525.Az

Uğura inam: Azərbaycan bu çətinlikləri də aşacaq


 

Uğura inam: <b style="color:red">Azərbaycan bu çətinlikləri də aşacaq</b>

Hazırda qlobal miqyasda müxtəlif sahələrdə problemlər müşahidə edilir. Dünyanın bütün regionlarında ciddi sosial, iqtisadi, hərbi, maliyyə və ekoloji çətinliklər yaşanır.

Bəşəriyyət iqlim dəyişikliklərinin gətirə biləcəyi problemləri geniş müzakirə edir. Avropa kimi inkişaf etmiş bir məkanda maliyyə və siyasi böhran ara vermir. Yaxın zamanlara qədər ən perspektivli iqtisadiyyat hesab edilən Çin iqtisadiyyatı ağır məsələlər qarşısında qalıb. Rusiya kimi böyük bir dövlətin milli valyutası və iqtisadiyyatı tənəzzüldən yaxa qurtara bilmir. Digər problemləri də xatırlamaq olar. Təbii ki, bunların Azərbaycana təsirini inkar etmək sadəlövhlük olardı. Artıq bir sıra aspektlərdə müəyyən çətinliklərlə üz-üzəyik. Lakin əksər dövlətlərdən fərqli olaraq, Azərbaycan yaranmış vəziyyətdən düşünülmüş planlar əsasında çıxmaq xəttini götürüb. Konkret tədbirlər həyata keçirilir. Başqa tədbirlər də nəzərdə tutulur. Dövlət və millət əl-ələ verib bu çətinlikləri də aşacaq. Keçən əsrin 90-cı illərinin qanlı-qadalı zamanlarından uğurla çıxmış bir ölkə, bundan sonrakı qələbələrə nail olacaq!

Dünyanın dərdləri: problemlər məngənəsi

Bəşəriyyəti böhranların silkələdiyini heç kəs inkar edə bilməz. Ən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə belə iqtisadi, mənəvi və maliyyə çətinliklərinin mövcud olması faktdır. Avropa neçə illərdir ki, problemlərdən çıxış yolları arayır, lakin konkret bir nəticə yoxdur. 2008-ci ildən bu yana Avropa İttifaqının ən böyük dövlətləri qarşılaşdıqları problemlərin məngənəsində sıxılırlar. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, Böyük Britaniya təşkilatdan çıxmaq üzərində düşünür. Almaniya özünün nəhəng iqtisadi və maliyyə infrastrukturuna rəğmən, miqrasiya axını qarşısında aciz duruma düşüb.

Fransa isə daha ağır vəziyyətdədir. Cəmi bir neçə gün əvvəl Prezident Fransua Olland ölkədə "fövqəladə iqtisadi və sosial vəziyyət yarandığını" elan etdi (bax: Олланд объявил о "чрезвычайной ситуации" в экономике Франции / "Радио Свобода/Свободная Европа", 18 yanvar 2016). Dövlət başçısı Fransada işsizliyin artıq yarım milyon insanı əhatə etdiyini bildirib və gənclərin kadr kimi hazırlanmsı işində ciddi problemlərin olduğunu vurğulayıb. Bu istiqamətdə F.Olland öz təkliflər paketini də təqdim edib.

Bu, Fransa rəhbərliyinin uzun illərdir davam edən böhrana reaksiyasıdır. Göründüyü kimi, Avropanın inkişaf etmiş bu ölkəsi vəziyyəti yaxşılaşdıra bilmir, lakin çıxış yolu tapmaq üçün təşəbbüslərdən də imtina etmir.

Daha ağır durum neçə ildir ki, Yunanıstanda müşahidə edilir. Bu ölkə, demək olar ki, maliyyə fəlakəti ilə üz-üzə qalıb. Maraqlısı da odur ki, hakimiyyət yaranmış çətinliklərin öhdəsindən gələ bilmir. Hazırda Yunanıstanın bütün sosial, iqtisadi, siyasi və maliyyə sferaları böhran içindədir.

