525.Az

Ürəyi Türkiyə üçün döyünən bir Abbas Abdulla var Azərbaycanda


 

Ürəyi Türkiyə üçün döyünən bir Abbas Abdulla var Azərbaycanda<b style="color:red"></b>

Türkiyənin “Bahar” və “Xəbər” jurnallarında tanınmış ədibimiz, şair, tərcüməçi, tənqidçi Abbas Abdulla haqda məqalələr çap olunub. Birinci məqalə “Ürəyi Türkiyə üçün döyünən Abbas Abdulla var Azərbaycanda” adlanır, ikinci məqalə isə “Azərbaycanın türkçü şairi Abbas Abdulladan Bayburta” adlanır. Hər iki məqalənin müəllifi türk dünyasının tanınmış yazarı Cazim Gürbüzdür. O, neçə illər bundan əvvəl bir neçə dəfə Azərbaycanda olub, respublikamızı yaxşı tanıyır.
 
 
Cazim GÜRBÜZ
 
“Köhnə adı “Kommunist” yeni adı “İstiqlal küçəsi” adlanan yola gedib Abbas Abdullanın redaktoru olduğu “Ulduz” jurnalının redaksiyasına girdiyiniz zaman, azərbaycanca desək, günorta yeni başlayırdı.
Türkcəsi ürəyi qədər işıl –işıl parıldayan şair Abbas Abdulla bizi böyük bir ürəklə qarşıladı. Yaxasında bozqurd nişanı , oturacağının üst tərəyində, başı üstündə Atatürk portreti, maşınında türk bayrağı qatı bir türk milliyyətçisi Abbas Abdulla Azərbaycan Xalq Cəbhəsi idarə heyətinin üzvü...
Yeni sözcüklər də daxil İstanbul türkcəsinə çox yaxın, təmiz bir dili var. Keçən zamanlarda türkiyədən bir tanışı telefon etmiş, Azərbaycanın müstəqilliyini təbrik etmiş və hal –əhvalını soruşmuşdur.
– Çok mutluyum! – demiş Abbas Abdulla.
Qarşısındakı səsin sahibi də Türkiyə milliyətçilərindən. Amma mühafizəkar, köhnəliyini davam etdirən, inadkar bir milliyyətçi. “Mutluluk” sözünü yadırqamış və demiş:
– Sən mutlu deyil, bəxtiyar olduğunu demək istəyirsən hər halda.
Abbas Abdulla Türkiyə türkcəsini belə gözəl bilməsinin sirrini belə açıklayır:
– Mən indi Gürcüstanda qalan Borçalıda doğuldum. Böyüklərim Türkiyə həsrətiylə yanıb –yaxılan insanlardı. Bu duyğularla böyüdüm. Türkiyə radiosunu daim dinlədim.
Zatən Borçalıda danışılan türkcə ilə Qarsdakı türkcə arasında heç bir fərq yoxdur. Çox yaxşı xatırlayıram. Anam bir bayatı söyləyirdi:
 
Karsa yaz,
Bura gündür, Kars ayaz
Qələm qurbanım olum
Qismətimi Qarsa yaz.
 
(Abbas bəyin qohumu, məşhur şair Zəlimxan Yaqub keçən il Qarsa gəlmiş , bu bayatını xatırlamış və nəzirə yazmışdır:
 
Qars ayazdı,
Bura gün, Qars ayazdı,
Qələmə qurban olum
Qismətim Qarsa yazdı.
 
