525.Az

Özünü qoyub, özgəsini ağlayanlar


 

Özünü qoyub, özgəsini ağlayanlar<b style="color:red"></b>

Xəyal məni 26 il öncənin 19-20 Yanvarına aparmışdı. İştirakçısı olduğum, gördüyüm müdhiş dəhşətləri, həm də Azərbaycan xalqının Sovet imperiyasına qarşı apardığı İstiqlal mübarizəsinin parlaq səhifələrini gözlərimin önündə canlandırmağa çalışırdım. Axı, gün o gün idi.
 
Bir azdan Şəhidlər Xiyabanına ziyarətə gedəcəkdim. Televizorun pultunu sıxdım. Dünyanın məşhur televiziya kanallarında 20 Yanvar haqqında ikicə cümləlik bir informasiya eşitmək istəyirdim. Avropa və şərqin tanınmış TV-ləri 26 il əvvəl Azərbaycanda nələr törədildiyini hardan yada salacaqdılar ki? Rusiya kanallarının düymələrini basmağa dəyməz, qondarma erməni soyqırımının ildönümü deyil ki?! Hələ başqa məsələni də demirəm. “1915-ci ildə erməni soyqırımı olmayıb” deyənləri cəzalandırmaq lazımdır deyən deputatları olan qonşu ölkənin TV-lərindən bunu gözləmək sadəlövhlük olardı. Odur ki, qardaş Türkiyə televiziya kanallarında axtarışa başladım. NTV-nin düyməsini sıxan kimi əvvəl aparıcının səsini eşitdim. “19 yanvarda”- sözlərini eşidib özümə gəlmək istəyirdim ki, təəssüf hissi bütün varlığımı sardı.

Ekranda “Həpimiz erməniyiz”, “Həpimiz Hrantız” sözləri yazılmış plakatları əllərində tutan qələbəliyi görəndə işin nə yerdə olduğunu anladım. Axı, düz doqquz il əvvəl mən bu mövzuda yazmışdım. O vaxt İstanbulda nəşr olunan “Aqos” qəzetinin redaktoru Hrant Dink öldürülmüşdü. Bir versiyaya görə isə daşnaksütunun özü onu öldürtdürüb, bulanıq suya daha bir qarmaq atmaq istəyib. Ermənilər və onların dəm tutanları bu qətl hadisəsinə elə bir don geyindirmişdilər ki, sanki Türkiyə yerindən oynamışdı. Hətta hakim partiya mənsublarından bəziləri çox-çox irəli gedərək Hrantı türk bayrağına bələyərək dəfn etmək təşəbbüsündə bulunmuşdular. Özü də o adamı ki, iliyinə qədər daşnak ideyalarının daşıyıcısı olan və “türk qanı pis qandır” deyən fikrini bütün yazılarında vurğulayan birini. Onda yazmışdım ki, ikinci vətənim olan Türkiyəni arzulamadığım durumda heç vaxt görmək istəməzdim.

Çox təəssüf ki, 9 il sonra da 20 Yanvar günü buna bir daha şahid oldum. Hrant Dinkin yaşadığı evin önündə özünə əl qatan gənc və zavallı jurnalist qız sanki reportajı ilə özünü təsdiq etmək istəyirdi. Asfaltın üstünə səpilmiş qərənfilləri, yuxarıda qeyd etdiyim plakatları bildiyi bütün ibarələri cümlələrlə təsdiq edib, öldürülən jurnalistin simasından parlaq bir yazar obrazı yaratmağa çalışırdı. Qələbəliyin böyük olduğunu gözə soxmağa çalışan mikrofontutan Dinkin arvadının bəyanatını efirə verdi. Arvadda ki, nə arvad. İstanbulun göbəyində türklərə və türk ədalətinə meydan oxudu. Qisasın yerdə qalmayacağını bildirdi. Sözsüz ki, canyanğısını gözə soxmağa çalışan jurnalist Hrantın arvadını meydanda tək qoymayan, PKK-nın siyasi qanadının rəhbəri, bu yaxınlarda Moskvada yüksək səviyyəli görüşlərdən qayıdan Səlahəddin Dəmirtaşın fikirlərini də öyrəndi. Bax buna deyərlər jurnalistin içində olan sərbəstliyinin qıcqırması.

