525.Az

Millət vəkili AŞPA-da Azərbaycan dövlətinin vətəndaşlara münasibətini şərh etdi


 

Millət vəkili AŞPA-da Azərbaycan dövlətinin vətəndaşlara münasibətini şərh etdi<b style="color:red"></b>

Millət vəkili AŞPA-da Azərbaycan dövlətinin öz vətəndaşına münasibətinin milli, irqi, dini əsalara söykənmədiyini bəyan etdi

“Çox qürur hissi ilə qeyd etməliyəm ki, Azərbaycan dövləti olaraq, biz ölkəmizi fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitində yaşadığı bir məkana çevirə bilmişik. Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqlara sahibdir”. 525.az-ən məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova sözügedən qurumun qış sessiyasında çıxışı zamanı dilə gətirib.

Onun dediyinə görə,  Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir:

 “Məhz buna görə də, Azərbaycanlı, rus, yəhudi, gürcü, erməni və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər.

Eyni zamanda, böyük qətiyyət və əminliklə qeyd etmək istəyirəm ki, biz azad və demokratik ölkədə yaşayırıq. Azərbaycanda hər bir vətəndaş özünün hüquq və azadlıqlarından yüksək səviyyədə yararlanmaq imkanına malikdir, vətəndaşlar istədikləri ictimai qurumu yarada bilərlər, istənilən təşkilata üzv ola bilərlər, istədikləri mətbuat orqanını təsis edə bilərlər. Yəni, ölkəmizdə hər hansı bir qadağa yoxdur, insanlar qanunla müəyyən olunmuş qaydada istənilən siyasi və iqtisadi fəaliyyətlə məşğul ola bilirlər.

 İkincisi, reallıq ondan ibarətdir ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Artıq 22 ildir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalçı qoşunlarının əsarəti altında saxlanılır. Baxmayaraq ki, təcavüz faktı bütün beynəlxalq təşkilatların sənədlərində göstərilib və təsdiqlənib, eləcə də, Avropa Şurasının qətnamələrində də öz əksini tapıb. Lakin atəşkəsin elan olunmasından keçən 19 il müddətində heç bir inkişaf müşahidə edilməyib. Səbəb isə kifayət qədər aydındır”.

Millət vəkili bildirib ki, dünyada sülhün və ədalətin yaradılması və təminatını öz öhdəsinə götürən təşkilatlar, sadəcə yumşaq desək, manipulyasiya ilə məşğul olurlar: “Biz, AŞ PA-nın bu məsələdə mövqeyini dəstəkləyirik və ümid edirik ki, gələcəkdə daha qətiyyətli qərarlar qəbul edəcəklər. Kristofer Ştrasserin məruzəsinə qəldikdə, sadəcə, bunu demək istərdim ki, ölkəmizə siyasi məhbuslarla bağlı ünvanlanan ittihamları isə həqiqətə uyğun hesab etmirik. Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi kriteriyalar kimi qəbul oluna bilməz və nə regional nə də qlobal səviyyədə qəbul olunmayıb, çünki bu məsələ ilə bağlı hətta AŞ-ın özündə də dəqiq hüquqi hədlər müəyyənləşdirilməyib.

Təbii ki, özlüyündən belə bir sual meydana çıxır, hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı kriteriyalara görə ittiham olunur? Ona görə də, bu suallar cavabını tapmadıqca, Azərbaycanı bu məsələdə ittiham etməyi tamamilə yersiz hesab edirəm”.

K.Həmzəoğlu

 





25.01.2013    çap et  çap et