525.Az

Adını bilmədiyim 20 Yanvar şəhidi


 

Adını bilmədiyim 20 Yanvar şəhidi<b style="color:red"></b>

1990-cı il təzə girmişdi. Həyəcanlı günlər yaşayır, Qarabağ düyününün açılmasını gözləyirdik. Hələ ümid edirdik ki, ərazi bütövlüyümüz toxunulmaz qalacaq, problem xalqımızın xeyrinə həll olunacaq, həqiqət zəfər çalacaq.

Sov.İKP Mərkəzi Komitəsi sərhədlərin toxunulmazlığı baxımından səhvə yol verildiyindən bu səhvi düzəltməyə çalışacaq və il uğurla başa çatacaq. Meydan hərəkatı, arxivlərdən tapılmış tarixi sənədlər, mürgüləyən yaddaşımızı oyadaraq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin heç iki yüz olmadığını sübut edən Şavrovun, Veliçkonun, Qriboyedovun sənədli kitabları ümid verirdi ki, Stepanakertdə "muatsum-miatsum" qışqıraraq mitinqlər keçirən faşist millətçilər ağıllarını başlarına yığacaq və iki millət yenidən dinc şəraitdə qonşuluqda yaşayacaq. Mahnıda oxunduğu kimi, "qardaş olub Hayastan-Azərbaycan". Lakin bədnam gəlmə qonşular "özümə yer edim, gör sənə nə edim" misalındakı kimi XX əsrdə bir neçə dəfə xaincəsinə minlərlə azərbaycanlını qətlə yetirib, torpaqlarımızı arxalı köpək kimi zəbt edə bildi. Bu azmış kimi, bütün dünyaya özlərini türklər tərəfindən soyqırıma məruz qalmış zavallı xalq kimi tanıtmağa başladılar.

Torpaq zəbt etməyin, özünə vətən yaratmağın ən naqis yolunu seçərək bu gün də dünyada türklərə meydan oxuyur. Azərbaycandan qopardığı ərazilərlə hələ də gözü doymayan qəsbkarlar indi də Naxçıvana göz tikiblər.

Yola saldığımız keçən ildə Ermənistanın prezidenti S.Sərkisyanın Yerevanda gənclərlə keçirilən görüşdə dediyi "Biz Qarabağı aldıq, Naxçıvanı isə siz almalısınız" sözləri bizlərə düşmənin iştahasının böyük olduğundan xəbər verir. Naxçıvanda bizim az qala yaşı min ilə çatan anamız Möminə Xatunun türbəsi, Yusif Qeseyirin abidəsi və s. kimi daş pasportlarımız, şəxsiyyət vəsiqələrimiz mövcuddur.

Ermənilər 2015-ci ildə soyqırımın 100 illiyini qeyd etməklə dünya ictimaiyyətinə saxta soyqırımı qəbul elətdirməyə çalışır. Gözlərimiz önündə baş vermiş Xocalı qırğınına isə dünya göz yumur.

Sonralar təqvimə qara yanvar kimi düşəcək 1990-cı ilin qış ayının hər günü bizi məyus edəcək hadisələrlə "zənginləşdi".

İşlədiyim "Elm və həyat" jurnalının redaksiyasından (o zaman 140 min tirajla çıxan dərginin redaksiyası İstiqlaliyyət küçəsi, Doktor döngəsi, 5 ünvanlı binada yerləşirdi. Hazırda jurnalın nəşrində fasilə yaranıb) çıxıb evə dönərkən hər gün yolumu Bakının ən qədim bazarından sayılan örtülü Passajdan salırdım. Sovetlər dönəmində paytaxtımızda bir neçə mərkəzi bazar vardı. Bugünkü kimi hər tin başı, böyük həyətlərdə mini bazarlar, marketlər yox idi. Meyvə, tərəvəz, göyərti almaq üçün mütləq bazara dəyməli idin.

Passajın alt cərgəsində iri tayları olan darvazanın lap yanındakı şüşəli dükandan lazım olanları alırdım. Xoşrəftar, qılıqlı satıcı oğlan bütün alıcılarını razı salmağı bacarırdı. Onda dükanlarda qədim tərəzilərlə yanaşı uzunboylu tərəzilər də vardı. İndiki kimi elektron tərəzi, hesablayıcı əl kalkulyatorları yox idi. Çəkidə, pulun qalığını qaytarmaqda çox dəqiq olardı. Adını bilmədiyim satıcı heç vaxt tərəzinin oxunu sürətlə "oynadıb" çəkdiyi malı onun üstündən götürməyə tələsməzdi. Tara da həmişə çəki daşının altında olardı.