Mən ekranda 20 Yanvarla bağlı informasiya eşitmək, süjet görmək istədiyim halda, tam əks bir mənzərə ilə qarşılaşmışdım. Bu nədi? Siyasi konyuktura demokratiyadan boğulmağın təzahürü mövzu tapmaqda çətinlik çəkəndə düşmənə belə mikrofon uzatmaq, yoxsa cılızlaşdıqca cılışlaşmaq və ya demək istəmədiyim daha başqa nəsnələr? Bəs hanı NTV-nin qardaş dediyi Azərbaycan xalqının ağrı-acıları, Sovet tanklarının əzdiyi avtomat güllələri ilə dəlmə-deşik edilən uşağın, qocanın, cavanın harayı? Hanı Azərbaycan xalqının Sovet imperiyasına və onun hərb maşınına qarşı apardığı İstiqlal mücadiləsinin əks-sədası?  Unutdunuz? Onda erməni daşnak silahlı birləşmələrinin Anadoluda törətdiyi qırğınları da unudun! Toplu türk məzarlarını da görməməzlikdən gəlin. Erməni daşnak silahlılarının 20-ci əsrin əvvəllərində İrəvan quberniyasında, ətraf bölgələrdə, Qarabağda, Qubada, Şamaxıda, Naxçıvanda, Bakıda törətdikləri kütləvi qətliamları gündəliyinizdən çıxarın! Xocalı faciəsini unudun! Qarabağ dərdimizi heç yada salmayın və s. Bəs sonra?

Düşmənin qarşısında əyilənlər həmişə donqar olar.  Mən bir çox türk televiziya kanallarını 20 Yanvar hadisələrinə münasibət bildirmək əvəzinə Dinki canı-könüldən ağladıqlarına görə donqar qiyafədə gördüm...Min təəssüf. O an çox qarmaqarışıq fikirlər bütün varlığımı çulğamışdı. Həmin hisslərin təəssüfü altında nəvələrimi də götürüb Şəhidlər Xiyabanına getdim. Böyük izdiham yavaş-yavaş içimə bir təskinlik gətirirdi. Xiyabanın önündə dayanıb nəvələrimə 1990-cı il yanvarın 19-da ovaxtkı teleradio komitəsində nələrin baş verdiyini, saat 21-də efirə gedən radionun “Günün səsi” verilişinin necə hazırladığımızı detallarına qədər izah etdim. 1990-cı il yanvarın 20-də təxminən saat on bir radələrində teleradio komitəsinin qabağında nələr baş verdiyini, zirehli texnikanın harada durduğunu, əsgərlərin insanları necə nişan aldıqlarını danışdım. Həmin günə dönmüş vəziyyətdə idim. Əlimizdəki tər qərənfilləri şəhidlərin qəbri önünə düzdük. Axına qarışıb teleteatrın önünə çatanda hər iki nəvəmin əlində beş qərənfil görüb məəttəl qaldım. Bəs bunları nə üçün saxladınız? - deyə soruşanda onların ikisi də bir ağızdan - “Baba, axı türk şəhidlərin qəbri önünə qərənfillər qoymadıq” - deyib üzümə baxdılar. Təkrar geri qayıtdıq. Toğrul və Səyyad qərənfilləri türk şəhidlərin adları yazılmış lövhənin önünə qoyandan sonra rahatlaşmış görkəmdə üzümə baxdılar. Mən də rahatlanmışdım.

Türk şəhidlərinə qoyulan qərənfillərin rəngi İstanbuldakı erməni evinin qarşısına qoyulan qərənfillərdən çox fərqlənirdi. Şişlidəkilər solğun və əzgin, buradakılar isə qıpqırmızı, cap-canlı idilər. Türk şəhidlərin xatirəsinə ucaldılmış abidəyə baxıb Nuru paşanın sevimli həyat yoldaşı Naciyə xanıma yazdığı son məktubdan sonuncu cümləni xatırladım: Sevgili Naciyə hələ bir düşün - mənim şəhid olmağım sənin üçün bir qürur mənbəyi deyilmi?

Allah bütün şəhidlərə rəhmət eləsin!

Bu gün (elə keçmişdə də) Türkiyə və Azərbaycan terrordan, terrorizmdən ən çox əziyyət çəkən, sağalmaz yaralar alan ölkələrdir. Bir millət, iki dövlətin bir problemi var: terrora və terrorizmə qarşı durmaq. Torpaqlarımıza uzanan murdar əlləri kəsmək. Terrora və terrorizmə, onlara mənəvi qida verənlərə haqq qazandırmağın adı isə belədir: insanlığa qarşı çıxmaq, xəyanətkarlıq, satqınlıq, düşmən dəyirmanına su tökmək. Bunu insan haqları, mətbuat azadlığı adı altında edənlər isə daha ağır ifadələrə layiqdirlər.

P.S. 1992-ci ildə Türkiyə prezidenti Turqut Özal Türkiyə Böyük Millət Məclisindəki çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı belə bir fikir söyləmişdir: “Dünya ancaq bir dili başa düşür - gücü. Mənim fikrimcə, Türkiyə qırıcıları indiki vəziyyətdə İrəvan üzərində bir neçə uçuş həyata keçirməli və bəzi “ərməğanı göndərməlidir”.

Reallıq onu sübut edir ki, terrora, ərazi bütövlüyünə yönəlmiş silahlı təcavüzə elə onların öz dilində cavab vermək lazımdır. Bu, eyni zamanda, milli kimlik, milli dövlətçilik ideologiyasına doğru uzanan dilləri də kəsmək üçün yetərlidir.

 





25.01.2016    çap et  çap et