525.Az

İstehlak bazarında süni qiymət artımına qarşı tədbirlər nəticə verməkdədir


 

İstehlak bazarında süni qiymət artımına qarşı tədbirlər nəticə verməkdədir<b style="color:red"></b>

Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş son iclasında ötən ilin iqtisadi yekunları bütün sahələr üzrə geniş təhlil edilərək, növbəti dönəm üçün vəzifələr müəyyənləşdirilib.

Dövlət başçısının həmin iclasdakı əhatəli çıxışında ölkənin iqtisadi inkişaf tendensiyasının 2015-ci ildə də uğurla davam etdirildiyi, iqtisadi planda qarşıya qoyulan məqsədlərə nail olunduğu konkret göstəricilər üzrə diqqətə çatdırılıb. Keçən ilin iqtisadi nəticələrinə nəzər saldıqda, ilk növbədə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) bir faiz, sənaye məhsulları istehsalında 2.4%, qeyri-neft sənayesində isə 8.4 % artımın əldə edilməsi ölkənin iqtisadi uğurlarının təsdiqidir.

Azərbaycan özünün də aid olduğu regionda cərəyan edən mürəkkəb siyasi proseslərin gedişində və siyasi maraqların iqtisadi qanunauyğunluqlar üzərində diqtəsinin gücləndiyi bir şəraitdə iqtisadiyyatda artım tempini saxlamağa nail olub. Ölkə iqtisadiyyatında dayanmayan bu müsbət tendensiya beynəlxalq iqtisadi və maliyyə təşkilatları tərəfindən də etiraf edilir və yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan ötən il "Doing Business" hesabatında öz mövqeyini əvvəlki hesabatla müqayisədə 17 pillə yaxşılaşdıraraq 63-cü yerə yüksəlib. Azərbaycan həmin hesabatda  dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri kimi qeyd olunub. Ondan başqa, keçən il "Fitch Ratings" agentliyi də Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Eyni zamanda, Dünya İqtisadi Forumunun  qlobal rəqabətlilik indeksinə görə müəyyənləşdirdiyi 140 ölkənin daxil edildiyi reytinq cədvəlində Azərbaycan 40-cı yerdə mövqe tutub.

Prezident İlham Əliyevin bəhs olunan müşavirədə qarşıya qoyduğu əsas vəzifələrdən biri qeyri- neft sektorunun inkişafının daha da surətləndirilməsi, sahibkarlığın inkişafı, sağlam rəqabət mühitinin yaradılması üçün tədbirlərin görülməsidir. Dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardan biri də manatın devalvasiyasından sonra süni qiymət artımının aradan qaldırılmasıdır. Dövlət başçısı xüsusilə vurğuladı ki, ölkədə istehsal ounan məhsuların qiymətlərinin artırılması mümkün deyil. Artıq prezidentin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində konkret addımlar atılmağa başlanılıb. Görülən tədbirlərin nəticəsini insanlar da hiss etməkdədirlər.

Müşahidələr və yayılan məlumatlar da təsdiqləyir ki, artıq istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün konkret işlər görülməkdədir.

Məsələ ilə bağlı fikirlərini açıqlayan millət vəkili Aqil Abbas deyib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox önəmli idi. Burada dövlət başçısı həm ölkənin problemlərini, həm də qarşıda duran vəzifələri birbaşa olaraq açıqladı. Hətta ölkə rəhbəri süni qiymət artımı ilə bağlı da kəskin göstərişlərini verdi. "Dövlət başçısı bəyan etdi ki, süni qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar. Hazırda ölkədə süni qiymət artımının qarşısı alınmaqdadır. Hətta bəzi ərzaq məhsullarının qiymətləri aşağı düşdü. İndinin özündə də buna qarşı ciddi tədbirlər görülür. Ümumiyyətlə, mətbuat bu işdə yardımçı olmalıdır. Mətbuat həm problemləri işıqlandırmalı, həm də özünün həmrəyliyini göstərməlidir. Çünki bu gün hadisələri qızışdıranlar və insanları yoldan çıxarmaq istəyənlər var. Təbii ki, bu işdə mətbuatın üzərinə böyük məsuliyyət düşür".

Millət vəkili Tahir Rzayev isə bildirib ki, Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır: "Biz nəinki əhalinin tələbatını ödəmək, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik". T.Rzayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayıb və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verdi.

