525.Az

Süni qiymət artımına yol verilməməsi üçün ciddi tədbirlər görülür


 

"DÖVLƏT BAŞÇISININ TAPŞIRIQLARININ HƏYATA KEÇMƏSİ İSTİQAMƏTİNDƏ KONKRET ADDIMLARIN ŞAHİDİ OLURUQ"

Süni qiymət artımına yol verilməməsi üçün ciddi tədbirlər görülür<b style="color:red"></b>

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan prezident İlham Əliyev çox önəmli məqamlara toxundu və hökumətin qarşısında konkret tapşırıqlar qoydu.
 
Dövlət başçısı dünyada cərəyan edən hadisələrin, iqtisadi çətinliklərin, neftin ucuzlaşmasının ölkəmizə təsirini vurğulayaraq, adekvat tədbirlərin görülməli olduğunu bildirdi. Neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə azalmasının gəlirlərə mənfi təsir göstərdiyini vurğulayan İlham Əliyev əlavə etdi ki, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmalıdır.

Onu da qeyd edək ki, dünyada 2015-ci ildə daha da dərinləşmiş iqtisadi böhran fonunda Azərbaycanda ÜDM-nin 1 faiz artması ciddi nailiyyət kimi önə çəkilib. Bundan başqa, ölkənin iqtisadi uğurlarının təsdiqi - sənaye məhsulları istehsalında 2.4%, qeyri-neft sənayesində isə 8.4 % artımın əldə edilməsi aparılan düzgün iqtisadi siyasətin məntiqi nəticəsi olaraq dəyərləndirilib.

Eyni zamanda, qazanılan bu nailiyyətlər qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərin və davamlı olaraq həyata keçirilən islahatların nəticəsi kimi qeyd edilib. Yola saldığımız ili ölkə iqtisadiyyatı üçün əlamətdar edən cəhətlərdən biri də xarici investisiya axınının dayanmamasıdır. 2015-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş ümumilikdə 20 milyard dollar həcmində sərmayənin yarısı məhz xarici investisiyadır.

Dövlət başçısı qeyri-neft sektorunun inkişafı üzərində xüsusi dayanaraq bildirdi ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da dərinləşməli, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin etməlidir. Həmçinin, prezident bu sahənin hesabına ixrac potensialının artırılmasını qarşıya vəzifə qoyub: "Gələcəkdə Azərbaycanın neft və qazdan başqa, əsas ixrac məhsulları kənd təsərrüfatı məhsullarıdır. Ölkə rəhbəri, bəzi işbazların manatın devalvasiyasından sonra süni qiymət artmına əl atmalarını kəskin tənqid edərək, aidiyyatlı qurumlara bu istiqamətdə ciddi araşdırma aparmağı tapşırdı: "İstehlak qiymətlərinə ciddi nəzarət olmalıdır. Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Süni bahalaşmaya son qoyulmalı, burada ciddi cəza tədbirləri görülməlidir. Təkcə cərimələrlə kifayətlənməməli, prokurorluq orqanları bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı ciddi cəza tədbirləri görməlidir. Bu, mətbuatda da işıqlandırılmalıdır".

İclasdan sonra artıq dövlət başçısının tapşırıqlarının həyata keçməsi istiqamətində konkret addımların şahidi oluruq. Müşahidələr və yayılan məlumatlar da təsdiqləyir ki, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün konkret işlər görülməkdədir. Belə ki, Baş Prokurorluq, İqtisadiyyat və Sənaye Nazirliyi yanvarın 12-də korrupsiya faktı ilə bağlı yaydıqları birgə məlumatda həyata keçirlən tədbirlər zamanı süni qiymət artımına yol verən bəzi quşçuluq və dərman şirkətlərində qanun pozuntuları aşkarlanıb və toplanmış məlumatlar əsasında cinayət işi açılıb. Məlumatda o da vurğulanıb ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbərdarlıq edir.

Ekspertlər sahibkarların özlərində sosial məsuliyyət hiss edərək, əhalinin maddi vəziyyətini nəzərə almalarının vacibliyini bildirirlər, həmçinin ciddi nəzarət mexanizmlərinin olmasını da vacib sayırlar.

Milli Məclisin deputatı, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə hesab edir ki, dövlət başçısının tapşırıqlarıın icrasına ciddi nəzarət təmin edilsə, möhtəkirlərin özbaşınalığının qarşısını almaq mümkün olacaq. O xatırladıb ki, prezident qiymətlərin tənzimlənməsi haqqında göstəriş verərək, süni qiymət artımına imkan verməməyi tapşırıb: "İndi əsas məsələ həmin tapşırıqların yerinə yetirilməsi üçün nəzarətin təmin olunmasıdır. Bu halda, möhtəkirlərin süni qiymət artımına imkan verilməz. Eyni zamanda, inhisarçılığın son qoyulması istiqamətində də təsirli tədbirlərin görülməsi zəruridir. Bilirsiniz ki, süni qiymət artımında monopolistlərin rolu böyükdür. Bir daha deyirəm, nəzarət təmin edilərsə, süni qiymət artımına yol verməmək olar".

