525.Az

"Azərbaycan bu sınaqdan da uğurla çıxacaq"


 

"HÖKUMƏT QISA ZAMANDA ÇEVİK QƏRARLAR QƏBUL EDƏ BİLSƏ, YARANMIŞ VƏZİYYƏTDƏN ÇIXMAQ MÜMKÜN OLACAQ"

"Azərbaycan bu sınaqdan da uğurla çıxacaq"<b style="color:red"></b>

"Ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı istər ölkəmizdəki ictimai-siyasi-iqtisadi  durumu, eləcə də dünyada baş verən hadisələri qiymətləndirmək baxımından çox əhəmiyyətlidir".

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev dilə gətirib.

Onun dediyinə görə, ölkə başçısının çıxışının dəyəri onun bəşəri mahiyyətindədir. O, qeyd edib ki, dünyada baş alıb gedən qarşıdurmalara, müharibələrə, faciələrə, insan itkilərinə nigarançılıqla, ürək ağrısı ilə yanaşan İ.Əliyevin narahatçılığı səbəbsiz deyil. T. Rzayevin dediyinə görə, çünki bu münaqişələr nəinki dünya iqtisadiyyatını, həm də insanların mənəviyyatını məhv edir, aclığa, yoxsulluğa, vəhşiliklərə yol açır: "Azərbaycan Prezidenti bir rəhbər kimi, bir insan kimi bu münaqişələrin daha böyük fəlakətlərə zəmin yaratdığını gördüyü, bildiyi üçün bəşəriyyət adından dünya liderlərini, böyük ölkələrin rəhbərlərini bu bəlaların qarşısını almaqdan ötrü  birləşməyə, ümumi dil tapmağa çağırış edir.
 
Münaqişələrin, təcavüzkar Ermənistanın xalqımıza, dövlətimizə vurduğu ziyanlara, təcavüzkarlığa lazımi qiymət verilmədiyini, müharibələrə, fəlakətlərə, haqq-ədalətə çox vaxt ikili standartlardan yanaşıldığını edən dövlətimizin başçısı bu iclasda da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyin dəyişməz olduğunu qeyd etdi. Həmçinin, işğal altında olan torpaqlarımızın mütləq azad olunacağına əminliyini bildirdi. Dünyada baş verən gərginliklərin iqtisadi deyil, daha çox siyasi amillərlə bağlı olduğunu və bunun da Azərbaycana təsirlərini nəzərə çatdıran ölkə prezidenti öz çıxışında çətinliklərin aradan qaldırmağın konkret yollarını da göstərdi. Neftdən asılı olmayan güclü iqtisadiyyata və çevik idarəetmə strukturlarına malik bir dövlət yaratmaq cənab İlham Əliyevin ali məqsədidir. Əlbəttə, ölkə vətəndaşlarını xoşbəxt, azad və maddi cəhətdən təminatlı dövləti müstəqil görmək bu məqsədin birincisidir.

Buna görə də ölkə rəhbəri öz çıxışında dünyada yaranan vəziyyət və iqtisadi çətinliklə əlaqədar anti-böhran tədbirlərin həyata keçirilməsinin, pensiya və əmək haqlarının istehlak səbətinə uyğun artırılmasının, bütün sahələrdə mütərəqqi islahatların aparılmasının, idarəetmədə bürokratik halların aradan qaldırılmasının, süni bahalaşma ilə mübarizənin gücləndirilməsinin, sahibkarlara geniş imkan yaradılmasının və biznesinin yaxşılaşdırılmasının vacibliyini ön plana çəkdi, müvafiq orqanlara öz vəzifələrinin məsuliyyətini xatırlatdı".

