525.Az

Həmsədrlər anti-Azərbaycan fəaliyyət aparırlar


 

ATƏT-in MİNSK QRUPU ERMƏNİSTANI ÇƏTİN VƏZİYYƏTDƏN ÇIXARMAQ ÜÇÜN BÜTÜN QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİB

Həmsədrlər anti-Azərbaycan fəaliyyət aparırlar<b style="color:red"></b>

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.

Bildirilib ki, həmsədrlər - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorlik (ABŞ) münaqişənin sülh yolu ilə həllinin axtarışı istiqamətində səyləri alqışlayır, problemin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazırdırlar. Lakin bəyanatda qeyd olunan bəzi fikirlər Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanıb.

Qeyd olunub ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və həmsədrlər AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirlər ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır: "ATƏT-in Minsk qrupu AŞ PA üzvlərinin maraqlarını qiymətləndirir, lakin həmsədrlər Minsk qrupunun mandatını sarsıda biləcək və ya davam edən danışıqları çətinləşdirəcək addımlardan çəkinməyə çağırır".

Bu o deməkdir ki, Minsk qrupu Azərbaycanın haqq işini müdafiə edən, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal edilməsini təsdiq edən və Ermənistanı bu və digər əməllərindən çəkindirməyə çağıran qətnamə layihələrinin AŞ PA səviyyəsində qəbul olunmasının əleyhinədir. Yəni, həmsədrlər noyabrın 4-də Dağlıq Qarabağ münaqişəsi üzrə britaniyalı məruzəçi Robert Volterin hazırladığı hesabat əsasında Siyasi məsələlər komitəsində qəbul olunan "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair", digəri isə noyabrın 23-də Bosniya və Herseqovinalı deputat Militsa Markoviçin hesabatı əsasında Sosial məsələlər komitəsində qəbul olunan "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamələrə qarşı mövqeyini dəyişməyib. Bu gün AŞ PA-nın qış sessiyasında sözügedən qətnamələrin müzakirəyə çıxarılacağını nəzərə alsaq, bəyanatın məhz bu ərəfədə hazırlanması birmənalı olaraq Minsk Qrupunun işğalçı Ermənistanı müdaifə etməsi anlamına gəlir.

Məsələ ilə bağlı ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu yaydıqları bəyanatla özlərinin əsl mahiyyətini bir daha nümayiş etdiriblər: "Üçlük AŞPA-nın qış sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsindən narahat olduqlarını ifadə ediblər. Hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədiyindən Ermənistanı çox ciddi narahat edir. Minsk Qrupunun həmsədrləri Ermənistanı belə bir çətin vəziyyətdən çıxarmaq üçün tam heyətlə səfərbər olunublar".

A.Quliyev rişxəndlə qeyd edib ki, indiki halda həmsədrlər daha çox üç muşketyoru xatırladırlar: "Vasitəçilər hesab edirlər ki, Ermənistan-Azərbaycan münaqişəsi başqa müstəvidə və onların iradəsindən kənar müzakirə edilə bilməz. Bununla həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq ediblər. ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status-kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması bizim üçün yeni hadisə deyil, lakin işğalçıya dəstəyin belə açıq formada ifadə edilməsi siyasi riyakarlığın ən son pilləsidir. Həmsədrlərin Ermənistanın lobbiçiləri səviyyəsinə endiyini görmək bu qurumun adına ən böyük rəzalətdir".

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaydıqları son bəyanatla Avropa Şurası Parlament Assambleyasına təzyiq göstərməyə çalışıblar: "Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdən bu şəxslərin soyadları fərqli olsa da, sırf erməni maraqlarından çıxış etdikləri artıq göz qabağındadır. Guya Assambleyanın yanvar sessiyasında Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktının qəbul olunması Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bundan ATƏT-in Minsk Qrupunun üzvləri xeyli narahat olublar. Əslində isə bu bəyanatla ATƏT-in hər üç həmsədri özlərini axmaq yerinə qoyaraq problemin Dağlıq Qarabağ münaqişəsi deyil, məhz Ermənistanın öz himayədarlarına arxalanmaqla Azərbaycan torpaqlarının işğal olduğunu diqqətdən kənarda saxlamağa çalışırlar. Artıq özlərini ermənilərin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi qurumlarımız ən sərt addımları atmaqdan çəkinməməlidirlər".

