525.Az

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - V məqalə


 

İDEYADAN NƏZƏRİYYƏYƏ - FORMULA DOĞRU

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - <b style="color:red">V məqalə </b>

Ötən məqalələrdə “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunun qoyuluşuna, təməl prinsiplərinin hər birinin ayrı-ayrılıqda inkişaf yoluna və formulun meydana gəlməsində, formalaşmasında xidmətləri olan fikir adamlarının düşüncələrinə nəzər saldıq.

Doğrudur, qəzet məqaləsinin imkanları daxilində bir çox ziyalıların bu istiqamətdəki fikirlərinin hamısını çatdıra bilmədik (bu, böyük bir tədqiqatın mövzusudur!), əsasən, məqalələrimizin başlıqlarındakı problemlərə nəzər yetirdik. Məlum oldu ki, hər üç təməl prinsip birləşənə-bir sistem halına gələnə qədər təkbaşına zəngin inkişaf yolu keçmişdir. Aydın məsələdir ki, əlibəyşünas opponentlərim Ə.Hüseynzadədən alınan bayrağın kimə veriləcəyini böyük səbirsizliklə gözləyirlər. Ancaq elə birinci məqaləmizdə qeyd etdiyimiz tezisin üzərində dayanaraq bir daha təkrar edirik, geniş türk coğrafiyasında böyük bir zaman içində formalaşan bu formulu birbaşa kiməsə aid etmək, kiminsə bir əsəri hesab etmək, müəlliflik hüququnu təkbaşına kiməsə vermək doğru olmadığı kimi, haqsızlıqdır və elmi yol deyildir. Ona görə də çox doğru olaraq biz əvvəlki yazılarımızda həm formula gələn yolu, həm də formulun özünün formalaşmasını təhlil etdik. Araşdırmanı izləyənlər yəqin ki, formulun hansı mərhələlərdə eskiz, ideya və nəzəriyyə mərhələlərindən keçdiyini, nəhayət formul şəklinə düşdüyünün fərqinə vardılar.

Bununla belə, problemin fundamental həlli üçün araşdırmaya yeni faktların əlavə olunması və bəzi ümumiləşdirmələr aparılması, konkret nəticələr çıxarılması lazım gəlir. Burada elmi nəticələrdən başqa mənəvi məsuliyyət hissi də vardır. Məqalələrin dərc olunduğu zaman mənə ünvanlanan suallar da bunu aydın göstərir: “Doğrudanmı formulun müəllifi Ə.Hüseynzadə deyil?”, “Bunu etmək lazım idimi?” Bu kimi suallar sanki məsələni ört-basdır etmək, onu qabartmamaq xarakteri daşıyır. Tarix isə hər şeyin ört-basdır edilməsini yox, üzə çıxarılmasını istəyir.  Bu gün olmasa da, sabah bu proses mütləq baş verəcəkdir. Mən hələ onu demirəm ki, imkan daxilində dövrün mətbuatına, mənbələrə, araşdırmalara nəzər salsaq da, mövzu ilə bağlı istənilən vaxt yeni faktlar üzə çıxa bilər.

İndi isə bu üç təməl prinsipin kimin yaradıcılığında ayrı-ayrılıqda necə işlənməsinə nəzər yetirək. M.F.Axundzadənin yeniləşmə-avropalaşma, Ziya Paşa, Əhməd Midhəd Əfəndi, Əhməd Cevdət Paşa və başqalarının türkçülük xətti, C.Əfqaninin yürütdüyü islam birliyi xətti kimlərin yaradıcılığında və nə vaxt birləşdi? Türk dünyası ziyalılarının yaradıcılığında müstəqil şəkildə yol gələn bu prinsiplər ilk dəfə olaraq Ə.Süavinin yaradıcılığında birləşdi. Türk tədqiqatçısı Ülken Ə.Süavinin türkçülüyü ilə bağlı yazır: “Ali Süavinin türklüyə, türkçülüyə aid bir çox əsəri və bəzi məqalələri vardır. Əsərlərindən bilinənləri “Xivə tarixi” və türk adındakı broşürlərdir. “Xivə”yi 1873-də Parisdə yayınlamışdır. Parisdə əsərin fransızcasını basdırdığı halda, İstanbulda türkcəsini də çıxardı. Bu əsərlərdə Süavinin zamanındakı türkçülük cərəyanından xəbəri olduğu, ayrıca Avropada Daquinesin “Ümumi Türk tarixi”ni, Abel remusatı oxuduğu, türkoloqların nəşrlərilə təmasda bulunduğu anlaşılır. Ancaq əsl önəmli olan nöqtə onun bir türkoloq olması deyil, Osmanlılıq şüuru yerinə türkçülük şüurunu uyandırmaq istəməsidir” (Ülken H.Z. Türkiyədə çağdaş düşüncə tarixi. İ., 2005).