Deputat bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək tədbirlərin əsasında duran məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir. Millət vəkili, bir sıra regionlarda bu istiqamətdə mühüm işlər görüldüyünü açıqlayıb: "Məsələn, Ağcabədi rayonunda süd kombinatları yaradılıb və həm heyvandarlığın inkişafı, həm də süd məhsullarının istehsalı üçün böyük işlər görülüb. Rayonda taxılçılıqla əlaqədar böyük bir təsərrüfat, o cümlədən, böyük ət kombinatı yaradılıb". T.Rzayev vurğulayıb ki, bu proses bütün regionlarda həyata keçirilməlidir: "Taxılçılıq, bitkiçilik, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik. Azərbaycan şərabı dünya şöhrəti qazanıb. Bu sahəni də inkişaf etdirə, o cümlədən, nar şirəsi, üzüm şirəsi və digər meyvə şirələrinin istehsalını artıra bilərik. Heyvandarlığı daha da inkişaf etdirməklə xaricə ət məhsullarının ixracını artıra bilərik".

Deputat qeyd edib ki, sahibkarlar üçün Azərbaycanda yaradılan şərait ildən-ilə inkişaf etdirilir: "Amma bəzi süni maneələr də var, sənədləşmə işlərində müəyyən ləngimələr olur. Prezident İlham Əliyev bildirdi ki, elə çevik idarəetmə strukturu yaradılmalıdır ki, bütün məsələlər tez həll edilsin. Dövlət başçısı bütün nazirlərə, əlaqədar təşkilatlara göstəriş verdi ki, bu işə məsuliyyətlə yanaşılmalıdır. Hər bir vətəndaşın səyi, təşəbbüskarlığı lazımdır. Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq". Onun sözlərinə görə, bahalaşmanı yaradan süni amillər var: "Dolların məzənnəsindəki dəyişiklik daxili məhsulların qiymətlərinə təsir etməməlidir, çünki bu məhsullar xaricdən gətirilmir. Təəssüf ki, bəzi işbazlar bazarda bahalaşma yaradırlar. Bunun qarşısının alınması üçün də tədbirlər gücləndirilməlidir".

Millət vəkili Rauf Əliyev isə bildirib ki, artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Bu illər ərzində dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Əlbəttə, dünya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. Onun sözlərinə görə, 2015-ci ildə ümumdünya böhranı bir qədər də dərinləşib. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib: "Lakin əvvəlki illərdə olduğu kimi inkişafa nail ola bilməyib. Neftin qiyməti son vaxtlar kəskin olaraq 3-4 dəfə aşağı düşüb.
 
Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan ölkələrdə bir neçə il öncə baş vermiş və indi də davam edir. Bu vəziyyətdən istifadə edən bəzi anti-Azərbaycan qüvvələr və onların xaricdəki havadarları Azərbaycanda sabitliyi pozmağa, iğtişaşlar yaratmağa cəhd göstərirlər. Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhranı dünyanın əksəriyyət ölkələri bürüyüb və Azərbaycan hökuməti böhranın təsirlərindən dövləti, xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirlər həyata keçirib və keçirməkdədir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhdləri əbəsdir". O əlavə edib ki, Azərbaycan hökuməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirəcəkdir: "Prezident İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib.
 
2016-cı ildə qeyri neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın o cümlədən, kənd təsərrüfatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub. Vergi məcəlləsinə edilmiş dəyişikliklər vergitutma bazasının genişləndirilməsinə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına səbəb olacaq. Yeni iş yerlərinin yaradılması ilə əlaqədar regionlarda sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulub. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Göründüyü kimi ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq, öz uğurlu inkişaf yolunu davam etdirəcək".

Ekspert Əlabbas Məhərrəmov da düşünür ki, istehlak bazarında süni qiymət artımının qarşısının alınmasına hədəflənmiş tədbirlər nəticə verməkdədir: "Təbii ki, növbəti devalvasiyadan sonra müşahidə olunan süni qiymət artımı vətəndaşları narahat etməyə bilməz. O baxımdan, dövlət başçısının bu sahədə nəzarətin gücləndirilməsinə yönəlik tapşırığı qiymətlərlə bağlı özbaşınalığa imkan verilməməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Müşahidələr göstərir ki, prezidentin məlum tapşırığının yerinə yetirilməsinə ciddi nəzarət edilir və bu da nəticə verməyə bilməz. Amma o da qeyd olunmalıdır ki, süni qiymət artımına imkan verilməməsində vətəndaşlar da fəallıq göstərməlidirlər.Əks halda, bu məsələdə yalnız rəsmi nəzarətlə kifayətlənmək doğru olmazdı". 

PƏRVANƏ

 





15.01.2016    çap et  çap et