525.Az

AYB: “Millət kimin muzdla iftiralar yazdığını bilir”


 

AYB: “Millət kimin muzdla iftiralar yazdığını bilir”<b style="color:red"></b>

“Hansısa radio verilişində Xəlil Rzanın Anar haqqında tənqidi sözlərini oxuculara çatdırmağa tələsən Məlahət adlı müəllif özünü “karlığa”, “korluğa” qoymasaydı, Xəlilin Anar haqqında yazdığı tərif dolu üç məqaləsinə də göz yummazdı. Xəlil Rza həbs olunanda məhz Yazıçılar Birliyində onu müdafiə üçün komitəsi yarandı, SSRİ Ali Sovetinin deputatı kimi Anar Lefortovo həbsxanasında Xəlillə görüşdü, onun azad edilməsi haqqında dəfələrlə Azərbaycan və SSRİ rəhbərliyinə müraciətlər etdi. Az sonra həbsdən azad olan Xəlil xatirələrində yazıçının xidmətlərini xüsusi minnətdarlıq hissiylə xatırlayır, Anarın Lefortovo türməsinə onunla görüşə gəlməsini Azadlığın gəlməsi kimi qiymətləndirir. Şairlər haqqında iftiralar uydurmaqdan başı açılanda Məlahət bu yazıları tapıb oxusun, onda bəlkə aldığı tapşırığı – Fikrət Qocanı və Anarı ləkələmək tapşırığını daha səviyyəli şəkildə yerinə yetirər”.

Bu cümlələr Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin yaydığı mətndə yer alıb. Mətndə daha sonra qeyd olunur ki, bu məsələyə Xəlil Rzanın ailəsi adından Firəngiz xanım Ulutürk də münasibət bildirib. “Azadlıq” qəzetinin 18 yanvar 2013-cü il sayında Məlahət Ağacanqızının “Xəlil Rza Ulutürk – xalqın şairi mənim şairim” köşə yazısında həqiqəti əks etdirməyən ifadələr narazılıqla qarşılanıb. Xəlil Rza Ulutürkün həyat yoldaşı olaraq bildirirəm ki, Xəlil Rza şəxsiyyətinə xələl gətirən, onun adıyla başqa mənəvi dəyərlərimiz barədə təhqiramiz ifadələr işlədən “Azadlıq” qəzeti və onun köşə yazarı Məlahət Ağacanqızı təkzib verib səhvlərini düzəltməlidir. Xəlil Rzanın qeydlərində, çıxışlarında hər iki ədib həmişə ləyaqətlə, hörmətlə yad edilib, vətəndaş mövqeləri unudulmaz şairimiz tərəfindən dəfələrlə qiymətləndirilib”.

AYB Mətbuat xidmətinin yaydığı mətndə Fikrət Qocanın Xalq şairi adı alması məsələsinə də toxunulub: “Fikrət Qocanı Xalq şairi adı almaqda suçlayan Məlahət unudub ki, ondan çox qabaq bu adı Anarın təqdimatıyla Xəlil Rza Ulutürk alıb. Bu səpkidə yazılar yazan müəlliflər tipik üsullarına uyğun olaraq, Anara və Fikrət Qocaya nifrətlərini onların övladlarının adlarını hallandırmaqla da ifadə edirlər. Məlahət Ağacanqızı yazır: “Millət onların atalarından nə yarıdı ki, balalarından da nəsə görsün!”
 
Narahat olmasın Məlahət! Millət kimin kim olduğunu, kimlərdən yarıdığını və kimlərin muzdlu iftiralar yazdığını çox gözəl bilir”.

 





25.01.2013    çap et  çap et