525.Az

Zeynalabdin Novruzoğlunun şeirləri


 

Zeynalabdin Novruzoğlunun <b style="color:red">şeirləri</b>

 

YOLUN AXIRINA

ÇIXASAN GƏRƏK

 

Yolu yoxuşacan getməyə nə var,

Piyada yolçunu ötməyə nə var,

Bir anda görünüb, itməyə nə var,

Yolun axırına çıxasan gərək.

 

Hər naşı yolçudan bil, səyyah olmaz,

Hər oğul başını bu yolda qoymaz,

Başını qoymasan, o yol qorunmaz,

Yolun axırına çıxasan gərək.

 

Hesaba almayıb gəlir-çıxarı,

Onlardan qalxasan bir az yuxarı,

Günəşdən öyrənib boy boylamağı,

Yolun axırına çıxasan gərək.

 

Sıyrıla biləsən suçdan, suçludan.

Qorxmayasan yol kəsəndən, qoçudan.

Onları seyr edib, çox-çox ucadan,

Yolun axırına çıxasan gərək.

 

Dərələr keçəsən, dağlar aşasan.

Dağa güvənəsən, doğmalaşasan.

Ən uca zirvəyə bayraq sancasan.

Yolun axırına çıxasan gərək.

 

Yol səni incitsə, yorsa, dözəsən.

Ayağın döyənək olsa, dözəsən.

Ölmək lazım olsa, gərək öləsən.

Yolun axırına çıxasan gərək.

 

AYIQDIR VƏTƏN

 

Vətən, Vətən demək hələ azdır, az.

Sevənlər boş yerə hay-küy qoparmaz.

Sözlərin möhürü əməldir, əməl,

Əməlsiz kəlmədə yoxdur bir səmər.

Vətəni sevməyin min bir yolu var,

Hər yolun ayrıca öz yolçusu var.

Biri baş işlədir onun yolunda,

Biri fidan əkir onun qoynunda.

Qəhrəmanlar Vətən üçün can verir,

Öz ömründən sənə, mənə pay verir.

Onlara laqeyd olan vətəndaş,

Düşmənlə ya dostdu ya da ki, qardaş.

Vətəni sevəni seviriksə biz,

Demək tükənməyib vətən eşqimiz.

Vətən hara, boşboğazlıq, laf hara?

Kimlər bu Vətəni qoydu qumara?!

“Lal məhəbbət – bal məhəbbət”, deyiblər.

“Təkcə qəlbdə qal məhəbbət”, deyiblər.

İlahi sevgiyə laiqdir Vətən,

Aldada bilməzsiz, ayıqdır Vətən!..

 

TALEYİN OYUNUNDA

 

Həyatım tənha qayıq,

Dünya okeanında.

Atır-tutur qayığı

Öz əngin sularında.

 

Əlimdə nə avar var,

Nə də ipək yelkənim.

Kimsədən kömək ummaz,

Mənim sükansız gəmim.

 

Gedirəm son limana

Fırtınalar qoynunda.

Ölləm, təslim olmaram,

Taleyin oyununda.

 

 





25.01.2013    çap et  çap et