525.Az

Baskervillərin iti: Konan Doyl və Terens Fişer üz-üzə


 

Baskervillərin iti: <b style="color:red">Konan Doyl və Terens Fişer üz-üzə</b>

Bu dəfə oxumağa bir şey axtaranda nədənsə elə əlimi məhz bu kitaba uzatdım.

Sonra bir qədər tərəddüd etdim, detektivdən daha dəyərli əsər axtarmağa başladım. Lakin fikirləşib sonda yenə də bu kitabın üzərində qərar tutdum: "Baskervillərin iti". Tez bir zamanda Artur Konan Doylun məşhur əsərini böyük maraqla oxuyub bitirdim. Bu vaxta qədər bir neçə müxtəlif müəlliflərin detektiv əsərlərini oxusam da, bu əsər məndə xüsusi, özünəməxsus təsirini buraxdı. Yazıçının mükəmməl təsviri, hadisələrə yanaşma tərzi, süjet xəttini kifayət qədər peşəkar, hətta mən düşünmədən, cəsarətlə deyərdim ki, mükəmməl və qüsursuz şəkildə qurması, parlaq obrazlar yaratması, hər bir qaranlıq məqama və onların açıqlamasına həssaslıqla yanaşması bir oxucu kimi məndə yüksək təəssürat yaratdı. Bu - indiyə qədər oxuduğum bütün detektivlərin ən uğurlusu, bütün detektiv yazıçılarının isə ən yaxşısı idi.

Hələ əsəri oxuyarkən, hər an düşünürdüm ki, bitirən kimi dərhal vaxt itirmədən bu əsər əsasında çəkilən filmə baxmaq lazımdır. Əmin idim ki, bu roman əsasında film çəkilib, özü də bir neçə dəfə... Zənnimdə yanılmadım. "Baskervillərin iti" əsəri əsasında müxtəlif vaxtlarda Almaniyada (1914, 1915, 1920, 1929, 1936, 1955), Böyük Britaniyada (1921, 1932, 1959, 1978, 1982, 1983, 1988, 1998), ABŞ-da (1939, 1972), SSRİ-də (1971, 1979, 1981), Avstraliyada (1983) və Kanadada (2000) filmlər çəkilib. Bir çox dünya şöhrətli əsərlərin kinematoqrafçılar tərəfindən dəfələrlə ekranlaşdırılması faktı danılmazdır və belə hallara çox rast gəlmişik. Göründüyü kimi bu baxımdan Konan Doylun həmin əsəri də istisna deyil. Çox düşünmədən bu filmlərdən birini - 1959-cu ildə Böyük Britaniyada istehsal olunmuş filmi seçdim və baxmağa başladım.

Film başlayan kimi səslənən musiqi insanı müəyyən mənada hadisələrin baş verəcəyi dəhşətli məkana yaxınlaşdırır. Adını ilk dəfə eşitdiyim bəstəkar Ceyms Bernardın musiqisini, qarşıda məni maraqlı film gözlədiyinə işarə kimi qəbul etdim. Ekran əsərinin operatoru Cek Eşer qaranlıq gecə səhnələrində işıqla səliqəli işləməsi və detektiv janrının əsas cəhətlərindən birini təşkil edən iri planları (yalnız aktyorların iri planları nəzərdə tutulmur - B.A.) gözəl lentə alması ilə diqqət çəkir. Şerlok Holms rolunu ifa edən ingilis aktyoru Piter Kaşinq bu obrazı maraqlı çalarlarla təqdim edərək, ekranda tipik xəfiyyə obrazı yaratmağa nail olmuşdur.