Satıcının nəzakətli rəftarı həmişə diqqət çəkirdi. Bir dəfə o mənə: "Xanım, icazə verin sizdən sonra dayananı yola salım" - dedi. Onun bu müraciətinə arxayın döndüm və əlində çəliyi, gözündə eynəyi olan lap qoca bir rus qadınını gördüm. Satıcının bu diqqətli davranışına, əlbəttə, etiraz edə bilməzdim, bunu ancaq alqışlamaq lazım idi. Başqa bir dəfə isə məndən əvvəl mal alan bir qız uşağına almaları xüsusi seçimlə tərəziyə yığdığını müşahidə etdim. Onun bu hərəkətinə təəccüblə baxdığımı hiss edib dedi: "Uşaqdır, göndəriblər bazara, evdə danlamasınlar deyə meyvələri seçirəm". Yenə də onun qabiliyyəti diqqətimi çəkdi. Məqsədim adi bir satıcını tərifləmək deyil. 20 Yanvar hadisələrindən sonra onun dükanı bağlı qaldı, bir daha onu görmədim.

Şəhidlərin qırx mərasimindən sonra hələ təzəcə Şəhidlər Xiyabanı adını almış məzarıstanı ziyarətə getmişdim. Soyuqdan bir qədər soluxmuş qırmızı qərənfil "yorğanının" altındakı qəbirlər hələ təpəcikləri xatırladırdı. Qəbirlərin baş tərəfində şəhidlərin tələm-tələsik tapılmış şəkilləri qoyulmuşdu. Şəkillər bizlərə 20 Yanvar gecəsində əli yalın imperiya ordusunun qarşına çıxıb, sanki sipər çəkmək istəyənlərin kimliyini tanıdırdı. Qəbirləri ziyarət edənlərin sayı-hesabı bilinmirdi. Birdən bir qəbrin yanından keçərkən elə bil ayaqlarım yerə mıxlandı. Qəbir üstündəki şəkli tanıdım, Passajda satıcı işləyən gəncin şəkli idi. Adını və soyadını yalnız ölümündən sonra bildim.

Onun Azərbaycanın hansı şəhərində, kəndində dünyaya gəldiyini bilmirəm. Valideynləri kim idi, evli idimi, övlad sahibi idimi? Bildiyim odur ki, o, vətən uğrunda könüllü döyüşə gedənlərdən biri, birincisi olub. Adi satıcı olan bu cavanın qəlbində vətənə bu qədər məhəbbətin olduğunu zənn etməzdim. Sən demə, Qarabağ hadisələri başlayarkən, hərəkatın ən fəal, bariz üzvlərindən biri imiş. O müdhiş gecədə müasir silahlı ordunun qarşısına ən qüdrətli "silahla, vətənə məhəbbət silahı" ilə çıxmağı özünə borc bilib.

Bu günlərdə yenə də Şəhidlərin ziyarətinə getmişdim. Xiyabanın 20 Yanvar şəhidlərinin uyuduğu birinci cərgədəki məzarlarını ziyarət edərkən həmin şəhidin qəbrini axtardım. Yadımda qalmışdı ki, onun qəbri təxminən birinci sıranın ortasındadır, lakin tanıdığım şəkli heç qəbrin üzərində görə bilmədim. Sıranın qarşısından bir dəfə də keçdim, lakin onun şəklini tanıya bilmədim. Görünür, 2007-ci ildə "Şəhidlər Xiyabanı"nda bərpa işləri aparılarkən, onun daha səliqəli şəklini qara mərmərin üstündə həkk ediblər.
 
Məzarların üstündə qoşa qərənfillər vardı. O şəhid elə cavan qalmışdı, mən isə həyatımın ixtiyar dövrünü yaşayıram. Yəqin ki, görmə hafizəm də mənə artıq xəyanət edir. Əlbəttə, şəhidin adını yadımda saxlamadığım üçün özümü qınayıram. Ancaq həmin sırada əbədiyyətə qovuşanların hamısı bizim əzizlərimiz deyilmi?