Görünür, əlibəyşünas O.Bayramlı da “Bu üçlü görüş, yəni islamlaşmaq, türkləşmək və avropalaşmaq Ə.B.Hüseynzadədən bir az əvvəl Əli Süavi tərəfindən irəli sürülmüş və müdafiə olunmuşdur” fikrini irəli sürərkən bunları nəzərdə tuturdu. Lakin məsələ heç də O.Bayramlının dediyi kimi olamamışdır. Mərhum tədqiqatçı O.Bayramlının Ə.Süavinin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı olmadığı üçün bu fikri işlətmişdir. Olsun ki, bəzi Türkiyə tədqiqatçılarının fikirlərinə istinadən yazmışdır. Əslində isə üçlü düsturun prinsipləri ilkin variantda onun yaradıcılığında birləşsə də, heç də formulu formalaşdırmağa imkanı olmamışdır, bunun üçün heç ictimai fikir də hazır deyildi. Yəni Ə.Süavinin yaradıcılığı və fəaliyyətində bu təməl prinsiplərin yalnız ilk mərhələsi öz ifadəsini tapmışdır; islam, islam birliyi, türk, türklük, demokratiya, bərabərlik xətləri bir sistem şəklində deyil, pərakəndə halda işlənib. Bir daha vurğulamaq lazımdır, bu prinsiplər Ə.Süavi yaradıcılığında bir yerdə-düstur şəklində işlənilməyib, müxtəlif məqalələrdə bu problemlərin hər biri haqqında yazsa da, ideoloji, məfkurəvi cəhətdən yanaşmamışdır. Türk, islam kimi anlayışlar onun yaradıcılığında daha çox maarifçi, elmi nöqteyi nəzərdən işlənilmişdir. Əvvəldə də görəcəyik ki, Türk dili, türklük, türkçülük kimi ifadə və istiqamətlər XIX yüzilin 60-cı illərindən başlayaraq ilkin həyatını yaşamaqdaydı. İslam birliyi, islamçılıq kimi ifadələr də bütün islam ölkələrində, eləcə də, Azərbaycanda, Türkiyədə, Kazanda, Tatarıstanda məqalələrdə bu və ya dəgər şəkildə səslənməkdə idi. Cəmaləddin Əfqaninin bu sahədə çalışmaları isə nəinki Şərq və Avropa, eləcə də türk dünyasında geniş yayılmaqda idi.

Üç prinsipin ifadə olunduğu formulun ilk versiyasının formalaşmasında bir başqa düstur İ.Qaspıralının “Dildə, fikirdə, işdə birlik” formulunun, heç şübhəsiz,  müəyyən təsiri olmuşdur. Burada da üçlü düstur vardır, lakin bu üçlü düstur yalnız türk xalqlarını əhatə edir, Rusiya türkləri və Türkiyə türklərini “dil, fikir, əməl” prinsiplərilə birləşməsini nəzərdə tuturdu. Millətin kimliyini öncə onun dilində axtarır, “dil birliyi”ni vacib hesab edirdi. Ümumtürk ədəbi dilinin ilk və sona qədər müdafiəçisi də ilk öncə İ.Qaspıralı olmuşdur. O da Ə.Hüseynzadə kimi İstanbul ləhcəsini ümumtürk ədəbi dilinin əsası hesab edirdi: “Yaşasın millət! Yaşayacaqdır bu millət! Çünki anladı ki, dil birliyi, fikir və ədəbiyyat birliyini mücib olub, bu isə iş və əməl və hərəkət birliyini doğurub qurtuluş səbəbi olacaqdır” (“Tərcüman”, 1906, 18 dekabr).

İ.Qaspıralı “Tərcüman”ın səhifələrində məfkurə mənasında bu cür ictimai, ideoloji mesajları tez-tez verirdi.  Bir sözlə üçlü düsturun türkçülük təməl prinsipi onun yaradıcılığının prioritet istiqamətlərindəndir. Digər iki prinsip də İ.Qaspıralının yaradıcılığında müəyyən dərəcədə öz əksini tapıb. Onun “Firəngistan məktubları” əsərində həm avropaçılıq, həm də islamla bağlı müəyyən ictimai mesajlar da yox deyildir. Ancaq İ.Qaspıralının bizim üçlü düstura ən böyük təsiri türk cəmiyyətində yeni ideoloji meyllər axtarması və sonrakı məfkurə arayışlarında formulun ideya qaynağı rolunu yerinə yetirməsi olmuşdur.

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” formulu Y.Akçuranın “Üç tərzi siyasət” (Siyasətin üç yolu) əsərilə bir qədər konkretləşmişdir. İlk dəfə olaraq Y.Akçura Türkiyə ictimai-siyasi mühitinə nəzərən toplumun qarşısında duran xətləri məfkurəçilik istiqamətində işləmişdir. Y.Akçura bu prinsiplərin hər biri ilə olmasa da ikisi (türkçülük, islamlılıq) ilə bağlı özünün ideoloji, siyasi baxışlarını məhz bu əsərində ifadə etmişdir. Əsərin adından da göründüyü kimi, bu istiqamətdə Osmanlıda gedən fikir, cərəyan axınlarını bir yerə yığaraq məfkurə, yol formalaşdırmışdır. Y.Akçuraya görə bir Osmanlı ulusu meydana gətirmək, islamçılığa dayanan bir dövlət yapısı qurmaq və irqə dayalı türk siyasal ulusçuluğu meydana gətirmək lazımdır. Müəllif bunun üzərinə “Osmanlı birliyi”, “İslam birliyi”, “Türk birliyi” ifadələrini işlədir və bu prinsipləri ideoloji cəhətdən əsaslandırır. Göründüyü kimi, Y.Akçuranın formulunda müasirləşmə yer almır, osmanlılıq birinci, islamlılıq ikinci, türk birliyi isə üçüncü gəlir. Buna qədər heç kim Türkiyədəki ictimai prosesləri, cərəyanları, məfkurələri bu şəkildə ifadə etməmişdi. “Üç tərzi siyasət” tamamilə məfkurə istiqamətində yazılıb, türk toplumunun qarşısında duran siyasi yolları aramaq məqsədi güdür. Bu prinsiplərin hər birini əsaslandırdıqdan sonra müəllif yazır: “İndi bu üç siyasətdən hansının yararlı və qəbulu-tətbiq olunduğunu araşdıralım. Yararlı dedik, lakin kimə və nəyə yararlı? Öncə bütün insaniyyətə deyilə bilir” (Y.Akçura. Göstərilən əsər, s.24).