İspaniya, İtaliya və Portuqaliyanın da maliyyə problemləri barədə KİV vaxtaşırı geniş məlumatlar yayır, Aİ-yə üzv olan Şərqi Avropa dövlətlərinin daha kəskin problemlərə düçar olduğunu da gizlətmir.

Bütün bunların yekunu kimi hazırda ekspertlər belə bir suala cavab axtarırlar: "Aİ dağıla bilərmi?" (bax: Николай Кавешников. Европейский союз: варианты будущего / "Портал МГИМО", 18 yanvar 2016).

Dünyanın ən perspektivli iqtisadiyyatına sahib ölkə kimi qəbul edilən Çinin nə vəziyyətə düşdüyü məlumdur. Pekin indi iqtisadi strategiyasını dəyişərək, heç olmasa, orta səviyyədə belə daxili tələbatı ödəmək imkanlarını arayır.

Braziliya, Rusiya, Argentina kimi dövlətlər sözün həqiqi mənasında "iqtisadi fəlakətin astanasında"dırlar. Qonşu və qardaş Türkiyənin də ciddi çətinliklərlə üzləşdiyini bilirik.

İrana qarşı sanksiyalar ləğv edilsə də, yeni problemlərin meydana gəldiyi haqqında informasiyalar sürətlə yayılır. Mütəxəssislər bu ölkənin normal vəziyyətə qayıtması üçün, ən azı, 100 milyard ABŞ dolları həcmində sərmayəyə ehtiyacının olduğunu vurğulayırlar. Bunun baş tutub-tutmayacağı isə hələlik aydın deyil.

Cənubi Qafqazın iki ölkəsi – Ermənistan və Gürcüstanın vəziyyəti ilə bağlı isə müsbət heç bir şey demək mümkün deyil. Onların milli valyutaları "anadan ölü doğulub", hələ də "dirilmək" şansı yoxdur. Erməni dramı və gürcü larisi manata nisbətən xeyli dəyərsizləşib və bu, indi də elə qalmaqdadır. Həmin valyutaların sonrakı taleyi xeyli dərəcədə yenə manatdan asılı olacaq.

Mərkəzi Asiyanın ən böyük dövləti olan Qazaxıstanı bürüyən iqtisadi və maliyyə böhranı haqqında da geniş danışılır. Artıq tenge dollara nisbətdə bir neçə dəfə dəyərdən düşüb. Onu yalnız rus rublu qabaqlayır. Yeri gəlmişkən, beynəlxalq maliyyə qurumları rublu devalvasiya olan valyutaların lideri elan ediblər.

Bütün bunların fonunda Azərbaycanda müşahidə edilən iqtisadı və maliyyə proseslərinə aydın başla qiymət vermək lazımdır. Şübhəsiz ki, yuxarıda təsvir edilən mənzərə də göstərir ki, dünyada gedən proseslər Azərbaycana da müəyyən dərəcədə təsir göstərir. Bu təbiidir və heç kəs ondan sığortalanmayıb. Lakin bizim ölkədə vəziyyət başqalarından bir neçə dəfə yaxşıdır.

Çıxış yolu: xalq-hakimiyyət vəhdəti və islahatlar

Manat nə qədər dəyərdən düşsə də, onun əvvəlki illərdə qazandığı dəyəri bütövlükdə müsbət nəticəni qoruyub saxlayır. Prezident İlham Əliyev ölkədəki iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi son müşavirədə deyib: "Manat sabit valyutadır. On il ərzində – 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində, əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib / AZƏRTAC, 18 yanvar 2016).