20 Yanvar hadisələri zamanı bir nəfər həkim də mənim xatirimdə əbədi qalıb. Onunla çox vaxt yaşadığım binanın giriş qapısında rastlaşarkən ayaqüstü söhbət edərdik. Validə xanım Qulam qızı Fətəliyeva çoxlarının "Kəndli xəstəxanası" kimi tanıdığı Emin Əfəndiyev adına xəstəxananın baş həkiminin müavini, tibb elmləri namizədi idi. Elə yanvar günlərinin birində Validə xanım çox həyəcanla mənə bildirdi ki, xəstəxanaya telefonoqramma gəlib, orada yazılıb ki, şəhərin bütün xəstəxanaları kimi işlədiyim xəstəxana da fövqəladə vəziyyətə hazır olsun. Bəlkə də həkim bunun nə demək olduğunu duymuşdu. Mənə isə bu telefonoqramma heç nə demirdi. Həmişə çox səliqə ilə, zövqlə geyinən, kosmetikası üzündən əskik olmayan həkim qadın bir neçə günün içində xeyli dəyişmişdi, üzündən qəm yağırdı. O günlərdə əslində eşitdiyimiz bəd xəbərlərdən hər bir azərbaycanlının qanı qara idi. Azadlıq meydanında mitinqlərin qarşısı alınmışdı. Qarabağ hadisələrinin nə ilə nəticələnəcəyi məlum deyildi. Xalq təşviş içində idi.

Bu qısa söhbətdən iki gün sonra isə 20 Yanvar hadisəsi baş verdi. Telefonoqrammanın məzmunu yalnız indi mənə məlum oldu. Onsuz da şəhərin bir çox yerlərində aydın eşidilən atışma səsləri bir çoxlarının yuxusunu ərşə çəkmişdi. Səhər açılan kimi ikinci mərtəbədə yaşayan Validə xanımın qapısını döydüm. Həkimlə üzbəüzdə yaşayan yəhudi qonşum Liza İlizarova ehtiyatla qapını açıb bildirdi ki, Validə xanım hələ alaqaranlıqda xəstəxanaya gedib. Xəstəxana yaşadığımız mənzilin iki addımlığında idi. Bir neçə gün Validə xanımı görə bilmədim. Şəhidlərimizi böyük ehtiramla, izdihamla yanvarın 22-də Kirov parkının bir küncündə dəfn etdik. Yanvar ayı olmasına baxmayaraq, günəşli, isti bir gün idi. Həmin künc indi məzarları önündə daim baş əyəcəyimiz "Şəhidlər Xiyabanı"na çevrilib.

Dəfn mərasimindən bir neçə gün keçmiş Validə xanımla yenidən görüşdüm. Atışmanın səhəri günü lap tezdən özünü xəstəxanaya çatdıran və gətirilən onlarla xəstəyə həmkarları ilə yardım etmiş, əməliyyat otaqlarında əllərindən gələn köməyi əsirgəməmiş bu həkim qadın məni görən kimi çox kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Həmişə şux, şən əhval-ruhiyyədə görməyə alışdığım Validə xanım bu bir neçə gündə xeyli dəyişmişdi. Çöhrəsi çox solğun idi. İlk sözü də bu oldu: "Bu günlərdə xəstəxanada gördüklərimi Allah heç kimə qismət etməsin. Ana, ana mənə kömək edin - deyən cavanları heç zaman unuda bilməyəcəyəm. Başa düşə bilmirəm ki, silahsız adamlara divan tutan bizim ordumuzdur? Məgər adamı öldürmək üçün bir neçə güllə kifayət deyilmi? Cavan bir gəncin bədənində 23 güllə yeri vardı".

Həqiqətən, həmin günlərdə ehtiyatda olan I dərəcəli kapitan, texnika elmləri namizədi A.Evstiqueyev, ehtiyatda olan II dərəcəli kapitan, hüquq elmləri doktoru Q.Melkov, ehtiyatda olan podpolkovnik B.Muraşovun apardıqları tədqiqatlardakı faktları heç vaxt unutmalı deyilik: "Öldürülmüş Y.Meyeroviçin cəsədində 21, D.Xanməmmədovun cəsədində 10, R.Rüstəmovun cəsədində isə 23 güllə yeri vardı. 23 güllə bütöv bir avtomat sırasıdır".

