525.Az

Regionlarda sənayenin inkişafına diqqət artırılır


 

BU SAHƏNİN İNKİŞAFI DAYANIQLI İQTİSADİ SİSTEMİN FORMALAŞMASINDA BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDİR

Regionlarda sənayenin inkişafına diqqət artırılır<b style="color:red"></b>

Qlobal iqtisadi böhran fonunda, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dövlətin qeyri-neft sektorunun inkişafına diqqətini daha da artırıb.

Azərbaycan kimi büdcəsi əsas etibarilə neftdən gələn gəlirlər hesabına formalaşan dövlətlərin böhranla mübarizədə yeganə çıxış yolu bir sıra stimullaşdırıcı addımlar atmaqla bu sahənin inkişafını təmin etməkdir. Əlbəttə, burada söhbət həm yerli sahibkarlığın inkişafına dəstəyin, həm də qeyri-neft sektorunun müxtəlif sahələrinə xarici investisiya qoyuluşlarının həcminin artırılmasından gedir.

Azərbaycanda qeyri-neft sektoru sahələrindən biri kimi sənayenin inkişafı üçün əlverişli mühit var. Biz xarici investisiya qoyuluşlarını məhz bu istiqamətə yönəldərək sözügedən sahənin inkişafına nail ola bilərik. Eyni zamanda, Azərbaycanda yerli sahibkarlığın inkişaf etdirilməsi, onların biznes mühitinin genişləndirilməsi istiqamətində dövlət proqramları çərçivəsində bir sıra addımlar atılır, paytaxt və regionlarda biznes inkubator, texnopark, sənaye zonaları yaradılır.

Xəbər verdiyimiz kimi, yanvarın 10-u Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə rəhbəri bu məsələlərə toxunaraq sənaye istehsalı istiqamətində çox ciddi işlərin aparılmasının vacibliyini bildirib. Prezident qeyd edib ki, texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılmalıdır: "Yerli icra orqanları daha da səmərəli işləməli, təşəbbüs göstərməlidirlər. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Rayonlar dotasiya ilə yaşamamalı, özləri iqtisadi cəhətdən daha səmərəli işləyərək xərclərini bağlamalıdırlar".

Dövlət başçısı Neftçala rayonunda sənaye zonasının yaradılmasını diqqətə çatdıraraq vurğulayıb ki, başqa rayonlarda da bu layihələr icra edilməlidir.

Məsələ ilə bağlı ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı ekspert Mircavid Həsənov qeyd edib ki, 1929-1933-cü illərdə ABŞ-da baş verən iqtisadi böhran - böyük depressiya sonradan bu dövlətin inkışafına səbəb olub. Onun sözlərinə görə, böhran çoxlarına fəlakət kimi görünsə də əslində iqtisadiyyatın sanitarı rolunda çıxış edir. Çünki böhran zamanı ölkə iqtisadiyyatının daha zəif tərəfləri ortaya çıxır. Bərpa edilə bilməyən iqtisadi subyektlər məhv olur, daha güclülər ayağa qalxır, yeni anti-böhran kampaniyaları həyata keçirilir. Məhs ABŞ-da baş vermiş böyük depressiyadan sonra ABŞ hökuməti kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün yeni sənaye parklarının və biznes inkubatorların yaradılmasına start verib".

Ölkə başçısı İlham Əliyevin regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yönündə yeni tapşırıqlar verdiyini bildirən M.Həsənov söyləyib ki, qeyri-neft sektorun inkişafı hazırda dövlətin prioritet istiqamətlərindən birinə çevrilib.

İqtisadçı ekspert hesab edir ki, regionlarda ilk olaraq biznes inkubatorların yaradılması istiqamətində iş aparılmalıdır: "Bu tip biznes inkubatorlar regionda yalnız kənd təsərrüfatı sahəsində deyil, digər sahələrdə də bizneslərin qurulmasına təkan verəcək. Hazırda Azərbaycanda bir neçə biznes inkubatorlar var ki, bunların təcrübəsindən və insan resurslarından istifadə edərək regional biznes inkubatorlar yaratmaq mümkündür. Regionlarda bələdiyyələrin nəzdində biznes inkubator, texnoparklar fəaliyyət göstərməlidir. Çünki biznes inkubatorlardan çıxan kiçik şirkətlər texnoparklara köçərək daha münbit şəraitdə öz inkişaflarını davam etdirə bilərlər. Bir sözlə, regionlarda biznes inkubatorlarla texnoparklar paralel fəaliyyət göstərməlidir".

