525.Az

“Dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi cəhətlərindən biridir”


 

“Dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi cəhətlərindən biridir”<b style="color:red"></b>

SEYİD CAMAL ƏZİMBƏYLİ: “DİNLƏRARASI MÜNASİBƏTLƏRDƏ DÖVLƏTİMİZİN YÜRÜTDÜYÜ SİYASƏT, TUTDUĞU MÖVQE TƏQDİRƏLAYİQDİR”

Tarix boyu Azərbaycanda ayrı-ayrı milli azlıqlar, müxtəlif din daşıyıcıları, təriqət sahibləri bərabər şəkildə yaşayaraq, öz ayinlərini azad şəkildə yerinə yetiriblər. Əcdadlarımızın bizə miras qoyduğu bu dəyərli nemət xalqımız tərəfindən qorunmaqla yanaşı, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasət dinlərarası və milli münasibətləri nümunəvi şəkildə yaşadır. Dövlətin bu sahədə yürütdüyü siyasət təqdir olunmaqla, ölkədəki dini tolerantlıq mühiti örnək kimi xarakterizə edilir. Tanınmış ictimai xadim, şərqşünas Seyid Camal Əzimbəyli ilə söhbətimiz bu barədədir.

– Hazırda ölkədəki dini tolerantlıq mühitini, dinlərarası münasibətləri necə qiymətləndirirsiniz?

– Həqiqətən də ölkəmizdə dini tolerantlıq, dinlərarası münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Fikrimcə, ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizm və multikulturalist dəyərlərin müstəsna rolu var. Dinlərarası münasibətlərlə yanaşı, milli münasibətlər və bu sahədə dövlətimizin yürütdüyü siyasət, tutduğu mövqe təqdirəlayiqdir. Bununla bərabər əsrlərdən bəri gələn xeyirxah ənənələrdən yoğrulmuş könül sahibi olan Azərbaycan xalqının bu məsələlərə münasibəti, dini dözümlülüyü çox yüksək səviyyədədir. İstər ölkəmizdə məskunlaşan etnik xalqlara, istərsə də digər məzhəblərə, təriqətlərə münasibətlərdə Azərbaycan xalqının, eləcə də Azərbaycan dövlətinin tutduğu mövqe alqışalayiqdir.

Düşüncəmə görə, ölkəmizdə dini tolerantlıq özünü demokratiyanın beşiyi hesab edən və demokratik prinsipləri digər cəmiyyətlərə yaymağı öz missiyaları kimi qəbul edən dövlətlərlə müqayisə olunmaz dərəcədə yüksəkdir. Azərbaycanda dini tolerantlıq, millətlərarası münasibətlərin yüksək səviyyədə olması bir tərəfdən əcdadlarımızın bizə miras qoyduğu dəyərli ənənədirsə, digər tərəfdən bu, dövlətimizin uğurlu siyasətinin məntiqi nəticəsidir. Əsrlər boyu öz milli-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. XVI əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşpərəstlər üçün məbəd tikintisinə şərait yaradıblar. XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin qrupu olub. Bakıda xristianlar, hətta sayı az olan katolik icması üçün də kilsə tikilib. Tolerantlığın daha bir nümunəsi isə erməni katolikosunun Bakıya gəlməsidir. Fikrimcə, bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir. Bu, bizim tarixi ənənəmizdir.

Ölkəmizdə dini tolerantlıq o qədər yüksək səviyyədədir ki, bir çox məkrli qüvvələr bu sağlam mühitdən çirkin məqsədləri üçün istifadə etməyə də çalışıblar. Belə cəhdlər indi də hiss edilir. Hətta bu tolerantlıq zaman-zaman Azərbaycan torpaqlarının işğalına səbəb olub. Hesab edirəm ki, Ermənistanın işğalçı mövqeyi, habelə xalqımıza qarşı çirkin niyyətlərin həyata keçirilməsi məhz Azərbaycan xalqının qonaqpərvərliyindən, tolerant yanaşmasından irəli gələn məsələdir. Lakin biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. Bunun nəticəsidir ki, işğalı həyata keçirən millətin  dini abidələri də Azərbaycanda qorunur.