Əsas odur ki, hakimiyyət yaranmış mürəkkəb vəziyyətdən xilas olmaq üçün kompleks tədbirlər planı hazırlayıb və onu həyata keçirməkdə qərarlıdır. Ölkə rəhbəri yuxarıda vurğuladığımız müşavirədə həmin tədbirlər planının bütün istiqamətlərini dəqiq ifadə edib. Onlardan görünür ki, Prezident kifayət qədər qətiyyətlə islahatları davam etdirmək və əhalinin rifahını yaxşılaşdıracaq proqramları reallaşdırmaq niyyətindədir. Artıq əməkhaqları və təqaüdlər, sosial müavinətlər artırılıb. Bank sektorunda, gömrükdə, idarəetmə sistemində və başqa sferalarda yeniləşmələrə start verilib (bax: əvvəlki mənbəyə).

Dövlət başçısı qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gəlinəcəyini bir daha vurğulayıb. Prezident ifadə edib: "...Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır. Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirmişdir. Biz müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail ola bilmişik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir" (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, Prezident son zamanlar Azərbaycanda müşahidə olunan bir məqam üzərində də ətraflı dayanıb. Söhbət, bəzi dairələrin ölkədə ajiotaj yaratmağa çalışmasından, təxribatlar törətmək cəhdlərindən, insanlar arasında şayiə yaymaqla süni gərginlik yaratmaq iştahasından gedir. Təəssüf ki, bir çox hallarda kənarda olan bu qüvvələrin dəyirmanına "5-ci kolon" su tökür.

Müxtəlif sosial şəbəkələrdə həqiqətdən uzaq olan informasiyalar yayılır, cəmiyyətlə hakimiyyəti qarşı-qarşıya qoymağa səy göstərilir. Xarici qüvvələrin əsas məqsədi Azərbaycanı müstəqil siyasətindən yayındırmaqdır. Daxildə isə onların bu tələsinə düşənlər tapılır. Bir sıra hallarda onlar öz şəxsi maraqlarını dövlətçilikdən üstün tuturlar.

Məsələn, belə cəfəngiyat ortaya atırlar ki, Azərbaycan bir qədər sonra iki ölkə arasında bölünə bilər (bax: məs., Удастся ли Президенту Алиеву сохранить власть и целоcтность Азербайджана / "PolitRUS", 15 yanvar 2016). Bunun mənasını anlamayanlara xatırlatmaq istərdik ki, Azərbaycan heç zaman müstəqilliyini kimsəyə verməyəcək! Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu daim inkişaf etdiriləcək. Bunun üçün xalq-hakimiyyət birliyi çox vacib faktordur. Həmin məqam haqqında cənab Prezident son müşavirədə dolğun danışıb.

Prezident dəfələrlə vurğulayıb ki, ölkənin inkişafında vətəndaş mövqeyinin rolu böyükdür. Hakimiyyətlə yanaşı, vətəndaşlar da islahatlar prosesində aktiv iştirak etməlidirlər. Bunun belə olacağına şübhəmiz yoxdur. Dövlət başçısı da vurğulayıb: "...Ona görə indiki şəraitdə biz milli valyutamıza olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq" (bax: əvvəlki mənbəyə).

Azərbaycanda gözü olan, mənfur əllərini müstəqilliyimizə uzatmaq istəyən bütün dairələrə bu, ən yaxşı cavabdır. Ötən əsrin 90-cı illərinin qarışıq vaxtlarında iqtisadi cəhətdən zəif olsa da, Azərbaycanın güclü cəmiyyətə və qətiyyətli, müdrik liderə malik olduğunu dünyaya sübut etdik. İndi isə iqtisadi gücümüz çoxdur, ordumuz güclüdür, lider də qətiyyətli və uzaqgörəndir. Azərbaycan xalqı çox sınaqlardan keçib, müstəqillik illərinin də təcrübəsini kifayət qədər mənimsəyib. Bu səbəblərdən heç kəs xalq-hakimiyyət birliyini poza bilməz. Bu vəhdət çirkin niyyətlərin reallaşmasına imkan verməyəcək!

Newtimes.az

 





28.01.2016    çap et  çap et