M.Həsənov əlavə edib ki, bu gün Bakıda regionlardan gəlmiş kifayət qədər ixtisaslı İT mütəxəssisləri var: "Əgər bölgələrdə texnoparklar mövcud olarsa, həmin mütəxəssislər öz regionlarında fəaliyyət göstərərək, bizneslərini yaradar və bununla da əhali üçün yeni iş yerləri açılar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev sənayenin inkişafı dayanıqlı iqtisadi sistemin formalaşmasında böyük əhəmiyyət kəsb edir: "Bu sahənin inkişafı üçün bir sıra addımların atılmasına ehtiyac var. Bunlardan birincisi diversifikasiyadır. Ümumiyyətlə, Azərbaycanda iqtisadi zonalar üzrə sənaye sahələrinin rəqabətə davamlılığını artırmaq lazımdır. İqtisadiyyat və Sənaye Nazirliyinin investisiyaları cəlbetmə mərkəzlərində Azərbaycanın iqtisadi xəritəsi ilə tanış olsaq da, burada konkret olaraq bəzi layihələrin əsasında geniş araşdırmaların dayanmadığı üzə çıxır".

R.Atakişiyev hesab edir ki, Azərbaycanda ixtisaslaşma məsələlərinə diqqət yetirilməlidir: "O sahələrə daha çox üstünlük verilməlidir ki, qarşılıqlı müqayisədə daha ucuz xammal cəlb etmək mümkün olsun. Həmin sahədə ixtisaslı kadr potensialı mövcud olsun. Eyni zamanda, istehsal olunan məhsulun xarici bazarlara çıxarılma imkanlarına da diqqət yetirmək lazımdır".

İxrac yönümlü sənayenin inkişaf perspektivlərindən danışan ekspert qeyd edib ki, hazırda Azərbaycanın daxili bazarı konkret hansısa sənaye sahəsini əhata edəcək səviyyədə deyil: "Ona görə də həyata keçirilən iqtisadi layihə daha böyük bazarları hədəf götürməlidir".

Mərkəz sədri deyib ki, hazırda Azərbaycan məhsulları MDB ölkələri arasında daha çox tanınır: "Bu sahədə böyük nailiyyətlər əldə etmək üçün hədəf kimi Avropa bazarlarının götürülməsi daha məqsədəuyğundur. Burada, hədəf bazarların spesifik xüsusiyyətlərinin öyrənilməsi, beynəlxalq standartların tətbiq olunması önə çəkilməlidir. Söhbət iki mərhələli inkişafdan gedir: Daxili bazarda özünü doğrultmaq və xarici bazara çıxmaq. Ona görə də, ölkədə ilk növbədə azad rəqabət şəraitinin möhkəmləndirilməsinə ehtiyac var. Belə olan halda, Azərbaycanda kiçik sahibkarlıq subyektləri orta və iri sahibkarlıq subyektlərinə çevrilə bilərlər. Çünki rəqabət şəraitində böyüyən şirkət xarici bazarda da güclü mövqe formalaşdıra bilir. Təbii ki, burada investisiyaların cəlb olunması məsələsi öndə durur. Əgər biz iri sənaye müəssisələrinin yaradılmasından danışırıqsa, burada daxili və xarici investisiyaların cəlb olunması zəruridir. Bu mənada, sənaye sektorunda böyük inkişafa nail olmaq üçün gömrük, vergi alətləri vasitəsilə müxtəlif stimullaşdırıcı tədbirlər görmək lazımdır".

İqtisadçı ekspert Nicat Hacızadə isə bildirib ki, qlobal iqtisadi böhran dünya ölkələri arasında əsas olaraq neft ixrac edən dövlətlərə təsir edib: "Neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan kimi neft resurslarına malik ölkələrin büdcəsində azalmalara gətirib çıxarıb. Neftdən gələn gəlirlərin azalması fonunda ölkəyə gələn valyuta ehtiyatlarının artırılması üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Bu baxımdan, xüsusilə kənd təsərrüfatı, qara metallurgiya, eləcə də neftlə əlaqəsi olmayan və ya dolayı əlaqəyə malik sənaye sahələrinin inkişafına ehtiyac var".

Ekspert qeyd edib ki, dövlət büdcəsinə neft fondundan transfer olunan gəlirlər azaldığı üçün xarici investisiya hesabına Azərbaycanda həm informasiya texnologiyaları sənayesi, həm qida sənayesini, həm də yüngül sənayeni inkişaf etdirmək lazımdır: "Həmçinin, ölkə də xammal sənayesinin yaradılması zəruridir. Çünki ölkədə baş verən qiymət artımının səbəblərindən biri də Azərbaycanın xammal potensialının zəif olmasıdır. Bunun nəticəsində yerli istehsal müəssisələri xammal məhsullarını bir hissəsinin xaricdən gətirməyə məcbur olur ki, bu da qiymətlərin artmasına gətirib çıxarır. Ona görə də, biz daxili istehsalı artırmaqla bərabər məhsulların hazırlanmasında əsas rol oynayan xammalın da istehsalını həyata keçirməliyik. Belə olan halda, dünyada baş verən iqtisadi böhranın yerli istehsala təsirlərini maksimum azaltmaq mümkün olacaq".

Ceyhun ABASOV

 





14.01.2016    çap et  çap et