525.Az

Uçuruma yuvarlanan fond indeksləri, ucuzlaşan neft... növbədə nədir? - Təhlil


 

Uçuruma yuvarlanan fond indeksləri, ucuzlaşan neft... növbədə nədir? - <b style="color:red">Təhlil</b> İlin əvvəlində dünya iqtisadiyyatında birdən bir neçə vacib hadisə baş verib ki, onlar iqtisadçılara müəyyən proqnozlar verməyə imkan yaradıb.

Təəssüf ki, bütün proqnozlar neqativdir və onlarla razılaşmamaq çox çətindir.
 
İlk növbədə mütləq ABŞ-da ilin əvvəlində əsas indekslərin kəskin azalmasını qeyd etmək lazımdır. 2016-cı ilin ilk günlərində indekslər o dərəcədə enib ki, hadisə dərhal uçqun adlandırılıb. Dow Jones indeksi yanvarın 1-dən yanvarın 8-dək 17 341 bənddən 16 235 bəndədək (6,4%), S&P 500 indeksi isə 2 035 bənddən 1 912 bəndədək (6%) enib. Bu eniş son 100 ildən artıq müddət ərzində ən yüksək olub və baş verənlər bir sıra mütəxəssislər tərəfindən yeni böhranın başlanması əlaməti kimi qiymətləndirilib.
 
İndekslərin kəskin azalmasının əsas iki səbəbi var. Birinci səbəb Çin iqtisadiyyatında baş verənlərdir. İlin ilk günlərində Çində yeni devalvasiya baş verib və yuan 1%-dən artıq ucuzlaşdırılıb. Bu addım investorlar tərəfindən Çin iqtisadiyyatında problemlərin möhkəmlənməsi və iqtisadiyyatın zəiflənməsi əlaməti kimi qiymətləndirilib. Bu fikirlər əsaslı görünür, çünki yuanın ucuzlaşması ilə paralel Çinin əsas fond indeksləri də ucuzlaşmaya məruz qalıb, investorlar arasında panika yaranıb və zəncirvarı reaksiya başlayıb. Bundan əlavə Çinin qızıl-valyuta ehtiyatları barədə statistika da mənfi olub. Belə ki, 2015-ci il ərzində ehtiyatlar 513 mlrd. dollar azalıb ki, bu da tarixi antirekorddur. Açıqlanan rəqəmlər investorlara neqativ təsir edib və onlar Çindən investisiyaların geri çəkməyə götürməyə başlayıb, bununla da neqativ prosesləri daha sürətləndiriblər. Bu isə öz növbəsində ABŞ-a və ümumilikdə dünyaya təsir edib, çünki Çin dünyanın ən iri istehsalçı və istehlakçılarından biridir. Bu ölkədə baş verənlər dərhal dünya iqtisadiyyatına təsir edir və baş verənlər həmçinin neft bazarında özünü göstərir. Amma bu barədə bir qədər sonra.
 
ABŞ-ın fond bazarında uçqunun ikinci səbəbi ondan ibarətdir ki, fond bazarında “maliyyə köpükləri” yaranıb, bir çox qiymətli kağızlar və aktivlər həddən artıq qiymətləndirilib. Nəticədə, bəzi investorlar və analitiklər hadisələri 2008-ci ilin təkrarlanması kimi dəyərləndirməyə başlayıb. Həqiqətən, iki dövr arasında oxşarlıq var, çünki o vaxt da böhran səhmlərin qiymətlərinin şişirdilməsindən və “maliyyə köpüklərinin” partlamasından başlayıb. Qeyd edək ki, fond bazarında baş verənlər dərhal dolların məzənnəsinə də təsir edib. Nəticədə, yanvarın 5-dən sonra cəmi iki gün ərzində dolların avroya qarşı məzənnəsi 1 avroya 1,075 dollardan 1,093 dollaradək enib. Amma son bir neçə gündür ki, yeni maliyyə böhran barədə ehtimallar bir az zəifləşib, çünki yanvarın 9-da ABŞ-ın əsas indekslərinin yenidən artması müşahidə olunur. O tarixdən Dow Jones indeksi 16 235 bənddən 16 501 bəndədək, S&P 500 indeksi isə 1 912 bənddən 1 943 bəndədək yüksəlib. Aydındır ki, ilin ilk günlərində baş verən enmənin əvvəlki səviyyəyə qayıtmasına hələ çox var, amma tendensiya ümidvericidir. Əsas odur ki, sonradan kəskin azalma baş verməsin. Bunu indi əminliklə demək olmaz, ona görə də hələlik hamı proqnoz verməkdən çəkinir. Çox şey həqiqətən “köpüklərin” mövcud olması, yoxsa baş verən panikanı yalnız Çin amilinin diktə etməsindən asılı olacaq. İkinci halda ABŞ-da yeni maliyyə böhranının yaranma ehtimalı azdır, çünki Çin amili artıq daimi və obyektiv amilə çevrilir və hamı ona öyrəşməyə başlayıb.
 
