525.Az

ABŞ fondunun yaydığı siyahıda Sumqayıt ikinci yerdədir


 

ABŞ fondunun yaydığı siyahıda Sumqayıt ikinci yerdədir<b style="color:red"></b>

EKOLOGİYA NAZİRLİYİ: “SUMQAYITDA İNSAN SAĞLAMLIĞI ÜÇÜN HEÇ BİR CİDDİ TƏHLÜKƏ YOXDUR” 

ABŞ-ın “Blacksmith Institute” fondunun yaydığı siyahiya görə, dünyada elə yerlər var ki, orada olmaq ümumiyyətlə məsləhət deyil.

Fondun araşdırmalarına görə, dünyanın insan həyatı üçün ən təhlükəli 10 şəhəri arasında Sumqayıt Çernobıldan sonra 2-ci yerdə qərarlaşıb.

Yayılan məlumata görə, Sumqayıt keçmiş SSRİ-nin ən böyük və ən zəhərli kimya sənayesi komplekslərindən biridir. Hazırda 300 min nəfərdən çox əhalisi olan şəhərdə ağır metallar, neft məhsullarının emalı zamanı atmosferə düşən zəhərli maddələr insanların sağlamlığında ciddi problemlər yaradıb. Şəhərdə sümük iliyi xəstəliyi xüsusi ilə geniş yayılıb. Siyahıda Hindistanın  Vapi, Sukinda, Çinin Tyanjin, Linfan, Rusiyanın Norilsk, Dzerjinsk, Perunun La-Oraya və Zambiyanın Kabve şəhərləri yer alıb.

“Blacksmith Institute” fondunun qənaətinə görə, bu şəhərlərdə ötən əsrdən qalan bir sıra fəsadlar havanı zəhərləyərək xəstəlik mənbəyinə çevrilib. Məlumatda hazırda da zavod, fabriklərdən havaya buraxılan zəhərli maddələr, eləcə də kimyəvi tullantıların çoxluğunun şəhərlərdə vəziyyəti daha ağırlaşdırdığı vurğulanıb.

ABŞ-ın “Blacksmith Institute” fondunun yaydığı bu xəbəri dezinformasiya adlandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova “525”ə açıqlamasında bildirib ki, bu məlumat hələ Azərbaycanın Sovetlər Birliyinin tərkibində olduğu dövrü əhatə edir: “Xəbəri yayan fondun məqsədi başadüşülən deyil. Çünki indi biz nə SSRİ-nin, nə də hər hansı bir dövlətin tərkibində deyilik. Müstəqil dövlətimiz, müstəqil siyasətimiz var. Çünki ötən əsrin 70-80-ci illərinə istinad edilən bu xəbər, köhnə xronika olmaqla yanaşı olduqca şişirdilmiş informasiyadır. Sumqayıtda nəinki sümük iliyi xəstəliyindən, eyni zamanda insan sağlamlığı üçün heç bir ciddi təhlükədən söhbət gedə bilməz. Bunu orada yaşayan insanlarda təsdiqləyə bilər”.

Ölkədə davam edən yenidənqurma, təmir və abadlıq işlərinə də toxunan İ.İbrahimova onu da qeyd edib ki, ötən bu vaxt ərzində nəinki Sumqayıtda, eləcə də ölkənin əksər şəhərlərində yenidənqurma işləri uğurla aparılıb, ölkənin ekoloji durumu xeyli yaxşılaşdırılıb: “Bu cür həqiqətə uyğun olmayan informasiyaları araşdırmadan mətbuatda yaymaq düzgün deyil”.

Ceyhun ABASOV

 





24.01.2013    çap et  çap et