525.Az

Minsk Qrupu ermənipərəst siyasət yürüdür


 

ELÇİN ƏHMƏDOV: "HƏMSƏDRLƏR İŞĞAL FAKTINI QƏBUL ETMƏDİKLƏRİNİ AÇIQ-AŞKAR NÜMAYİŞ ETDİRİRLƏR"

Minsk Qrupu ermənipərəst siyasət yürüdür<b style="color:red"></b>

"ATƏT-in Minsk Qrupu yarandığı vaxtdan etibarən qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi sözdə bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib".
Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov həmsədrlərin yanvarın 22-də yaydıqları birgə bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır: "Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır".

E.Əhmədov qeyd edib ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir:
 
"Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.  Son zamanlar isə, NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir. Bu baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən növbəti sənədlərin, yəni, AŞPA-nın qış sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı sənədlərin qəbul ediləcəyi gözlənilir. Ancaq ATƏT-in Minsk Qrupu həmsədrlərinin yanvarın 22-də verdikləri bəyanatda deyilir  ki, "Biz AŞ PA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk Qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞ PA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk Qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz".

Bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, işğal faktını qəbul etmək istəmirlər. Onların mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu cür mövqe nümayiş etdirməsi ilk dəfə deyil. 

Onu da xatırlamaq yerinə düşər ki, BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənib. Lakin həmin sənədlər qəbul edilərkən bu, "vasitəçilər"in təmsil etdikləri dövlətlərin BMT yanındakı daimi nümayəndələri Ermənistanla bərabər həmin sənədlərin qəbul olunmasının əleyhinə səs veriblər. Yəni, işğal faktını qəbul etməyiblər. İndi də həmin mövqeyi həmsədrlər hümayiş etdirirlər".

Mərkəz sədri bildirib ki, ATƏT daxilində yaradılan Minsk Qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar: "Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk Qrupuna olan ümidləri heçə endirib. Məlumat üçün qeyd etmək lazımdır ki, 1992-ci ildən  - 2015-ci  ilə qədər, yəni, 23 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 30 nəfər həmsədrlik edib: İtaliya - 1 nəfər; İsveç - 1 nəfər; Finlandiya - 1 nəfər; ABŞ - 11 nəfər; Fransa - 9 nəfər; Rusiya - 7 nəfər".

E.Əhmədov qeyd edib ki, Ermənistan  BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər: "Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapıb. Ona görə də, böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər".

Siyasi elmlər doktoru vurğulayıb ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır: "Problem yalnız Azərbaycanın ərazi bütövlüyü  və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilib".

E.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb: "Eyni zamanda, dövlət başçısı bəyan  edib ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulayıb. Dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd edib ki, "Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq".

Mərkəz sədri əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların və  böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı,  1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılıb: "Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olub. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri arasında, ümumilikdə 51 görüş keçirilib. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir".

Ceyhun ABASOV

 





26.01.2016    çap et  çap et