İqtisadçı-ekspert Vüqar Bayramov da dövlət başçısının məlum tapşırığından sonra bu istiqamətdə praktik addımların atıldığını bildirib: "Çox təəssüf ki, manatın ikinci devalvasiyasından sonra bir sıra sahibkarlar əsaslandırılmayan, süni qiymət artımına yol verirlər. Azərbaycanın istehlak bazarında idxal məhsulları üstünlük təşkil etdiyindən, burada bir məqama diqqət yetirilməlidir. Yəni sahibkar başqa ölkələrdən aldığı məhsul üçün ödənişi xarici valyuta ilə etsə də, həmin məhsul Azərbaycan ərazisinə daxil olduqdan sonra çıxan bütün xərcləri artıq manatla ifadə olunur. Ona görə də, sahibkar idxal etdiyi məhsulun satış qiymətlərini müəyyənləşdirərkən, bu amili, əhalinin maaş və pensiyalarının manatla verildiyini mütləq nəzərə almalıdır. Eyni zamanda, daxildə istehsal olunan məhsulların satış qiymətləri də konkret kriteriyalar üzrə müəyyənləşməlidir. Təbii ki, sahibkar apardığı ticarət zamanı daha çox gəlir götürməyə çalışır. Lakin bu zaman onun qiymətləri əsaslandırmadan, süni surətdə qaldırması yolverilməzdir. Digər tərəfdən, yaranmış vəziyyətdə sahibkarlar özlərində sosial məsuliyyət hiss edərək, əhalinin maddi vəziyyətini də gözardı etməməlidirlər". Ekspertin sözlərinə görə, hazırda əhalinin böyük kəsimini narahat edən məsələ manatın devalvasiyasından çox, qiymətlərin artması, bir çox hallarda isə süni artımdır: "Vətəndaşlar əsas bundan narahatdırlar. Bu üzdən prezidentin süni qiymət artımının qarşısının alınması üçün verdiyi tapşırıq təqdirolunası haldır. Etiraf  edilməlidir ki, artıq bu sahədə müəyyən nəticələr də var. Çalışmaq lazımdır ki, süni qiymət artımına qarşı həyata keçirilən tədbirlər davamlı olsun və bu məsələyə nəzarət zəifləməsin".

 "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasındakı prezident İlham Əliyevin səsləndirdiyi fikirlər hər kəs üçün önəmli tapşırıqdır: "Prezident qeyd etdi ki, Neft Fondunun vəsaitini qorumalıyıq. O bildirdi ki, qeyri-neft sektorunun imkanlarından kifayət qədər istifadə olunmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minib və daha da gözəl imkanlar yaradır. Dövlət başçısı hökumətə göstərir ki, son 10 ildə Neft Fondundan həm ayrı-ayrı layihələr üzrə, həm də dövlət büdcəsinə transfertlər üzrə təqribən 85 milyard dollara yaxın vəsait xərclənib. Bu vəsaitlər hesabına bütün ölkə ərazisində irimiqyaslı infrastruktur layihələr həyata keçirilib. Özü də bu təkcə yol-nəqliyyat sahəsində deyil, ölkənin enerji təminatı, elektrik, qaz paylayıcı sistemlərinin qurulması, su-kanal təsərrüfatının yenilənməsi, yeni suvarma sistemlərinin yaradılması, hətta regionlarda belə rabitə sisteminin müasir standartlar səviyyəsinə çatdırılması kimi layihələri də nəzərdə tutur. Bundan əlavə, dövlət vəsaitləri hesabına həm paytaxtda, həm də regionlarda iri həcmli istehsal layihələri həyata keçirilib. Yəni indi büdcə külli miqdarda vəsait qoyulan layihələrdən yararlanmalıdır".

Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycanda istehsal olunan, xarici bazardan asılı olmayan, heç bir xarici valyuta ilə tənzimlənməyən məhsulların qiymətlərinin süni şəkildə şişirdilməsi öz xalqına qarşı laqeyd, biganə münasibətdən irəli gəlir. M.İbrahimqızı deyib ki, prezident İlham Əliyev son vaxtlar manatın devalvasiyası ilə əlaqədar ayrı-ayrı şəxslərin süni qiymət artımına çox kəskin münasibətini bildirdi: "Dövlət başçısı möhtəkirlik, qiymət şişirdilməsinin qarşısının alınması ilə bağlı çox ciddi tapşırıqlar verdi. Mənim seçicilərim də bu tapşırıqları müsbət qarşılayır. Nazirlər Kabinetinin sonuncu iclası bizim hər birimizin üzərində daha ciddi məsuliyyət qoyur". M.İbrahimqızı vurğulayıb ki, süni qiymət artımı ilə məşğul olan insanlara qarşı sərt cəza tədbirləri başlayıb və  bunun qarşısını tam almaq üçün həmin tədbirlər davam etdirilməlidir.

Millət vəkili Fuad Muradov bildirib ki, dövlət başçısının da vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır: "Prezident xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar". Millət vəkili qeyd edib ki, prezident hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sıraladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi: "Təbii ki, son zamanlar bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da öz təsirini göstərdi. Bu proseslərin hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən fəsadları var. İndi hökumət üzvləri cənab prezidentin Nazirlər Kabinetinin son iclasında müəyyən istiqamətlər üzrə qoyduğu tapşırıqları həyata keçirməlidirlər. Əvvəla hökumət süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlər görməlidirlər".  Onun sözlərinə grörə, bəzi insanlar, hətta ola bilsin ki, qruplar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: "Burada siyasi divident də ola bilər, başqa şeylər də ola bilər. Amma Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və lazımi tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur. Yəni burada uzun müddətdir həm yeni iş yerlərinin açılması, həm də bundan əvvəl açılmış iş yerlərinin saxlanması barədə danışılan islahatlar başlayıb. Fikrimcə, bu məsələlərə ciddi nəzarət olmalıdır".

PƏRVANƏ

 





14.01.2016    çap et  çap et