Millət vəkili eyni zamanda bildirib ki, ölkə vətəndaşları son bir neçə ayda respublikamızda baş verən müəyyən iqtisadi amilləri, xüsusilə neftin qiymətinin  və manatın məzənnəsinin aşağı düşməsini dünyada baş verən siyasi oyunlarla əlaqələndirdikləri və çətinlikləri azaltmaq üçün səy göstərdikləri halda, təəssüflər olsun ki, bəzi insanlar, işbazlar bundan öz məqsədləri, bazarda süni bahalaşma yaratmaqla varlanmaq üçün istifadə edirlər: "Bəziləri yaranmış vəziyyəti siyasi təbliğat vasitəsinə çevirməyə, vətəndaşlar arasında xof yaratmağa çalışırlar. Sözsüz ki, belə hallar yolverilməzdir. Və ölkə rəhbərinin qeyd etdiyi kimi, dövlətimizin imicinə, insanların mənafeyinə xələl gətirən mənfi meyllərə qarşı, nəinki müvafiq orqanlar, eləcə də hər bir vətəndaş ciddi mübarizə aparmalıdır. Çünki ölkəmizin gələcək inkişafı bizim hər birimizdən asılıdır".

Millət vəkili Sahib Alıyev öz növbəsində deyib ki,  İ.Əliyev ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantıdakı çıxışında  möhtəkirlikdən, natəmizlikdən, fürsətcillikdən, məmur özbaşınalığı və bacarıqsızlığından danışdı, buna son qoyulacağını bildirdi: "Səni, məni, öz ölkəsini sevən hər kəsi narahat edən problemləri açıq şəkildə dilə gətirdi, hətta bizim bir çoxlarımızın bilmədiyimiz mətləblərə də toxundu,  bir sözlə, göstərdi ki, bu çətin günlərdə o, xalqının yanındadır, bizi narahat edən problemlərin həllinin peşindədir". S.Alıyevin dediyinə görə, əgər hər kəs üzərinə düşən vəzifəni ləyaqətlə, dövlət adamına xas bir məsuliyyətlə yerinə yetirsə idi, yəqin bütün bunları deməyə ehtiyac qalmayacaqdı. O, qeyd edib ki,  ancaq nə yazıqlar ki yetirməyənlər və bunun elə belə də davam edəcəyini düşünənlər var: "Belələri bilirsinizmi kimə güvənirlər? Paradoksal təsir bağışlayacaq, ancaq həqiqətdir. Onlar indi ən çox yaranmış vəziyyətlə bağlı haray-qışqırıq salan, adamları meydanlara səsləyənlərə güvənirlər. Bəli, belələrilə işbaz adlandırılan möhtəkirlər və rüşvətxorlar eyni yuvanın quşudurlar. Biz görmədikmi bəzi nazirlər rüşvətxorluqda ittiham edilib tutulandan sonra özlərini müxalifət adlandıranlar necə onları öz partiyalarına dəvət etməyə başladılar. Nəyə görə? Oğurladıqlarından bir hissəsini ələ keçirmək üçün. Çirkli pulların yuyulmasında ixtisaslaşdırılmış banklar olduğu kimi bizdə bəzi partiya və QHT-lər çirkli imiclərin yuyulmasına müntəzirdirlər. Təki pul olsun. Hilal Məmmədovu siyasi dustaq adlandıran "Milli" Şuradakı zatlar bu gün Eldar Mahumudovu ən təmiz adam kimi qiymətləndirməyə, hətta onu başında durduqları adı olub özü olmayan quruma həmsədr seçməyə hazırdırlar. Reallıq budur. Reallıq budur ki, hazırda həyatımızda rast gəldiyimiz mənfilikləri ağızlarına çullu dovşan sığmadan şişirdərək pisləyənlərlə, bu mənfiliklərin baş qaldırmasında suçu olanlar necə deyərlər, eyni bezin qırağı, eyni mənəviyyatın daşıyıcılarıdırlar".  S. Alıyevin  bildirdiyinə görə, l. Əliyevin yeni cəmiyyət quruculuğu, idarəetmənin daha da təkmilləşdirilməsi, şəffaflığın, halallığını artırılmasına yönəldilmiş siyasəti eyni dərəcədə onların maraqlarına cavab vermir: "Hamımızı narahat edən çatışmazlıqların, möhtəkirliyin, inhisarçılığın, yola ver psixologiyasının daha tez aradan qaldırılması üçün indi bizdən bir şey tələb olunur. Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli, onun siyasətini dəstəklədiyimizi hər addımda öz əməlimiz və sözümüzlə göstərməliyik. Necə ki dövlətin başçısı xalqın yanındadır, xalq da öz Prezidentinin yanında o cür yer almalıdır. Eyni prinsipiallıq və qətiyyətlə!"

