525.Az

“Minsk Qrupunun tərkibinin dəyişilməsi zəruridir”


 

“Minsk Qrupunun tərkibinin dəyişilməsi zəruridir”<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN QARŞISINDA DURUŞ GƏTİRMƏK QABİLİYYƏTİNİ İTİRİB” 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti Qarabağ saatını keçirib. 

Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində nikbinlik yaratdığını qeyd edən politoloq Qarabağ münaqişəsi ilə bağlı ilin başlanğıcında ATƏT-in indiki kimi informasiya aktivliyi nümayişinin heç vaxt müşahidə olunmadığını deyib. O, bu aktivliyin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəkləndiyini dilə gətirib: “Fikrimcə, Ukrayna Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm rol oynaya bilər. MDB dövləti kimi Ukrayna regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mənşəyinə çox yaxşı bələddir. Ukrayna prezidenti həm Ermənistan, həm də Azərbaycan prezidentləri ilə olan yaxşı münasibətlərindən münaqişəsinin tənzimlənməsi üçün istifadə edəcəyini bildirib. Ukraynada güclü erməni diasporu mövcuddur və onların Ermənistana güclü təsir mexanizmləri mövcuddur. Ukraynadakı erməni diasporuna isə rəsmi Kiyevin ciddi təsir rıçaqları var. Hesab edirəm ki, Ukrayna ATƏT-ə sədrliyini Qarabağ tənzimlənməsində 3 istiqamətə yönəltsə daha effektli olar: Danışıqlarda aktivliyi artırmaq. Ukrayna münaqişənin həllindəki aktivliyini həm də effektli etmək potensialına malikdir. Qalan həmsədr dövlətlərdən daha çox enerji sərf edə biləcəkdir. Bununla yanaşı Minsk Qrupunun nizamnaməsinin dəyişilməsinə ciddi ehtiyac olduğunu düşünürm. Konsensus qərarvermə mexanizmi Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ən böyük maneçilik törədən mexanizmdir. Ona görə də Ukrayna bu mexanizmin “konsensus minus bir” mexanizmi ilə əvəzlənməsinə nail ola bilər. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin də mandatı və nizamnaməsi dəqiq bəlli deyil. Bəlli deyil ki, Kaspşik üçün qoşunların təmas xətti dedikdə Ermənistan Azərbaycan qoşunlarının təmas xətti yoxsa, Dağlıq Qarabağ-Azərbaycan qoşunlarının təmas xətti nəzərdə tutulur. Bütün bu məsələlər müasir reallığa uyğunlaşdırılmalıdır. Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın fəaliyyətinin mühüm istiqamətlərindən biri vasitəçilik missiyasının özünün institusional dəyişikliyidir. Fikrimcə, Minsk Qrupunun tərkibinin dəyişilməsi zəruridir. Bu qurum yaranarkən Çexoslovakiya adlı dövlət olduğu halda, indi belə dövlət mövcud deyil. Bəzi dövlətlər Minsk Qrupunun işində iştiraka maraq göstərmirlər”.     M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın Qarabağ münaqişəsinin tənzimlənməsində tutduğu mövqe repressiyaya uğrayıb. O, repressiyanın bir neçə səbəbinin olduğunu deyib.

Ermənistan ordusunun Azərbaycan ordusunun qarşısında duruş gətirmək qabiliyyətini itirdiyini söyləyən politoloq məhz buna görə də Ermənistan Azərbaycanı öz orduları ilə deyil, Rusiya və KTMT-nin hərbi imkanları ilə hədələdiyini bildirib: “Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın hərbi gücünə aşkar şəkildə istinad edir. Öz ordusunun gücünə bələd olan Serj Sərkisyanın bu istinadı başa düşüləndir, lakin Rusiyanın bu günə kimi Ermənistan prezidenti və rəhbərliyinin Rusiya hərbisi adından Azərbaycanı hədələməsinə münasibət bildirməməsi diqqət çəkir”.

