525.Az

Prezident ciddi islahatların anonsunu verdi


 

ANTİ-BÖHRAN KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ İSLAHATLAR DƏRİNLƏŞDİRİLİR, QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI İSTİQAMƏTİNDƏ İŞLƏR SÜRƏTLƏNDİRİLİR

Prezident ciddi islahatların anonsunu verdi<b style="color:red"></b>

Neftin kəskin şəkildə dəyərdən düşməsi fonunda qlobal iqtisadi böhranın dərinləşməsi Azərbaycana da təsirsiz ötüşməyib.

Büdcə gəlirlərinin böyük hissəsini neft hesabına formalaşdıran dövlətimiz bu çətin sınaqdan minimum zərərlə çıxmaq, milli valyutamız olan manatın dəyərdən düşməsinin qarşısını almaq məqsədli ilə anti-böhran kampaniyasına start verib. Təsadüfi deyil ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasından təqribən 1 həftə keçəndən sonra, yanvarın 18-i ölkə başçısı iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirib. Bu müşavirədə Prezident böhranla mübarizə sahəsində müvafiq sərəncam, fərman və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində süni qiymət artımının qarşısının alınması, pensiya, aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticələrini nəzərdən keçirib və digər mühüm məsələlərlə bağlı müvafiq dövlət qurumlarının üzərinə bir sıra yeni tapşırıqlar qoyub.

Prezident çıxışında qeyd edib ki, yaranmış vəziyyətdən şəxsi və siyasi maraqları üçün sui-istifadə etmək istəyənlər -  təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar.

Artıq struktur islahatları ilə bağlı müəyyən addımların atıldığını deyən İlham Əliyev bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.

Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını qeyd edən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyindən danışan dövlətimizin başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub. Ölkə rəhbəri iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini diqqətə çatdırıb, 2016-ci il Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.

Məsələ ilə bağlı millət vəkili Musa Quliyev qeyd edib ki, manatın növbəti dəfə devalvasiyasından sonra ölkənin iqtisadi, maliyyə sahəsində yaranan gərginlik artıq aradan qalxır: "Bu gərginliyin psixoloji səbəbləri var idi. Manatın ikinci dəfə devalvasiyasından sonra əhalidə yaranan psixoloji gərginlik səbəbindən onlar uzunmüddətli ərzaq tədarükü görməyə çalışırdılar. Bu vəziyyətdən sui-istifadə edən işbazlar isə qiymətləri süni şəkildə qaldırmaqla məşğul idi".

M.Quliyevin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, devalvasiyanın ilk aylarında həmişə bu cür psixoloji gərginliklər yaranır: "Bu dövr Azərbaycanda kifayət qədər qısamüddətli və ağrısız keçib. Ölkə rəhbəri İlham Əliyevin vəziyyətə operativ müdaxiləsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, un və un məmulatlarının əlavə dəyər vergisindən azad edilməsi, bir sıra xidmətlərin sadələşdirilməsi və "ASAN Xidmət"ə verilməsi, eləcə də digər məsələlərlə bağlı verilən tapşırıq, fərman və sərəncamları bu gərginliyin aradan qaldırılmasına gətirib çıxarıb".

Deputat vurğulayıb ki, Prezidentin növbəti sərəncamı ilə pensiya, sosial müavinət, qaçqınlara verilən maddi yardımlar artırılıb və yaxın vaxtlarda əmək haqlarının da artırılmasının şahidi olacağıq: "Ölkə rəhbərinin göstərişi ilə yerli məhsulların istehsalının genişləndirilməsi məqsədilə sahibkarlara ciddi dəstəyin verilməsi, kreditləşmənin asanlaşdırılması və uyğun faizlərlə aparılması, hökumət orqanlarının tam səfərbər olması, o cümlədən, Azərbaycan xalqının qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərini anlayışla qarşılaması aparılan ümumi işdə çox müsbət rol oynayıb. İlk günlərdə ölkənin bəzi regionlarında gərginlik, ajiotaj müşahidə olunsa da, hazırda vəziyyət tam sabitləşib. Hesab edirəm ki, uzağı bir aya həyat öz əvvəlki axarına qayıdacaq".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə bildirib ki, qısa müddət ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb: "Aztəminatlı ailələrə verilən sosial yardımların artırılması, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində un və un məmulatlarının əlavə dəyər vergisindən azad edilməsi böyük əhəmiyyət kəsb edən məsələlərdəndir".

E.Mirzəbəyli qeyd edib ki, Prezident müşavirədə kifayət qədər ciddi islahalatların anonsunu verib: "Ölkə rəhbərinin bildirdiyi kimi, ölkədə anti-böhran kampaniyası çərçivəsində islahatlar daha da dərinləşdirilməli, qeyri-neft sektorunun inkişafı istiqamətində işlər sürətləndirilməlidir".

Politoloq hesab edir ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının vəziyyəti ilə bağlı geniş araşdırmaların nəticəsində atılan məqsədyönlü addımlardır: "Bu mənada, böhranla mübarizədə hökumətin ciddi addımlar atacağı gözləniləndir. Prezidentin söylədiyi fikirlər, verdiyi tapşırıqlar və onların icrası istiqamətində görülən işlər Azərbaycan vətəndaşlarında ölkənin xoşbəxt gələcəyinə olan ümidlərini daha da artıracaq".

Ceyhun ABASOV

 





19.01.2016    çap et  çap et