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bildirib ki, məlum  iclasda ölkə Prezidentinin çıxışı çox mühüm və çox əhəmiyyətli tapşırıqları, mesajları ilə yadda qaldı: "Dövlət başçısının çıxışı həm də bir daha onu göstərdi ki, devalvasiyadan, "üzən məzənnə"yə keçilməsindən sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur". Komitə sədrinin qeyd etdiyinə görə, eyni zamanda, artıq devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir. E. İbrahimov xüsusilə vurğulayıb ki, ilk növbədə pensiyaların və əmək haqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması dövlət başçısı tərəfindən hökumət qarşısında bir nömrəli məsələ kim qoyuldu: "Bu baxımdan hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq". Komitə sədri bununla yanaşı qeyd edib ki, Azərbaycan dövləti və xalqı özünün 25 illik müstəqilliyi dövründə bir neçə dəfə çətin iqtisadi-siyasi sınaqlarla üzləşib və hər dəfə də ölkə rəhbərliyi tərəfindən aparılan son dərəcədə düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu ağır sınaqlardan uğurla, ləyaqətlə, üzüağ çıxa bilib. "Hesab edirəm və qəti əminəm ki, bu dəfə də belə olacaq. Manatın devalvasiyasından sonra yaranan müəyyən çətinliklər heç də bəzi daxili və xarici anti-Azərbaycan qüvvələri sevindirməsin. Eyni zamanda, yaranan vəziyyətdən sui-istifadə etməklə varlanmaq həvəsinə düşənlər də "papaq"larını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Onlar süni qiymət artımına yol verməklə və insanlar arasında çaşqınlıq yaratmaq yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Onların qarşısı aidiyyatı dövlət qurumları tərəfindən çox tezliklə və kəskinliklə alınacaq. Bununla yanaşı, yuxarıda dediyim ki, Azərbaycan istəməyən qüvvələr də çox sevinməsinlər, sevincləri çox tezliklə qursaqlarında qalacaq. Azərbaycan dövləti və xalqı belə şeyləri çox görüb, çox yaşayıb, ancaq hər dəfə düşmənlərini kədərləndirib, dostlarını sevindirib. Heç kimin qarşısında boynunu əyməyib. Çünki Azərbaycan xalqının Heydər Əliyev və İlham Əliyev kimi çox müdrik lideri olub, var. Məhz onların xalqla birgə vəhdəti nəticəsində Azərbaycan dövləti onun qarşısına çıxan bütün maneələri uğurla keçib, bütün çətinliklərin, sınaqların öhdəsindən şərəflə gəlib. Bu dəfə də belə olacaq. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi Azərbaycan dövləti, Azərbaycan xalqı bu sınaqdan, bu imtahandan da çox uğurla və alnıaçıq çıxacaq, öz dinamik, sıçrayışlı inkişaf yolunu davam etdirib dünyanın lider dövlətləri sırasında özünün əzəmətli yerini qoruyacaq. Buna əsla və əsla heç kimin şübhəsi olmasın" - deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

