525.Az

İsmayıllı hadisələri necə qiymətləndirilir? - SORĞU


 

İsmayıllı hadisələri necə qiymətləndirilir? - <b style="color:red">SORĞU</b>

“Hüquq-mühafizə orqanlarının və yerli sakinlərin verdiyi açıqlamalardan da tam aydın oldu ki, İsmayıllıda olanlar kiminsə sərxoş vəziyyətdə törətdiyi məişət davasıdır.

 Yəni kimsə keflənib kimisə təhqir edib, nəticədə məişət zəmində dava-dalaş yaranıb. Bunun hansısa siyasi etiraz aksiyası, bəzilərinin dediyi kimi üsyan kimi xarakterizə etməyə ehtiyac yoxdur, heç aidiyyəti yoxdur. Buna belə don geyindirmək ayıbdır”. Bunu  APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
 
S. Novruzov deyib ki, iki nəfərin davasına onların yaxınları və qohumlarının qoşulması insident yaradıb: “İndi durub buna siyasi don geyindirmək, aksiya formasında təqdim etmək təxribatdan başqa bir şey deyil”.
 
S. Novruzov bəzi mətbuat vasitələrinin bu hadisələri şişirtməkdə maraqlı olmasından danışıb: “Bundan əvvəl Binə ticarət mərkəzində də hadisəni şişirdib etiraz aksiyası kimi cəmiyyətə təqdim elədilər. Hansı ki orada işçilər ilə rəhbərlik arasında kiçik anlaşılmazlıq müzakirə olunurdu. Yəni onların aralarında olan maliyyə məsələləri ilə bağlı narazılığı bəziləri siyasi aksiyaya çevirmək istəyirdilər. İndi də İsmayıllıda baş verən hansısa davanı ümumi etiraz aksiyası kimi beynəlxalq aləmə sırımağa çalışan şəxslər, mətbuat orqanları var. Əllərinə düşən bu fürsətdən sui-istifadə etmək istəyirlər”.
 
YAP rəsmi deyib ki, istənilən halda hüquq mühafizə orqanları bu məsələni araşdıracaq və konkret günahkar şəxslər cəzasını alacaq.
 
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevi də ötən gecə İsmayıllı rayonda baş verən nəqliyyat qəzasından yaranmış insidentin siyasi aksiya kimi təqdim olunması təəccübləndirib: “Bir az diqqətlə analiz etmək kifayətdir ki, bunun adi xuliqanlıq hadisəsi olduğunu görəsən. Bu, yol qəzası törədən şəxslərin qeyri-adekvat davranışı və orada olan insanların bir-biri ilə kobud rəftarı nəticəsində baş verən bir məişət qarşıdurmasıdır. Bununla bağlı olaraq da hüquq-mühafizə orqanları məsələni dərhal araşdırmağa başlayıblar və şübhəsiz ki bu hadisədə günahı olanlar cəzalandırılacaq. Ona görə də bunun nə siyasi tərəfi var, nə də siyasiləşdirməyə ehtiyac var. Eyni zamanda bəzilərinin uydurduğu kimi bu heç hakimiyyətə qarşı da yönələn aksiya deyil, sadəcə olaraq bu, hər gün baş verən onlarla yol nəqliyyat hadisələrindən birdir. Sadəcə burada hadisə baş verən yerdə bir az insanlar çox olub və bir az kütləvi hal alıb. Bunu siyasi aksiya kimi təqdim etmək tamamilə yanlışdır”.
 
A. Quliyev deyir ki, müəyyən qüvvələr var ki, bu məsələdən konkret məqsədlər üçün istifadə etmək istəyirlər. Onun sözlərinə görə, burada xarici qüvvələrin də əli olması istisna deyil: “Mən hüquq-mühafizə orqanlarından bu nüansa da diqqət yönəltməyi xahiş edərdim. Çünki ötən gecə tamamilə hadisə başqa yöndə və məişət formasında baş verir, səhəri isə məqsədli formada siyasi formaya keçir. Biz həmin rayonda olan QHT-lər ilə də əlaqə yaratdıq və məlum oldu ki, orada yerli sakinlərin heç bir kütləvi aksiyası olmayıb. Sadəcə kənardan gələn insanlar olub ki, onları heç yerlilər də tanımırlar”.
 
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc da APA-ya bildirib ki, ötən gecə baş verən hadisələrdən kimlərsə Azərbaycanda 2013-cü ildə dəyişiklik etmək üçün istifadə etməyə cəhd göstərirlər: “Amma ağıllı insanlar başa düşməlidilər ki, hansısa dəyişikliyin zorakı üsullarla baş verməsi məqbul deyil”.
 