Y.Akçura bu əsərində üç tərzi siyasəti müəyyən etməklə yanaşı, onlardan hansının topluma yararlı olub olmadığını oxucunun üzərinə qoyur. Görünür ki, gənc Y.Akçuranın düşüncəsində üçlü düstur hələ tam şəkildə formalaşmayıb. Türk birliyindən danışarkən “türkləşmiş” və “türkləşdirmək” ifadələrindən də istifadə edir: “Türk birliyi siyasətindəki faydalara gəlincə, Osmanlı ölkələrindəki türklər həm dini, həm irqi bağlar ilə çıx sıx, yalnız dini olmaqdan sıx birləşəcək və əsasın türk olmadığı halda bir dərəcəyə qədər türkləşmiş sair müslim ünsürlər daha ziyadə türklüyü mənimsəyəcək və hələ heç mənimsəməmiş ünsürlər də türkləşdirilə biləcəkdi” (Y.Akçura. Göstərilən əsər, s. 33).

Y.Akçurada türkçülük üçüncü yerdədir, həm də osmanlılıqla üst-üstə düşür. Bu türkləşdirilməsi mümkün olmayan xalqların Osmanlı dövlətinin əlindən çıxmaması üçün irəli sürülmüş bir fikirdir. Bu fikir XIX əsrin 60-70-ci illərindən dövriyyədə olsa da bu formulda ilk dəfə səslənirdi. Türklərin birliyi ideyası Osmanlılığa nisbətən yeni olduğu üçün Y.Akçura onu üçüncü yerə qoyur. Lakin məqalənin sonunda özü də çoxdan beynini məşğul edən sualla oxucuya müraciət edir: “Müslümanlıq, Türklük siyasətlərindən hansı Osmanlı dövləti üçün daha yararlı və qəbulu tətbiqdir?” (Göstərilən mənbə, səh. 36).

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü formulun ərsəyə gəlməsində Y.Akçuranın xidmətləri ondan ibarətdir ki, ilk dəfə olaraq Türkiyə cəmiyyətində ictimai-siyasi məqsədli yollar arayışında olmuş və məfkurəvi üç prinsipi müəyyənləşdirməyə çalışmışdır. Yeni siyasi arayışlar içində olan toplum üçün bu prinsiplərin bir çətir altında birləşməsi fikrinin özü yeni idi. Görünür, buna görə də opponentləri tərəfindən kəskin tənqidlə qarşılanır. Əli Kamal “Cavabımız” məqaləsində yazırdı: “...bu bəyanata cavabən demək istrəriz ki, bizim üçün türkü İslamdan, İslamı türkdən, türk və İslamı Osmanlılıqdan, Osmanlılığı türkdən, İslamdan ayırmaq, təkliyi üçə bölmək olmaz. Xəyalımıza gəlsə belə fikrimizə yerləşməz” (Y.Akçura. Göstərilən əsər, s. 37).

 Lakin Y.Akçuranın bu düsturu bizim haqqında danışdığımız düsturun əsasını təşkil etsə də bütün türklərin formulu funksiyasını yerinə yetirmək üçün iki çatışmazlığı  var idi; Osmanlı coğrafiyasından kənara çıxmırdı və toplumu dini, irqi tərfdən deyil, başqa bir yöndən birləşdirici (məsələn, müasirləşmək) amil nəzərə alınmamışdı. Buna baxmayaraq türk dünyasının yeni ideoloji meyllər əsasında formalaşmasının Y.Akçuranın “Üç tərzi siyasəti”nin çox böyük köməyi olmuşdur. Türkiyə və Kazan tədqiqatçıları Z.Göyalpın üçlü düsturunun formalaşmasının əsası olaraq Ə.Hüseynzadənin məlum fikri ilə yanaşı bu əsəri göstərirlər. Ancaq məlum olduğu kimi, Y.Akçuranın əsəri əvvəl çıxmış, üstəlik müəllif onu düstur şəklində işləmişdir.

Ə.Hüseynzadə də üçlü formulun formalaşmasında son dərəcə önəmli rola, hətta mən deyərdim, açar funksiyaya malikdir; ayrı-ayrı əsərlərində bu formulun hər biri haqqında sistemli və davamlı olmasa da, müəyyən fikirlər söyləmişdir. Lakin bu fikirlər onun formulun təkbaşına müəllifi hesab etməsinə yetərli deyil. Uzun müddət əlibəyşünaslar formulun ona qədər və ondan sonrakı həyatı üzərindən sükutla keçdiyindən, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. Əslində isə bu istiqamətdə apardığımız araşdırmalar yeni bir mənzərə ortaya çıxarır. Mərhum ədəbiyyatşünas O.Bayramlı yazırdı: “Beləliklə, əsrin (XX əsr nəzərdə tutulur-B.Ə.) əvvəllərində azadlıq uğrunda mübarizə yollarının hələ müəyyənləşmədiyi bir dövrdə Ə.Hüseynzadə tarixi məsuliyyəti öhdəsinə çəkərək milli tərəqqinin üç düşüncə tərzi (islamlaşmaq, türkləşmək, avropalaşmaq) əsasında aparılmasının vacibliyini iddia və isbat etməklə türkçülüyü tez bir zamanda siyasi doktrinaya çevirərək, müsəlman və türk xalqlarının milli azadlıq tarixində yeni bir səhifə açır” (Ə.Hüseynzadə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. B.,1996, s. 42-43).

Göründüyü kimi, tədqiqatçı Ə.Hüseynzadəni üç düşüncə tərzi və türkçülüyün siyasi doktrinaya çevirməsini bildirir. Burada yanlışlıq nədən irəli gəlir. Birincisi, Ə.Hüseynzadə üç düşüncə tərzinin banisi hesab edilir, halbuki, onun fikirlərində üç düşüncə tərzi məfkurə baxımından işlənilməyib; ikincisi, türkçülüyü siyasi doktrinaya çevirməsi iddia edilir. Buna baxmayaraq tədqiqatçı özü onun “Məktubi məxsusi” məqaləsinin Y.Akçuranın “Üç tərzi siyasət” əsərinə cavab olaraq yazıldığını bildirir. Ə.Hüseynzadənin türkçülüyünə gəldikdə isə, tədqiqatçı özü İ.Qaspıralının 1983-cü ildən nəşr etdiyi “Tərcüman” qəzeti ilə “Dildə, fikirdə, işdə birlik” çağırışı hərəkatı Ə.Hüseynzadənin türkçülük görüşlərinin inkişafında həlledici rol oynadığını” (Göstərilən mənbə, s. 40) etiraf edir. Bütün bunlar tədqiqatçının türkçülüyün tarixi ilə bağlı Azərbaycandan kənarda yazılan araşdırmaları nəzərə almamasından irəli gəlir.

