525.Az

"Yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycanın hər cür imkanları var"


 

MİLLƏT VƏKİLLƏRİ NİKBİNDİRLƏR

"Yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycanın hər cür imkanları var"<b style="color:red"></b>

"Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman xalqın, dövlətin maraqlarından çıxış edib, onun fəaliyyətinin başlıca istiqamətini Azərbaycan xalqı və dövlətinin xoş güzəranın, rifahın təmin olunması təşkil edib. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  məlum çıxış da, orada verilən ciddi mesajlar və tapşırıqlar da bir daha və bir daha bunun əyani göstəricisi oldu".

Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Kamilə Əliyeva dilə gətirib. Millət vəkili hesab edir ki, indi hər bir kəs, xüsusilə, aidiyyatı qurumlar və məsul şəxslər verilən mesajlardan ciddi nəticələr çıxarmalı, onların qarşısında qoyulan tapşırıq və vəzifələrin icrası istiqamətində daha ciddi fəaliyyət sərgiləməlidirlər.

K.Əliyeva ümid etdiyini və inandığını bildirib ki, məhz belə də olacaq, çox yaxın zamanlarda hökumətin, aiddiyatı qurumların yaranmış durumla bağlı daha səmərəli və effektiv addımlarının şahidi olacağıq. "Kimlərsə də manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən, müəyyən çətinliklərin ortaya çıxmasından "həvəslənməsinlər", "ruhlanmasınlar". Onların istədikləri, məkrli məqsədləri hər zaman olduğu kimi, bu dəfə də alınmayacaq, baş tutmayacaq, bəd, qara niyyətləri bir daha gözlərində qalacaq. Azərbaycan dövləti və xalqı yenə də ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və son dərəcədə əzmkar fəaliyyəti, uzaqgörən, müdrik siyasəti nəticəsində bu sınaqdan, bu imtahandan alnıaçıq, üzüağ çıxacaq. Yaranmış vəziyyətdən çıxmaq üçün də Azərbaycanın hər cür imkanları var, ən əsası Azərbaycan rəhbərliyinin, xüsusilə də, ölkə Prezidentinin iradəsi ortadadır. Ölkə Prezidenti hər zaman olduğu kimi, yenə də Azərbaycan xalqının yanındadır, onun naminə bir an belə olsun fəaliyyətindən qalmır və inanıram ki, xalqımız da onun yanında, ətrafında olacaq, sıx birləşəcək və birlikdə bütün maneələri dəf edəcək"-deyə, K. Əliyeva daha sonra sözlərinə əlavə edib.

Millət vəkili Adil Əliyev də deyib ki, Prezident İ.Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında  vurğuladı ki, inhisarçılığa və süni bahalaşmaya son qoyulmalıdır.   "Dövlət başçısı budəfəki çıxışında həm hökumət məmurlarına, həm də cəmiyyətə mesaj verdi. Məmurlara işlərində daha ciddi və məsuliyyətli, cəmiyyətə isə ictimai nəzarəti gücləndirməkdə fəal olmağı tapşırdı".
 
A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda manatın məzənnəsinin dollara nisbətdə düşməsi ilə əlaqədar bir sıra məhsullarda xeyli bahalaşma yaranıb. Onun sözlərinə görə, bu da təbii ki, əhalinin nisbətən iqtisadi cəhətdən zəif olan zümrəsində narahatlıq yaradıb. O, bildirib ki,  belə həssas məqamlarda qənaətlə işləmək, az qazancla kifayətlənmək, məsələlərə xeyriyyəçi kimi yanaşmaq əvəzinə, bir sıra iş adamları fürsətdən istifadə hallarına yol verir, tez bir zamanda çoxlu qazanc götürmək istəyirlər.
 
Millət vəkilinin fikrincə, ən pisi isə odur ki, xeyli məhsul Azərbaycanda istehsal olunduğu halda, qiymət əsassız olaraq bahalaşdırılır:"Prezident İlham Əliyev iclasda qəti olaraq bildirdi ki, o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ölkə başçısı məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanların, işbazların sui-istifadə etmək istəyi ilə bağlı məlumat aldığını bildirdi.
 
Qeyd etdi ki, buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Onu da dedi ki, sadəcə, biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da işıqlandırılmalıdır ki, buna son qoyulsun".
 
A.Əliyev deyib ki, Prezidentin Nazirlər Kabinetinin son iclasındakı sərt mesajları bütün cəmiyyətimiz tərəfindən dəstəklənir: "Bu gün Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevi dəstəkləyir, Azərbaycan dövlətinin xalqımız üçün yaxşı gələcək qurmaq istəyində olduğunu görür. Azərbaycan xalqı ilə dövlətinin  arasında girmək istəyən qüvvələr heç nə əldə edə bilməyəcəklər. Hər kəs bilsin ki, süni bahalaşma ilə məşğul olanlar, korrupsiya hallarına yol verənlər, xalqı incidənlər qanundan yaxa qurtara bilməycəklər. Azərbaycan Prezidenti hər bir məsələyə şəxsən nəzarət edir. Əminəm ki, qiymətlərlə bağlı yaranan problemlər tezliklə öz yoluna düşəcək. Çünki Azərbaycan güclü dövlətdir və bütün vəziyyətlərdən alnıaçıq, üzüağ çıxmağa qadirdir".

Kamil HƏMZƏOĞLU

 





15.01.2016    çap et  çap et