– İslam dinində dini tolerantlıqla bağlı yanaşma necədir? Bununla bağlı Qurani-Kərimdə hansısa ayələr varmı, müqəddəs kəlamlarda və ya hədislərdə nə tövsiyə edilir?

– Hər zaman din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. İslam dini – müsəlman coğrafiyasında hər sahədə təməl kimi əsas götürülən normativ dəyərlərin qaynağıdır. Dəyərlər dünyasında islam hər bir müsəlmanın stabil həyat sürməsinə yardımçı olub. Qərbdə isə dünyəvilik din və dövlət arasında münasibətlərdə tənzimləyici rol funksiyasını yerinə yetirib. Əgər SSRİ dağılanda Azərbaycanda 18 məscid vardısa, hazırda müsəlmanlar üçün ibadət yerlərinin sayı 2 minə çatıb.

İslamda dini tolerantlıq məsələsinə gəlincə, həqiqətən də, dini tolerntlıqla bağlı müqəddəs kitabımızda müxtəlif ayələr var. Həmçinin sevgili peyğəmbərimizdən bizə gələn müxtəlif hədislər mövcuddur. İslam dini özü birmənalı olaraq xoşgörünün, barışın, birliyin, bərabərliyin tərəfindədir. Allah-Təala Qurani-Kərimdə buyurur ki, sizin dininiz sizə, onların dini onlaradır. Peyğəmbərimiz bizə söyləyir: “Siz onların bütlərinə söyməyin ki, onlar da sizin Allahınıza söyməsin”. Hətta bir hədisdə deyilir ki, bir yəhudinin cənazəsi dəfnə aparılırdı və bu zaman Məhəmməd peyğəmbərimiz (s.ə.v.) yanındakı şəxslərə dəfn mərasimində iştirak etməyi tövsiyə etdi. Dini tolerantlıqla bağlı İslamda xeyli kəlamlar var. Məhz bütün bunlar dinimizin barış, mərhəmət, bərabər yaşam dini olmasının göstəricisidir. Bu, bir faktdır ki, İslamın tolerant din olmasının ən böyük göstəricisi və dinimizin ən böyük tolerant adamı kimi ilk növbədə məhz Məhəmməd peyğəmbərin (s..ə.v.) mübarək adı çəkilməlidir.

– Bəs Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, atdığı addımlarla bağlı düşüncələriniz necədir?

– Hesab edirəm ki, Azərbaycan hökuməti milli-mənəvi dəyərlərimizə böyük qiymət verir. Yaxın günlərdə ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirildi. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin Diyanət işləri başqanı Mehmet Görməz, İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt vəqflər və islam işləri nazirinin müavini Adel Abdulla Əl-Fəlah, o cümlədən Misir, Dağıstan və digər ölkələrin rəsmi nümayəndələrinin iştirak etməsini mühüm hadisə hesab edirəm. Ayrı-ayrı dövrlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin və nüfuzlu elmi təşkilatların, eləcə də aparıcı elmi tədqiqat mərkəzlərinin təmsilçilərinin, görkəmli din xadimlərinin ölkəmizdə bir araya gəlməsini mühüm hal hesab edirəm. Bu, bir faktdır ki, qloballaşma şəraitinin sürətləndiyi müasir dünyada gedən mürəkkəb etnosiyası proseslərdə dinin yeri və rolu, beynəlxalq münasibətlərdə və cəmiyyət həyatında din amili və bəşəriyyətin gələcək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələləri xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyil. Çünki ölkəmiz tarixən bu dəyərlərə mühüm yer verib. Hesab edirəm ki, konfransa ev sahibliyi edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu tədbiri çox yüksək səviyyədə təşkil edərək, dövlətin bu sahəyə hər zaman diqqət və qayğı göstərməsini bir daha nümayiş etdirdi. Ümumiyyətlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğu düşüncəsindəyəm. Həqiqətən də bu qurum dövlətin qeyd edilən sahədə yürütdüyü siyasəti yüksək səviyyədə həyata keçirir.

Aqil LƏTİFOV
(Ardı var)


 





24.01.2013    çap et  çap et