Nümayəndə heyətimizin digər üzvü, millət vəkili Qənirə Paşayeva isə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydıqları son bəyanat Avropa Şurası Parlament Assambleyasına təzyiq və qurumda müzakirə olunacaq iki önəmli qətnamə layihəsinə əngəl olmaq məqsədi daşıyır: "Obyektiv olmaları gərəkən həmsədrlərin müzakirələrdən 3-4 gün öncə bu açıqlamanı verməsini Ermənistanın maraqlarının müdafiəsi kimi dəyərləndirirəm. Çünki Ermənistan nümayəndə heyətinin müzakirələrə və sənədlərin qəbul olunmasına qarşı səsləndirdiyi arqumentlərin bəziləri ilə həmsədrlərin arqumentləri üst-üstə düşür. Bir beynəlxalq təşkilatın digər bir beynəlxalq təşkilata və orada aparılacaq müzakirələrə qarşı hədə dili ilə danışması isə etikadan kənar bir addım kimi qiymətləndirilməlidir. Bu günə qədər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi istiqamətində heç bir ciddi addım atmayan həmsədrlərin bu məsələnin AŞ PA-da geniş şəkildə müzakirəsinin və qəbul olunacaq sənədlərin guya problemin həllinə mane olması istiqamətində yanaşmaları, açıqlamaları obyektivlikdən çox uzaq, yanlış yanaşmadır. Bununla həmsədrlər işğalçı Ermənistanın himayədarı olduqlarını bir daha sübut edirlər".

Q.Paşayeva deyib ki, həmsədrlərin məhz bu cür mövqelərinə və açıqlamalarına görə indiyədək problemin həlli istiqamətində heç bir irəliləyiş əldə etmək mümkün olmayıb: "Çünki bu cür açıqlamalar işğalçını cəsarətləndirməkdən başqa heç bir işə yaramır. Həmsədrlərin son açıqlaması da təəssüf ki, məhz elə buna xidmət edir. Ümid edirik ki, AŞPA-da bir sıra obyektiv mövqeli həmkarlarımız Minsk Qrupu həmsədrlərinin bu cür ədalətsiz açıqlamasının gerçək mahiyyətini tamamilə anlayacaq və onların çağırışlarına məhəl qoymadan ədalətin yanında olacaqlar".

Millət vəkili Sahib Alıyev hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının əleyhinə çıxmaları, hələ bu azmış kimi AŞPA-nı belə məsələlərə qarışmamağa səsləmələri onların vasitəçi deyil, tərəf olduqlarının daha bir təsdiqidir: "Birinci dəfə deyil ki, sözü gedən ölkələr bu cür erməni havadarı rolunda çıxış edirlər. Onlar Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətin BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasının da əleyhinə olublar. Niyə? Çünki onda da Ermənistanın işğalçı mahiyyəti ortaya çıxır və Azərbaycanın gələcəkdə güc tətbiqi yoluyla belə öz torpaqlarının azad etmək haqqının olduğu növbəti dəfə təsdiqini tapır".

S.Alıyev bildirib ki, meydan qəhrəmanları, aksiyasevərlər bax bu cür yaramaz və yarıtmaz hərəkətlərin əleyhinə çıxmalı, Dağlıq Qarabağın işğal altında qalması faktını Azərbaycan xalqına həzm etdirə bilməyəcəklərini erməni havadarlarına göstərməlidirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri yaydıqları birgə bəyanatda AŞ PA-nın Minsk Qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atmamağa çağırması faktiki olaraq həmsədrlərin Ermənistanın mövqeyini müdafiə etməsi deməkdir: "Məsələ burasındadır ki, AŞ PA-nın qış sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı hesabatlar dinləniləcək. Bu hesabatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və komitə iclaslarında bəyənilib. Ermənistan bu iki sənədin qəbul olunmaması üçün aylardır çalışır, lobbi fəaliyyəti aparır. Həmsədrlərin açıqlamasından sonra Ermənistanın əli daha da güclənib və bu hesabatların AŞ PA sessiyasında qəbulu böyük ölçüdə çətinləşib".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlərin hazırladığı bəyanata etiraz edib, qurumu münaqişənin tənzimlənməsi və ədalətli yolla həllinə mane olmaqda, prosesi öz inhisarlarında saxlamaqda ittiham edib.

Ceyhun ABASOV

 





26.01.2016    çap et  çap et