Z. Oruc deyir ki, bu ilin seçki ili olmasından istifadə edən bəzi qüvvələr belə hadisələrdən ölkəni zəiflətmək üçün istifadə edirlər: “Təəssüf ki, onlar belə bir hadisəyə  o cürə böyüdücü cihazla baxırlar”. Onun sözlərinə görə, bu hadisələrdən konkret olaraq faydalanmaq istəyən qüvvələr var: “İllərdir iqtidara can atan qüvvələr indi kimlərinsə köməyi ilə, hansısa hadisələrdən istifadə edərək özlərini iqtidarda görmək istəyirlər: “İstənilən halda əminəm ki, bu hadisə ilə bağlı operativ məlumatlar toplandıqdan sonra dövlət strukturları tərəfindən çox çevik qərarlar veriləcək və bununla da nəinki İsmayıllıda, başqa bölgələrdə də seçki ilindən istifadə edərək məqsədlərini həyata keçirmək istəyənlərin qarşısı alınmış olacaq”. Z. Oruc da bu məsələdə xarici qüvvələrin əlinin olmasını istisna etməyib: “Seçki ilindən istifadə edərək xarici qüvvələrə təslim olmaq istəyən dairələr var”.
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya açıqlamasında bildirib ki, bu tip hadisələrin baş verməsinə səbəb rayonlarda vətəndaşların məmur özbaşınalıqları ilə üz–üzə qalmasıdır: «Mən təəssüf edirəm ki, Azərbaycan vətəndaşları öz etirazlarını zora əl atmaqla göstərirlər. Artıq etiraz zamanı etiraz etdiyin şəxsin əmlakını yandırıb dağıtmaq adət halını alır ki, bu da yolverilməzdir. İkinci təəssüf doğurucu məqam isə odur ki, siyasi partiyalar, QHT-lər, ziyalılar bu cür zorakılıqları qətiyyətlə pisləmir».
 
Q. Həsənquliyev həmçinin əlavə edib ki, mülkiyyətin dağıdılması siyasi mədəniyyətin aşağı səviyyədə olması ilə bağlıdır: «Biz partiya olaraq əmlakın yandırılıb dağıdılmasını, polis işçilərinə qarşı zorakılığı, eyni zamanda polisin dinc insanlara qarşı zor tətbiq etməsini pisləyirik. Biz hesab edirik ki, bütün etirazlar qanun çərçivəsində olmalıdır».
 
BAXCP sədri bəzi siyasi partiyaların İsmayıllı rayonunda baş verən prosesi siyasiləşdirmək cəhdlərini də tənqid edib: «Bəzi siyasi partiyalar bu zorakılığa dolayısı yolla haqq qazandırmağa çalışırlar. Bunu da onunla əsaslandırırlar ki, guya camaatın canı boğazına yığılıb. Bu cür zorakılığa birbaşa və dolayısı ilə haqq qazandırmaları düzgün deyil».
 
İsmayıllıdan olan şair Baba Vəziroğlu APA-ya açıqlamasında deyib ki, 20 illik müstəqillik dövründə Azərbaycanda sabit bir dövlət yaranıb: “ Birdən-birə belə hadisələrin baş verməsi nə dövlətə, nə də millətə yaxşı heç nə vəd eləmir. Düşünürəm ki, belə münaqişələr kriminal aləmdə mövcud olan kimi öz qisasını alma qaydası ilə yox, qanuni, sivil şəkildə həllini tapmalıdır. Mən məsələnin siyasiləşdirilməsinə qarşıyam, amma bu hadisənin günahkarları barədə çox ciddi tədbir görülməsinin tərəfdarıyam”.
 
B. Vəziroğlu məsələyə məişət hadisəsi kimi yanaşmadığını deyib və bunu “təbəqələrarası ziddiyyət” kimi dəyərləndirib. Onun sözlərinə görə, hadisəni törədənlərdə hərəkətlərinin cəzasız qalacağı ilə bağlı qəribə arxayınçılıq var: “Onlara səhv düşündüklərini göstərmək lazımdır”.
 
Aksiya iştirakçılarının İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının istefası tələbinə münasibət bildirən B. Vəziroğlu deyib ki, bununla heç bir iş düzəlmir: Mən çox icra başçısı tanıyıram. Onların arasında iki-üç nəfər normal, ziyalı icra başçısı varsa, onlardan biri də Nizami müəllimdir. Yəni icra başçısını dəyişməklə iş dəyişmir”.
 
İsmayıllı şəhər 1 saylı orta məktəbin direktoru Şəfaqət Rəsulov isə APA-ya bildirib ki, iki nəfər arasındakı anlaşılmazlığın böyüyərək belə müstəviyə keçəcəyinə heç kəs inanmayıb: “Onların arasındakı mübahisəyə ətrafdakı insanlar müdaxilə edib və münaqişə getdikcə böyüdü, qarşıdurmaya gətirib çıxarıb. Rayon ziyalıları bilirlər ki, bu hadisələri bilərəkdən törədənlər tezliklə cəzalandırılacaq. İsmayıllı camaatı həmişə dövlətçiliyi dəstəkləyib və xırda münaqişələri siyasiləşdirərək dövlətə qarşı çıxmağı yolverilməz hesab edirlər”.
 
Ş. Rəsulov baş verən hadisələrdən narahat olduqlarını, hadisələrin tezliklə bitməsini istədiklərini də deyib.

 





24.01.2013    çap et  çap et