İndi isə keçək filmin özünə... İlk baxışdan hər şey normal gedir. Film yazıçının əsərdə təsvir etdiyi məşhur Baskervillər nəslinin əfsanəsi ilə başlayır. Ardınca hadisələr kitabdakı məzmun və xronologiyaya uyğun davam edir. Sanki kitabı yenidən oxuyurdum. Amma bu dəfə vizual təsvir vasitəsilə. Əsərlə film arasındakı ilk fərqi isə Şerlok Holms və doktor Vatsonun ser Henri Baskervillə tanışlıq səhnəsində müşahidə etdim. Ser Henri ayaqqabısının bir tayının itməsindən danışan vaxt, o biri tayın içindən zəhərli hörümçək olan tarantul çıxır və bunu birinci görən Şerlok Holms ser Henriyə tərpənməməyi tapşırır. Holms tarantulu məhv edir. Əsərdə belə bir səhnə mövcud deyil. Və mən bir tamaşaçı olaraq, düşündüm ki, burada rejissor əsərə xələl gətirmədən maraqlı əlavələrini etməyə çalışıb. Lakin sən demə, məni qarşıda filmin rejissoru Terens Fişer və ssenari müəllifi Piter Brayanın Konan Doylun təqdim etdiyi materiala amansız "hücumu" gözləyirdi. Bunu cənab Stepltonun xanım Stepltonu öz bacısı kimi yox, qızı kimi təqdim etdiyi səhnədə hiss etməyə başladım. Etiraf edim ki, müəlliflərin bu mənasız müdaxiləsi süjet xəttində heç bir şeyi nə yaxşılığa, nə də əks istiqamətə dəyişdirə bilmir. Yəni elə əsərdə olduğu kimi "bacısı" kimi təqdim etsəydi də, heç nə dəyişməyəcəkdi.

"Hücum" davam edir. Əsərdə xanım Steplton səhvən doktor Vatsona onun Baskervill-Hollu tezliklə tərk etməsi barədə xəbərdarlıq edir. O, Vatsonla həmin əraziyə gələn ser Henrini qarışıq salıb. Filmdə isə qadın qəhrəman sözünü birbaşa ser Henriyə deyir. Lakin bu dəyişikliyi də uğursuz hesab etmək mümkündür. Çünki əsərdə xanım Steplton qatil ərinə cinayət əməllərinə hazırlaşdığı zaman kömək etməkdən imtina edir. Buna görə də ser Henriyə yardım göstərmək üçün ona xəbərdarlıq edir. Lakin filmdə xanım Steplton ərinin sağ əli kimi təqdim edilmiş və hətta filmin son səhnələrində müəlliflər bataqlıqda cənab Stepltonu yox, məhz onu "batırırlar". Düşünmək olar ki, rejissorun bataqlıqda ölməyə layiq bildiyi qəhrəman onun bu obrazı nə qədər çirkin, bəd niyyətli və murdar təqdim etmək istəməsi ilə bağlıdır. O zaman gəldiyimiz qənaətdən bir sual meydana çıxır. Bəs əgər rejissor həmin obraza bu qədər nifrət aşılayırsa, nəyə görə filmin əvvəlində "öz xanım Stepltonunu" deyil, "Konan Doylun xanım Stepltonunu" bizə göstərir? Çox güman ki, müəlliflər bu obrazı sonradan mənfi qəhrəmana çevirmiş və hətta yuxarıda qeyd edilən nüansları belə nəzər almamışlar. Yeri gəlmişkən, ser Henri ilə xanım Stepltonun məhəbbət səhnələri onları əhatəyə alan hadisələrin dəyişdirilməsinə baxmayaraq, öz təsir qüvvəsini saxlaya bilir. Belə ki, əsərdə bu səhnələr ser Henrinin saf məhəbbəti kimi, filmdə isə xanım Stepltonun riyakar sevgisi sayəsində əri ilə birlikdə ser Henrini öz ölümünə yaxınlaşdırması kimi qəbul oluna bilər.

Başqa bir epizoda nəzər salaq: qaçmış dustağın aşkara çıxarılması səhnəsi. Əsərdə ser Henri və doktor Vatson dustağı Berrimor ona işarə verərkən aşkara çıxarırlar. Filmdə isə onlar əllərində şam tutmuş halda səs eşitdikləri otağa daxil olanda bataqlıqdan da şamla işarə verildiyini görürlər. Bu işarə əsərdə də var, lakin bu, Berrimor ona yemək gətirərkən və ser Henri ilə doktor Vatson onu həmin məqamda yaxalayarkən baş verir. Müəlliflər tərəfindən bu səhnədə Berrimor obrazının ixtisara salınması və onun təsadüfi hərəkətlərinin çıxarılması ilə belə bir nəticə əmələ gəlir ki, qəhrəmanlar bu işarəni çox tələm-tələsik aşkarlayırlar. Sanki onlar nə olacağından əvvəlcədən xəbərdarmışlar. Başqa bir səhnədə də yazıçının təqdim etdiyi maraqlı kinematoqrafik təsvir forması təhrif edilmişdir. Vatson Holmsun Devonşirdə olmasını bildiyi səhnə əsərdə daha parlaq boyalarla verilir. Filmdə isə Holms "Siz nəyə görə ser Henrini tək buraxmısınız?" kimi olduqca teatral görüntü ilə Vatsonun qarşısına çıxır. Əsərin bu məqamında Konan Doylun mükəmməl yaratdığı səhnəni oxuyarkən, oxucu sanki əhvalatı öz gözləri önündə canlandırır. Filmdə isə görüntü göz qarşısında olsa da, tamaşaçı bu səhnədən aldığı mənfi təəssüratdan ekranı qapadıb yenidən kitabı açmağı arzu edir. Bəlkə də elə budur, kitabın ekrana qalib gəlməsi!..

