrı və musiqisi haqqında da yazılar yazar.

Türkiyə haqqında ilk yazılarını da elə burada qələmə alar və jurnalda Türk sənətçilərini təbliğ edən yazılar nəşr etdirər. O illərdə Sovet hakimiyyəti bünyəsindəki türk dünyasına maraq duyduğunu da, bir dostuna 1970- ci ildə, Çingiz Aytmatovun “Ağ Gəmi” adlı əsərini tövsiyə etməsindən anlayırıq. Tevfiq Abdin yazı yazmağa çox gənc yaşlarında başlamışdı əslində. Bir çobandan bəhs edən ilk yazısını qələmə aldığı zaman 13 yaşı vardı. Və o gündən başlayaraq bu günə qədər davam edər yazıçılıq həyatı. Bu uzun zaman çərçivəsində Azərbaycan Sovet Ensiklopediyasında müsahhihlik, “Qobustan” jurnalında şöbə müdiri və katibliki, “Ulduz” jurnalında yazıçılıq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dövlət teatrlarında baş məsləhətçi, “Mədəniyyət” qəzeti və Azərbaycan Bədii Tərcümələr və Ədəbi Əlaqələr Mərkəzinin nəşr etdiyi “Xəzər” jurnalında nəşr idarəçisi köməkçisi vəzifələrində çalışır. Hal-hazırda fəal olaraq yazılarına davam etməkdədir. “525-ci qəzet” və “Ədalət” kimi gündəlik qəzetlər olmaqla yanaşı Azərbaycanın bir çox qəzet və jurnalında məqalələri nəşr olunmaqdadır.

İlk şeirini də 1957- ci ildə qələmə alır Tevfiq Abdin. Hər nə qədər bu şeiri əsərləri arasında görməsə də, həyatının ən maraqlı əsərlərindən biri olma xüsusiyyətinə malikdir.

Bu şeiri yuxusunda görən şair heç bir yerinə toxunmadan, yuxusunda gördüyü şəkildə qələmə alaraq dövrü mətbuatda nəşr etdirir. Özü, hər nə qədər bu yazdığını “şeir” olaraq xarakterizə etməyin mümkün olmadığını dilə gətirsə də, bu maraqlı hadisə onun şeir həyatının başlanğıcı olur və şair Tevfiq Abdini ortaya çıxardır. Abdinin ilk kitabı isə 1969- cu ildə nəş olunur. “Etüd” adlı bu kitab, araşdırma kitabıdır və mövzusu müharibəsinə qatılan azərbaycanlı sənət adamlarıdır. İlk şeir kitabı “Nəğməli gecələr” i də 1972- ci ildə nəşr ediləcək və günümüzə qədər davam edən bir çox yeni əsərləri təqib edəcək.

Tevfiq Abdinin nəsrinin, öz ifadəsi ilə desək “proza” larının mövzularını üç ana qrupda yığmaq olar. Birincisi mövzusu Türkiyə ədəbiyyatı olan, türk ədəbi həyatını, yazıçılarını, şairlərini, jurnalist və sənət adamlarını Azərbaycanda tanıtmağa istiqamətlənmiş. Yazıları, ikincisi Azərbaycan ədəbiyyatı və sənəti haqqında olab yazıları və nəhayət öz müşahidələrini və işlərini əhatə edən yazılar. Şeirlərini isə sərbəst vəzndə qələmə almışdır. Təbiət təsvirindən ictimai mövzulara, fərdi həssaslıqlardan sitəmlərə qədər müxtəlif mövzularda duyğularını dilə gətirər bu şeirlərində. Fikrət Qocanın ifadəsiylə desək, o “bir azadlıq şairidir” eyni zamanda. Tevfiq Abdinin Azərbaycanda Türkiyə haqqında ən çox yazı yazan insanlardan birinci olduğunu demək olar. Türkiyəyə ilk səfəri 1989-cu ildə təsadüf edir. Sovet hakimiyyətinin dağılmadığı bir zamanda, fərqli millətlərdən ibarət olan insanlarla etdiyi bu gəzinti, onun Türkiyə ilə əlaqədar ilk canlı təsəvvürlərinin meydana gəlməsində əhəmiyyətli rol oynayır. Ardından Azərbaycanın yenidən müstəqilliyini əldə etməsindən sonra 1993-cü ildə həyat yoldaşının İstanbul Baş konsulluğunda vəzifəyə təyin edilməsi ilə həyatında yeni bir dövr başlayır. Həyat yoldaşı və uşaqları ilə İstanbula yerləşir.

