525.Az

Borçalı elinin şəhid oğlu


 

Borçalı elinin şəhid oğlu<b style="color:red"></b>

  20  Yanvar  Azərbaycan   xalqının  tarixinə qanla  yazılsa da,  şanlı  səhifə  kimi   daxil  olub.  Azərbaycan  övladlarının  qanı  ilə  suvarılan  Bakı  küçələrində  yaddaşlara  dəhşət,  vəhşilik  kimi  yazılan  həmin  qanlı  gecədə  günahsız  insanların  azadlıq  uğrunda mübarizəsi  xalqımızın  qəhrəmanlığının,  Vətənə  sadiqliliyinin  bariz  nümunəsidir.  Həmin  gecədə  öz  qanı   ilə  öz  adını  şəhid  yazanlardan  biri də  İlqar  Hümbət  oğlu  Əhmədovdur.

İlqar  Hümbət  oğlu Əhmədov 1965-ci  il  mayın  25-də  Gürcüstanın  Bolnisi  rayonunun  Faxralı  kəndində doğulmuşdu.  1982 – ci ildə Faxralı  kənd  orta  məktəbini  əla qiymətlərlə  bitirib Azərbaycan  Politexnik  İnstitutuna    daxil  olmuşdu.  1984-86-ci  illərdə  Sovet ordusu sıralarında  xidmət  etmişdi.

1990-cı  ildə  institutun  4-cü  kursunda  oxuyarkən  şəhid  olaraq  doğma  Faxralıda  dəfn  edildi.  Qardaşı  Cəmiyyət  Əhmədovun  1992-ci  ildə   doğulan   oğluna  şəhid  İlqarın  adı  verildi.

İlqar  həm xalam  oğlu,  həm  də yaxın  və  etibarlı dostum  idi.  Biz tez – tez  görüşərdik.  Tətil  vaxtı  Bakıdan  kəndə  gələndə  qohumlar  onun  gəlişinə  sevinərdi. O, heyrətamiz   dərəcədə  qabiliyyətli  və  bacarıqlı  idi.  Prinsipial  gənc  idi.  Tez-tez  elmi  mübahisələr  edərdik.

Ölümündən  bir  neçə  gün  qabaq  axırıncı   dəfə  görüşdük.  O,  tələbələrin  Azərbaycanın  müstəqilliyi  yolunda  mövqelərindən  dönməyəcəklərindən  danışdı:   “Nəyə  görə   Ermənistandan  çıxarılan  günahsız azərbaycanlılar  əsrlərlə yaşadığı öz doğma torpaqlarından qovulmalı,  qazandığı  varı  ermənilər  mənimsəməlidir.  Biz  gənclər  əgər  bu  insanların  haqq  səsini  müdafiə  etməsək,  Gürcüstanda  yaşayan  yarım  milyondan artıq  azərbaycanlının  da  başına  belə  müsibət  gətirilə  bilər.  Həm  Gürcüstanda,  həm  Ermənistanda  azərbaycanlılar  yaşayan  torpaqlar  bizim  qədim  torpaqlardır”.  Bu onun qəlbindən gələn hisslər idi.

Orta  məktəb  illərindən  dərin  zəkası,  insansevərliyi,  təmiz  əxlaqı,  yüksək  mədəniyyəti,  zəkası,  vətənpərvərliyi,  zəhmətsevərliyi,  istiqanlılığı   və  s.   müsbət   keyfiyyətləri  özündə  birləşdirən  İlqar  qısa,  lakin  mənalı  ömür  sürdü.  Təkrarsız,  bənzərsiz  cəsur  borçalı  oğlu  İlqarın  tutduğu    yol  böyüməkdə  olan  nəsil    üçün  əsl   örnəkdir.

Almaz KOXALI

 





24.01.2013    çap et  çap et