525.Az

Əsli və Kərəm" operası yeni təqdimatda (Fotolar)


 

Əsli və Kərəm" operası yeni təqdimatda <b style="color:red">(Fotolar)</b>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının premyerası keçirilib.

Üzeyir Hacıbəylinin yaradıcılığında xüsusi yeri olan bu operanın ilk tamaşası 1912-ci il mayın 18-də Opera və Balet Teatrının binasında gerçəkləşib. Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Ü.Hacıbəylidir.

Yanvarın 23-də baş tutan premyera tamaşasında əsas partiyaları teatrın gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Arzu Əliyeva (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Gənclərlə yanaşı, tamaşada, həmçinin teatrın təcrübəli solistləri — Xalq Artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları da səhnəyə çıxıblar. Yeni quruluşun rejissoru Hafiz Quliyev gənclərin ifasından razı qaldığını bildirib. O qeyd edib ki, “Əsli və Kərəm” operası “Leyli və Məcnun” dan sonra muğam partiyalarının uzun olduğu operadır. Bu baxımdan da bu tamaşalarda əsas məsuliyyət xanəndələrin üzərinə düşür. “Tamaşanı tamamilə yeni quruluşda səhnələşdirdik və gənclərə həvalə olunmasına üstünlük verdik. Bildiyiniz kimi bir ilə yaxındır ki, “Əsli və Kərəm” operasında əsas partiyalara gənc xanəndələr İlkin Əhmədov, Vüsalə Musayeva, Arzu Əliyeva və Elnur Zeynalov hazırlaşırdılar. Tamaşa bu dəfə tamaşaçılara Arzu Əliyeva və Elnur Zeynalovun ifasında təqdim olundu, gələn tamaşanı İlkin Əhmədovla Vüsalə Musayeva oynayacaq”. Gənclərin öz rollarının öhdəsindən uğurla gəldiyini deyən Hafiz Quliyev uzun müddət gedən məşq proseslərindən sonra nəticənin belə ürəkaçan olacağına öcədən inandığını bildirib.

Xalq artisti Mənsum İbrahimov da tamaşadan razı qaldığını deyib. O bildirib ki, iyirmi ildən artıq müddətdə səhnəyə qoyulmayan operanın əsas partiyalarının məhz gənclərə həvalə olunması onu sevindirir: “Tamaşa Üzeyir bəyin çox möhtəşəm əsərlərindən biridir. Çox sevinirəm ki, bu tamaşa yenidən bərpa edilib və bizim yetirmələrimizə həvalə olundu. Tamaşa, həm rejissor işi baxımından, həm gənclərin  obraza girmə məharəti, həm ifaları olduqca uğurlu idi. Mən başda Hafiz Quliyev olmaqla bütün yaradıcı heyətə öz minnətdarlığımı bildirirəm. Gənclərimizi təbrik edirəm, onlara uğurlar arzulayıram”.

Təqdimatı tamaşaçılar da maraqla qarşılayıb, ifaları dönə-dönə alqışlayıblar.

Tamaşanın musiqi rəhbəri və dirijoru Sevil Hacıyeva, quruluşçu rəssamı Yusif Babayev, rəqslərin quruluşçusu isə Mədinə Əliyevadır.

Günel MUSA








 





24.01.2013    çap et  çap et