Ə.Hüseynzadənin çağdaş tədqiqatçısı A.Turan isə formuldakı rolunu müəyyənləşdirərkən onun “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli-Avropa qiyafətli fədai” fikirlərini nəzərdə tutaraq yazır: “1907-ci il idi, XX yüzil türk dünyasının milli ideoloji düsturunu-türkləşmək, islamlaşmaq, müasirləşmək triadasını türk ictimai-siyasi fikrinə Ə.Hüseynzadə belə aşılayırdı” (Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə. B., 2015, s. 442). Azərbaycan ədəbiyyatşünaslığında, demək olar ki, Ə.Hüseynzadədən yazan əksər tədqiqatçılar bu cür fikirləri dönə-dönə təkrarlamışlar. A.Turanın yuxarıdakı fikrinə nəzər salaq: əvvələn nə üçün 1907-ci il?! Əvvəldə də göstərdiyimiz kimi, Ə.Hüseynzadənin bu istiqamətdə ilk yazısı 1904-cü ildə çıxıb. Burada türk və türklüklə bağlı, hətta Turanla bağlı fikirləri var. İkincisi, Azərbaycan mətbuat tarixində böyük rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzeti “Həyat” 1905, “Füyuzat” isə 1906-cı ildən nəşr olunmağa başlamış və elə ilk baş məqalələrindən başlayaraq Ə.Hüseynzadə fikirlərini ifadə etmişdi. Ə.Hüseynzadə irsinin araşdırılmasında bu cür yanlışlıqlar çoxdur, lakin başqa bir tədqiqatın mövzusu olduğundan üzərində geniş dayanmırıq. Yeri gəlmişkən, son dərəcə zəngin Ə.Hüseynzadə ədəbi irsi yenidən fundamental araşdırma obyekti olmalıdır. Düşünürəm ki, böyük ədibin irsinin araşdırılmasında romantik mərhələ artıq arxada qalmış, yeni mərhələnin vacibliyi zərurəti ortaya çıxmışdır.

Ə.Hüseynzadənin üç təməl prinsipdən ən çox məşğul olduğu türkləşməkdir. Ədib 1904-cü ildən başlayaraq türk adının mənşəyi, keçdiyi inkişaf yolu, çağdaş vəziyyəti ilə bağlı məqalələrində, “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində, bu və ya digər şəkildə, bu problemdən danışılır. Türk adı çəkilən ilk məqaləsi “Məktubi məxsusi”dir (“Türk” qəzeti, 1904, N56). Əlibəyşünaslar bu məqalənin Y.Akçuranın elə həmin qəzetin 24-36-cı saylarında dərc olunmuş “Üç tərzi siyasət” məqaləsinə cavab olaraq yazdığı bildirilir. Lakin həmin məqaləyə cavab olaraq yazılmış Əli Kamalın “Cavabımız”, Y.Akçuranı müdafiə məqsədilə Ə.Kamala cavab olaraq yazılmış Ahmet Feritin “Bir məktub” məqalələrində Y.Akçuranın məqaləsi eninə boyuna təhlil edilsə də, Ə.Hüseynzadənin məqaləsində cəmi bir dəfə adı çəkilir. Məqalənin başlanğıcından açıqca görünür ki, müəllif “Türk” qəzetinin hansı saylarındasa “türklügün mədari-iftixarı bulunan Cingizlər, Teymurlar kibi hərb dahilərinə” “yağdırılan həqarətlərə” cavab olaraq yazılıb. Y.Akçuranın “Üç tərzi siyasət” əsərində isə nəinki belə həqarət yoxdur, hətta “Cingizlər, Teymurlar”ın adı belə çəkilməmişdir. Maraqlıdır ki, sonralar Türkiyədə Y.Akçuranın “Üç tərzi-siyasət” (Ankara, 1976) kitabı dərc olunarkən buraya ona cavab olaraq yazılan məqalələri də daxil etmişlər. Ancaq Ə.Hüseynzadənin məqaləsi burada yer almamışdır. Fikrimizi Y.Akçuranın özünün sonralar yazdığı aşağıdakı sözləri də təsdiq edir: “Akçuraoğlunun “Üç tərzi siyasət”i “Türk” qəzetində dərc olunduqdan bir müddət sonra, eyni qəzetin 56-cı nömrəsində (24 təşrini sani, noyabr) “Məktubi məxsusi” başlıqlı “Ə.Turani” imzalı bir məqalə nəşr olundu. Məqalə sahibi açıqca ifadə etməməklə bərabər, “Üç tərzi siyasət” mübahisəsinə qarışır və süni olaraq ayrıca “pantürkizm”, “panislamizm” adları ilə məslək icadına nə lüzum vardır” deməklə və “Türk” qəzeti yazarının (Y.Akçura ona qarşı yazılmış Ə.Feritin “Cavabımız” məqaləsini nəzərdə tutur. Ə.Ferit həm də “Türk” qəzetinin redaktoru idi-B.Ə.) bəzi görüşlərinə qatılmış kimi görünməklə bərabər, özünün “panizlamizm” və “pantürkizm”ə müxalif deyil, tam əksinə tərəfdar olduğunu anladırdı” (Y.Akçura. Türkçülüyün tarixi, s. 202-203).

