525.Az

Türkiyənin yeni nazirləri kimlərdir?


 

Türkiyənin yeni nazirləri kimlərdir?<b style="color:red"></b> Baş nazir Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetində dəyişikliklər edib. Baş nazirin qərarıyla dörd nazir dəyişdirilib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Daxili işlər naziri İdris Naim Şahinin yerinə gətirilən Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.

Səhiyyə naziri Rəcəb Akdağın yerinə təyin olunan Mehmet Müəzzinoğlu 1955-ci ildə Yunanıstanın Komotini (Gümülcinə) şəhərində anadan olub. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən məzun olan Müəzzinoğlu son seçkidə İstanbuldan millət vəkili seçilib.

Ömər Dinçərin yerinə təhsil naziri vəzifəsinə gətirilən professor Nabi Avçı 1953-cü ildə Biləcikdə anadan olub. Ortadoğu Texniki Universiteti məzunu olan Avçı Anadolu Universitetində müəllim olub. Çox sayda kitabı olan Avçı parlamentin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri olub.

Mədəniyyət və turizm naziri vəzifəsini Ərtoğrul günaydan təhvil alan Ömər Çelik yeni nazirlər içərisində ən gənc olanıdır. 1968-ci ildə Adanada anadan olan Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
 





25.01.2013    çap et  çap et