525.Az

İsmayıllıdan olan millət vəkili də danışdı


 

İsmayıllıdan olan millət vəkili də danışdı<b style="color:red"></b>

“İsmayıllıda heç bir xalq üsyanından, qiyamdan söhbət belə gedə bilməz. İsmayıllılar çox sülhpərvər, sakit təbiətli, dövlətpərəst, iqtidarpərəst insanlardır, onlar heç zaman dövlət əlieyhinə çıxmayılblar və çıxmazlar”.

Bunu 525.az-a açıqlamasında həmin rayondan millət vəkili olan Novruz Aslan dünən axşam saatlarında İsmayıllıda baş verən olaya, həmin hadisənin müxalif düşərgə, onun nəzarətində olan media tərəfindən xalq üsyanı, qiyam kimi təqdim edilməsinə münasibətini bildirərkən dilə gətirib. Rayonda vəziyyətin tam normal, stabil olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, hazırda özü də İsmayıllıdadır və seçicilərlə növbəti qəbul keçirir: “Bildiyiniz kimi, mən hər həftənin cümə axşamı deputat seçildiyim İsmayıl rayonunda olur və seçicilərlə görüş keçirirəm. Yəni, hər həftənin dördüncü günü mənim İsmayıllıda qəbul günümdür və elə sizinlə danışdığım dəqiqələrdə də növbəti qəbulumu  keçirirəm. Müxtəlif problemləri olan insanları dinləyir və yerli strukturlar vasitəsi ilə onların həllinə kömək etməyə çalışıram.

Yeri gəlmişkən, bir az öncə də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla bir yerdə idik, onunla rayonda bir yas yeri var idi, ora getdik və mərhumun ailəsinə başsağlığımızı verdik. İndi də dediyim kimi, qəbulumdur, yerli, sakinləri, insanıları qəbul edirəm. Qəbul başa çatandan sonra isə bir daha dünən axşam baş vermiş hadisə ilə bağlı İcra hakimiyyətinə gedib, icra başçısı ilə görüşüb, müzakirə aparacağam”.

İsmayıllıda baş vermiş hadisə ətrafında ajiotaj yaradılmasının qəti əleyhinə olan millət vəkili onu da deyib ki, məlum olay yol qəzası nəticəsində baş vermiş hadisə ətrafında cərəyan edib:

“Bu, adi bir yol qəzasından doğan hadisədir, ancaq bilmirəm ki, o, sonradan niyə belə bir məcraya gəlib çıxıb... Hər halda məsələ araşdırma mərhələsindədir. Ona görə bu haqda hələ geniş məlumat verməyə hazır deyiləm. Ancaq bir daha qeyd edirəm ki, İsmayıllıda baş verən hadisə ətrafında bu qədər hay-küy yaratmağa ehtiyac yoxdur. Burada həyat öz əvvəlki normal məcrasında davam edir. Kimlərinsə uydurduğu xalq üsyanından, qiyamdan da söhbət gedə bilməz...”

Kamil Həmzəoğlu

 





24.01.2013    çap et  çap et