Ə.Hüseynzadənin bu məqaləsində və “Türklər kimdir və kimlərdən ibarətdir” (“Həyat” qəzeti, 1905, N4, 9, 16, 22, 35, 52, 81, 82) əsərində türk adı, onun qolları, dili, mənşəyi haqqında Azərbaycan ədəbi, ictimai mühitinə məlum olmayan son dərəcə zəngin, ətraflı məlumatlar verir. “Türk qövmlərinin bir küll, bir birlik” təşkil etməkləri, “türklərin səhvən tatar deyilən qismi-azərilər” deyilməsi, türk sözünün mənşəyi, keçmişi, eləcə də türklərin “cinsən və lisanən, müxtəlif və mütəəddid (cürbəcür-B.Ə.) təsirə məruz qalmaları, türk dilinin ləhcələri geniş təhlil edilir.  Ancaq həcmcə kifayət qədər böyük olan əsərdən açıqca görünür ki, Ə.Hüseynzadənin əlinin altında olan mənbələr elmi mənbələr olmuşdur və müəllifin də məqsədi adından da məlum olduğu kimi, türklərin kimliyini üzə çıxarmaqdır. Ə.Hüseynzadənin istər bu əsərində, istərsə də məqalələrində ideolojiləşmə, məfkurəçilik deməzdim ki, yoxdur, ancaq çox zəif təsir bağışlayır. Onun araşdırmalarında məfkurə istiqamətində cəmi bir neçə dəfə türklük ifadəsinə rast gəlmək mümkündür,  türkçülük, türkləşmək ifadələri isə ümumiyyətlə işlənilmir. Lakin gəlin razılaşaq ki, bu zaman türkçülük tarixinin böyük araşdırıcısı Y.Akçuraya görə, türkçülüyün artıq üçüncü mərhələsi başa çatmışdır. Müasirləşməklə, islamlaşmaq da bir neçə mərhələdən keçmişdir. Beləliklə, üçlü formulun hər bir təməl prinsipi bir neçə mərhələli inkişaf yolu keçmişdir: türk-türklük-türkçülük-türkləşmək; Avropanı təqlid-yeniləşmə-avropalaşma-müasirləşmə; islam-islam milləti-islam birliyi-islamlaşma.

Azərbaycan ədəbiyyatşünaslığında bəzi istisnalarla Ə.Hüseynzadə birmənalı şəkildə formulun tək müəllif hesab edilməklə yanaşı, elmi ədəbiyyatda mövcud olan ehtimallar  da qətiyyətlə rədd edilir.  Bu formulu Ə.Hüseynzadənin hesab edənlər onun hansı əsərlərinə və fikirlərinə əsaslanırlar? Ə.Hüseynzadənin bu formulu ifadə etdiyi iddia edilən fikirlər bunlardır: “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai”, “türk hissiyyatı ilə mütəhəssis, islam dini ilə mütədiyyin və Avropa mədəniyyəti hazirasilə  mütəməddin” və bu kimi mülahizələr hələ ideya, fikir şəklindədir. Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir”, “İntiqad ediyoruz, inyiqad olunuyoruz”, “Yazımız, dilimiz, ikinci ilimiz”, “Həyat” qəzetinin ilk sayındakı “Qəzetəmizin məsləki” adlı baş məqaləsində də yuxarıdakı fikirlərini təsdiq edən bəzi fikirlər irəli sürür. Bu fikirlərin üzərində durulması və düstur şəklinə salınması üçün nəzəri və ideoloji əsaslandırmalar olmalıdır ki, bunlar da sonrakı mərhələdə baş verir.

Bəs Ə.Hüseynzadənin üçlü formulda qatqısı nədən ibarətdir? Formul Ə.Hüseynzadədə başqa ifadələrlə olsa da ilk dəfə bir yerdə işlədilir: “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli”. Bu çox yaxşıdır. İlk dəfə olaraq düsturun əvvəlki variantına “firəng fikirli, Avropa qiyafətli” sözləri əlavə edilir. Ancaq ona görə bu formulun müəllifi hesab edilə bilməz ki, bu fikir ideoloji yüklü deyil, onun heç bir əsərində formulun təməl prinsipləri təhlil edilmir, ideoloji cəhətdən əsaslandırılmır, epizodik şəkildə cəmi bir neçə dəfə müxtəlif ifadələrlə qeyd edilir.

Ə.Hüseynzadənin formulun formalaşmasında ən böyük rolu həm də onun türk dünyasında gedən prosesləri Azərbaycan ictimai fikrinə gətirməsində idi. Sonralar Ə.Hüseynzadənin yazdığı “...dostlarımdan mərhum polyak Jül basqın xəbəri alınar-alınmaz özünü yetirmiş, bütün etirazlarıma baxmayaraq şəxsi nöqteyi nəzərindən xəfiyyələrin zərərli saya biləcəkləri əsərləri seçib ayırmışdı. Onların arasında Midhət Paşa, Əli Süavi, Namik Kamal və bu kimi digər şəxslərdən söz açan alman dilində qələmə alınmış “Das modernr Turkhuum” (“Müasir türklük”) adlı kitabı isə vərəq-vərəq qoparıb cərahiyyə korpusunun arxasındakı zibilliyə atmışdı” (“525-ci qəzet”, 2015, 28 noyabr) fikirlərindən də görünür ki, Türkiyədə olarkən türklüklə bağlı elmi-nəzəri məlumatlara malik idi.

