525.Az

Prezident sahibkarları fəal olmağa çağırdı


 

"SAHİBKARLARIN YENİ İŞ YERLƏRİ AÇMASI İLƏ ƏHALİNİN İŞSİZLİK PROBLEMİ HƏLLİNİ TAPA BİLƏR"

Prezident sahibkarları fəal olmağa çağırdı<b style="color:red"></b>

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Bu, yanvar ayı ərzində qlobal iqtisadi böhran şəraitində yaranmış ölkədaxili problemlərin həlli ilə bağlı Prezidentin sədrliyi ilə keçən üçüncü müşavirədir.

Bu məqsədlə konfransda maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak ediblər.

Tədbirdə qarşıya qoyulan əsas məsələ qlobal iqtisadi böhranın ölkədə yaratdığı çətinliklərin minumuma endirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti ilə bağlı idi.

Prezident çıxışında yerli istehsalın artırılması, sahibkarlığa dəstək, məhsulların qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ərzaq təminatının gücləndirilməsi, korrupsiya və rüşvətxorluğunun aradan qaldırılmasının dövlətin qarşısında duran preoritet məsələr olduğunu diqqətə çatdırıb. Bu mənada, ölkə başçısı məmurları daha məsuliyyətli olmağa çağırıb, heç bir özbaşınalığın cəzasız qalmayacağını xatırladıb. Prezident məmurları təvazökar olmağa, yekəxanalıqdan uzaq olmağa çağırıb.

Ölkə başçısı deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: "Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur.

Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər"

Bundan əlavə ölkə rəhbəri yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlar verib: "Biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açılıb. Amma əhali də artır. Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Sovet dövründə də belə olub. Bu, çox ciddi məsələdir. Çox şadam ki, əhali artır. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artırılmalıdır".

Prezident bildirib ki, hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir, uzunmüddətli plan tərtib edilməlidir, əmək resurslarının işlə təmin edilməsi üçün addımlar atılmalıdır.

Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkarları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırıb.

Prezident məşğulluq idarələrinə müraciət edənlərin işlə təmin olunması üçün dövlət müəssisələrində yeni vakansiyaların açılması ilə bağlı tapşırıqlarını verib, özəl sektorun da bu faktoru nəzərə almasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "525"ə bildirib ki, bu gün Azərbaycanda mövcud olan problemlər daxili amillərlə bağlı deyil: "ABŞ dollarının uçot dərəcəsinin artması, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünyanın bütün dövlətləri, o cümlədən, Azərbaycana təsir edir. Hətta dünya ölkələri arasında qlobal iqtisadi böhrandan ən az zərər çəkən Azərbaycandır".

Millət vəkili hesab edir ki, ötən il manatın iki dəfə devalvasiya olunması müəyyən iqtisadi problemlər yaradıb: "Bu gün cəmiyyət həmin problemlərin həll edilməsi üçün ölkə rəhbərliyi tərəfindən ciddi addımların atıldığının şahidi olur.Şəxsən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələyə öz münasibətini bildirib, hökumətin ciddi anti-böhran kampaniyasının olduğunu vurğulayıb. Atılan addımlar artıq öz nəticəsini verir. Bunun nəticəsidir ki, qiymətlər kəskin sürətdə qalxmadı. Azərbaycanda istehsal olunan məhsulların qiymətinin stabil saxlanılması, süni artımların qarşısının alınması məqsədilə ciddi dövlət nəzarəti yaranıb. Prezidentin müvafiq sərəncamları ilə əhalinin müəyyən hissəsinin əmək haqqı və pensiyaları artırılıb".

A.Mirzəzadə qeyd edib ki, ölkə başçısı hazırda mövcud problemlərin həll edilməsi üçün maksimum səy göstərir: "Bu yaxınlarda Prezidentin özünə iqtisadi məsələlər üzrə köməkçi təyin etməsi bu məsələnin ciddi diqqətdə saxlanıldığını, islahatların daha da dərinləşdiriləcəyindən xəbər verir. Ölkə başçısının yeni köməkçisi Natiq Əmirov uzun illər vergi orqanlarında işləmiş, böyük təcrübəyə malik, sahibkarlar arasında yüksək nufuzu olan şəxsdir. Onun təcrübəsi və biliyi anti-böhran kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyətə müsbət təsir edəcək".

Deputat əlavə edib ki, ənənəvi şəkildə keçirilən müşavirənin sonuncusunda diqqət çəkən məsələlərdən biri də toplantıda daha çox sahibkarın iştirak etməsidir: "Prezident sahibkaların problemlərinə xüsusi diqqət yetirir. Heç şübhəsiz ki, onların fəaliyyətinin genişləndirilməsi, vergi və gömrük yükünün azaldılması istiqamətində müəyyən nəticələr əldə oluna bilər. Həmçinin, konfransda qarşıya qoyulan məsələlər qiymət artımının qarşısının alınmasına kömək edəcək. Bundan başqa, sahibkarların yeni iş yerləri açması ilə daha çox insanın işsizlik problemi həllini tapa, iş adamları daha az vergi yükü ilə fəaliyyətini genişləndirib dövlət büdcəsinə daha çox gəlir gətirə bilər".

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, yanvar ayında Prezident İlham Əliyevin istər bir-birinin ardınca keçirdiyi müşavirələr, istərsə də həm iqtisadiyyatın inkişafı və idarəolunması ilə bağlı verdiyi fərman və digər normativ sənədlər, həm də əhalinin sosial müdafiəsini gücləndirməsi baxımından artımlarla bağlı imzaladığı müxtəlif sərəncamlar göstərir ki, qlobal böhranın təsirləri nəticəsində yaranmış vəziyyət bilavasitə onun nəzarəti altındadır: "Dövlət başçısının çıxışlarına diqqət yetirsək, hökumətin qarşısına qoyduğu vəzifələri ümumən, 2 qrupa bölmək olar. Bunlardan birincisi əhalinin sosial müdafiəsini daha güclü şəkildə təşkil etmək, ikincisi isə ortaya çıxmış situasiya ilə əlaqədar yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması üçün genişmiqyaslı tədbirlərə başlamaqdır. Qeyd edim ki, hər iki istiqamətdə artıq konkret addımlar atılıb və bu, davam etdirilir. Yerli istehsalın təşkili və müdafiəsi üçün müvafiq tədbirlər də görülür".

P.Heydərov bildirib ki, manatın özünün məzənnəsinin nisbətən üzən məzənnə siyasəti üzrə buraxılması daxili istehsalı stimullaşdırmaq baxımından əhəmiyyətli xarakter daşıyır: "Eyni zamanda, valyuta bazarının tənzimlənməsi məqsədilə tədbiq ediləcək yenilikləri də qeyd etmək yerinə düşər ki, bu da xaricə kapital axınına nəzarəti artıracaq. Ümumiyyətlə, əsas məqsəd daxili istehsala məxsus məhsulların rəqabətqabiliyyətliyini təmin etməyə nail olmaqdan ibarət olmalıdır. Hesab edirəm ki, bütün bu tədbirlər əgər, kompleks şəkildə həyata keçirilərsə, konkret nəticələr də daha tez üzə çıxacaq".

Ceyhun ABASOV

 





27.01.2016    çap et  çap et