525.Az

Tvitter diplomatının çıxışı və ya "Arsaxın müstəqilliyi"nin ildönümünə sözardı


 

Tvitter diplomatının çıxışı <b style="color:red">və ya "Arsaxın müstəqilliyi"nin ildönümünə sözardı</b>

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətinin son dərəcədə səmərəsizliyi, müsbət nəticələr verməməsi barədə bir neçə dəfə rəsmi Bakı birmənalı mövqeyini bildirib.

Bununla belə, bu beynəlxalq struktur problemin nizama salınmasında heç bir irəliləyiş olmadan formal olaraq bu istiqamətdə "işləməkdə" davam edir. Beynəlxalq vasitəçilər nəzəri olaraq onlara ayrılmış missiyanı yerinə yetirməklə "məşğuldur". Həmin missiya guya danışıqlar prosesinin sülhlə nəticələnməsinə dəstək göstərməkdən ibarətdir. Belə görüntünü onlar artıq iki ildən çox müddətdir ki, müvəffəqiyyətlə yaratmaqdadırlar. Əslində, hər şey əlbəttə ki, başqa cürdür və heç şübhəsiz, həmin strukturun, xüsusən də vasitəçilərin ən vacib məqsədi erməni tərəfinin xeyrinə status-kvonu saxlamaqdır. Bu təşkilatın "hiperaktiv" vasitəçisi olan amerikalı həmsədr Ceyms Uorlikin bu yaxınlardakı çıxışı bizi növbəti dəfə əmin etdi ki, erməni separatçılarının maraqları Minsk qrupunun özündə dəstəklənir.

Məlum olduğu kimi, bu yaxınlarda Vaşinqtonda Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən təşkil edilmiş "Arsaxın müstəqilliyi"nin növbəti ildönümü qeyd edildi. Tədbirdə "məşhur kombinator" Ceyms Uorlik özü də çıxış etdi. Çox güman ki, o, tədbirə erməni separatçılarını dəstəkləmək və Karen Mirzoyanın və onun ən yaxın amerikalı tərəfdarlarının - Ed Roysun və başqalarının əlini şəxsən sıxmaq üçün gəlmişdir. Birincisi, belə tədbirdə beynəlxalq vasitəçinin iştirakı özlüyündə artıq bir çox sual və iradlara səbəb olur. Yeri gəlmişkən, Uorlik həmin suallara tutarlı cavab verə bilmədi. Uorlikin erməni separatçılarla birlikdə "həyat bayramı"nda iştirak etmək arzusu və iştirakı sətirarası oxunur. Bunu şərh etməyə ehtiyac yoxdur. Hər şey onsuz da aydındır. Söhbət başqa şeydən gedir. Uorlikin ermənilərə şəxsi simpatiyasının olması onun öz işidir. Amma beynəlxalq vasitəçi mandatı olan bir məmurun erməni separatizminə belə münasibətini açıq-aşkar nümayiş etdirməsi onun bu təşkilatda əsas missiyasına tamamilə ziddir və ATƏT-in Minsk qrupuna etibarı azaltmaqla onun imicinə ciddi zərbə vurur.

Amerikalı həmsədr tərəfindən atılmış belə tələsik addım onun vəzifə borcuna görə münaqişə tərəflərindən hər birinə münasibətdə əməl etməli olduğu qərəzsizliyinin üstündən xətt çəkir. Burada biz beynəlxalq vasitəçinin təcavüzkar tərəfə açıq marağını və təəsübkeşliyini görürük ki, bu da həmin o təcavüzün qurbanı olan Azərbaycan tərəfindən əsaslandırılmış və sərt reaksiyaya səbəb oldu. Hər şey çox sadədir. Qarabağ münaqişəsinin nizama salınması məsələsinə aid olan bütün proseslərə amerikalı həmsədrin reaksiyası həmişə onun həmkarlarının mövqelərindən fərqlənib. Belə ki, məsələn, cənab Uorlik sosial şəbəkələr vasitəsilə AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə Komitəsinin Böyük Britaniyadan olan üzvü Robert Uolter tərəfindən hazırlanmış "Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş başqa ərazilərində zorakılığın eskalasiyası" adlı yeni məruzəsi ilə bağlı öz narazılığını dərhal ifadə etdi.

Diplomat özünün Tvitter səhifəsində yazır: "AŞPA və başqa təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə qətnamələri qəbul etməzdən əvvəl ATƏT-in Minsk Qrupu ilə məsləhətləşməlidir". Onun təlaşlı reaksiyasından görünür ki, Ermənistanı təcavüzkar ölkə kimi göstərən və müvafiq olaraq Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən sənədin kəskin tonu amerikalı həmsədrin ürəyincə olmadı. Əlbəttə, Uorlik anlayır ki, nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilmiş bu cür ciddi sənədlər Ermənistan diplomatiyasının yararsızlığını sübut edir, eyni zamanda, Azərbaycan üçün böyük siyasi bonus olduğunu nümayiş etdirir. Amerikalı diplomatın niyyətləri göz önündədir: o, problemin ədalətli həlli yollarını tapmağa çalışmır. Yenə də Qərbdə, elə Birləşmiş Ştatların özündə xarici qüvvələr tərəfindən erməni separatizminin tərəfdarlarını dəstəkləyən və Azərbaycan barəsində vaxtaşırı tətbiq edilən həmin o bədnam standartlar ortaya çıxır.

Gözlənildiyi kimi, Bakıda baş vermiş fakta çox sərt reaksiya verildi və ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin qondarma "Arsaxın müstəqilliyinin İldönümü" aksiyasında iştirakı ilə əlaqədar ABŞ-a etiraz notası verildi.

Sözsüz, Bakının işğalçı qüvvələrin nümayəndələrinə Konqres üzvləri və senatorlarla görüşməyə və ABŞ ərazisində separatçıların məclislər qurmasına imkan yaradan rəsmi Vaşinqtona narazılığını bildirməsi üçün bütün əsasları var. Təbii ki, istənilən suveren ölkənin milli maraqlarına toxunan bu cür şübhəli "tədbirlər"ə bəraət qazandırmaq olmaz. Azərbaycan da öz növbəsində bundan sonra da həm diplomatik səviyyədə, həm də lazım gələrsə, hərbi müdaxilə yolu ilə öz ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı milli maraqlarını müdafiə edəcək. Bu barədə Azərbaycan rəhbərliyi səviyyəsində dəfələrlə bildirilmişdir və bu sadə həqiqəti həm düşmənlərimiz, həm də onların havadarları dərk etməlidirlər. ATƏT-in Minsk qrupunun fəaliyyətinə gəlincə, qeyd etmək lazımdır ki, nəticə etibarilə Azərbaycanın bu strukturun xidmətlərindən imtina etmək və Qarabağ münaqişəsinin nizama salınması üzrə məsələni BMT-nin müzakirəsinə çıxarmaq hüququ var. Beynəlxalq münasibətlər sistemində belə kəskin dönüşlər istisna olunmur.

Newtimes.az

 





13.01.2016    çap et  çap et