Formulun üç təməl prinsipi başqa bir publisistimiz Ə.Ağaoğlunun yaradıcılığında da mühüm yer tuturdu. Hətta mən deyərdim onun Fransada olması, C.Əfqanidən təsirlənməsi onu bu formulun prinsiplərinə daha da yaxınlaşdırmışdı. Bununla belə, onun yaradıcılığında da hələ siyasi doktrina şəklinə düşməmişdi. Ə.Hüseynzadə və Ə.Ağaoğlunun formulla bağlı fəaliyyətini nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “Möhtərəm Ağaoğlu Əhməd bəy kəndi “İrşad”ı ilə islam, islam deyə bağırıyor və ittihadi islamdan bəhs ediyordu isə də bu bir sözdü. Məna etibarilə dönüb dolaşıb islamçılıq və türkçülük şəklini alırdı. 1905-ci ildə (1906-cı il olmalıdır-B.Ə.) Hüseynzadə Əli bəy əfəndi Bakıda nəşr olunan “Füyuzat”ı ilə “Türk qanlı, islam etiqadlı və firəng qiyafətli olalım” (əslində belədir: türk qanlı, islam etiqadlı, firəng fikirli, avropa qiyafətli-B.Ə.) derkən daha sərih bulunan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunu ilham etmək istiyordu. Hər nə qədər Əhməd bəylə Əli bəy türkləri təlqin ediyorlardısa  da aşkar türkçülük (seçmə mənimdir-B.Ə.) etdikləri yoxdu. Bu fikir sonradan qüvvət bulmaya başladı. “Türk yurdu”nun yurdçuluğunun Qafqasiya üzərinə təsiri oldu” (M.Ə.Rəsulzadə. Əsərləri. V c., B., 2014, s. 57).

Göründüyü kimi, M.Ə.Rəsulzadə yuxarıdakı fikrində üçlü düsturun formalaşmasının zamanını və ünvanını düzgün müəyyənləşdirib. Üçlü düstur Azərbaycan və Türkiyə mühitində məhz bu zaman məfkurə şəklinə düşmüşdür. Əlibəyşünaslar kimi, mənim də ehtimalım bu idi ki, bəlkə Ə.Hüseynzadənin bu dövrdəki hansısa məqalələrində əvvəl ideya şəklində ifadə etdiyi təməl prinsiplər məfkurə şəklində əsaslandırılmışdır. Bəlkə Ə.Hüseynzadənin bizə məlum olmayan əsərləri vardır ki, orada görkəmli ədib üçlü düsturu məfkurə halında burada işləmişdir?! Ancaq Ə.Hüseynzadənin Azərbaycandan getdikdən sonra publisistika ilə çox az məşğul olması bunu istisna edir. Azərbaycandan getdikdən sonra onun hələlik bizə məlum olan “Qərbin iki dastanında türk” əsəridir ki, burada da formuldan danışılmır. Üstəlik, hansısa məqaləsində əgər belə bir fikirləri olsa idi, müasirləri həmin fikirlərə də istinad edərdilər. Əlibəyşünasların əlində olan fikirlər, sitatlar, görkəmli adamlara istinadlar isə onun üçlü düsturun tək müəllifi olmasına imkan vermir.

Formulun üç təməl prinsipləri maarifçi və elmi istiqamətlərdə XIX yüzilin ortalarından başlayaraq ilk həyatını yaşamaqdaydı. Lakin 1910-cu ildən etibarən, əsasən Azərbaycan və Türkiyə ictimai mühitində bir məfkurələşmə mərhələsi gəlir ki, üçlü düstur məhz bu zaman son şəklinə düşür. Formulun yeni bir mərhələyə çatmasında, siyasi məzmun kəsb etməsində və ideyadan nəzəriyyəyə çevrilməsində, heç şübhəsiz, Z.Göyalpın rolu olduqca böyükdür. Türkiyə inqilabından sonra ictimai, siyasi və ədəbi həyata atılan Z.Göyalpın “Türk ocağı” dərnəyindəki çıxışları, “Türk yurdu” dərgisindəki məqalələrilə formulun nəzəri konturlarını müəyyənləşdirmiş, ərsəyə gəlməsini reallaşdırmışdır. M.Ə.Rəsulzadənin düsturla bağlı Ə.Hüseynzadədən sonra nəzəriyyəçilərin onu düstur şəklinə salmışdır fikri, ehtimal ki, Z.Göyalp haqqında deyilmişdir. Çünki başqa bir məqaləsində M.Ə.Rəsulzadə Türkiyədən qayıtdıqdan sonra Z.Göyalpdan təsirləndiyini dilə gətrmişdi. Z.Göyalpın 1913-cü ildən başlayaraq “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturuna aid silsilə məqalələri dərc edilmiş, bu yazılar 1918-ci ildə eyniadlı kitaba çevrilmişdir.

Üçlü düsturu sona çatdıran və ona yeni məzmun verən M.Ə.Rəsulzadə Z.Göyalpın formuldakı əməyini belə xatırlayırdı: “Mərhumun (Ziya Göyalpın-B.Ə.) “Türk yurdu”nda yayımlanan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” yazıları məni çox qıcıqlandırdı. Bakıya geri döndüm. Basın dil sorunu ilə uğraşırdı. Bu sorunda Ziya savununçusu oldum. Türkçülüyü yaymaq üçün Dünya savaşı çağında çıxardığımız “Açıq söz” qəzetinin başına Ziyanın qutsal deyimini bir çağırış olaraq qoyduq” (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 2015, s. 144-145).

M.Ə.Rəsulzadənin “Açıq söz”ünə qədər Azərbaycan mətbuatında üçlü formul kimlərinsə məqalələrində işlənilibmi? Demək çətindir. Yalnız onu demək mümkündür ki, üçlü  formulun formalaşması daha çox “İttihad və tərəqqi” partiyasının 1908-ci ildən sonrakı mərhələsinə təsadüf edir. Həmin il Osmanlıda baş verən devrimdən sonra türk millətçiliyi genişlənmiş və qol-budaq atmışdır.  Bu dövr türkçülüyün təşkilatlanma dövrü hesab olunur; türkçü dərnəklər və cəmiyyətlər formalaşır. “Türk dərnəyi” (1908), “Türk yurdu” (1911), “Türk ocağı” (1912) dərnək və dərgilərinin qurulması türkçülükdə yeni mərhələnin başlanğıcı oldu. M.Ə.Yurdaqulun irəli sürdüyü “Türk yurdu” cəmiyyətinə Y.Akçura təmsilçi seçildi. Həmin adda dərginin çıxarılması dda “Üç tərzi siyasət”in müəllifinə tapşırıldı. 

