525.Az

"Münaqişənin həlli istiqamətində heç bir fəallıq görmürük"


 

"Münaqişənin həlli istiqamətində heç bir fəallıq görmürük"<b style="color:red"></b>

"Təəssüf ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir fəallıq görmürük". 

Belə bir açıqlama ilə Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti şərh edən millət vəkili Asim Mollazadə çıxış edib.
 
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu hazırda daha çox öz fəaliyyətini göstərir, nəinki nəticəyə yönəlmiş işlər görür: "Əsas problem isə ondan ibarətdir ki, Minsk qrupu öz fəaliyyətində ATƏT-in, BMT-nin təməl prinsiplərini, sənədlərini unudub, eləcə də təcavüzkarın törətdiyi cinayətlərə qiymət vermir. Məhz buna görə də münaqişənin həllində irəliləyiş yoxdur. Ukrayna-Rusiya problemi ilə bağlı rəsmi Moskvaya müvafiq sanksiyalar tətbiq olunub və qərarlar verilib. Eyni hadisə, kobud surətdə işğal faktı göz önündədir. Lakin təəssüf ki, bu istiqamətdə heç bir addım atılmayıb".

Politoloq Qabil Hüseynli isə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Vaşinqtonda Qarabağa dair müzakirələr aparmasına toxunub: "Uorlik bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Vaşinqtonda yaxşı müzakirələr aparılıb. Ancaq müzakirələrin müsbət tərəflərini vurğulamaq lazımdır. Status-kvonun dəyişdirilməsi haqda aparılan müzakirələrdə 7 rayonun sözsüz və birmənalı qaydada azad edilməsi məsələsi müzakirə edilib və burada ortaq məxrəcə gəlinib. Bundan başqa, Sərsəng su anbarının ekoloji problemlər yaradılması üçün istifadə edilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, erməni qoşunları Sənsəng su anbarı ətrafından çəkilməli və su anbarı əvvəlki rejimində, yəni həm su elektrik stansiyası kimi, həm də Qarabağın düzən rayonlarının su təchizatçısı kimi istifadə edilməlidir. Bütün bunlar kifayət qədər diqqətçəkici amillərdir".

O qeyd edib ki, bu məsələlər ermənilərin işğal olunmuş ərazilərlə bağlı planlarına ən azı nəzəri, təbliğati, ictimai fikrin formalaşdırılması səviyyəsində zərbə vurmağa qadirdir: "Dünənə qədər həmsədrlər Azərbaycan torpaqlarının işğalı faktını qəbul etmir, Ermənistan-Azərbaycan münaqişəsinin anatomiyasını tamamilə yanlış yozaraq, qarmaqarışıq terminlərdən istifadə edirdilər. Lakin bu gün artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir fakt kimi qəbul edilir, buradan Ermənistan qoşunlarının çıxarılmasının zəruriliyi vurğulanır".

Politoloq bildirib ki, həmsədrlərin belə bir ortaq məxrəcə gəlməsi BMT-nin məlum qətnamələri ilə az qala üst-üstə düşür: "Bəlkə də bu fikirlər BMT-nin qətnamələrindən daha qabağa gedir. BMT-nin məlum qətnamələrində Azərbaycan torpaqlarının işğalından danışılır, amma bu torpaqları erməni quldur dəstələrinin işğal etdiyi vurğulanır. Amma indi  birbaşa söhbət Ermənistan - Azərbaycan münaqişəsindən gedir. Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərin dəqiq sahəsi göstərilir. Sonda da deyilir ki, erməni qoşunları bu torpaqları tərk etməlidirlər. Bütün bunlar bizim üçün yenilikdir".

Millət vəkili Elman Məmmədov isə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ən çox maneəçilik törədən səbəblərdən biri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin regionda, ümumiyyətlə, dünya miqyasında, Cənubi Qafqazda olan maraqlarının bir-biri ilə toqquşmasıdır. Onun sözlərinə görə, məhz bu səbəbdən də həmsədr dövlətlərin üçündən hər hansı biri təşəbbüsü ələ alıb fəallıq göstərmək istəyirsə, digərləri buna mane olurlar: "Çünki burada onların ümummilli mənafelərinin, maraqlarının toqquşması prinsipi dayanır. Bu gün dünyada gedən proseslərdə, dünyanın siyasi xəritəsinin yenidən düzəllənməsində ABŞ, Avropa ilə Rusiyanın maraqları hamıya məlumdur. Onların arasında bu istiqamətdə olan ziddiyyətlər hər kəsə aydındır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən 300 ildən çox müddətdə Cənubi Qafqaz çar Rusiyasının, Sovet İttifaqının bu gün isə Rusiya Federasiyasının maraq, nəzarət  dairəsində olub. Rusiyanın bütün təsir imkanları bu problemin həllinə, regiona Amerika, Fransa, Qərbdən daha çoxdur. Bu reallıqdır və bununla hesablaşmamaq olmaz. Çünki bu mənfur milləti, etnosu tarixən dünyanın müxtəlif yerlərindən köçürüb regionda məskunlaşdıran, Azərbaycan torpaqlarında onlara dövlət quran, müdafiə edən çar Rusiyası, Sovet hökuməti olub, bu gün isə Ruisya Federasiyasıdır. Bu, danılmaz faktdır".

O əlavə edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində kimin rolunun çox olduğu da məlum məsələdir: "Bu gün Rusiya Ermənistanın bütün hava məkanını, sərhədlərini, təhlükəsizliyini qoruyur. ABŞ-ın son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları, fəallığı alqışlayıram. Onlar çalışırlar ki, hansısa müsbət hala nail olsunlar. Bəs gəlin görək Rusiya imkan verəcəkmi ABŞ bu problemin həllində nəysə istədiyini etsin?".

PƏRVANƏ

 





26.01.2016    çap et  çap et