Filmin sonrakı səhnələrində əvvəldə verilmiş "zəhərli hörümçək" xəttinin inkişafını görmək mümkündür. Belə ki, dəyişdirilmiş süjetə görə Frenklend tarantul kolleksiyası toplayır. Və bu, Holms üçün yeni bir açar - ayaqqabı içindən çıxan sirrə, müəmmaya gedən bir cığır olur. Müəlliflər filmə ədəbi materialda olmayan daha bir səhnə əlavə ediblər: şaxta səhnəsi. Holms doktor Mortimer və cənab Stepltonla birlikdə şaxtaya araşdırmaya gedir. Orada qatil ona sui-qəsd etməyə çalışır. Zəhərli hörümçəklə bağlı olan səhnələri də nəzərə alsaq, bu epizod da ssenarist və rejissorun əsərə uğurlu müdaxiləsi hesab oluna bilər. Çünki bu səhnələr süjet xətti ilə sıx vəhdətdə qurulmuş və onun düzgün inkişafına xidmət etmişdir.

Romanda Stepltonun Baskervill-Holldakı portret vasitəsilə Baskervillər nəslinin varisi olma faktının açılması - portretdə təsvir olunan əcdadlardan birinin simasının cənab Stepltonun siması ilə oxşarlıq təşkil etməsilə verilir. Filmdə isə diqqət simaya yox, oğurlanmış portretə yönəldilir. Və xəfiyyə Şerlok Holms portretin nə üçün oğurlandığını təyin edir: şəkiləki şəxsin əlləri qatili üzə çıxara bilərdi. Filmdə Stepltonun əllərində barmaqlararası pərdənin olmasına dəfələrlə işarə edilir. Belə hesab etmək olar ki, bu da müəlliflərin süjet xəttində dəyişikliklər apardıqları zaman həyata keçirdikləri maraqlı dramaturji tapıntılardan biridir.

Əsərin mühüm qəhrəmanlarından biri olan Baskervillər itinin vizual həllinə də münasibət bildirmək mütləqdir. Filmin ilk səhnələrində Baskervillər nəslinin əfsanəsi təsvir edilərkən hücum zamanı itin üzünün göstərilməməsi və həmin funksiyanın kameranın hərəkəti ilə tamaşaçılara çatdırılması rejissorun təqdirəlayiq yanaşma tərzlərindən biridir. İtin görünüşü tamaşaçılara son səhnələrdə təqdim edilir. Burada da dəyişikliklər aparılmışdır. İtin qorxuncluğunu sübuta yetirən detal maskaya dəyişdirilmişdir. Əsərdə isə bu məqsədlə qatil fosfor kimyəvi maddəsindən istifadə edir. Çox güman ki, rejissor quraşdırılmış xüsusi çəkilişlərə müraciət etməməkdən və hər şeyi ekranda daha real görünən vasitələrlə nümayiş etdirmək istəyindən irəli gələrək, belə bir dəyişikliyə yol vermişdir. Əsərin ümumi ideyasına və ana xəttinə xələl gətirmədiyi üçün bu əvəzləməni normal hesab etmək olar.