M.Ə.Rəsulzadə Türkiyədən qayıtdıqdan sonra məqalələrinin, fikirlərinin ictimai yükü, siqləti artır, “İqbal”, “Şəlalə” qəzetlərində erməni məsələsi, ərəb məsələsi, yeni dil, dil birliyi ilə bağlı məqalələr yazır. “Yeni lisançılar və türkçülər” məqaləsində türkçülüyün tarixinə ekskurs edərək Şinasi, Namik Kamal, Əhməd Midhət Əfəndi, Xalid Ziya Paşa, Hüseyn Rəhmi bəyin fəaliyyətini qiymətləndirdikdən sonra şair Məmməd Əmin Yurdaqulun yaradıcılığı üzərində dayanır və onun türkcə sözlərdən və vəzndən istifadə etdiyini təqdir edir. “Dirilik nədir?”, “Millətin bir rüknü də dindir”, “Milli dirilik” və s. silsilə məqalələrində millətin keçdiyi yol, yaşadığı mövqe, mənsub olduğu irq, avropalılarca dirilik problemlərinə aydınlıq gətirur. Bu məqalələrində M.Ə.Rəsulzadə sanki milli idealın konturlarını cızır, ictimai-siyasi fikirlər irəli sürür. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü düsturunu isə ilk dəfə “Tutacağımız yol” məqaləsində irəli sürür və bu təməl prinsipləri əsaslandırmağa çalışır. Üçlü düsturun hələlik Azərbaycan mətbuatında və ictimai fikrində bu şəkildə ifadə olunmasına ilk dəfə M.Ə.Rəsulzadənin bu məqaləsində rast gəlirik. Lakin həmin dövrdə mətbuatda bu barədə müəyyən söhbətlər getdiyindən hər hansı bir müəllifin başqa bir məqaləsində də qarşılaşmaq istisna deyil. İstisna olmayan odur ki, M.Ə.Rəsulzadə bu məqaləsində Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifələri məfkurə istiqamətinə yönəldir, onu yenidən işləyir, sanki xalqı gələcəkdə gözləyən dövlətçilik prinsiplərinə hazırlayır: “Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca müşəxxəs bir qayeyi-amala malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kibi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra ediləcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar...İştə millətimizin bir qəzetəçi olmaq hesabilə öhdəmizə düşən rəhbərlik (yol göstərmək mənasında-B.Ə.) vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini təşkil edəcək əsas-milliyyət əsası” (“Açıq söz”, 1915, N1).

M.Ə.Rəsulzadə bu üçlü əsası təsadüfən, gəlişinə işlətmir, onun konturlarını da nəzəri cəhətdən müəyyənləşdirir “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: dil, din və zaman.

Dilcə biz türküz, türkülk milliyyətimizdir...

Dincə müsəlmanız...Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz...

Zamanla da biz texnikanın (alyatın) elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək , mütləqa əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız” (Göstərilən mənbə).

M.Ə.Rəsulzadə məqalənin sonrakı bölümündə də məfkurə üzərində geniş dayanaraq üç əsasa sarılmalı olduğumuzu ifadə edir. Üç əsas isə bu şəkildə formulə edilirdi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək (seçmə M.Ə.Rəsulzadənindir).

İştə, millətimizin həyati-ictimaiyyəsini islah üçün üzərinə dayandığımız sepayeyi-mədəniyyət” (Göstərilən mənbə).

M.Ə.Rəsulzadə məqalənin sonuna yaxın “türkləşmək, islamlaşmaq, müasirləşmək nəzəriyyələrini təşrih edərkən bir çox nöqtələrdə” ona opponentlərin olacağını da istisna etmir və “Açıq söz”də qarşılarına çıxacaq olanlara qarşı yeganə vasitənin açıq söz olacağını da qətiyyətlə bildirir.

  M.Ə.Rəsulzadə üçlü formulun üzərinə bir də bir ildən sonra “Açıq söz” qəzetinin bir illiyinə yazdığı “Getdiyimiz yol” məqaləsilə qayıdır. O, burada bir il əvvəlki məqaləsini xatırladaraq “Türkləşmək, islamlaşmaq, müasirləşmək” formulu üzərinə gəlir və bu təməl prinsiplərin hər biri üzərində ayrıca dayanaraq yazır: “Mütəəssib dinçilər, ölçüsüz liberallar və darış millətçilərdən ötrü üç barışmaz və mütəzad əsaslardan ibarət olan bu ekonomlar “yeni cərəyan”a görə bir-birilə etilaf edə bilər və hətta biri digərini ikmal edər mütəvafiq qüvvələr şəklində görüldü” (“Açıq söz”, 1916, N299).

Maraqlıdır ki, M.Ə.Rəsulzadə bir il əvvəlki məqaləsində deyil, məhz bu məqaləsində Ə.Hüseynzadənin üçlü düsturla bağlı xidmətini xatırlayır: “Bir qolunu təşkil etməklə müftəxir olduğumuz türk-tatar millətinin tarixi yolunu təqiblə, bu əsasları Qafqasiya türk mətbuatında (seçmə mənimdir-B.Ə.) ilk dəfə olaraq möhtərəm Əli bəy Hüseynzadə cənabları bəyan edərək Rusiya inqilabının bir əsəri-feyzi olaraq ərseyi-şühudə gələn “Həyat” qəzetəsi ilə “Füyuzat” məcmuəsində yazdığı məqalələrində kəndilərinə məxsus istiarə ilə “türk qanlı, islam imanlı, firəng qiyafəli olalım” (düsturun orijinalını yuxarıda vermişik, müəllif yadda necə qalıbsa o cür də ifadə edir-B.Ə.) demişlərdi. Türk-tatar aləminə təsiri mühəqqəq olan digər inqilablardan sonra meydana çıxan nəzəriyyəçilərsə (seçmələr mənimdir-B.Ə.) bu fikri “türkləşmək, islamlaşmaq, müasirləşmək” kibi açıq aydın bir düstur halına qoydular” (Göstərilən mənbə).

