525.Az

Təqdir olunmağa layiq ədəbi-poetik fakt


 

Təqdir olunmağa layiq ədəbi-poetik fakt<b style="color:red"></b>

Trilogiya klassik ədəbiyyatdan üzübəri gələn ədəbiyyatşünaslıq terminidir.

Bu terminə "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə belə şərh verilib: Dramaturji, yaxud təhkiyə janrında yazılıb, vahid müəllif qayəsi ilə bir-birinə bağlı olan üç ədəbi əsər". Məsələn, Bomarşenin "Sevilya bərbəri", "Fiqaronun evlənməsi", "Cinayətkar ana" trilogiyası. Trilogiya: (yun.) - bir müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı, süjeti, kompozisiyası ilə birləşən  üç müstəqil ədəbi, kino və ya musiqi əsəri. Silsilə təşkil edən iki hissəli roman dilogiya,  silsilə təşkil edən üç hissəli roman trilogiya,  dörd hissəli tetralogiya (kvadrologiya),  beş hissəli pentalogiya və s. adlanır. Sonuncular əsasən musiqi əsərlərinə və müasir seriyalara aid edilir. Bədii ədəbiyyatda ən çox  dilogiya və trilogiya  mövcuddur. Azərbaycan nəsrində, məsələn, M.Hüseynin "Abşeron", "Qara daşlar" romanları birlikdə dilogiyadır. M.S.Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər" və "Dünya dəyişir", Əzizə Cəfərzadənin "Eldən-elə", "Aləmdə səsim var mənim" və "Vətənə qayıt" romanları isə  trilogiyadır.  Dilogiya və trilogiyada hər hissə müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu  və eyni obrazlar birləşdirir. Tarixi qədimdir və antik ədəbiyyata (bizim eradan əvvəl IV-V əsrlərə) gedib çıxır. İlk dəfə Yunanıstanda dramaturgiya janrında yazılan silsilə pyeslərə tətbiq edilibdir. Esxilin, Sofoklun əsərləri buna misaldır. Yeni dövr ədəbiyyatında F.Şillerin ("Vallenşteyn"), R.Vaqnerin ("Nibelunqlar"), A.K.Tolstoyun ("İvan Qroznunun ölümü", "Çar Fyodr İvanoviç", "Boris Qodunov") pyesləri, Dümanın  ("Üç muşketyor", "İyirmi il sonra", "Vikont de Brajelon"), Emil Zolyanın ("Lurd" , "Rim", "Parij"), L.N.Tolstoyun, M.Qorkinin memuarları bu sıradan olan dəyərli nümunələrdir.

Höte ("Trilogie der Leidenschaft"), Heyne ("Trilogiye") kimi dahilər buna cəhd etsələr də, poeziyada bu termin  demək olar ki, tətbiq edilməyib, yəni poeziyada bu formatda ədəbi nümunə olmayıb. Hətta M.Y.Lermontov da trilogiya yaratmaq niyyətində olmuş, amma həyata keçirməmişdi. İndiki mərhələdə "trilogiya" adı altında təqdim edilən, lakin özünü doğrultmayan bir neçə fakta rast gəlmək olur. Məsələn, müasir rus poeziyasında İqor İverin "İronik məhəbbət trilogiyası" 15 bəndlik, üç hissəyə ayrılmış şeir parçalarını, Anotoli Verşinskinin  özünün də qeyri-ciddi hesab elədiyi üç hissəli elmi-mistik serial adlandırdığı "Ehtirasların trilogiyası" ("Texnika-molodyoji" jurn., 1996) kiçik mənzuməsi hələlikdə bizim bildiyimiz faktlardandır və bunlar da trilogiya formatına uyğun gəlmir!

Bütün bunların üzərində ona görə belə ətraflı dayandıq ki, poeziya tarixində trilogiya standartına, modelinə tam uyğun gələn ilk nümunələrin məhz Azərbaycan ədəbiyyatında yaranması faktının mahiyyətinə varaq...