20 Yanvar faciəsinin qurbanlarını öz gözü ilə görmüş, onların son nəfəsində başları üstündə dayanmış həkim Validə xanım bu müsibətdən sonra yaşaya bilmədi, heç bir il keçməmiş dünyasını dəyişdi.

Artıq bir qərinədən çoxdur ki, hər il yanvarda Şəhidlərin uyuduğu xiyabana qırmızı qərənfillər sanki "axın" edir. Əslində məzarların üstündən qoşa qərənfillər əskik olmur. Şəhərimizə gələn turistlər, rəsmi qonaqların bir çoxu Şəhidlər Xiyabanını da ziyarət edir və əllərindəki gülləri təzim edərək qəbirlərin üzərinə düzürlər.

Təxminən 100 il bundan əvvəl Türkiyənin xilası üçün minlərlə əsgər Mustafa Kamal paşanın komandanlığı ilə Çanaqqalada ölüm-dirim savaşına çıxmış, canları bahasına Vətəni qorumuşdu. Çanaqqala memorialında yalnız türklər deyil, həmin döyüşlərdə Türkiyəni parçalayıb, məhv etmək istəyən ölkələrin əsgərləri də dəfn olunub: ingilis, fransız, italyan və s.

Bizim "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin şəhidi olan yəhudi, ləzgi, rus, tatar və s. millətlərin övladı eyni cərgədə dəfn olunub. Sovetlər dönəmində Kirov adına əyləncə və istirahət parkının bir küncündə salınmış "Şəhidlər Xiyabanı" bu gün bizim həm kədər, həm də qürur verəcək bir ziyarətgahımızdır.

Təzə il başlayanda, yanvarın 20-də xiyabanda uyuyanların məzarı qarşısından həzin musiqi sədaları altında hüznlə, göz yaşları ilə başıaşağı keçir, şəhidlərimizin ruhunu yad edirik. Lakin gün gələcək biz "Heyratı" sədaları altında onlara ruhunuz şad olsun, əziz şəhidlərimiz, uğrunda can fəda etdiyiniz Vətən torpağı düşmən tapdağından xilas edilmişdir. Biz sizin ruhunuz qarşısında borcumuzu yerinə yetirdik. Bakının ən hündür yerində sakit uyuya bilərsiniz - deyərək, şəstlə, başı uca keçəcəyik. Heyratının sədaları Şuşada da səslənəcək.

Təvanəsiz Xurşudbanunun vəsf etdiyi "Səni kimdir sevən bica qərənfil, Sənə mən aşiqi-şeyda, qərənfil"lər matəm mərasimlərinin güllərinə çevrilib. Al-qırmızı qərənfillər bəxti qara çiçək kimi sevənlərin, sevilənlərin əllərindən qeybə çəkilib. Gül buketlərində yerini yabançı çiçəklərə verib. "Belə pəjmürdə hal ilə durubsan, qərənfil" - deyən Xan qızının da gözü yoldadır. O da vətən övladlarının ayaq səslərinin intizarındadır, özü də vəsf etdiyi qərənfilləri ilə.

Hər il 20 Yanvarda "Şəhidlər Xiyabanı" başdan-başa qərənfil "açır" səkilərdə, məzarların üstündə qərənfillər sanki al rəngi ilə şəhidlərin qanının hələlik yerdə qaldığını söyləyir.

İndi hər birimiz dərildikdən sonra uzun müddət təzə-tər qalan qərənfillərin yenidən sevgi rəmzinə çevrilib sevənlərin hədiyyə gülünə çevriləcəyi günlərin arzusu ilə yaşayırıq. Axı atalar deyiblər ki, su gələn arxa bir də gələcək.

Paffi, Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimilər xalqlar arasında nifaq salmaqla şöhrət qazanmaq istəyənlərə dahi şairimiz Hüseyn Cavid:

"Kəssə hər kəs tökülən qan izini
Qurtaran dahi odur yer üzünü" -

demişdi.

Torpaq insanın məskən saldığı yaşayış evidir, yurdudur. Dilindən, dinindən, millətindən asılı olmayaraq onun üstünə qan tökmək yox, gül əkmək lazımdır.

Tanrıya bu daha xoş gedər.

 





19.01.2016    çap et  çap et