Əlibəyşünasların istifadə etdiyi mənbələrdən olan burada M.Ə.Rəsulzadə Qafqaz mətbuatında işlənilməsini vurğulayaraq Ə.Hüseynzadənin adını çəkir. Biz isə problemi ümumtürk istiqamətində araşdırırıq. M.Ə.Rəsulzadə bu ifadələrin bir ideya olduğunu, nəzəriyyəçilərin isə onu düstur şəklinə saldığını açıq mətnlə bəyan edir. Bu nəzəriyyəçilərdən birinin Z.Göyalpın olmasını əvvəldə qeyd etmişik. Ola bilsin ki, “Türk yurdu” dərgisində digər fikir adamlarının da araşdırmalarına rast gələk. Araşdırmalar aparılarsa başqa nəzəriyyəçilərin üzı çıxacağı da istisna deyil. Deməli ki, üçlü düstur türk dünyasında konkret bir zamanda və məkanda bir nəfər tərəfindən formalaşdırılmamışdır. Azərbaycanda isə onu nəzəri şəkildə formalaşdıran M.Ə.Rəsulzadə olmuşdur. Bunu elə həmin məqalədə müəllif özü də deyir: “Bu mübəccəl düsturun istiarə yolu ilə bəyanındakı xasseyi-şərif hər nə qədər “Həyat” ilə “Füyuzat”a aid isə də onun Qafqasiya mətbuatındakı (seçmə mənimdir-B.Ə.)  açıq və sərih bir surətdə elanı ilə “Açıq söz” iftixar edə bilər” (Göstərilən mənbə).

Maraqlıdır ki, istər “Tutacağımız yol”, istərsə də “Getdiyimiz yol” məqalələrində M.Ə.Rəsulzadə düsturu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində ifadə etməklə kifayətlənmir, onun ideoloji konturlarını da müəyyənləşdirir, nəzəri cəhətdən əsaslandırır. Lakin görünür ki, hələ bu zaman onun özündə də düstur tam şəkildə oturuşmamışdı. İkinci məqalədə təməl prinsiplərdən danışarkən müasirləşməni önə çıxarması və onun haqqında ətraflı müzakirə etməsi ona daha çox dəyər verməsindən irəli gəlirdi. Formulun sonuncu ifadəsinə bir də biz onun məqalələrində rast gəlmirik, yalnız bayrağın rənglərində görürük. Bu isə formulun yeni varianttı deməkdir ki, bu da M.Ə.Rəsulzadəyə məxsusdur. M.Ə.Rəsulzadə üçlü düsturu ilk dəfə olaraq nəzəri şəkildə əsaslandırmaqla yanaşı, onu siyasi müstəviyə gətirdiyi kimi, həm də dövlətçiliyin rəmzinə çevirmişdir. Üçlü düsturun bayrağın rəngində ifadəsini Ə.Hüseynzadəyə aid edənlər görəsən nəyə əsaslanırlar? 1906-cı ildə işlənmiş bir fikir dövlətçiliyin təşkilində necə nəzərə alına bilərdi? Halbuki müxtəlif adamlar tərəfindən bu ideya daha da təkmilləşdirilmiş və formalaşmışdı. Əlimizin altında bir mənbə olmasa da, dövlətçiliyin təşkilində aydın siyasi məfkurəyə malik bir siyasi xadim M.Ə.Rəsulzadənin neçə illərdən bəri düşüncəsində formalaşdırdığı rəmzləri həm də bayrağın rəngində ifadə etməsi tamamilə məntiqi və qanunauyğundur.

Beləliklə, M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Ziya Paşa, Əhməd Vefiq Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlilli ilə qədər müxtəlif mərhələlərdən (elmi, maarifçi, nəzəri,  ictimai, siyasi) keçərək yol gələn üçlü düstur Z.Göyalp, M.Ə.Rəsulzadə ilə formalaşma mərhələsinə keçmişdir. Z.Göyalp Türkiyədə, M.Ə.Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai, siyasi məzmun verməyə müvəffəq olmuşlar. Ayrıca üçlü düsturun Azərbaycan Cümhuriyyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır. Lakin burada adları çəkilən və çəkilməyən onlarla fikir adamlarının da müəllifliyi vardır. İctimai fikir bir adamdan daha çox cəmiyyətə, dövrə məxsus olur. Ona görə də bu cür fikirlərdə tək bir müəllif axtarmağın özü fikrimizcə düzgün olmadığı kimi, həm də ədalətsizlikdir.

P.S. Üçlü formulla bağlı fikirlərimizi burada bitiririk, lakin araşdırmalarımız davam edir. Formulun araşdırılması prosesində bir çox aktual problemlər ortaya çıxıb ki, bu da əhatəli tədqiqat tələb edir. Hörmətli oxucular problemin  konseptual araşdırılması ilə monoqrafiya şəklində tanış olacaqlar.

 P.P.S. “525-ci qəzet”in redaktoru Rəşad Məcid bu polemik məqaləni dərc etməklə qəzetin ictimai fikir, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsindəki illərdən bəri davam edən missiyasını bir daha təsdiqləmiş oldu. Hərçənd məqalənin “Ədəbiyyat qəzeti”ndə dərci baş redaktor Azər Turanla razılaşdırılmışdı. Hətta bu yazı ətrafında geniş müzakirə açmağın zəruriliyini bildirmişdi. Lakin redaktor yazını bir müddət saxladıqdan sonra müxtəlif bəhanələrlə çapından imtina etdi.

 





25.01.2016    çap et  çap et