Əlbəttə, Şərq poeziya tarixində ilk beşliyi - !Xəmsə”ni yaradan XII  əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi olub. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun" , "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Nizaminin bu poemaları sonralar "Xəmsə" - "Beşlik" adı altında birləşdirilib, bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatında məşhur olub. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuşlar. Sonralar Şərq poeziyasında neçə-neçə "Xəmsə"lər yarandı. Lakin bu əsərləri pantalogiya-beşlik hesab etmək olmaz, çünki bu möhtəşəm əsərlər say etibarilə beşlikdirlər, hərəsi müstəqil mövzuda, müstəqil süjetdə olan monumental mənzum epik əsərlərdir.

Bizim müəyyənləşdirməmizə görə, poema-trilogiya janrında, formatında ilk nümunə Azərbaycan poeziyasına məxsusdur. Görkəmli, cəsarətli, olduqca istedadlı şairimiz Famil Mehdi bu janrda ilk dəfə "Raykom katibi" (1975), "Günəş həmişə səmadadır", "Gəlimli-gedimli dünya" poemalarını qələmə alaraq hər üç poemanı "Göyü çiynində saxlayan adam" poema-trilogiya adı altında "Ömür keçir, gün keçir"  (B., "Yazıçı",1983) kitabında nəşr etdirmiş, ədəbi mühit tərəfindən olduqca maraqla qarşılansa da, ədəbi-tənqiddə yüksək qiymətini alsa da,  poema-trilogiya formatı heç kimin diqqətini cəlb etməmişdi. Sonralar bu poema-trilogiya Famil Mehdinin "Seçilmiş əsərləri" (B., Azərnəşr, 1989) kitabında da nəşr olunub, rus dilinə çevrilərək Moskvada böyük tirajla yayılıb.

Böyük şairimiz Famil Mehdidən sonra ilk dəfə bu formata - poema-trilogiya formatına tanınmış  şair-publisist Şöhlət Əfşar müraciət edib.

Şöhlət Əfşarın ayrı-ayrılıqda qələmə alıb mətbuatda və kitab halında çap etdirdiyi "Həyat sən öyrədən deyil, müəllim", "Bu dünyanın havasına oynama", "Bu dünya düzəlməz, düzəlməz, baba!" lirik poemalarını oxuduqdan sonra bu fakt, doğrusu məni sevindirdi və belə qərara gəldik ki, vahid süjet, ideya, kompozisiya, poetik-estetik qayə etibarı ilə birləşən, bütövləşən və biri digərinin davamı olan bu poemaları "Poema-Trilogiya" formatında oxuculara təqdim edək. Hər üç poemada aparıcı lirik  qəhrəman müəllifin özüdür. Poemaları birləşdirən cəhətlərdən biri də, müəllifin yüksək vətəndaşlıq, vətənpərvərlik və dövlətçilik  mövqeyidir, millətsevərlik, yurdsevərlik qayəsidir.

Azərbaycanımızın müstəqilliyə qovuşmaq prosesində - keçid mərhələsində ictimai-siyasi mühitdə baş vermiş kataklizmlər, mənəvi-əxlaqi aşınmalar, erroziyalar, inteqrasiya adı altında yad mühitdən gələn özgə "havalar", milli-mənəvi, əxlaqi ənənələrimizə dəyən zərbələr bu oxunaqlı, poetik cəhətdən mükəmməl lirik poemaların başlıca mövzularıdır. Bu poema-trilogiyada klassik ədəbi ənənələrimizdən qaynaqlanan, nəşət edib gələn irfani dəyərlər  örnək götürülərək müasir mühitimizə transformasiya edilib, yeniləşən sosial-psixoloji yanğıya, mənəvi-əxlaqi ağrıya çevrilib...

Bütün bunlarla yanaşı, bir daha qeyd edirik və o qənaətdəyik ki, şair Şöhlət Əfşar Azərbaycan poeziya tarixində (eləcə də dünya poeziya tarixində) ikinci dəfə olaraq bütün ədəbi-nəzəri tələblərə cavab verən "poema-trilogiya" janrında, formatında əsər yaratmağa nail olub və bu, təqdir olunmağa layiq ədəbi-poetik faktdır...

Qurban BAYRAMOV
Ədəbiyyatşünas-tənqidçi

 





14.01.2016    çap et  çap et