 M.Əhmədoğlu Ermənistan ordusunda korrupsiya, dedovşina, maliyyə fırıldaqları baş alıb getdiyini qeyd edib. O, bunun nəticəsi olaraq ötən il Ermənistan ordusunda ölənlərin sayının, 2011-ci ilə nisbətən daha da artdığını billdirib. Politoloq Gürcüstanın Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı münasibətinin tamamilə ermənipərəst mövqeyə çevrildiyini vurğulayıb. 1991-ci ilin 17 mart referendumundan sonra Rusiyanın Azərbaycana və Ermənistana paradoks münasibətinin başladığını dilə gətirən politoloq bunları söyləyib: “1991-ci il 17 mart referendumunda Azərbaycan SSRİ-nin saxlanılmasına və özünün də SSRİ-nin tərkibində qalmasına səs verdi. Ermənistan isə əksinə, həmin referendumda SSRİ-nin dağılmasına səs verdi. Az keçmiş, SSRİ dağıldıqdan sonra Rusiya İttifaqın saxlanılmasına səs vermiş Azərbaycanı cəzalandırmağa, İttifaqın dağıdılmasına səs vermiş Ermənistanı isə mükafatlandırmağa başladı. Rus qoşunlarının iştirakı ilə törədilən Xocalı soyqırımı keçid dövründə Rusiyanın Ermənistana və Azərbaycana münasibətinin ilk mesajı oldu. Sonradan Rusiya təkbaşına Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul oldu. O dövrdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərə hərbi, siyasi, diplomatik dəstəyi pik nöqtəyə qaldırdı. SSRİ dağılanda mərkəzi hökumət onun dağılmasına səs vermiş Ermənistanın xəzinəsinə 6 milyard dollar pul bağışladı. SSRİ-nin mövcudluğuna səs vermiş, mərkəzi büdcəyə xeyli vəsait vermiş Azərbaycan isə SSRİ tərkibindən “sıfır” büdcə ilə ayrıldı. Bu gün Ermənistanın dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollar, Azərbaycanın isə qızıl-valyuta ehtiyatı 45 milyard dollardır. Bu fakt və eləcə də Qarabağ münaqişəsində Rusiyanın indinin özündə də davam edən mövqeyi sübut edir ki, SSRİ-nin bərpası adında bütün layihələr Azərbaycanın ziyanınadır”.

M.Əhmədoğluna görə, Qarabağ erməniləri və azərbaycanlıları arasında dialoqun qurulması üçün əlverişli mühit yarana bilər: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində etimad tədbirlərinin yaradılmasını nəzərdə tutan üç illik layihə qəbul edib. Bu layihədə əsas hədəflərdən biri də Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun təşkilidir. Ermənistan rəhbərliyi Avropa İttifaqının bu layihəsinə etiraz etməyib. Lakin bu, o demək deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasına, azərbaycanlıların  Dağlıq Qarabağa daxil olmasına asanlıqla icazə verəcəklər. Ermənistanın digər Avropa proqramlarından asılılığı ona Avropa İttifaqının etimad tədbirlərinin möhkəmləndirilməsi layihəsinə etiraz etməyə imkan vermir. Brüsseldə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşləri təşkil etməklə nəzəri cəhətdən bütün məsələlərin həllini tapmaq olar. Bütün mürəkkəb, ağrılı məsələlər razılaşdırıldıqdan sonra Brüsseldə qurulmuş dialoq mexanizmi Dağlıq Qarabaq ərazisinə keçirilə bilər. İndiki reallıqda ilkin addımın belə başlanması çox vacibdir. Qalan bütün variantlar əks-effekt verəcəkdir; Erməni Apostol Kilsəsinin başçısı, Bütün Dünya Ermənilərinin Katolikosu II Qaregin Qafqaz Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Dağlıq Qarabağ ərazisində görüş təklifi ilə çıxış etdi. Ermənistanın və Azərbaycanın dini liderlərinin Qarabağda görüşü erməni və azərbaycanlı icmaları arasında dialoqun başlanmasının bünövrəsini qoya bilər. Qarabağın özündə vəziyyət ermənilərin arzuladıqları kimi deyil. Əhalinin narazılığı artır, Dağlıq Qarabağ erməniləri Ermənistan bayrağı da daxil olmaqla, dövlət atributlarına qarşı təhqirli münasibət göstərməkdən çəkinmirlər”.

Daha sonra İran-Ermənistan münasibətlərinə toxunan M.Əhmədoğlu belə deyib: “Ermənistanın daxilində gücünü artıran İran hələ ki ümumilikdə Ermənistanın gücünü artırır və onları Azərbaycana qarşı işğalçılıq siyasətində daha da möhkəmləndirirlər. Bununla yanaşı, İranda başa düşürlər ki, İranın da yardım etməsinə baxmayaraq, Ermənistan zəifləyir. İranın Ermənistana bu günkü yardımlarının fonunda bu alt qat siyasət aşkar şəkildə görünür. Az keçmiş hakimiyyətə yeni gəlmiş İran siyasətçiləri Ermənistandakı təsirlərini anneksiya istiqamətinə çevirə bilərlər. İranın belə siyasəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ziddiyyətli, amma yeni perspektiv yaradır”.

Politoloq hesab edir ki, Qarabağa nəzərdə tutulan uçuşlarla bağlı Azərbaycan hərbçilərinə sərbəstlik verilməli və onlar qarşısında Ermənistandan gələn təyyarələrin Xocalı aeroportuna enməsinə imkan verilməməsi tapşırığı qoyulmalıdır.

Aqil LƏTİFOV

 





23.01.2013    çap et  çap et