O cümlədən də neft bazarı. ABŞ-ın fond bazarından fərqli olaraq, neft bazarında vəziyyət olduqca neqativdir. Çin iqtisadiyyatında baş verən mənfi proseslər, ÜDM-in artım templərinin azalması, istehsalatda azalma, ixracda azalma o həddə çatıb ki, Çin tərəfindən neftə tələbat kəskin şəkildə aşağı düşüb. Bu, neft bazarında təklifin tələbatı üstələnməsinə səbəb olan bir amildir. Hazırda Çin faktoru neft bazarında daimi endirici qüvvəyə çevrilib. Amma aydındır ki, bu yeganə təsiredici amil deyil. Əgər Çin tərəfindən neftin alışının azalması bazarda tələbatı azaldırsa, bəzi ixracatçılar tərəfindən satışlarının artırılması bazarda təklifin artmasına səbəb olur. Nəticədə, təkliflə tələbat arasında disproporsiya daha da artır. Yeri gəlmişkən, belə ixracatçılar arasında əsasən Rusiyanı və Səudiyyə Ərəbistanı qeyd etmək lazımdır. Bu ölkələr neftin qiymətinin azalmasına cavab olaraq hasilatı və ixracatı durmadan artırır. İş o dərəcəyə çatıb ki, bu iki ölkə arasında Avropa bazarı uğrunda dempinq müharibəsi başlayıb. Bundan əlavə neft bazarına yeni oyunçu daxil olur. Belə ki, məlum olduğu kimi, ötən ilin sonunda ABŞ-da xam neftin ixracına olan qadağa ləğv olunub. Bu, yaxın zamanlarda ABŞ neftinin bazara çıxarılması hələ ki demək deyil, amma perspektivdə bu, baş verəcək. Nəhayət, İrandan sanksiyaların götürülməsi prosesi artıq real hal alıb. Bu ayın əvvəlində son 5 ildə ilk dəfə olaraq Avropa istehlakçısı tərəfindən İrandan neft alınması barədə artıq ödəmə həyata keçirilib. Aydındır ki, bütün bu amillər neft bazarında təklifin artmasına səbəb olur.
 
Maraqlıdır ki, İrandan sanksiyaların ləğv edilməsi təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb və sona qədər reallaşdırılıb, tədarüklərini artıran Səudiyyə Ərəbistan isə ABŞ-ın siyasi tərəfdaşıdır və nəhayət ABŞ özü 40 ildən sonra xam neftin ixrac etməyə qərara gəlib. Göründüyü kimi, bütün izlər ABŞ-a aparır. Qeyd edək ki, indi iqtisadi və siyasi təhlildə neftin məhz ABŞ tərəfindən ucuzlaşdırılması və hədəfin Rusiyanı zəiflətmək olduğu barədə fikirlər çox populyardır. Hər halda nəticədə neft bazarında uçqun baş verir ki, prosesdən çox uzaq olan ölkələr əziyyət çəkir. Və bu proses davam edəcək, çünki neftin qiyməti barədə proqnozlar ən azı sevindirici deyil. Əgər ötən ilin ortalarında, hətta sonunda müxtəlif pozitiv proqnozlar səslənirdisə, hazırda bütün proqnozlar neqativdir. Onlar yalnız rəqəmdə fərqlənir. Bəziləri bu il ərzində neftin qiymətinin 40 dollar, digərləri 30 dollar, ən pessimistlər isə 20 dollar səviyyəsində proqnozlaşdırır. Hazırda neftin qiyməti 30-31 dollar ətrafındadır ki, bu da 12 illik minimudur. Doğrudur, dünən son iki həftə ərzində ilk dəfə kiçik artım müşahidə olunub. Bunun əsas səbəbi kimi ABŞ-ın neft ehtiyatları barədə statistika olub. Bələ ki, Amerika Neft İnstitutun ilkin hesablamalarına görə, ötən həftə ölkədə neft ehtiyatların 3,9 mln. barel azalıb. Bu xəbər neft bazarına kiçik yüksəldirici təsir etsə də, sonradan ABŞ Energetika Nazirliyinin açıqladığı fərqli rəqəmlər nefti yenidən ucuzlaşdırıb.
 
Bundan əlavə bazara müsbət təsir edən daha bir amil var. Bu, OPEC tərəfindən mart ayında fövqəladə iclasın çağırılması barədə məlumatlardır. Hələlik iclasın baş tutub-tutmayacağı, hasilatın azaldılması barədə qərar qəbul edilib-edilməyəcəyi məlum deyil. Amma iclasın çağırılma ehtimalı barədə məlumat belə neftin qiymətinə müəyyən mənada müsbət təsir edib.
 
Qeyd edək ki, neft bazarında vəziyyətinin müsbətə dəyişməsinə inananlar çox azdır. Məsələn, Rusiya rəsmiləri neftin qiymətlərinin aşağı səviyyədə qalmasını gözləyir və artıq indi dövlət büdcəsini real göstəricilərə uyğunlaşdırmağa hazırlaşırlar. Aydındır ki, bu situasiyanı bütün neft ixrac edən və neft ixracından asılı olan ölkələri gözləyir. Böyük ehtimalla proqnozlaşdırmaq olar ki, dünyada ucuz neft dövrü hələ də davam edəcək və bu həm ayrı-ayrı ölkələri, həm də dünya iqtisadiyyatını çətin vəziyyətə qoyacaq. Bütün proseslər biri-birinə bağlıdır: fond indekslərinin misli görünməmiş enişi, neftin 2003-2004-cü ilin qiymətlərinə qədər ucuzlaşması və... Növbədə nədir?
 
Vahab Rzayev
APA Analitik Mərkəzi
 





15.01.2016    çap et  çap et