525.Az

Ruslan Atakişiyev: “Sənaye sahələrinin rəqabətə davamlılığını artırmaq lazımdır”


 

Ruslan Atakişiyev: “Sənaye sahələrinin rəqabətə davamlılığını artırmaq lazımdır” <b style="color:red"></b>

“Sənayenin inkişafı dayanıqlı iqtisadi sistemin formaşalaşmasında böyük əhəmiyyət kəsb edir. Ona görə də, bu sahənin inkişafı üçün bir sıra addımların atılmasına ehtiyac var”.
 
Bu sözləri İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, bunlardan birincisi diversifikasiyadır: “Ümumiyyətlə, Azərbaycanda iqtisadi zonalar üzrə sənaye sahələrinin rəqabətə davamlılığını artırmaq lazımdır. İqtisadiyyat və Sənaye Nazirliyinin investisiyaları cəlbetmə mərkəzlərində Azərbaycanın iqtisadi xəritəsi ilə tanış olsaq da, burada konkret olaraq bəzi layihələrin əsasında geniş araşdırmaların dayanmadığı üzə çıxır”.

R.Atakişiyev hesab edir ki, Azərbaycanda ixtisaslaşma məsələlərinə diqqət yetirilməlidir: “O sahələrə daha çox üstünlük verilməlidir ki, qarşılıqlı müqayisədə daha ucuz xammal cəlb etmək mümkün olsun. Həmin sahədə ixtisaslı kadr potensiyalı mövcud olsun. Eyni zamanda, istehsal olunan məhsulun xarici bazarlara çıxarılma imkanlarına da diqqət yetirmək lazımdır”.

İxrac yönümlü sənayenin inkişaf perpekstivlərindən danışan ekspert qeyd edib ki, hazırda Azərbaycanın daxili bazarı konkret hansısa sənaye sahəsini əhata edəcək səviyyədə deyil: “Ona görə də həyata keçirilən iqtisadi layihə daha böyük bazarları hədəf götürməlidir”.

Mərkəz sədri deyib ki, hazırda Azərbaycan məhsulları MDB ölkələri arasında daha çox tanınır: “Bu sahədə böyük nailiyyətlər əldə etmək üçün hədəf kimi Avropa bazarlarının götürülməsi daha məqsədəuyğundur. Burada, hədəf bazarların spesifik xüsusiyyətlərinin öyrənilməsi, beynəlxalq standartların tətbiq olunması önə çəlkilməlidir. Söhbət iki mərhələli inkişafdan gedir: Daxili bazarda özünü doğrultmaq və xarici bazara çıxmaq. Ona görə də, ölkədə ilk növbədə azad rəqabət şəraitinin möhkəmləndirilməsinə ehtiyac var. Belə olan halda, Azərbaycanda kiçik sahibkarlıq subyektləri orta və iri sahibkarlıq subyektlərinə çevrilə bilərlər. Çünki rəqabət şəraitində böyüyən şirkət xarici bazarda da güclü mövqe formalaşdıra bilir. Təbii ki, burada investisiyaların cəlb olunması məsələsi öndə durur. Əgər biz iri sənaye müəssisələrinin yaradılmasından danışırıqsa, burada daxili və xarici investisiyaların cəlb olunması zəruridir. Bu mənada, sənaye sektorunda böyük inkişafa nail olmaq üçün gömrük, vergi alətləri vasitəsilə müxtəlif stimullaşdırıcı tədbirlər görmək lazımdır”.

Ceyhun ABASOV

 





14.01.2016    çap et  çap et