Uşaqlığından bəri davam etdirdiyi yazıçılığına burda da ara vermir. “Orta Doğu” və “Yeni Asiya” qəzetlərində bir çox yazısı nəşr olunar. Türkiyədə yaşayan azərbaycanlıların həyat hekayələrini araşdırar, siyasi, ictimai mədəni mövzularda yazılar yazar. Bu vaxt ədəbiyyat dünyasını da yaxından təqib edər. Nə var ki, 1993-2001-ci illər arasındakı bu səkkiz illik zaman kəsiyi onda fərqli bir Türkiyə təsəvvürü meydana gətirib çıxardar. “Biri var Türkiyədə yaşamaq, biri də var orda olmaq. Mən Türkiyədə keçirdiyim günləri yaşamaq adlandıra bilmirəm. Mən sadəcə, orda olmuşam. Mən Türkiyədən gözəl xatirələrlə ayrılmışam” deyə tərif edər xatirələrindəki o günləri. Əslidə bu əhval-ruhiyyə, ta XIX əsrdən etibarən türklüyün mərkəzi hesab etdikləri Türkiyəyə gəlib, bu ölkənin əslində xaricdə xəyal ediləndən fərqli həqiqətləri olduğunu görən bir çox xarici türk ziyalısının yaşadığı xəyal qırıqlıqlarının bir yenisidən başqası deyil. Və səkkiz ilin sonunda “Gözlərimi yumub, bir mahnını dinləyib ayrılıram İstanbuldan” sətirləri ilə Türkiyədən ayrılar və Bakıya qayıdar. Amma bütün yaşadıqlarına baxmayaraq içindəki İstanbul eşqi sönməz. Hələ də dünya şəhərləri içərisində ən sevdiyi şəhər İstanbuldur onun üçün.

Azərbaycana qayıtdıqdan sonra, Türkiyə ilə bağlı yazılarına davam etməsi, Türkiyədəki yazılarının bir qismini yığdığı kitabına “Ah İstanbul... İstanbul...” adını verməsi, onun sitəminin “sevgiliyə” olduğunu açıqca göstərər. Yenə o, Azərbaycan ədəbi mühitində, “abi” olaraq tanınar. Azərbaycan türkcəsində “ böyük qardaş” deyilməsi ilə yanaşı, ona həm də,danışma dilindəki söylənişiylə “abi” olaraq xitab edilməsi Türkiyəyə olan sevgisinin davam etdirməsinin bir təzahüründən başqa bir şey deyil, əlbəttə.

 Evli və iki uşaq atası olan Tevfiq Abdin Azərbaycanın ən yaradıcı qələm mütəxəssislərindən biridir. Bu günə qədər qələmə aldığı saysız məqalə araşdırma və şeirlərlə yanaşı “Etüd” (1969), “Nəğməli gecələr” (1972), “Ata Sevgisi”( şeirlər-1978), “Bəlkə bir də görüşdük” (qəzet yazıları-1984), “Günlər Bəşirsiz keçir  (1986)”, “Sahilsiz dünya (şeirlər-1986)”, “Şəhərimiz ayaq açır (şeirlər-1991)”, “Şeirlər (üç cild-2001)”, “Ah İstanbul... İstanbul... (2004)”, “Proza (2006)”, “Əsrar Dədədən Orxan Arasadək (2008)”, “Poeziya (2009)” və “Dövlət çevrilişi (2010)” adı ilə nəşr olunmuş 13 kitabı var.

Tofiq Abdin bu günə qədər qələminə sadiq qalaraq həyata əzm göstərib və bu gün də göstərməkdədir. Hər vaxt dost canlı, səmimi bir insandır. Dili nə söylərsə söyləsin, Tevfiq Abdinin yanından ayrıldıqdan sonra, insanın içində oyanan duyğu “nikbinlik”dir. Ümid və işıqlıqdır.

Həyatından bəzi sətirləri qələmə almağa çalışdığımız bu yazını ona müraciət edərək bitirmək istəyirəm. “Tevfiq hocam! Bunu bilin ki, Türkiyəyə sevginiz qarşılıqsız qalmadı. Sizi sevən bir çox dostunuz var Türkiyədə.

Unutmayın, siz bizim də Tevfiq Abimizsiniz!

 





23.01.2013    çap et  çap et