"2015-ci il həm siyasi, həm iqtisadi cəhətdən dünya üçün ağır il oldu. Baş verən neqativ proseslərin fonunda Azərbaycan da iqtisadi cəhətdən müəyyən təlatümlər yaşadı". Bunu isə  MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dilə gətirib. Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə Prezidenti İlham Əliyev tərəfindən məhz bu məsələlərə, yaranmış problemlərə toxunuldu və ciddi tapşırıqlar verildi. "Bildiyiniz kimi, neftin qiymətinin dünya bazarında kəskin aşağı düşməsi ilə əlaqədar olaraq  biz iki dəfə  devalvasiyaya getdik. Buna baxmayaraq, 2015-ci ilin yekunlarında həm də bir faizdən yuxarı ümumdaxili məhsulun artımı, kənd təsərrüfatında 6 faizlıq artım,  qeyri-neft sektorunda,  sənaye sahəsində 8 faizlik artım müşahidə olundu və sairə.  Bunlar hamısı müsbət hallardır, amma bununla belə ən ciddi məsələ, əlbəttə, milli valyutamızın 2015-ci ildə devalvasiyaya uğraması oldu. Birinci dəfə 21 fevralda 24 -34 faiz arası, sonra 22 dekabrda 48 faiz, ümumi götürəndə 82 faiz devalvasiya oldu"- deyən millət vəkilinin sözlərinə görə, bu da nəticə etibarı ilə insanların həyat şəraitinə, qiymət siyasətinə, ümumiyyətlə, müəyyən məsələlərə öz mənfi təsirini göstərdi və Azərbaycan bu problemlərlə  2016-cı ilə addımladı.

O, qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində  neftin qiymətini 50 dollardan götürməyimizə baxmayaraq, hazırda neftin qiyməti təxminən 32 dollar səviyyəsindədir: "Yəni, problemlərimiz var və bu problemlərin hamısını da cənab prezident, demək olar ki, bir-bir sadaladı və qarşıda duran məsələlər barədə öz fikrini bildirdi. Birinci, idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması, liberallaşdırılması, bu yöndə bütün süni maneələrin aradan qaldırılması oldu ki, bu, çox önəmli məsələdir. İkincisi, idxalın tərkibinə baxmaq, lazım olan məhsulları ordan çıxarmaq, Azərbaycanın bacardığı məhsulların ölkədə istehsalına başlamaq, qeyri-neft sektorunun inkişafına nail olmaq, xüsusilə, kənd təsərrüfatı və sənayedə addımlar atmaq məsələsi qaldırıldı ki, bunlar da olduqca önəmli məsələlərdir. Həmçinin, yerli icra hakimiyyəti  orqanlarına iradlar tutuldu ki, onlar gözləyirlər ki, dövlət büdcəsinə dotasiya hesabına  işləyəcəklər. Amma rayonlarda əslində heç bir ciddi fəaliyyət göstərilmir, ortaya qoyulmur. Bir çoxları müəyyən sənaye zonaları,  fermer təsərrüfatları yaratmırlar. Yəni, imkanlar var ki, bu dotasiyadan yavaş-yavaş çəkilək". V. Əhmədov da xatırladıb ki, rayonlara külli-miqdarda vəsait qoyulub, su, qaz, elektrik enerjisi, digər yol məsələləri həll olunub, amma cəmi 6 rayon dotasiyadan çıxıb, qalanlar hələ də dotasiya hesabına fəaliyyət göstərirlər:

"Eyni zamanda, insanların əmək haqqına, pensiyalara, sosial müavinətlərə baxılması ilə əlaqədar Azərbaycan hökumətinə göstəriş verildi ki, buna baxılmalıdır. Dövlət büdcəsinə yenidən baxılması məsələsinə toxunuldu.
 
Doğrudan da, dövlət büdcəsinə yenidən baxılmalıdır ki, biz əmək haqqı, pensiyaları müəyyən qədər artıra bilək. Yəni, məsələlər çoxdur... Ona görə hesab edirəm ki, hökumət qısa zamanda onun qarşısına qoyulan məsələlərə baxa, verilən tapşırıqları vaxtında yerinə yetirə, çevik, düşünülmüş addımlar ata, qərarlar qəbul edə bilsə, Azərbaycanı yaranmış bu vəziyyətdən çıxarmaq mümkün olacaq"

Kamil HƏMZƏOĞLU

 





14.01.2016    çap et  çap et