Ümumiyyətlə baxdıqda isə, filmdə mövcud obrazlar azaldılmış, ədəbi material yalnız bünövrə kimi istifadə edilmişdir. Bunun nəticəsində faytondakı müəmmalı saqqallı adam, xanım Laura Layons və digər vacib personajlar filmdə göstərilmir. Laura Layons obrazının süjetdən çıxarılması ilə qatilin ilk qurbanının nə üçün cinayət baş verən gecə küçədə gözləməsi sual altında qalır. Şübhəsiz ki, Artur Konan Doylun son dərəcə kino dilinə yaxın olan yazı üslubunu dərindən hiss edən istənilən oxucu, filmə baxarkən də eyni şeyləri görməyi arzu edir. Çünki bu dərəcədə mükəmməl işlənmiş ədəbi material, müəyyən qədər daha az istedadlı yazıçının əsəri deyil ki, hansısa Terens Fişer adlı daha çox qorxu filmləri çəkən rejissor ondan öz bildiyi kimi istifadə etsin. Məsələn, əsərdə itin ulamasının və heyvanların bataqlıqda batmasının təsviri olduqca kinematoqrafik idi və hadisələrə ümumi ruh, ab-hava bəxş edirdi. Filmdə ulama səsi çox sadə və primitiv formada təqdim edilir, rejissorun heç bir xüsusi ideyasına xidmət etmir, yalnız əsəri imitasiya edir. Qəhrəmanların baş verənlərə reaksiyası və ya qorxusu ekranda, demək olar ki, əks olunmur. Doğrudur, şəxsən mən ədəbi əsası olan filmlərdəki hadisələrin rejissor tərəfindən istənilən şəkildə, öz baxış bucağına uyğun formada dəyişdirilməsinin tərəfdarıyam. Lakin özümə də sirr olan hansısa məqamlar mənə belə bir istisna fikrə yol verməyə mane olmadı. Düşünürəm ki, bu məqamların ən birincisi, Artur Konan Doyl kimi son dərəcə istedadlı bir yazıçının bu gün də böyük mənada mövcudluğu və dramaturgiyada istənilən ssenaristdən daha yüksəkdə qərar tutması faktoru ilə bağlıdır.

 "Baskervillərin iti" haqqında danışdığım zaman əhatəmdə olan bir çox insanlar SSRİ istehsalı olan eyniadlı ekranlaşdırmaya da baxmağımı məsləhət gördülər. Baxmağı qət etməyimin səbəbi isə, orada əsərin olduğu kimi çəkildiyini eşitməyim oldu. Beləliklə, mən 1981-ci ildə "Şerlok Holms və doktor Vatsonun macəraları" adlı silsilə filmlərin "Baskervillərin iti" seriyasına tamaşa etməyə başladım. İkiseriyalı film deyildiyi kimi çox gözəl çəkilmişdi. Yuxarıda qeyd etdiyim kimi Konan Doylun həmyerlilərinin belə öhdəsindən gələ bilmədiyi bir çox səhnələrə uzaq və qapalı Sovet ölkəsi, necə deyərlər, bütün varlığı ilə "canını qoyub". Maraqlıdır ki, Rusiya kino ənənələri bu əsəri çox peşəkarlıqla biz tamaşaçılara təqdim edə bilir. Əsərlə film arasında, demək olar ki, heç bir dəyişikliyin aparılmaması, olduqca istedadla lentə alınması, rejissor-aktyor münasibətlərinin maraqlı səpkidə qurulması, rejissorun hər bir obraza çox həssaslıqla yanaşması, xüsusilə də ser Henri Baskervil obrazının nisbətən fərqli, xarakterik şəkildə işlənməsi, əsərdəki detektiv elementlərini dəqiqliklə nümayiş etdirməsi, bəstəkar Vladimir Daşkeviçin filmin unikal atmosferini yaradan musiqisi bu əsərin 1959-cu il ekran variantını geridə qoyan məsələlərdən idi. Sovet kinosunun ulduzları Livanovu, Solomini, Mixalkovu, Yankovskini, Demidovanı bu filmdə görmək olduqca xoş idi. Yeri gəlmişkən, rejissorun Steplton (Oleq Yankovski) və Berrimor (Aleksandr Adabaşyan) obrazlarının zahiri görkəmləri məsələsinin üstündən necəgəldi keçməməsi təqdirəlayiq idi - bu və bir çox başqa cəhətlər rejissor İqor Maslennikovun ədəbi materiala və onun ekran həlli məsələsinə vicdanlı yanaşmasından xəbər verirdi. Onu da deyim ki, filmdə iri planda göstərilən bütün məktubların ingilis dilində yazılması rejissorun əsərin müəllifinə böyük hörməti və tamaşaçıları ingilis həyatına hətta belə kiçik məqamlarda belə yaxınlaşdırmağa çalışması demək idi. Və yaxud rejissorun təqdim etdiyi xüsusi diqqətçəkən maraqlı məqam: poçt işçisinin doktor Vatsona dediyi "Çox qaranlıq məsələdir" sözləri eşidiləndə ekranda iri planda sakitcə oturmuş bir pişik göstərilməsi sadəcə mükəmməl düşünülmüş kadr idi...