Abbas Abdulla çox şey anlatdı bizə. Hamısı da bir-birindən gözəl.
Çap etdiyi “Ulduz” jurnalına maddi kömək almaq məqsədilə Moskvaya getmiş, dərdini demiş, lazım olan yardımı almışdır. Həmin vaxt Kremlin koridorunda azərbaycanlı bir dostuna rast gəlmişdir. Dostunun gözləri Abbas Abdullanın döşündəki nişana dikilmişdir:
– Yahu, sən dəlisənmi? Atatürk nişanı ilə burada gəzməkmi olar?
Abbas Abdulla gülmüş:
– Narahat olma, onlar Leninə bənzətmişlər.
Abbas Abdullanın canlı bir arxiv olduğunu anlayan Şəmsi Bəlli abi videokameranın obyektivi ilə kifayətlənmədi, çantasını açıb maqnitafonunu çıxartdı. Bir sözünü belə qaçırmayaraq Abbas Abdullanı dinləməyə başladı:
– Biz türkçülüyü də, milliyətçiliyi də Nazim Hikmətdən öyrəndik. Öz dilimizə candan bağlanmamızda onun payı az deyildir. Burada bizim ziyalılarımızın eləyə bilmədiyini o, elədi. Kommunizmə bürünmüş rus imperializminə ilk qarşı çıxanlardan biri Nazim Hikmət oldu.
Bizim görkəmli dramaturqumuz Mirzə Fətəli Axundzadənin xatirə günü keçirilirdi o illərdə. Nazim də Bakıda idi, dəvətli idi. İclasın aparıcısı Nazimə söz vermək istəmir, onun başını qatırdı.
Nazim birdən kürsüyə sıçradı:
“Sən kimsən ki, mənə söz vermirsən, mən istədiyim yerdə danışa bilərəm, səndən nəzakət xatirinə söz istədim” – deyə hayqırdı və başladı danışmağa. Hamıdan fərqli olaraq o, Axundov yox, Axundzadə deyirdi və birdən necə oldusa Axundzadə yerinə Axundov dedi. Həmən kürsüdən yerə tüpürdü və əvf dilədi “Günahımdan keçin pis “ov” dedim, ağzım kirləndi, təmizlədim.
Ruslar Nazimin kommunizmdən artıq diksindiyini başa düşmüşlərdi, amma susurdular, çünki dünya ictimaiyyətindən çəkinirdilər...
“Ortadoğu” qazetinin 8 dekabr 1992-ci ildə və “Şeir dərgisi” jurnalının 39-cu sayında yazmışdım bunları. Abbas Abdulla ilə o gün bu mövzuda doyunca mübahisə etmişdik (çəkişmişdik desəm daha düz). Oturacağının arxasında, başı üstə divarda Alparslan Türkeşin şəkili olduğunu, bir neçə gün əvvəl düşüb şüşənin qırıldığını söyləmişdi, bunun üstündə rəhmətlik Şəmsi Bəlli ilə mübahisə etmişdi. Mən də sözə qarışmaq məcburiyyətində qalmışdım. “Abbas bəy, Türkiyədə hər kəsin Azərbaycana simpatiyası və sevgisi var, bizdəki siyasi və ideoloji mübahisələri, çəkişmələri buraya gətirməyin, Azərbaycana zərər verirsiniz” demişdim. Abbas bəy daha kəskin söhbət etməyə başlamışdı: “Mənim İsmət İnönünün oğlu Ərdal İnönü xaricində hər kəsə sevgim və sayqım var. Sən Boraltan Körpüsü hadisəsini bilirsən. Almaz İldırımın “Bizi siz öldürün, verməyin rusa, Yaraşmaz türklüyə, sığmaz namusa” misralarını da bilirsən. Tayib Ərdoğanın indilərdə CNP-i çətin vəziyyətə salmaq üçün istifadə etdiyi o 147 Azərbaycan türkü hadisəsi var hə, ruslara təslim edilən və qarşı tərəfdə güllələnən türklər o misralarda deyiləni deyirdi.
Bu dediklərinizi yazımmı Türkiyədə dedim “yaz” dedi. “Məndə yazasan deyə dedim”.
Mən də yazdım “Ortadoğu” qəzetində.
Gələn il Abbas Abdulla rəhmətlik Elçibəy prezident olanda Azərbaycanın İstanbul başkonsulu təyin olundu. Bir az sonra Elçibəy Türkiyəyə gəldi. Ankarada o gecə bütün dövlət adamlarının iştirak etdiyi bir qonaqlıq varmış. Abbas bəy də orada imiş təbii ki. Bu arada mədəniyyət naziri Fikri Sağlar Abbas bəyin qoluna girib Ərdal İnönünün yanına aparmış, “hörmətli başqanım, budur o arkadaş” deyə təqdim etmiş. “ Gəl, görüm sən mənim babamdan nə istəyirsən” demiş Ərdal bəy. Abbas bəy daha sonra bu hadisəni mənə danışarkən belə deyirdi: “Dilimlə bəlaya düşmüşdüm. Başıma qaynar su töküldü. İndi mən nə deyim bu adama... sənin günahını aldım haqqını həlal eylə... “Əfəndim, mən elə bir şey deməmişdim, o qəzetçi, söz qatıb sözlərimə – dedim”.
Abbas Abdulla Türkiyəni tanıdıqca adamlara baxışı da dəyişdi. Mənə “Sənin köhnə kommunistlərlə qələm yoldaşlığı etmən çox xoşuma gəlir. Onlarla əlaqəni kəsmə, onlar yaxşı adamlardır. Mən də köhnə kommunistəm” demişdi bir telefon söhbətimizdə.
1985-ci ildə A.Qadirin ölüm xəbərini eşitdim.
 
Gözyaşım selə döndü,
Dəli bir rüzgar olaydım,
Əsəydim İstanbula,
Üzümü sürtəydim
məzar torpağına...
O da Nazim kimi gəldi, getdi.
Doğma xalqı var olsun,
Var olsun doğma məmləkəti.
 
– deyə yazdığını bilirdim, səmimi idi bu dediklərində.
Abbas bəy indilərdə Bakıda yaşayır,  Azərbaycan Yazıçılar Birliyində vəzifəsi var, Türkiyə-Azərbaycan ədəbi əlaqələrini irəlilətmək üçün hələ də çırpınır. Telefon etdim əz əvvəl. Bayburutda 18 il əvvəl keçirilən Dədə Qorqud Kültür və Sənət bayramında oxuduğu “Bayburta xitab” şeirini istədim, faksla göndərdi. Ağlıma onun illərlə əvvəl imzalayıb bağışladığı, sovet zamanında kiril hərfləri ilə çap olunmuş “Sonsuzluğa gedən karvan” adlı kitabındakı “Bu dünyanın çıxmazları” şeiri gəldi. Azadlıq və müstəqillik həsrəti ilə yazılmış bu şeiri sizinlə bölüşmək istəyirəm, Abbas Abdullaya və Azərbaycana salam göndərirəm:
 
Bu dünyanın çıxmazları
Çıxılmazdır, bilmədinmi?
Bu sınırın dirəkləri
Yıxılmazdır, bilmədinmi?
 
Bu yazıya yoxmu pozu?
Yaram sızlar səpmə duzu,
Sənsizliyin qarı, buzu
Yaxılmazdır, bilmədinmi?
 
Getmə, getmə insan oğlu,
Vətən dönüb qürbət olu.
Bu sonsuz həsrətin yolu
Baxılmazdır, bilmədinmi?
 
Gözdə qoydun diləyimi,
Qəm yuvası ürəyimi
Sıxdın, sındı şüşə kimi
Sıxılmazdır, bilmədinmi?

 





24.01.2013    çap et  çap et