525.Az

Millət vəkili “Ziyalılar Forumu” barədə sərt danışdı


 

Millət vəkili “Ziyalılar Forumu” barədə sərt danışdı<b style="color:red"></b>

“Ziyalılar Forumu” adlı qurumun Azərbaycan ziyalılarının adından istifadə etmələri absurd bir şeydir”.

525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında bitərəf millət vəkili Rüfət Quliyev dilə gətirib. “Burada təmsil olunanlar bu və ya digər sahədə şəxsi maraqlarını güdən cılız bir qrupdur və onların Azərbaycan ziyalılarının adından danışmağa nə mənəvi, nə də hüquqi haqları yoxdur. Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən: “Kim sizi qəyyum edib hökm edəsiz bizlərə”-deyən millət vəkilinin sözlərinə görə, əsl ziyalı öz mövqeyini dəyişməz və həmişə bir məsləkin daşıyıcısı olar. O, qeyd edib ki, müəyyən sahələrdə öz mövqelərini itirmiş bu şəxslər hakimiyyət iddiasına düşərək, indi özlərini “üçüncü qüvvə” adlandırır və Moskvadakı həmfikirləri də daxil olmaqla antimilli siyasət yürüdürlər.

Onun  bildirdiyinə görə, Rusiyanın özündə də elə qüvvələr var ki, Azərbaycanın müstəqil siyasət xəttindən qıcıqlanır, ölkədə qarışıqlıq salmağa cəhd göstərirlər, lakin onların bütün cəhdləri əbəsdir:

 “Çünki Azərbaycan xalqı artıq ağı qaradan yaxşı seçir. Onların hakimiyyətə gəlmək kimi xülyaları xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyil. Xalq arasında heç bir dayağa malik olmayan bu qüvvələr aqressiv müxalifət dəyirmanına su tökməklə özlərini də xalqın gözündən salmışlar”.

R.Quliyev onu da əlavə edib ki, Prezident seçkilərinin keçiriləcəyi ildə onların xüsusi canfəşanlığının mahiyyəti hamıya məlumdur, ancaq xalqımız bir daha səhvə yol vermək fikrində deyil və öz düzgün seçimini edəcək.

“Tam əminliklə bildirirəm ki, əgər günü bu gün Prezident seçkiləri keçirilsə, xalqın 80-90 faizi cənab İlham Əliyevi dəstəkləyəcək” - deyən deputat bildirib ki, Azərbaycan sabit və dinamik inkişaf yolundadır və heç bir qüvvə dövləti bu yoldan sapdıra bilməyəcək:

 “Hər hansı bir “üçüncü qüvvə”nin təhdidləri, şər və böhtanları fəaliyyətimizə mane ola bilməyəcək. Belələrini əvvəllərdə olduğu kimi, yenə də acı məğlubiyyət gözləyir”.

K.Həmzəoğlu

 





24.01.2013    çap et  çap et