Lakin eyni sualı yenidən özüm-özümə ünvanlayıram: mən bu filmdən tamamilə Konan Doyldan aldığım təəssüratı ala bildimmi? Ümumilikdə götürdükdə, bəli, film alınmışdı. Lakin dolğun şəkildə aparılmış müqayisə daha incə məsələlərə gedib çıxır. Hər şeyin əsərdə olduğu kimi çəkildiyi bu filmdə ümumi ab-hava kitabdan aldığımız təəssürat ilə tamamilə fərqlilik təşkil edir. Əvvəlcə ilk öncə insan bu təzadlı fərqliliyin kökündə nəyin dayandığını aşkara çıxara bilmir. Onu da qeyd edim ki, bu, adət etdiyimiz fərqlərdən deyildi. Fərqlə fərqsizliyin arasında ilişib qaldım. Lakin sonra belə qənaətə gəldim ki, bəlkə də bu, Sovet mühafizəkarlığından irəli gəlir... Konan Doylun hər bir səhnəsi yerindədir, lakin həmin effekti almaq olmur. Effekt var və qarşımızda çox peşəkar çəkilmiş bir detektiv görürük, lakin eyni effekt deyil, 180 dərəcə aralarında fərq var. Çünki filmin quruluşçu rəssam işi nəticəsində ekranda macəra dolu əhvalatlardan çox, ədəbi əsərlərin ekrana gətirilməsi baxımından klassik Sovet kino ənənələrinə söykənən bir təsvir yaradılıb. Tutqun-qaranlıq otaqlara həddindən artıq rəng vurğusu edilir. Məncə bu, filmi Şekspirsayağı, əgər bir qədər də dəqiqləşdirsək Tolstoysayağı ədəbiyyata yaxınlaşdırır. Yaradıcı heyət (ən əsası quruluşçu operatorlar Dmitri Dolininlə Vladimir İlyin və quruluşçu rəssam Bella Maneviç) pavilyon çəkilişlərinin ekran həllini Tolstoysayağı ciddi yox, Konan Doylsayağı sirrli-müəmmalı etməyə çalışmalı idi. Yeri gəlmişkən, bu filmdən daha az bəyəndiyim Britaniya ekranlaşdırmasında həmin problem hiss olunmurdu. Lakin istənilən halda etiraf etməliyəm ki, bu - yalnız və yalnız ilk seriyadan aldığım təəssüratlar idi. Rejissorun tamaşaçını peşəkarlıqla arxasınca apara bilməsi və tədricən filmin təsirinə salması onun ekranın dramaturgiyasına yaxından bələd olmasından irəli gəlirdi.

Ancaq itin sonuncu hücumu və öldürülməsi səhnəsinə yenə də səthi yanaşıldığı qənaətindəyəm. Əminəm ki, bu filmi Sovet kinosunun böyük nümayəndələrindən biri olan Kozinsev çəksəydi, həmin səhnəyə xüsusi diqqət ayırardı... Bütün deyilənlərə rəğmən, bu cüzi qeydlər idi, bir daha qeyd edim ki, bütövlükdə götürdükdə filmi çox bəyəndim. Sonuncu səhnədə Şerlok Holmsla doktor Vatsonun arxadan oturmuş vəziyyətdə göstərilməsi və hər ikisinin qəlyanından tüstü qalxması əla rakursdan çəkilmiş səhnələrdən biri idi.

Bir sözlə, oxuduğum roman və baxdığım hər iki film mənə izah etdi ki, "Artur Konan Doyl" mövzusuna toxunmaq öz-özlüyündə olduqca incə məsələdir! Onun yazdıqları ilə hər adam "oynaya" bilməz! Nə qədər düzgün istiqamətdə getsə belə, yenə də həmin adamın bir çatışmayan cəhəti var: o, Konan Doyl deyil!.. Hadisələri onun yazdığı kimi eyni cür çəkmək olar, lakin tamaşaçıya (oxucuya) eyni hissləri aşılaya bilməzsən. Bunun üçün sənin Konan Doyl kimi süjetin incə məqamları ilə "rəftar etmək" qabiliyyətin olmalıdır...

 





13.01.2016    çap et  çap et